Məhkəmə qərarları › İş №2(059)-859/2025

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-859/2025

22.01.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-859/2025 22.01.2026 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Güliyev Kəbir Seyyar oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “heyvanların bələdiyyəyə məxsus örüş torpaq sahəsindən çıxarılması” tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İşin halları İddiaçı iddia edir ki, cavabdeh sahibliyində olan 500 baş qoyunu və 70 baş inəyi İddiaçınə məxsus örüş torpaqlarında qanunsuz otarır. Odur ki, həmin heyvanlar onlara məxsus torpaqlardan çıxarılmalıdır. Cavabdeh isə iddianı qəbul etməyərək təmin edilməsinə etiraz edir. İddia tələbi İddiaçı Cavabdeh qarşı “heyvanların bələdiyyəyə məxsus örüş torpaq sahəsindən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin sahibliyində olan 500 baş qoyunun və 70 baş inəyin bələdiyyənin örüş torpaqlarından çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 500 baş qoyun və 70 baş inəkdən ibarət iri və xırdabuynuzlu mal-qaranı Siyəzən rayonunun Yenikənd bələdiyyəsinə məxsus torpaq sahəsində qanunsuz olaraq otarır. Halbuki, həmin şəxs Siyəzən rayonunun Yenikənd kəndinin sakini deyildir. Cavabdehə həmin heyvanların örüş torpaqlarından çıxarılması ilə bağlı xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, o, yenə də öz qanunsuz hərəkətlərini davam etdirməkdədir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, izahatında göstərdi ki, Siyəzən rayonunun Yenikənd kəndinin sakinləri tərəfindən rayon rəhbərliyinə ünvanlanmış iri və xırdabuynuzlu heyvanların əkin sahələrinə daxil olması, eləcə də, kənd qəbiristanlığına zərər yetirməsi ilə əlaqədar olan çoxsaylı şikayətlərlə bağlı Cavabdeh bələdiyyəyə dəvət olunmuş və ondan sözügedən kəndin ərazisində mülkiyyətində torpaq sahəsinin olub-olmaması soruşularkən həmin vaxt qarşı tərəf heç bir hüquq müəyyənedici sənədi təqdim etməmişdir. Bu səbəbdən cavabdehə bələdiyyənin örüş torpaqlarından istifadəni dayandırması ilə bağlı xəbərdarlıq məktubu göndərilmiş, sonuncu, məhəl qoymadığı üçün Rayon Polis Şöbəsinə müraciət edilmişdir. RPŞ-dən isə mübahisə mülki xarakterli olduğu üçün məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən təqdim edilmiş sənədlərə əsasən, onun mülkiyyətində kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin olması ona məlum olmuşdur. Qeyd edir ki, Cavabdeh təsərrüfatında olan mal-qaranı özünə məxsus torpaq sahəsində inşa edilmiş tövlədə saxlasa da, heyvanları cavabdehin torpaq sahəsinə bitişik sahədə bələdiyyəyə məxsus örüş torpaq sahələrində otarır. Habelə, o, sakinlərin şikayətləri əsasında kənd qəbiristanlığına baxış keçirərkən, həmin vaxt mal-qaranın qəbiristanlıqda olması və qəbirlərə ziyan verməsini müşahidə etməmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, izahatında göstərdi ki, Siyəzən rayonunun Yenikənd kəndinin sakinləri tərəfindən rayon rəhbərliyinə ünvanlanmış guya ona məxsus iri və xırdabuynuzlu heyvanların yerli əhalinin əkin sahələrinə daxil olması, eləcə də, kənd qəbiristanlığına zərər yetirməsi ilə əlaqədar olan çoxsaylı şikayətlər tamamilə əsassız olmaqla, onun sahibkarlıq fəaliyyətinə xələl yetirmək məqsədi daşıyır. Təqdim etdiyi çıxarışlardan da göründüyü kimi, onun paylı mülkiyyətində kənd təsərrüfatı təyinatlı 1 ha torpaq sahəsi mövcud olmaqla, o, mal-qaranı öz torpaq sahəsindəki tövlədə saxlayır. Mal-qaranın otladığı örüş torpaq sahələri isə təkcə Yenikənd bələdiyyəsinə məxsus deyil. Belə ki, yüz hektarlarla ərazini əhatə edən həmin torpaq sahələri qonşu Şabran rayonunun da ərazisinin bir qismini əhatə edir. Habelə, o, əvvəllər dəfələrlə həmin örüş torpaq sahələrinin mülkiyyətinə verilməsi üçün bələdiyyəyə müraciət etməsinə baxmayaraq, müraciəti heç bir qanuni əsas olmadan təmin edilməmişdir. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla icazə verilmir. Torpaq Məcəlləsinin: 5-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. 5-ci maddəsinin 2-ci hissəsinə əsasən mülkiyyət hüququnun subyektləri-dövlət mülkiyyətində olan torpaq sahələri üzərində-Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində-bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində-Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. 5-ci maddəsinin 3-cü hissəsinə əsasən torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 12-ci maddəsinin 3-cü hissəsinə əsasən məqsədli təyinatına əsasən kənd təsərrüfatı yerlərinə əkin, çoxillik əkmələrin altında olan torpaqlar, örüş, otlaq və biçənək sahələri aid edilir. 16-cı maddəsinin 3-cü hissəsinə əsasən dövlət mülkiyyətində olan örüş və biçənək sahələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə informasiya sistemi vasitəsilə heyvandarlıq təsərrüfatı sahibi və ya belə təsərrüfat qurmaq istəyən fiziki və hüquqi şəxslərə icarəyə verilir. Bələdiyyələrin mülkiyyətində olan yaşayış məntəqələrinin yaxınlığında ümumi örüş sahələri ödənişsiz və müddətsiz olaraq məntəqə əhalisinin heyvanlarının yemlənməsi üçün istifadə olunur. Bələdiyyələrin ehtiyat torpaq fondunda olan digər örüş və biçənək sahələri açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə heyvandarlıq təsərrüfatı sahibi olan və ya belə təsərrüfat qurmaq istəyən hüquqi və fiziki şəxslərin icarəsinə verilir və bu barədə məlumat informasiya sisteminə daxil edilir. 16-cı maddəsinin 5-ci hissəsinə əsasən örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. 47-ci maddəsinin 2-ci hissəsinə əsasən bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır. 47-ci maddəsinin 3-cü hissəsinə əsasən ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi

Məhkəmə, iş materiallarını tərəflərin izahatları ilə birlikdə araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, işdə olan İddiaçı tərəfindən 27 noyabr 2025-ci il tarixdə Cavabdeh ünvanlanmış 107 nömrəli xəbərdarlıq məktubundan görünür ki, bələdiyyə mülkiyyətinə məxsus örüş torpaq sahəsinin istifadə vəziyyəti tərəflərindən öyrənilərkən həmin sahədən Cavabdeh tərəfindən qanunsuz istifadə olunduğu müəyyən edilmişdir. Odur ki, qısa müddət ərzində torpaq sahəsinin boşadılması təklif edilmiş, əks təqdirdə hüquq mühafizə orqanlarına müraciət ediləcəyi bildirilmişdir. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Siyəzən rayonunun Yenikənd kəndində yerləşən 1 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/2 hissəsi 06 iyun 2024-cü il tarixdə ********** nömrə ilə Cavabdeh adına, 1/2 hissəsi isə xx.xx.2022-ci il tarixli ********** nömrə ilə X3 adına qeydiyyata alınmışdır. İşdə olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 26 oktyabr 2020-ci il tarixdə qeydiyyata alınmış ********** nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Siyəzən rayonunun Yenikənd kəndində yerləşən 0,3 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi, tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində **********01 nömrə ilə qeydiyyata alınmışdır. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də istinad etdikləri hallara münasibətdə iddiaçının üzərinə düşür. Məhkəmə onu da qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbində cavabdehə məxsus 500 baş qoyun və 70 baş inəkdən ibarət iri və xırdabuynuzlu heyvanların bələdiyyəyə məxsus örüş torpaqlarından çıxarılmasını tələb etsə də, mal qaranın otarıldığı torpaq sahəsinin bələdiyyəyə məxsus olması, heyvanların orada otarılıb orada saxlanılmasına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, o, Siyəzən rayonu, Yenikənd kəndi sakini olmaqla bu kənddə kənd təsərrüfatlı və yaşayış məntəqəsi torpaqlarına malikdir. Məhkəmə iclasında cavabdeh ona məxsus mal-qaranın xüsusi mülkiyyətində olan torpaq sahəsində yerləşən tövləsində saxlanıldığını göstərmiş, iddiaçının nümayəndəsi bu halı təkzib etməmişdir. Bundan başqa məhkəmə onu da qeyd edir ki, qüvvədə olan Torpaq Məcəlləsinin tələblərinə əsasən əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları bələdiyyəyə məxsus ümumi istifadədə olan torpaqlara aiddir (maddə 47, hissə 3). Məqsədli təyinatına əsasən kənd təsərrüfatı yerlərinə əkin, çoxillik əkmələrin altında olan torpaqlar, örüş, otlaq və biçənək sahələri aid edilir (maddə 12, hissə 3). Bələdiyyələrin mülkiyyətində olan yaşayış məntəqələrinin yaxınlığında ümumi örüş sahələri ödənişsiz və müddətsiz olaraq məntəqə əhalisinin heyvanlarının yemlənməsi üçün istifadə olunur (maddə 16, hissə 3). Məhkəmə araşdırması zamanı cavabdehə məxsus heyvanların bələdiyyəyə məxsus örüş torpaq sahəsində saxlanılması öz təsdiqini tapmamış, cavabdeh Siyəzən rayonu, Yenikənd kəndi sakini olmaqla bu kənddə kənd təsərrüfatlı və yaşayış məntəqəsi torpaqlarına malik olduğunu göstərməklə örüş sahəsindən malqarasının otarılması məqsədilə istifadə etməsini bildirmişdir ki, bu hal da torpaq qanunvericiliyinin tələblərinə zidd olmamışdır. Odur ki, məhkəmə hesab edir ki, iddianın təmin edilməsinə hər hansı əsas olmadığından tələb təmin edilməməlidir.

Məhkəmə xərcləri

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.14-cü bəndinə əsasən məhkəmələrə verilən iddia ərizələri, digər ərizələr və ya şikayətlər üzrəbüdcə təşkilatları, bələdiyyələr dövlət rüsumunun ödənilməsindən azad edilmişlər. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə İddiaçı qismində çıxış etdiyindən və dövlət rüsumu ödəməkdən azad edildiyindən iddia tələbi üzrə dövlət rüsumunun ödənilməsi ilə bağlı məsələdə bu hal nəzərə alınmalıdır.

Məhkəmənin gəldiyi nəticə

Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “heyvanların bələdiyyəyə məxsus örüş torpaq sahəsindən çıxarılması” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə

q ə t e t d i:

İddiaçı Cavabdeh qarşı “heyvanların bələdiyyəyə məxsus örüş torpaq sahəsindən çıxarılması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Günel Quluzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar