Məhkəmə qərarları › İş №2(060)-1021/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1021/2021

05.11.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1021/2021 05.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 İddiaçı hüquqi varisləri X10, X2, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməklə istifadə hüququna xitam vermə və mənzildən çıxarma tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5000 (beş min) manat verilməklə onun şəxsi mülkiyyətində olan Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 10/27-də yerləşən 6 saylı mənzilə istifadə hüquqlarına xitam verilməsi və onun əmlakları ilə birlikdə mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin həcminin artırılması ilə bağlı ərizə verərək, Cavabdeh 7000 (yeddi min) manat verilməklə onun şəxsi mülkiyyətində olan Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 10/27-də yerləşən 6 saylı mənzilə istifadə hüquqlarına xitam verilməsi və onun əmlakları ilə birlikdə mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı 18.08.2021-ci il tarixdə öldüyü üçün övladları-X7, X2, X3, X10 və X11 vəsatət ilə 27.09.2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək onları İddiaçı hüquqi varisləri kimi tanınmalarını xahiş etmişlər. Sumqayıt Şəhər Məhkəməsinin 04.11.2021-ci il tarixli qərardadı ilə vəsatətləri təmin edilmişdir. İddiaçı hüquqi varisləri X7, X2, X3, X10 və X11 iddia tələbinin həcminin artırılması ilə bağlı ərizə verərək, Cavabdeh 7500 (yeddi min beş yüz) manat verilməklə analarının şəxsi mülkiyyətində olan Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 10/27-də yerləşən 6 saylı mənzilə istifadə hüquqlarına xitam verilməsi və cavabdehin əmlakları ilə birlikdə mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı hüquqi varisi X10 iddia tələbini müdafiə edərək göstərdi ki, mübahisəli mənzil ünvan 5-da yerləşməklə sahəsi 47,31 kv.m. olan 3 otaqdan ibarətdir. Həmin mənzil üzərində anasının mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış və ona 17.10.2008-ci il tarixdə MH seriyalı ******* nömrəli çıxarış verilmişdir. Cavabdeh onların keçmiş gəlinləridi. Cavabdeh 16 noyabr 2001-ci ildə qardaşı X11 ilə rəsmi nikahda ailə həyatı qurmuş və birgə nikahdan 12.10.2002-ci il təvəllüdlü Xankişizadə Kənan və 21.04.2011 -ci il təvəllüdlü Xankişizadə Hüseyn adlı 2 övladları anadan olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 21.09.2020-ci il tarixli qətnaməsinə əsasən onlar boşanmış və məhkəmə qətnaməsi ilə övladlarından Kənan atasının, digər övladları Hüseyn isə cavabdehin öhdəsində qalmışdır. Cavabdeh bir mülkiyyətçi kimi onların mənzil hüquqlarını pozur, onlara bu mənzildə rahat, sakit yaşamağa imkan vermir, evdə dava-dalaş salır, evin qapılarını sındırır, cavabdehin bu əməlləri ilə bağlı polisə də şikayət etmişlər. Cavabdeh hamı ilə, uşaqları ilə kobud rəftar edir, anası cavabdehin həqarətlərinə dözməyərək mütəmadi olaraq öz evini tərk edərək onların yanında qalmaq məcburiyyətində olur. Cavabdeh heç kəsi eşitmir, yaşayış qaydalarına əməl etmir. Anasının 75 yaşı var idi. Anası onkoloji xəstəlikdən əziyyət çəkməklə yataq xəstəsi idi və 18.08.2021-ci il tarixdə dünyasını dəyişmişdir. Cavabdehin istifadə hüququnun kompensasiya ilə əvəzləşdirilməsini və onun mənzildən çıxarılmasını istəyirlər. Mənzilin dəyərini, bu tip mənzillərin aylıq kirayə haqqının 170-180 manat civarında olmasını nəzərə alaraq cavabdehə 7500 (yeddi min beş yüz) manat kompensasiya təklif edirlər. Bu məbləğ cavabdehin fasiləsiz olaraq müəyyən müddət (3 il), oxşar yerdə, oxşar şəraitli bir mənzildə kirayədə yaşaması üçün yetərlidir. Göstərilənləri nəzərə alaraq, Cavabdeh 7500 (yeddi min beş yüz) manat verilməklə analarının şəxsi mülkiyyətində olan Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 10/27-də yerləşən 6 saylı mənzilə istifadə hüquqlarına xitam verilməsi və cavabdehin əmlakları ilə birlikdə mənzildən çıxarılması barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. Məhkəmədə X2 bacısı Cavabdeh izahatına uyğun izahat verərək, iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda X11, X3 və X7 məhkəməyə teleqram ilə müraciət edərək 05.11.2021-ci il tarixə təyin edilmiş məhkəmə prosesini onların iştirakı olmadan keçirilməsini, iddia tələbinin təmin edilərək-Cavabdeh 7500 manat kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. Məhkəmədə Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia qəbul etməyərək göstər ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 10/27 ünvanında yerləşən 6 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. İddiaçı cavabdehin keçmiş qayınanası, hüquqi varisləri ilə baldızları və keçmiş həyat yoldaşıdır. Belə ki, cavabdeh 2001-ci ildə Habil ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Birgə nikahlarından Kənan və Hüseyn adlı iki övladları var. Oğlanları mübahisəli mənzildə yaşadıqları müddətdə dünyaya gəlmişdir. Cavabdehin bütün cehiz əmlakları hal-hazırda həmin mənzildədir. İddiaçıların cavabdehə təklif etdiyi 7500 manat məbləğində kompensasiya kifayət qədər az məbləğdədir. Cavabdeh iddia tələbi ilə razılaşmır. Cavabdehə 10000 manat məbləğində kompensasiya verilərsə, o, iddia tələbi ilə razılaşar. Əks halda o, iddia tələbini qəti şəkildə qəbul etmir. Məhkəmə İddiaçı hüquqi varisləri X10, X2, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 izahatlarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı, № ******* saylı “çıxarış”ın surətindən görünür ki, ünvan 5 tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 77 nömrəli reyestr kitabının 77 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalı Birliyi 9 saylı Mənzil Kommunal Sahəsinin 06.10.2020-ci il tarixli, “2 N-li forma” arayışından müəyyən edilir ki, ünvan 5-nın sahibi İddiaçıdır və övladları-X8 və X4 həmin mənzildə daimi qeydiyyatdadırlar. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1426/2020 saylı, 21.09.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilərək, X11 ilə Cavabdeh arasında Sumqayıt şəhər VVADQ şöbəsində 16.11.2001-ci il tarixdə 400 saylı akt qeydi ilə bağlanmış nikah pozulması, boşanmadan sonra birgə nikahdan olan 12.10.200-ci il təvəllüdlü X8 atası X5, 21.04.2011-ci il təvəllüdlü X4 isə anası Cavabdeh yanında qalması qət edilmişdir. İş materiallarında olan “Daşınmaz əmlakın qiymətləndirilməsinə” dair 22.01.2021ci il tarixli rəyindən görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 10/27-də yerləşən 6 saylı mənzilin hal-hazırki bazar-satış qiyməti 62000-64000 (altmış iki min-altmış dörd min) manat civarındadır. Bu tip mənzillərin aylıq kirayə haqqı 150-170 (yüz əlli-yüz yetmiş) manat civarındadır. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin 11.10.2021-ci il tarixli “Mənzilin qiymətləndirilməsi barədə hesabat”dan görünür ki, İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzilin 11.10.2021-ci il tarixə olan bazar dəyəri: 67000 (altmış yeddi min) manat, likvid dəyəri: 57000 (əlli yeddi min) manat təşkil edir. Göstərilən mənzil üzrə orta aylıq icarə dəyəri 200 (iki yüz) manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt Şəhəri 3 saylı Notariat Ofisinin 06.10.2021-ci il tarixli, 2105 saylı məktubundan görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olan X10, X2, ünvan 3 ünvanında qeydiyyatda olan X7, ünvan 4 ünvanında qeydiyyatda olan X3, ünvan 5 ünvanında qeydiyyatda olan X11 18.08.2021-ci il tarixdə ölmüş İddiaçı miras əmlakının qəbulu üçün notariat ofisinə ərizə ilə müraciət etmişdir. Həmin şəxslər İddiaçı vərəsələri kimi tanınmışdır. İş materiallarında olan, AZB № 162477 saylı, 06.07.1971-ci il tarixli “Doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, X12 28.06.1971-ci il tarixdə Sumqayıt şəhərində anadan olub, ata qrafasında-X13, ana qrafasında-İddiaçı qeyd edilmişdir. İş materiallarında olan, AZ № ******* saylı, 25.04.1967-ci il tarixli “Doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, X6 08.04.1967-ci il tarixdə Sumqayıt şəhərində anadan olub, ata qrafasında-X13, ana qrafasında-İddiaçı qeyd edilmişdir. İş materiallarında olan, AZ № ******* saylı, 19.01.1966-cı il tarixli “Doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, X3 12.01.1966-cı il tarixdə Sumqayıt şəhərində anadan olub, ata qrafasında-X13, ana qrafasında-İddiaçı qeyd edilmişdir. İş materiallarında olan, AZ № 553316 saylı, 15.10.1963-cü il tarixli “Doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, X10 08.04.1967-ci il tarixdə Sumqayıt şəhərində anadan olub, ata qrafasında-X13, ana qrafasında-İddiaçı qeyd edilmişdir. İş materiallarında olan, AZ № ******* saylı, 16.05.1969-cu il tarixli “Doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, X2 03.04.1969-cu il tarixdə Sumqayıt şəhərində anadan olub, ata qrafasında-X13, ana qrafasında-İddiaçı qeyd edilmişdir. İş materiallarında olan AZ-İİ № 205101 saylı, 26.08.2021-ci il tarixli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, İddiaçı 18.08.2021-ci il tarixdə ölmüşdür. Hazırda İddiaçı hüquqi varisləri X7, X2, X3, X10 və X11 Cavabdeh kompensasiya verilməklə, analarının xüsusi mülkiyyətində olan mənzildən istifadə hüququna xitam verilməsi və əmlakları ilə birlikdə mənzildən çıxarılması barədə tələblə məhkəməyə müraciət etmişdir. İddiaçı tərəfindən irəli sürülmüş iddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə iddia irəli sürmüş şəxs (iddiaçı) yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi olmalı və iddia irəli sürülmüş şəxsin (cavabdehin) həmin yaşayış sahəsinə istifadə hüququ olmalıdır. Bu şərtlər mövcud olduqdan sonra isə təklif olunan kompensasiyanın məbləği araşdırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsində isə təsbit olunmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Həmin qərarda Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mülkiyyətçinin ailə üzvlərinin vəziyyəti ilə bağlı MM-in 228.5-ci maddəsindəki qaydanın əks olunması Konstitusiyanın 17-ci maddəsinin İİ hissəsindən və 34-cü maddəsinin İV və V hissələrindən, eləcə də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.3-cü maddəsindən və MM-in 27.2-ci maddəsindən irəli gəlir. Göstərilən normaların müddəaları ilə digər məsələlərlə yanaşı ər ilə arvadın hüquqlarının bərabər olması, uşaqlara qayğının göstərilməsinin, onları tərbiyə edilməsinin valideynlərin həm hüququ, həm də borcunun olması, valideynlərə hörmət edilməsinin, onların qayğısına qalmasının isə uşaqların borcunun olması, eləcə də ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu hüquqların məhkəmədə müdafiəsi, on dörd yaşına çatmamış şəxslərin yaşayış yerinin valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yerinin olması təsbit olunmuşdur. Beləliklə, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin mənasından və Konstitusiya Məhkəməsinin qərarından aydın olur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə birgə yaşayan ailə üzvlərindən yalnız ər, arvad, valideynlər və uşaqlar yaşayış sahəsindən mülkiyyətçi ilə bərabər istifadə etmək hüququna malikdirlər və onların istifadə hüququnun tanınması üçün notarial qaydada təsdiq olunmuş müqavilə tələb olunmur. İşin mübahisələndirilməyən hallarından müəyyən olunur ki, mübahisəli mənzil xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur və gəlini olan cavabdehin isə həmin mənzilə istifadə hüququ vardır. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, “...Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna-xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. ...Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.” Konstitusiya Məhkəməsinin göstərilən qərarından aydın olur ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi mülkiyyətçinin birmənalı olaraq qanunla müəyyən edilən hüququdur. Yəni istifadə hüququnun yaranması səbəbindən (məhkəmə qərarı, müqavilə və s.) asılı olmayaraq, mülkiyyətçi kompensasiya verməklə onun xitamını tələb etmək hüququna malikdir və bu hüquq, qanunda heç bir şərtlə məhdudlaşdırılmayıb. Bu məsələnin həlli istifadəçi və ya məhkəmənin mülahizəsindən asılı deyil və eyni zamanda istifadəçinin mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ yoxdur. Lakin, istifadə hüququnun xitamı zamanı elə bir əvəzləşdirilmə olmalıdır ki, mülkiyyətçinin hesabına istifadəçi davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etsin. Kompensasiya məbləği mülkiyyətçinin malik olduğu evin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Məhkəmə kompensasiya təklif edən şəxsin təklif etdiyi məbləğdən artıq məbləğ müəyyən etməklə və ya məbləği azaltmaqla istifadə hüququna xitam verməkdə haqlı deyil. Kompensasiya məbləğinin mübahisəli evin satılıb əldə edilən məbləğdən ödənilməsinə yalnız mülkiyyətçinin müvafiq təklifi olduqda, həmin əmlaka digər şəxslərin hüquqları nəzərə alınmaqla yol verilə bilər. Kompensasiya təklif olunan şəxsin evin satılaraq ona pay verilməsini tələb etmək hüququ yoxdur. İddiaçının hüquqi varisləri cavabdehə 7500 (yeddi min beş yüz) manat məbləğində kompensasiya verməklə mübahisəli mənzilə yaşayış (istifadə) hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qanunvericiliyin qeyd olunan tələblərini və işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının hüquqi varisləri tərəfindən təklif olunan kompensasiyanın məbləği Konstitusiya Məhkəməsinin 26.09.2007-ci il tarixli qərarında göstərilən “əvəzləşdirilmə”yə uyğundur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsindən görünür ki, müvafiq dövlət orqanı tərəfindən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallardan biri də yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” Protokolunun (Protokol qeyri rəsmi olaraq 1 saylı Protokol da adlandırılır) 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, Cavabdeh 7500 (yeddi min beş yüz) manat məbləğində kompensasiya verilməklə onun Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 10/27-də yerləşən 6 saylı mənzilə olan istifadə hüququna xitam verilməli və mənzildə olan əmlakları ilə birlikdə çıxarılmalı və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı hüquqi varisləri X7, X2, X3, X10 və X9 ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 7500 (yeddi min beş yüz) manat məbləğində kompensasiya verilməklə onun Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 10/27-də yerləşən 6 saylı mənzilə olan istifadə hüququna xitam verilsin və mənzildə olan əmlakları ilə birlikdə çıxarılsın. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı hüquqi varisləri X7, X2, X3, X10 və X9 ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar