Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 2(059)-77/2023 27.02.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 1987- 2015-ci illərdə "xxxx" ASC-də çilingər və amonyakla işləyən kompressor sexində maşinist kimi işləməsinin güzəştli əmək pensiyası hüququ verən peşə kimi yazılması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi İddiaçı tərəfindən ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, o, 1987-2015-ci illərdə "xxxx" ASC-də çilingər və amonyakla işləyən kompressor sexində maşinist kimi işləmişdir. Bundan əlavə, o, güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün Dövlət Sosial Müdafiə Fonduna müraciət etmiş, habelə müraciət üçün onun güzəştli əmək şəraiti, işlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququ verən peşə olduğunu göstərən müəssisə tərəfindən arayışın verilməsi zərurəti yaranmışdır. Bu səbəbdən də o, işlədiyi müəssisəyə, yəni "xxxx" ASC-yə müraciət etmiş, oradan isə 18 oktyabr 2022-ci il tarixli imtina məktubu ilə ona işlədiyi sahənin zərərli olması hallarının müəyyən edilmədiyi cavabı verilmişdir. Halbuki, o, onlara dəfələrlə şifahi olaraq onun kimi orada işləyib, bu arayışı almaqla, hazırda pensiya alan keçmiş iş yoldaşlarının olduğunu bildirmişdir. Hətta, onlardan birinin arayışının kserosurətini iddia ərizəsinə əlavə etmişdir. Cavabdeh ASC tərəfindən isə bu sənədlərin hansı səbəbdən elə verildiyi, bununla bağlı məlumatlarının olmadığı və s. bildirilmiş, onun dediklərinə istehza ilə yanaşılmışdır. Bu gün o da, ən azından ona cavab verilməsə belə, bu qanunsuzluqların, ayrıseçkiliklərin, və sairənin nə üçün olmasının cavabdeh tərəfdən məhkəmə qarşısında əsaslandırılması məqsədilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bundan başqa, məhkəmədən kənar qaydada müvafiq əmək mübahisəsinin həll olunması üçün mediasiyaya müraciət etsə də, cavabdeh mediasiya prosesindən yayınmış, nəticədə mediasiya prosesi davam etdirilə bilməmiş, buna görə də müvafiq mediasiya arayışını alıb iddiasına əlavə etmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, ammonyak zəhərli maddə olmaqla, onun 1 tonunun radiusu 6 kilometr təşkil edir. Bu maddənin partlayışı nəinki təbiəti, hətta canlı orqanizmi məhv edir. O, 19 mart 1987-ci il tarixdə indiki "xxxx" ASC-nin kompressor sexində İV dərəcəli çilingər kimi işə qəbul edilmiş, 02 avqust 1988-ci il tarixdə ona V dərəcə, 10 aprel 1989-cu il tarixdə isə Vİ dərəcə verilmiş, 04 sentyabr 2000-ci il tarixdə köçürmə yolu ilə kompressor-soyuducu qurğusunun maşinisti işinə keçirilmiş 01 may 2015-ci il tarixdən isə həmin işdən çıxmışdır. Çilingər və maşinist mahiyyət baxımından eyni vəzifələrdir. Belə ki, o, əvvəllər eyni sexdə çilingər kimi maşinistin yanında köməkçi olaraq işləmiş, daha sonra özü maşinist olmaqla, yanında işçilər çalışmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək, izahatında göstərdi ki, hüquqlarını təmsil etdiyi ASC tərəfindən təqdim edilmiş arayışda da qeyd olunduğu kimi həmin sahənin zərərli olması halları müəyyən edilməmişdir. Müəssisə və cəmiyyət olaraq ASC-də belə bir zərərli sahənin olması qeyd olunmamışdır. İddia ərizəsində nümunə kimi göstərilən arayışın hansı qaydada və necə alınması onlar üçün də şübhəlidir. Eyni zamanda, zərərli olmayan sahəyə Alpay adlı keçmiş rəhbər şəxsin verdiyi belə bir arayışın nə surəti, nə əsli, nə də ki qeydiyyatı onlarda mövcud deyildir. Belə olan təqdirdə, arayışın surəti ilə hər hansı bir fikir bildirmək mümkün deyildir. Bundan əlavə, müəssisədə ammonyakla iş sahələri tamamilə təcrid edilmişdir. Digər tərəfdən sənədlərin arxivdə saxlanılma müddəti 5 illik dövrü əhatə edir. Hüquqlarını təmsil etdiyi ASC böyük müəssisə olmaqla, orada 2500 işçi çalışır, hər bir işçiyə aid 5-6 vərəqin saxlanılması isə qeyri-mümkündür. Çünki, istəsələr belə, arayış və sənədləri saxlamaq üçün geniş imkana və saxlama şəraitinə malik deyildirlər. Bundan başqa, iddiaçı 19 mart 1987-ci il tarixdən indiki "xxxx" ASC-də işlədiyini bildirsə də, müəssisə mövcud iqtisadi vəziyyətə görə faktiki olaraq 2000-ci ilə kimi fəaliyyət göstərməmişdir. Həmin ərəfədə isə işçilərə hər hansı stajın yazılması düzgün olmamışdır. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iş üzrə icraata məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilməlidir. Belə ki, "xxxx" ASC-nin 18 oktyabr 2022-ci il tarixli, 208 nömrəli məktubunun surətindən görünür ki, "xxxx" ASC-də sahənin zərərli olması halları müəyyən edilməmişdir. İşdə olan 02 avqust 1982-ci il tarixdə tərtib edilmiş İddiaçı məxsus əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, o, 19 mart 1987-ci il tarixdə “Siyəzən Broyler” fabrikinin kompressor sexində İV dərəcəli çilingər kimi işə qəbul edilmiş, 02 avqust 1988-ci il tarixdə ona V dərəcə, 10 aprel 1989-cu il tarixdə isə Vİ dərəcə verilmiş, 05 oktyabr 1998ci il tarixdə fabrik "xxxx" ATSC-nə çevrilmiş, həmçinin o, 04 sentyabr 2000-ci il tarixdə köçürmə yolu ilə kompressor-soyuducu qurğusunun maşinisti işinə keçirilsə də, 01 may 2015-ci il tarixdə öz xahişi ilə həmin işdən azad olunmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 5.3-cü maddəsinə əsasən əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması ((bu Qanunun 26.3-cü maddəsi (2017-ci il iyulun 1-dək bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir) istisna olmaqla)), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 2.1-ci bəndinə əsasən qanunun 22-1.4-cü maddəsi nəzərə alınaraq, dövlət sosial sığorta sistemində sığortaolunanın fərdi hesabının (bundan sonra – fərdi hesab) sığorta hissəsində 2006-cı il yanvarın 1-dən 2018ci il iyulun 1-dək qeydə alınmış pensiya kapitalı olan sığortaolunanlara, həmçinin hərbi qulluqçulara və Qanunun 3.3-cü maddəsinə uyğun olaraq pensiya təminatı sahəsində onlara bərabər tutulan xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi avtomatlaşdırılmış qaydada onlar tərəfindən müraciət edilmədən, bu Qaydanın 8.2-ci bəndində göstərilən elektron informasiya sistemlərindən və ya ehtiyatlarından əldə olunan, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nda nəzərdə tutulmuş dövlət orqanları tərəfindən təqdim edilən məlumatlar əsasında aparılır. Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – Fond) aidiyyəti struktur bölməsinin əmək pensiyasının təyin edilməsi haqqında qərarı barədə həmin şəxslərə poçt vasitəsilə məlumat və yaxud MEİS-də olan əlaqə vasitələrindən birinə (elektron poçt ünvanı və ya sms vasitəsilə) bildiriş göndərilir. İşin faktiki hallarından da göründüyü kimi İddiaçı 19 mart 1987-ci il tarixdə “Siyəzən Broyler” fabrikinin kompressor sexində İV dərəcəli çilingər kimi işə qəbul edilməsi, 02 avqust 1988-ci il tarixdə ona V dərəcə, 10 aprel 1989-cu il tarixdə isə Vİ dərəcə verilməsi, həmçinin 04 sentyabr 2000-ci il tarixdə köçürmə yolu ilə kompressor-soyuducu qurğusunun maşinisti işinə keçirilsə də, 01 may 2015-ci il tarixdə öz xahişi ilə həmin işdən azad olunması aşkardır və onun mövcud əmək fəaliyyəti əmək kitabçası ilə təsdiq edilmişdir. Bundan əlavə, İddiaçı güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət etdiyini göstərsə də, bunu, habelə həmin müraciətə verilmiş cavabı təsdiq edən mötəbər sənəd və ya sübutu məhkəməyə təqdim etməmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabineti 23 yanvar 2007-ci il tarixdə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” siyahısını təsdiq edən 12 nömrəli qərarı qəbul etmişdir ki, bu qərar da tətbiqi və icrası vətəndaşlar, mərkəzi və yerli icra hakimiyyəti orqanları, hüquqi şəxslər üçün məcburi xarakter daşımağa başlamışdır. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli, 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsinin 1.1-ci, 1.2-ci və 1.3-cü bəndlərinə əsasən Dövlət Sosial Müdafiə Fondu (bundan sonra – Fond) məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, dövlət icbari şəxsi sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. Fond Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində fəaliyyət göstərir. Fond öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Nazirliyin normativ-hüquqi aktlarını, Azərbaycan Respublikası Əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını rəhbər tutur. Deməli, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, habelə bu zaman "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə, Azərbaycan Respublikası Nazirlər Kabineti 23 yanvar 2007-ci il tarixli qərarını rəhbər tutmaq cavabdeh "xxxx" ASC-nin fəaliyyətinə deyil, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətinə, o cümlədən səlahiyyətinə aid olduğundan qeyd olunan mübahisə publik hüquq sahəsi çərçivəsində həll edilməlidir. Beləliklə, qeyd olunmalıdır ki, hazırkı mübahisə tərəflərin subyekt tərkibindən asılı olmayaraq, publik hüquq sahəsindən irəli gələn sosial təminat mübahisələri ilə bağlı işlər kateqoriyasından olmaqla, yanaşı şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışın zəruriliyi də həmin mübahisənin elementi kimi bu mübahisənin daxilində həll olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli Qərarının 5.1-ci bəndinə əsasən inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Digər tərəfdən, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019cu il tarixli, 3 nömrəli Qərarının 13.2-ci bəndinə əsasən əmək stajını təsdiq edən sənədlər (əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun buna oxşar hala münasibətdə yuxarıda qeyd olunan hüquqi mövqeyindən çıxış edərək, belə qənaətə gəlmək olar ki, İddiaçı əmək fəaliyyəti əmək kitabçası ilə təsdiq edildiyindən publik hüquq sahəsindən irəli gələn mübahisənin mülki məhkəmə qaydasında həll edilməsi istisna edilir və yolverilməzdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinin tələbinə görə iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Yenə Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına, işə məhkəmədə baxılmalı olmadığından xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İcraata xitam verilmə qaydası və nəticələrini müəyyən edən Azərbaycan Respublikası MPM-nin 262-ci maddəsinin 2-ci hissəsinə əsasən məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Azərbaycan Respublikası MPM-nin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Həmçinin, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinin tələbinə görə bu kateqoriya işlər üzrə dövlət rüsumunu ödəməkdən azad edilmiş İddiaçı hazırkı tələbə görə dövlət rüsumunu ödəməməsi nəzərə alınmalıdır. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.3-cü maddəsinə əsasə işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Eyni zamanda, məhkəmə qeyd edir ki, iddiaçı güzəştli əmək pensiyası almaqla bağlı aidiyyəti üzrə inzibati orqana, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət etmək, müraciəti müsbət həll edilmədiyi təqdirdə isə aidiyyəti üzrə İnzibati Məhkəməyə müraciət etmək hüququna malikdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 261, 261.0, 261.0.1, 262-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. İddiaçıya izah edilsin ki, o, güzəştli əmək pensiyası almaqla bağlı aidiyyəti üzrə inzibati orqana, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət etmək, müraciəti müsbət həll edilmədiyi təqdirdə isə aidiyyəti üzrə İnzibati Məhkəməyə müraciət etmək hüququna malikdir. Tərəflərə izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron qaydada Siyəzən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-77/2023
Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №2(059)-77/2023
27.02.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver