Məhkəmə qərarları › İş №2(059)-790/2025

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-790/2025

18.12.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-790/2025 18.12.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Güliyev Kəbir Seyyar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İşin halları İddiaçı Siyəzən şəhərinin T.İsmayılov küçəsindəki 28 saylı evin 15-ci mənzilinin xx.xx.2021-ci il tarixdən mülkiyyətçisidir və həmin evdə qeydiyyatda olan qardaşı Cavabdeh istifadə hüquqlarına xitam verilməsini tələb edir. Cavabdeh isə sözügedən mənzildən istifadə hüquqlarına xitam verilməsinə etiraz etmir. İddia tələbi İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Siyəzən şəhərinin T.İsmayılov küçəsindəki 28 saylı evin 15-ci mənzilinə istifadə hüquqlarına xitam verilməklə, həmin mənzildə qeydiyyatdan çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh Siyəzən şəhərinin T.İsmayılov küçəsindəki 28 saylı evin 15-ci mənzilinə istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi iddiaçı tərəfindən onunla əsaslandırılmışdır ki, o, xx xxxx 1974-cü il tarixdə Siyəzən şəhərində doğulmuş, habelə həmin tarixdən Siyəzən şəhərinin T.İsmayılov küçəsindəki 28 saylı evin 15-ci mənzilində yaşayır. Bununla yanaşı, 25 yanvar 2021-ci ildə Azərbaycan Respublikası ƏMDX DƏDK və RPHŞ-dən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almış, habelə həmin mənzildə ondan, həyat yoldaşı və üç oğlundan başqa qeydiyyatda olan olmamışdır. Lakin, bu yaxınlarda qardaşı olan Cavabdeh da, həmin mənzildə qeydiyyatda olduğunu bilmişdir. Ona görə də, cavabdehin qeydiyyatdan çıxarılması və yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi tələbində haqlıdır. Belə ki, bununla bağlı əvvəl Siyəzən rayon Polis Şöbəsinə rəsmi müraciət ünvanlamış, habelə müraciətinə xx.xx.2025-ci il tarixli, 3- 13-106/2-Q-118xx/xx/2025 saylı cavab məktubu ilə adı göstərilən vətəndaş, Cavabdeh göstərilən ünvandan qeydiyyatdan çıxarılması ilə əlaqədar mülki məsələ kimi baxılması üçün məhkəməyə müraciət etməli olduğu tövsiyə olunmuşdur. Odur ki, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Tərəflərin izahatları Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, habelə 13 noyabr 2025-ci il tarixdə məhkəməyə, 1971-ci il tarixdə Siyəzən şəhərinin T.İsmayılov küçəsindəki 28 saylı evin 15ci mənzilində doğulsa da, hazırda Şabran rayonunun Ağalıq kəndində yaşadığını, həmçinin iddia tələbinin təmin edilməsinə etiraz etmədiyini və növbəti məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsi xahişinin özündə ehtiva edən ərizə təqdim etmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında ilkin dinləmələr zamanı izahatı alınmış Cavabdeh iddia tələbini qəbul edərək, onun təmin edilməsi barədə qətnamə qəbul edilməsinə etiraz etmədiyini bildirmiş, həmçinin hazırda Şabran rayonunun Ağalıq kəndində yaşasa da, yaşadığı mənzilin mülkiyyət hüququnu təsdiq edən sənəd mövcud olmadığı üçün, yaşadığı evə qeydiyyata düşə bilmədiyini qeyd etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 01 oktyabr 2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsi:

53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.

60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır.

87. Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və ya onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir.

“Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına görə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o, cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir.

"Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və qüvvədən düşmüş Mənzil Məcəlləsinin 123-cü maddəsinin İ hissəsinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarına görə 2001-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

Mülki Prosessual Məcəllə

76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi

Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını cavabdehin ərizəsi ilə birlikdə araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən 25 yanvar 2021-ci il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Siyəzən şəhərinin T.İsmayılov küçəsindəki 28 saylı evin 73.10 kv.m ümumi sahədən ibarət 15 saylı mənzili həmin tarixdə mülkiyyət hüququ üzrə İddiaçı adına ********** nömrəsi ilə qeydiyyata alınmışdır. İşdə olan Siyəzən RPŞ QvŞV qrupu tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, cavabdeh İddiaçı mülkiyyət hüququ ilə İddiaçı məxsus Siyəzən şəhəri, T.İsmayılov küçəsi, 28 saylı evin 15 saylı mənzilində qeydiyyatdadır. Məhkəmə ilk növbədə qeyd edir ki, Cavabdeh mübahisəli mənzilə istifadə hüququ 1971-ci ildə yarandığı üçün hazırda ona 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları tətbiq olunmalıdır. İşin araşdırılan hallarından müəyyən olunur ki, mübahisəli mənzil iddiaçı və cavabdehin atası Əliməmməd Qüvvətova məxsus olmuş, o, vəfat etdikdən sonra mənzil digər vərəsələrin razılığı ilə İddiaçı xüsusi mülkiyyətinə verilmişdir. Cavabdeh hələ mənzil xüsusi mülkiyyətə verilməzdən öncə yaşamaq üçün Şabran rayonuna köçmüş, faktiki olaraq mübahisəli mənzilə olan mənzil ehtiyacları aradan qalxmışdır. Bu hal həm iddiaçının, həm də cavabdehin məhkəmə iclasında verdiyi izahatları ilə də təsdiq olunmaqla yanaşı mənzil qanunvericiliyinə (01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinə) əsasən cavabdehin mübahisə predmeti olan mənzilə olan istifadə hüququnun itirilməsinə əsas verir. Məhkəmə qeyd edir ki, işin araşdırılan hallarından göründüyü kimi cavabdehin mənzildən istifadə hüququnun qalması formal xarakter daşımaqla iddiaçının hüquqlarını məhdudlaşdırır və sonuncunun mənzilə dair xüsusi mülkiyyət hüquqlarının həyata keçirməsinə mane olur. Həmçinin, cavabdeh yaşayış sahəsindən istifadəyə görə üzərinə düşən vəzifələri də yerinə yetirmir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır.

Məhkəmə xərcləri

Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Sözügedən Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. Həmin Məcəllənin 119.4-cü maddəsinə əsasən, işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. İşdə olan mötəbər sənədlərdən görünür ki, ərizəçi məhkəməyə müraciət edərkən 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Həmçinin, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddia ərizəsində və məhkəmə baxışında cavabdehdən tələb edilmədiyindən həmin məbləğ iddiaçının özünə aid edilməlidir. Məhkəmənin gəldiyi nəticə

Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh İddiaçı mülkiyyətində olan Siyəzən şəhərinin T.İsmayılov küçəsindəki 28 saylı evin 15-ci mənzilinə istifadə hüquqlarına xitam verilməli, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi :

İddia təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan Siyəzən şəhərinin T.İsmayılov küçəsindəki 28 saylı evin 15-ci mənzilinə istifadə hüquqlarına xitam verilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 ( bir yüz) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Siyəzən Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günel Quluzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar