Məhkəmə qərarları › İş №2(060)-1025/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1025/2024

12.03.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1025/2024 12.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı mənzildən çıxarılma və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 Sumqayıt şəhəri, 9-cu mikrorayonda (təzə) yerləşən 29 nömrəli evin 15 nömrəli mənzilindən (yeni qaydalarla: AZ5001, Sumqayıt şəhəri, Üzeyir Hacıbəyli küçəsi, 172, M8, M.1) çıxarılması və həmin mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi dəqiqləşmə verərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh6 Sumqayıt şəhəri, 9-cu mikrorayonda (təzə) yerləşən 29 nömrəli evin 15 nömrəli mənzilindən (yeni qaydalarla: AZ5001, Sumqayıt şəhəri, Üzeyir Hacıbəyli küçəsi, 172, M8, M.1) çıxarılması və həmin mənzilin boşaldılaraq İddiaçı təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 9-cu mikrorayonda (təzə) yerləşən 29 nömrəli evin 15 nömrəli mənzili xx.xx.1998-ci il tarixində onun atası İbrahimov Rəhim Zülfiqar oğlunun adına, ailə üzvləri ilə birlikdə, 20/47 №-li orderlə verilmişdir. Sonradan, yəni 2604.2019-cu il tarixində həmin mənzil onun adına ********** qeydiyyat nömrəsi ilə rəsmiləşdirilərək, xüsusi mülkiyyətinə verilmişdir. Sözügedən mənzil onun mülkiyyətindədir. Həmin mənzil cavabdehlər tərəfindən zəbt edilmişdir. Cavabdehlər hal hazırda orada yaşayırlar. Mənzilin boşaldılması ilə bağlı müəyyən danışıqlar aparılsa da heç bir müsbət nəticəsi olmamışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək, ərizə ilə eyni məzmunlu izahat verdi və tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 izahatında göstərdi ki, Qubadlı rayonunda doğulmuşdur, məcburi köçkündür. O, iddianı qəbul etdiyini bildirdi. Eyni zamanda qeyd etdi ki, Cavabdeh5, Cavabdeh7 və Cavabdeh8 artıq mübahisəli mənzildə yaşamırlar. Məhkəmə iclasında Cavabdeh3 izahatında göstərdi ki, Qubadlı rayonunda doğulmuşdur, məcburi köçkündür. O, iddianı qəbul etdiyini bildirdi. Digər cavabdehlərə məhkəmə iclası barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh4 izahatında göstərdi ki, Qubadlı rayonunda doğulmuşdur, məcburi köçkündür. Sözügedən mənzil iddiaçıya məxsusdur və o, hazırda həmin mənzildə yaşayır. O iddianı qəbul etdiyini bildirdi. Eyni zamanda qeyd etdi ki, Cavabdeh5, Cavabdeh7 və Cavabdeh8 artıq mübahisəli mənzildə yaşamırlar. Məhkəmə, iddiaçının nümayəndəsinin, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 izahatını dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Daşınmaz əmlakın dövlət reyestrinin verdiyi çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayonda (təzə) yerləşən 29 saylı evin 15 saylı mənzilinin (Yeni qaydalarla: AZ5001, Sumqayıt şəhəri, Üzeyir Hacıbəyli küçəsi, 172, M8, M.1) mülkiyyətçisi İddiaçıdur və daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. -Texniki Pasportdan görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayonda (təzə) yerləşən 29 saylı evin 15 saylı mənzilinin (Yeni qaydalarla: AZ5001, Sumqayıt şəhəri, Üzeyir Hacıbəyli küçəsi, 172, M8, M.1) mülkiyyətçisi İddiaçıdur. - xx.xx.1998-ci il tarixli orderdən görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 29 saylı evin 15 saylı mənzilinin icarədarı İbrahimov Rəhim Zülfiqar oğludur. - Həmin orderdən görünür ki, Rəhim İbrahimov icarədər, İddiaçı - Rəhim İbrahimovun oğludur. - Azərbaycan Respublikası DİN-nin ******* №-li, xx.xx.2023-ci il tarixli arayışından görünür ki, İddiaçı Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 29 saylı evin 15 saylı mənzilində qeydiyyatdadır. - 14 saylı Mənzil-Kommunal Səhəsinin 723 №-li arayışından görünür ki, Cavabdeh1 məcburi köçkündür və 1993-cü ildən Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 29 saylı evin 15 saylı mənzilində məskunlaşmışdır. Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh6 ailə üzvləridir. - Məhkəmə sorğusu əsasında məhkəməyə ünvanlanmış Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Qubadlı rayonunun Xanlıq kəndindən məcburi köçkünlər- Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 ailə üzvləri ilə birlikdə Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən 29 saylı evin 15 nömrəli mənzilində məskunlaşmış, məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış məntəqələrində mənzil ilə təmin edilməmiş və ya onlara mənzil təklif olunmamışdır. Bildirilir ki, Cavabdeh2 adına Quba rayonunun Dəhnə kəndində 0.06 ha torpaq sahəsinin olduğunun və Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən 40/b saylı evin 30 nömrəli mənzilinin su sayğaclarının abonent kodu adına rəsmiləşdirildiyi aşkar olmuşdur. Sorğuda qeyd olunan Qubadlı rayonunun Xanlıq kəndindən məcburi köçkünlər - Cavabdeh5, Cavabdeh7 və Cavabdeh8 Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən 26/20A saylı evin 53 nömrəli mənzilində məskunlaşmış və məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış məntəqələrində mənzil ilə təmin edilməmiş və ya onlara mənzil təklif olunmamışdır. Cavabdeh8 04 avqust 2016-cı ildən Azərbaycan Respublikasının sərhədlərindən keçərək Türkiyə Respublikasına getdiyi aşkarlanmışdır. 44 günlük Vətən müharibəsində qazanılmış qələbə nəticəsində ölkədə məcburi köçkünlərlə iş sahəsində yeni bir mərhələ başlamışdır. İşğaldan azad olunmuş ərazilərin bərpası, eləcə də orada yaşayış üçün təhlükəsizlik şəraitinin yaradılması, infrastrukturun və daimi yaşayış yerlərinin inşa etməklə məcburi köçkün ailələrinin mərhələli şəkildə daimi əsaslarla yeni yaşayış sahələri ilə təmin edilərək, yaşadıqları mənzilləri və ictimai binaları tərk edərək həmin ərazilərə köçürülməsi nəzərdə tutulmuşdur. Odur ki, bölgələrdə, Bakı şəhəri və ətraf rayonlarda məcburi köçkünlər üçün mənzil tikintisi dayandırılmışdır. Hal-hazırda Komitə tərəfindən işğaldan azad edilmiş ərazilərə köçürüləcək məcburi köçkün ailələrinin siyahıları üzrə müvafiq işlər aparılmaqdadır və həmin siyahılar üzrə yuxarıda qeyd olunan məcburi köçkün ailələri məskunlaşdıqları ünvan üzrə qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının işğaldan azad edilmiş bütün ərazilərində, eləcə də erməni təcavüzü və işğalı nəticəsində zərər dəymiş Qubadlı rayonunun şəhər və kəndlərində, həmçinin Xanlıq kəndinin də yenidən bərpası ilə əlaqədar tikinti işləri başlanıb və hazırda tikinti işləri davam edir. Böyük Qayıdışla bağlı Qubadlı rayonunun olan məcburi köçkün ailələrinin mərhələli şəkildə öz doğma yurduna köçürülməsi həyata keçiriləcəkdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 29 saylı evin 15 saylı mənzilinin icarədarı xx.xx.1998-ci il tarixli orderə əsasən iddiaçının atası İbrahimov Rəhim Zülfiqar oğlu olmuşdur. Həmin orderdə İddiaçı icarədarın ailə üzvü kimi göstərilmişdir. İddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış və bu barədə çıxarış verilmişdir. Həmin mənzildə Qubadlı rayonundan gəlmiş məcburi köçkünlər məskunlaşmışdır. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 iddianı qəbul edirlər. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.Həmin maddənin İV hissəsinə görə də heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətdən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 33-cü maddəsinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən “Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Bundan əlavə, «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Düşərgələr yaşayış üçün zəruri tələblərə cavab verməlidir. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. Həmçinin, məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu, digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. İşin tədqiq olunan faktiki hallarından görünür ki, cavabdehlərin məcburi köçkün kimi iddiaçıya məxsus mənzildə məskunlaşması iddiaçının qanunla qorunan hüquqlarını pozur. Nəzərə alınmalıdır ki, 1992-93-cü illərdə ölkədə baş vermiş məlum hadisələr nəticəsində yüz minlərlə insanın qaçqın və məcburi köçkün düşməsi çox ciddi sosial problemlər yaratmışdı. Ona görə də ictimai maraq tələbləri baxımından mülkiyyət hüquqlarının müvəqqəti məhdudlaşdırılması, o cümlədən zəbt edilmiş mənzillərdə məskunlaşmış qaçqın və məcburi köçkünlərin həmin yerlərdə müvəqqəti qalmaları ictimai zərurətdən irəli gəlmişdir. Hal-hazırda həmin hadisələrin üzərindən 30 il müddət keçmiş, məcburi köçkünlər cəmiyyətə adaptasiya edilmiş, onların sosial təminatı ilə bağlı dövlət səviyyəsində kompleks tədbirlər həyata keçirilmiş, qaçqın və məcburi köçkünlərin böyük əksəriyyəti yaşayış sahələri ilə təmin edilmişdir. Eyni zamanda əvvəllər zəbt olunmuş mənzillərdən məhkəmə qaydasında çıxarılan şəxslərin yaşayış sahəsi ilə təmin edilməsi prioritet vəzifə kimi qəbul edilmişdir. Mövcud vəziyyətdə mülkiyyətçilərin hüquqlarına qoyulan məhdudiyyətin davam etdirilməsi mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığın pozulmasına, bununla da, mülkiyyətçinin xüsusi və həddən artıq məhrumiyyətlərə məruz qalmasına səbəb ola bilər. Həmçinin, İkinci Qarabağ müharibəsi zamanı, 25 oktyabr 2020-ci ildə Qubadlı rayonu işğaldan azad edilmişdir. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Sərəncamına əsasən 2022-2026-cı illər aralığında Ağdam, Füzuli, Şuşa, Xocavənd, Zəngilan, Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Tərtər və Xocalı rayonlarında 34500 mənzilin və fərdi yaşayış evinin inşası nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, mübahisələndirilən mənzil iddiaçının mülkiyyəti olduğundan cavabdehlərin həmin mənzildə məskunlaşması və mənzildən çıxmamaları iddiaçının mülkiyyət hüquqlarını pozur. Şərh olunan hüquq normalarına əsasən İddiaçı ona məxsus mənzil üzərində mülkiyyət hüququ təmin edilməli və cavabdehlər həmin mənzildən çıxarılmalıdır. «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin tələbləri baxımından məhkəmə hesab edir ki, cavabdehlər məcburi köçkün olduqları üçün başqa yaşayış yeri ilə təmin olunmalıdırlar və bu qətnamə Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi tərəfindən cavabdehlərin yaşayış sahəsi ilə təmin edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə, hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh6 Sumqayıt şəhəri, 9-cu mikrorayonda (təzə) yerləşən 29 nömrəli evin 15 nömrəli mənzilindən (yeni qaydalarla: AZ5001, Sumqayıt şəhəri, Üzeyir Hacıbəyli küçəsi, 172, M8, M.1) çıxarılmalı, mənzilin boşaldılaraq İddiaçı təhvil verilməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və AR MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh6 Sumqayıt şəhəri, 9-cu mikrorayonda (təzə) yerləşən 29 nömrəli evin 15 nömrəli mənzilindən (yeni qaydalarla: AZ5001, Sumqayıt şəhəri, Üzeyir Hacıbəyli küçəsi, 172, M8, M.1) çıxarılsınlar və mənzil boşaldılaraq İddiaçı təhvil verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar