Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-76/2020 17.08.2020 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X2, Cavabdeh1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 Cavabdeh2 İsgəndər qızına və Bostan (Nuriyeva) Aygün İskəndər qızına qarşı "cavabdehlərin istifadə hüququna xitam verilməklə, qeydiyyatdan çıxarılması" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 İsgəndər qızına və Bostan (Nuriyeva) Aygün İskəndər qızına qarşı "cavabdehlərin istifadə hüququna xitam verilməklə, qeydiyyatdan çıxarılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Siyəzən şəhəri, H.Əliyev küçəsində yerləşən 49 saylı binanın 48-ci mənzilinə olan istifadə hüquqlarına xitam verilməklə, onların həmin mənzildən qeydiyyatdan çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Siyəzən şəhəri, T.İsmayılov küçəsində yerləşən 49 saylı binanın 48-ci mənzilinə olan istifadə hüquqlarına xitam verilməklə, onların həmin mənzildən qeydiyyatdan çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, Siyəzən şəhəri, T.İsmayılov küçəsindəki 49 saylı binanın 48-ci mənzilini xx xxxxxx 2013-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 4900 manata almış, elə həmin müqavilə əsasında da, bu mənzil xx xxxxxx 2013-cü il tarixdə dövlət reyestrində onun adına qeydiyyata alınmışdır. Hazırda mülkiyyətindəki mübahisəli mənzili satmaq istəsə də, ASAN xidmət mərkəzi tərəfindən cavabdehlərin orada qeydiyyatda qalmaları bildirilmişdir. Bu səbəbdən də, cavabdehlərin oradan qeydiyyatdan çıxmaları zəruridir. Çünki, dəfərlərlə müraciət etməsinə baxmayaraq, cavabdehlər mülkiyyətindəki mübahisəli mənzildən qeydiyyatdan çıxmırlar. Buna görə də, o, məcburiyyətdən Siyəzən RPŞ-yə müraciət etmiş, lakin, müraciəti müsbət həll edilməyərək, məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Odur ki, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X4 hüquqlarını təmsil etdiyi iddiaçının izahatına uyğun, eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul edərək, izahatında göstərdi ki, o, Siyəzən şəhəri, T.İsmayılov küçəsində yerləşən 49 saylı binanın 48-ci mənzilinə olan istifadə hüququna xitam verilməklə, özünün həmin mənzildən qeydiyyatdan çıxarılmasına etiraz etmir və bu barədə qətnamə çıxarılmasına razıdır. Digər cavabdehlər Cavabdeh2 İsgəndər qızına və Bostan (Nuriyeva) Aygün İskəndər qızına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının, onun nümayəndəsi və vəkilinin, eləcə də Cavabdeh1 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırdığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyin qeyd edilən normalarına əsaslanaraq hesab edir ki, Cavabdeh1 münasibətdə qətnamənin əsaslandırıcı hissəsində iddianın etiraf edilməsi və onun qəbul edilməsi ilə kifayətlənmək olsa belə, digər cavabdehlər Cavabdeh2 və Aygün Bostanın (Nuriyevanın) iddia tələbinə münasibətləri bəlli olmadığından aşağıdakıların qeyd edilməsi zəruridir. Belə ki, Siyəzən rayonu dövlət notariat kontorunun dövlət notariusu X3 tərəfindən təsdiqlənmiş, xx xxxxxx 2013-cü il tarixdə 4Ə-227 reyestr sayı ilə qeydə alınmış həmin tarixli, 268363 nömrəli müqaviləyə əsasən satıcı Cavabdeh1 mülkiyyətində olan Siyəzən şəhəri, T.İsmayılov küçəsində yerləşən 49 saylı binanın ümumi sahəsi 62,9 kv.m, yaşayış sahəsi 35,8 kv.m, yardımçı sahəsi isə 27,1 kv.m olan 3 otaqlı 48-ci mənzilini İddiaçı 4 900 manata satmışdır. İşdə olan cavabdehlər Cavabdeh2 İsgəndər qızı və Bostan (Nuriyeva) Aygün İskəndər qızı tərəfindən xx xxxxxx 2013-cü il tarixdə notariat qaydada tərtib edilmiş ərizələrin surətindən görünür ki, onların anaları Cavabdeh1 məxsus Siyəzən şəhəri, T.İsmayılov küçəsində yerləşən 49 saylı binanın 48-ci mənzilinin satılmasına etirazları olmamışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinin xx xxxxxx 2013-cü il tarixdə verdiyi RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Siyəzən şəhərində yerləşən T. İsmayılov küçəsindəki ümumi sahəsi 62,9 kv.m, yaşayış sahəsi 35,8 kv.m, yardımçı sahəsi isə 27,1 kv.m olan 3 otaqlı 49 saylı evin 48-ci mənzili həmin tarixdə mülkiyyət hüququ üzrə İddiaçı adına **********30-05101-093018 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İşdə olan “Elektron notariat” X1 çıxarışdan, həmçinin Siyəzən rayon Polis Şöbəsinin xx xxxxxx 2019-cu il tarixli, 183-13212C-3219 nömrəli məktubundan görünür ki, cavabdehlər iddiaçıya məxsus mübahisəli mənzildə qeydiyyatdadırlar və iddiaçıya, onların mübahisəli ünvandan qeydiyyatdan çıxarılmalarına mülki məsələ kimi baxılması üçün məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 4/391 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, mülki işin 121-ci vərəqəsində Cavabdeh2 İsgəndər qızının adından olan xx xxxxxx 2013-cü il tarixli, 7E-2069 reyestr nömrəli mənzilin satılmasına dair razılıq ərizəsinin aşağı tərəfində “İmza” yazısı qarşısındakı imza və “Cavabdeh2 İsgəndər qızı” yazıları, həmin ərizənin qeydiyyatdan keçdiyi 7E-03403 nömrəli reyestr jurnalının 84-cü vərəqəsində 2069 sıra nömrəsi qarşısında “Notariat hərəkətinin aparılmasında iştirak edən şəxslərin imzaları” qrafasındakı imza Cavabdeh2 İsgəndər qızı tərəfindən icra olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə-xətşünaslıq ekspertizası tədqiqatının dəyəri 127 manat təşkil edir. İşdə olan xx xxxxxx 2019-cu il tarixli qəbzdən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 20 (iyirmi) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmasına münasibətdə vicdanlı olsun. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Beləliklə, məhkəmə iclasında tərəflərin izahatları, toplanmış və tədqiq edilmiş sübutların məcmusu və iş materiallarında olan digər sənədlərlə təsdiq olundu ki, xx xxxxxx 2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan Siyəzən şəhəri, T.İsmayılov küçəsində yerləşən 49 saylı binanın 48-ci mənzili mənzilini İddiaçı 4 900 manata satmış, elə həmin müqavilə əsasında da, bu mənzil dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmışdır. Mənzilin satıldığı vaxtdan mənzilin keçmiş sakinləri, o cümlədən satıcı köçüb getmiş, lakin, mənzildən qeydiyyatdan çıxmamışlar. Məhkəmə hesab edir ki, Cavabdeh1 adına mübahisəli mənzilin dövlət reyestrində qeydiyyat yazısı ləğv edildiyi və həmin mənzilə mülkiyyət hüququ İddiaçı keçdiyi, o cümlədən digər cavabdehlər mübahisəli mənzilin satılmasına razılıq verdiyi üçün onların Siyəzən şəhəri, T. İsmayılov küçəsindəki 49 saylı binanın 48-ci mənzilinə olan istifadə hüquqlarına xitam verilmiş hesab edilməlidir. Eyni zamanda, məhkəmə iddia tələbinin "cavabdehlərin mübahisəli mənzildən qeydiyyatdan çıxarılması" hissəsinə münasibət bildirməklə qeyd edir ki, bu qəbildən olan iddialara baxılarkən iddiaçının hansı hüququnun müdafiəsi üçün və hansı məqsədlə müraciət etdiyi də nəzərə alınmalıdır. Hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə iddiaçının məqsədi cavabdehlərin qeydiyyatda olduğu ünvandan qeydiyyatdan çıxarılmasına da nail olmaqdır. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə görə şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Bu baxımdan cavabdehlərin Siyəzən şəhəri, T. İsmayılov küçəsindəki 49 saylı binanın 48-ci mənzilinə olan istifadə hüquqlarına xitam verilmiş hesab edilməsi barədə qətnamə onun həmin mənzildən qeydiyyatdan çıxması üçün əsas verir. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Bu Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi üzrə ödənilmiş 20 manat dövlət rüsumunun tutulması həm iddia ərizəsində göstərilmədiyindən, həm də məhkəmə iclası zamanı iddiaçı tərəfindən cavabdehlərdən tələb edilmədiyindən həmin məbləğ iddiaçının özünə aid edilməlidir. Bundan əlavə, iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası Cavabdeh2 İsgəndər qızının vəsatəti əsasında təyin edildiyindən, bu zaman işə baxılması ilə əlaqədar məhkəmə xərci (ekspertiza xərci) yarandığından, habelə Cavabdeh2 tərəfindən mübahisələndirilən hal onun ziyanına təsdiq olunduğundan aparılmış məhkəməxətşünaslıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 127 manat Cavabdeh2 alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 İsgəndər qızının və Bostan (Nuriyeva) Aygün İskəndər qızının Siyəzən şəhəri, T. İsmayılov küçəsində yerləşən 49 saylı binanın 48-ci mənzilinə olan istifadə hüquqlarına xitam verilmiş hesab edilsin. Bu qətnamə qanuni qüvvəyə mindikdən sonra "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2 İsgəndər qızının və Bostan (Nuriyeva) Aygün İskəndər qızının Siyəzən şəhəri, T. İsmayılov küçəsində yerləşən 49 saylı binanın 48-ci mənzilindən qeydiyyatdan çıxarılması üçün əsasdır. İddia üzrə ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Aparılmış məhkəmə-xətşünaslıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 127 (bir yüz iyirmi yeddi) manat Cavabdeh2 İsgəndər qızından alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-76/2020
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-76/2020
17.08.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver