Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 2(059)-87/2025 20.02.2025 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Gülliyev Kəbir Seyyar oğlunun katibliyi, İddiaçı, Cavabdehlər X1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər X3, Cavabdeh2 və Cavabdeh3 Ağazadə oğluna qarşı “fərdi yaşayış evinin sökülməsi, sökülən tikinti materiallarının və digər avadanlıqların götürülməsinə cavabdehlər tərəfindən edilən maneənin aradan qaldırılmasına son qoyulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər X3, Cavabdeh2 və Cavabdeh3 Ağazadə oğluna qarşı “fərdi yaşayış evinin sökülməsi, sökülən tikinti materiallarının və digər avadanlıqların götürülməsinə cavabdehlər tərəfindən edilən maneənin aradan qaldırılmasına son qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Siyəzən rayonun Beşdam kəndi ərazisində mövcud olan 4 otaqdan ibarət fərdi yaşayış evinin, hamamın və toyuq hininin sökülməsinə, sökülən tikinti materiallarının, habelə 400 ədəd mişar daşının və 20 ədəd armaturların götürülməsinə cavabdehlər X4, Cavabdeh2 və Cavabdeh3 Ağazadə oğlu tərəfindən edilən maneənin aradan qaldırılması və qətnamə üzrə icra sənədinin icrası üçün aidiyyəti orqana göndərilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, ailəsi ilə birlikdə miras qoyan, mərhum Gülağa Bağırova məxsus olmuş, hal-hazırda mübahisəli 0.24 ha. həyətyanı torpaq sahədə yerləşən fərdi yaşayış evinin bir divarına bitişik 1988-1992-ci illərdə inşa edilmiş 4 otaqlı fərdi yaşayış evində yaşamış və vərəsələr arasında mübahisəli vəziyyət yarandığdan son illərdə evi müvəqqəti tərk etmişdir. Bundan sonra dəfələrlə cəhd etsə də, miras qalan əmlaklar, habelə iddiaçıya məxsus fərdi yaşayış evi üzərində əmlak hüquqlarını rəsmiləşdirmək istəsələr də, cavabdehlərin əsassız maneələri, habelə qərəzli hərəkətləri nəticəsində bu mümkün olmamışdır. Odur ki, edilən maneələri aradan qaldırılması üçün məhkəməyə müraciət olunmuş və Siyəzən rayon məhkəməsi 2(059)- 709/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə "İddia qismən təmin olunaraq, mərhum X2 istifadəsində və sahibliyində Siyəzən rayon Beşdam kəndində yerləşən 0.24 ha. torpaq sahəsində və üzərindəki fərdi yaşayış evində mərzçəkmə işlərinin aparılması və bu əmlaka dair texniki sənədlərin tərtib edilməsi məqsədi ilə miitəxəsisslərin sözü gedən torpaq sahəsinə daxil olaraq fəaliyyət göstərmələrinə cavabdehlər X4, Cavabdeh2 və Cavabdeh3 Ağazadə oğlu tərəfindən edilən maneələr aradan qalıdırılması qət edilmişdir. Bununla da Siyəzən rayon Məhkəməsi 2(059)-709/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin qəbul edilməsinin faktiki əsaslarından görünür ki, cavabdehlər iddiaçının əmlakından (fərdi yaşayış evindən) istədiyi kimi istifadəsinə maneçilik göstərərək, birgəyaşayış qaydalarına əməl etmirlər. Belə ki, iddiaçının ailəsinin istifadəsində və sahibliyində olan fərdi yaşayış evi və digər yardımçı sahələr iddiaçı tərəfindən 1988-ci ildə 4 otaqdan ibarət fərdi yaşayış evi (ölçüləri 8m.x8m., 8m.xl İm., 6m.x4m. və 6m.x4m.), 4m.x4m. ölçüdə hamam və 4m.x2m. ölçüdə toyuq hinindən ibarət tikintisi başlanılmış və 1992-ci ildə yaşayışa hazır olmuşdur və son illərə qədər, yəni evi məcburiyyət üzündən tərk edilənə qədər həmin evdə yaşamışlar. Lakin hazırda cavabdehlərin əsassız fiziki təziqləri, habelə fərdi yaşayış evinin ətrafında müxtəlif təyinatlı tikililər inşa etdiklərinə görə evdən istifadələri mümkünsüz hala gəlmişdir. Belə ki, cavabdehlər yaşadığları evi genişləndirərək, onun evinin giriş hissəsinə qədər tikinti işləri apararaq evə girişi məhdudlaşdırmışdılar. Habelə hamamın girişinə yaxın hissədə it damı və evin arxasında, həmçinin pəncərənin önünə çox yaxın məsəfədə mal tövləsi tikmişlər ki, bu tövlənin ifunət iyindən evdə yaşamaq mümkün deyil. Beləliklə, cavabdehlər fərdi yaşayış evimin yerləşdiyi ərazinin ətrafında qəsdən elə şərait, yəni maneələr yaratmışlar ki, hal-hazırda orada yaşamaq mümkün deyil. Hesab edir ki, cavadehlərin məqsədi onları ailəliklə evlərindən didərgin salmaqdır. Bütün bunları dərk edərək, qalan ömürlərini cavabdehlərlə bir həyətdə dinc yanaşı, habelə əminamanlıqla yaşamağın qeyri-mümkünlüyünü nəzərə alaraq belə qərara gəlmişlər ki, fərdi yaşayış evlərini sökərək, oradan çıxan tikinti materialları ilə digər sakit ərazidə, onlardan uzaq sahədə yenidən fərdi yaşayış evi inşa etsinlər və bununla da cavabdehlərin haqsız hərəkətlərindən canlarını qurtarsınlar. Bundan başqa onu da qeyd edir ki, əgər cavabdehlər müraciət edərək xahiş etsələr ki, müəyyən pul müqabilində fərdi yaşayış evini, habelə həyətdə olan 400 ədəd mişar daşını və 20 ədəd almaturu qanuni əsaslarla onların sahibliyinə verilməsi şərti mümkündür. Əks təqdirdə yaşayış evini sökərək, oradan çıxan tikinti materiallar hesabına digər sakit sahədə yeni evin tikintisi inşası arzusundadır. Hazırda fərdi yaşayış evinə dair müvafiq mülkiyyət sənədi (çıxarış) bu günə qədər cavabdehlərin qanunsuz maneə gösdərmələri səbəbindən alınmasa da, iddiaçının fərdi yaşayış evi üzərində “qanuni gözləntisi” olan əmlakı hüquqları vardır. Cavabdeh3 Ağazadə oğluna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, izahatında göstərdi ki, o, əvvəllər Siyəzən rayonun Beşdam kəndində yerləşməklə, 1988-ci ildə inşa etdiyi fərdi yaşayış evində yaşamışdır. Yaşadıqları evin sənədləri olmasa da, evin inşa edildiyi torpaq sahəsinin sənədləri mövcud olmuş, habelə bu sənədləri cavabdehlər özlərində saxlamışlar. Cavabdehlərin həmin torpaq sahəsi üzərində inşa etdikləri ev, onun evinə bitişik olmaqla yanaşı, birincilərin inşa etdiyi eyvan da, onun inşa etdiyi eyvana bitişikdir. Beləliklə, sonradan cavabdehlər ona bağ salmağa və heyvan saxlamağa mane olduğu üçün, o başqa yaşayış evinə, yəni həmin kənddə yerləşməklə bağına nəzarət etdiyi evdə yaşamağa başlamışdır. O, evin söküntüsünə cəhd etməmiş, bu barədə cavabdehlərə müraciət etməmiş, müraciət edəcəyi halda onların mane olacaqlarını güman etdiyi üçün öncədən məhkəməyə müraciət etməyi məqsədəmüvafiq hesab etmişdir. Ancaq sonuncu məhkəmə hazırlıq iclasından sonra, tərəfindən yerləşdirilməklə, həmin evdə olan armaturları götürməyə cəhd etsə də, cavabdehlər ona maneə törədərək yekun məhkəmə qərarının qəbul edilmədiyini bildirmişlər. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh X4 iddia tələbini qəbul edərək, izahatında göstərdi ki, onlar iddiaçıya heç bir maneçilik törətmir, sonuncunun sözügedən fərdi yaşayış evindən özünə məxsus avadanlıqları aparmasına etiraz etmirlər. Belə ki, iddiaçı ona məxsus avadanlıqları da, aparmağa cəhd göstərdiyi üçün polis şöbəsinə müraciət etmiş, habelə sahə rəisi evlərinə gələrək, müvafiq araşdırma aparmışdır. Bununla belə, iddiaçının sözügedən fərdi yaşayış evinin özünə aid hissəsinin sökülməsinə heç bir etiraz etməsə də, bu söküntünü ona məxsus evə zərər vurmadan aparılmasını tələb edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul edərək, izahatında göstərdi ki, mərhum qayınatasının 73 il yaşadığı mübahisəli evin hər-hansı bir sənədi yoxdur. Bununla belə, həmin evə gəlmiş hər bir gəlinə iki otaqlı ev verilmiş, o, ona verilmiş iki otağı təmir etdirmişdir. Lakin, iddiaçı bir neçə il öncə ona verilmiş iki otaqdan köçərək, həmin kənddə başqa evdə yaşamağa başlamış, özünə məxsus əşyaları həmin evə aparmışdır. Hazırda iddiaçı həmin evdən çıxmaq üçün onlardan pul istəsə də, onlar razılaşmırlar. Qeyd edir ki, iddiaçının özünə məxsus otaqları sökməsinə heç bir etirazı olmasa da, bu söküntünü onların evlərinə zərər vurmadan aparılması tələb edir. Belə ki, evlər bitişik olduğu üçün iddiaçı özünə məxsus evin damını sökəcəyi təqdirdə, onlara məxsus evin damı su keçirəcəkdir. Bundan başqa, oğlu Cavabdeh3 Ağazadə oğlu iddia ərizəsində cavabdeh kimi qeyd edilsə də, sonuncu Bakı şəhərində işləməklə, həmin şəhərdə yaşayır. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iş üzrə icraata məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də, maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 6-cı maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi yalnız məhkəməyə aiddir və məhkəmələr tərəfindən qanunla müəyyən olunmuş qaydada həyata keçirilir. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Həmin Məcəllənin 13.1-ci maddəsinə əsasən məhkəmə mübahisələri Azərbaycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə, qanunlara, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına və normativ xarakterli aktlara əsasən həll edir Həmin Məcəllənin 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda qeyd olunan normalarından da müəyyən edildiyi kimi, hər bir fiziki və hüquqi şəxs pozulmuş və barəsində mübahisənin mövcud olduğu hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət edə bilər. Hazırki işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı Siyəzən rayonun Beşdam kəndi ərazisində mövcud olan 4 otaqdan ibarət fərdi yaşayış evinin, hamamın və toyuq hininin sökülməsinə, sökülən tikinti materiallarının, habelə 400 ədəd mişar daşının və 20 ədəd armaturların götürülməsinə cavabdehlər X4, Cavabdeh2 və Cavabdeh3 Ağazadə oğlu tərəfindən edilən maneənin aradan qaldırılmasına dair tələblə məhkəməyə müraciət etsə də, faktik olaraq iddianın əsasını təşkil edən cavabdehlər tərəfindən hər hansı maneə yaradılması faktı öz təsdiqini tapmır, əksinə iddiaçı belə bir maneənin yaradılmadığını, onun ümumiyyətlə söküntü işi aparmaq üçün mübahisəli evə getmədiyini, gələcəkdə yaradıla biləcək maneə olmasına ehtimal olduğu üçün məhkəməyə müraciət etdiyini, cavabdehlər isə iddiaçının evin sökülməsi ilə bağlı ona müraciət etmədiyini, bu məqsədlə ümumiyyətlə oraya gəlmədiyini, gələcəyi halda ona heç bir maneə törədilməyəcəyini bildirmişlər. Göründüyü kimi, hazırda tərəflər arasında real heç bir mübahisə mövcud deyil. Odur ki, məhkəmə hesab edir ki, tərəflər arasında mübahisə olmadığından hazırki iş məhkəmədə baxıla bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinin tələbinə görə iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər X3, Cavabdeh2 və Cavabdeh3 Ağazadə oğluna qarşı “fərdi yaşayış evinin sökülməsi, sökülən tikinti materiallarının və digər avadanlıqların götürülməsinə cavabdehlər tərəfindən edilən maneənin aradan qaldırılmasına son qoyulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına, işə məhkəmədə baxılmalı olmadığından xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin icraata xitam verilmə qaydası və nəticələrini müəyyən edən 262ci maddəsinin 2-ci hissəsinə əsasən məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər X3, Cavabdeh2 və Cavabdeh3 Ağazadə oğluna qarşı “fərdi yaşayış evinin sökülməsi, sökülən tikinti materiallarının və digər avadanlıqların götürülməsinə cavabdehlər tərəfindən edilən maneənin aradan qaldırılmasına son qoyulması” tələbinə dair mülki iş üzrə icraata xitam verilməli, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ona qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 114, 261.0.1, 262- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdehlər X3, Cavabdeh2 və Cavabdeh3 Ağazadə oğluna qarşı “fərdi yaşayış evinin sökülməsi, sökülən tikinti materiallarının və digər avadanlıqların götürülməsinə cavabdehlər tərəfindən edilən maneənin aradan qaldırılmasına son qoyulması” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı X4 tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ona qaytarılsın. Tərəflərə izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron qaydada Siyəzən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Günel Quluzadə
Məhkəmə qərarları › İş №2(059)-87/2025
Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №2(059)-87/2025
20.02.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver