Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1031/2021 07.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçı X5, Cavabdeh iştirakları ilə, İddiaçı X5 Cavabdeh qarşı “bağ torpaq sahəsindən çıxarılma” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “bağ torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin Sumqayıt şəhəri, Bakı-Rostov avtomagistralı, H.Z.Tağıyev qəsəbəsi ünvanından keçən hissəsində, Yaşma bölgəsində “Sintez” Bağçılıq Cəmiyyətində yerləşən 208 saylı bağ torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra iddiaçının nümayəndəsinin razılığı ilə İddiaçı əsl iddiaçı X9 ilə əvəz edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında göstərdi ki, X3 onun atasıdır. Atası T.İbrahimov 22 avqust 2005-ci ildə, anası X8 isə 18 may 2005-ci ildə vəfat etmişdir. Telman İbrahimov 1967-1990-cı illərdə Sumqayıt Kimya Kombinatında (sonradan adı dəyişdirilərək Sumqayıt “X7” adlanmışdır) işlədiyi zaman, yəni 23 sentyabr 1988-ci il tarixdə “Sintez” X11 Heyətinin 02 saylı Protokoluna əsasən Bakı-Rostov avtomagistralının Tağıyev qəsəbəsindən keçən hissəsində ona ümumi ölçüsü 600 m2 olan 208 saylı bağ torpaq sahəsi verilmişdir. 208 saylı Bağ torpaq sahəsinin mərhum atası Telman İbrahimova verilməsini “Sintez” Bağçılıq Cəmiyyətinin (Yoldaşlığının) 18 aprel 1989-cu il tarixli “Bağçının üzvlük kitabçası”, 23.09.1989-cu il tarixli, 02 aylı Protokolundan çıxarış, sxematik plan, Sumqayıt Bələdiyyəsinin 627 saylı 19.06.2020-ci il tarixli arayışı, “Sintez” BY üzvlərinin adlı siyahısından çıxarış təsdiq edir. 208 saylı Bağ torpaq sahəsinə görə mərhum atası torpaq vergisini müntəzəm olaraq Sumqayıt Bələdiyyəsinin hesabına ödəmişdir. Atasının ölümündən sonra isə o, torpaq vergisini ödəmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərlə də bu göstərdikləri təsdiqini tapır. Buna baxmayaraq Cavabdeh mərhum atasına məxsus 208 saylı Bağ torpaq sahəsini zəbt edərək həmin sahəsindən istifadə etməyinə imkan vermir. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddiaya etiraz edərək izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. Belə ki, iddia ərizəsində göstərilənlər həqiqətə uyğun deyildir. Mübahisə predmeti olan 208 saylı torpaq sahəsini, eləcə də 209 saylı torpaq sahəsini pulunu ödəməklə 1999-cu ildə A.Qəhrəmanova və G.Qəhrəmanova bacılarından almışdır. Buna görə də həmin torpaq sahəsinə qanuni yolla sahiblik və ondan istifadə edir. Həmin torpaq sahələrində dair “Sintez” Bağçılıq Cəmiyyəti tərəfindən ona bağçının üzvlük kitabçası verilmişdir. Odur ki, göstərilənlərin məhkəmə tərəfindən nəzərə alınaraq iddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia rədd olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda şərh olunanlarla əsaslandırır: Mülki iş materiallarında olan: “Sintez” Yoldaşlıq Bağçılığı tərəfindən verilmiş X6 görünür ki, Bakı-Rostov yolu, ümumi ölçüsü 600 m2 olan 208 saylı bağ torpaq sahəsi 23 sentyabr 1988-ci il tarixdə X1 istifadəsinə verilmişdir. AZ-İ seriyalı 160908 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X3 22.08.2005-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Sumqayıt Bələdiyyəsinin 19 iyun 2020-ci il tarixli 1627 saylı arayışından görünür ki, Sumqayıt şəhəri, 23 sentyabr 1989-cu il tarixli bağçının üzvlük kitabçasına əsasən X2 məxsus Yaşma bölgəsindəki “Sintez” bağçılıq cəmiyyətində yerləşən 208 saylı torpaq sahəsinə görə torpaq verigisi X9 tərəfindən ödənilmişdir. Hazırda “Sintez” bağçılıq cəmiyyətində yerləşən 208 saylı torpaq sahəsinə görə torpaq vergisi borcu yoxdur. Sumqayıt Şəhər Məhkəməsinin 02 aprel 2021-ci il tarixli sorğusuna cavab olaraq Sumqayıt şəhəri “Sintez” Bağçılıq Yoldaşlığının məhkəməyə 12 aprel 2021-ci il tarixdə daxil olmuş 08 aprel 2021-ci il tarixli, 02 saylı arayışından görünür ki, “SİNTEZ’'' yoldaşlıq bağçılığı Sumqayıt XDS-nın 8 fevral 1989-cu il tarixli 3N-li Protokol Qərarı ilə təsdiqlənmiş “Nizamnamə” əsasında fəaliyyət göstərir. Azərbaycan SSR Nazirlər Sovetinin 19.09.1987ci il tarixli 326 nömrəli qərarına uyğun olaraq Sumqayıt şəhərində kollektiv bağçılıq və bostançılıq yaradılması məqsədi ilə 750 ha torpaq sahəsi ayrılmışdir. Ayrılmış torpaq sahəsi Sumqayıt şəhəri XDS-nin İK-nın 02 avqust 1988-ci il tarixli 16 saylı Protokol qərarı əsasında Sumqayıt şəhəri ərazisində yerləşən idarə, müəssisə və təşkilatlarda çalışan fəhlə və qulluqçulara daimi istifadə etmək üçün paylanmışdır. Torpağ sahələri kollektivdə çalışan hər bağçılığm üzvünə sahəsi 600 kv.m olmaqla püşk əsasmda bölünmüşdür. Bölgü idarə, müəssisə və təşkilatlardan Sumqayıt şəhəri XDS İK-nə daxil olmuş idarə, müəssisə və təşkilatların rəhbərləri və həmkarlar komitələri sədrləri tərəfindən imzalanmış və təsdiqlənmiş siyahıya uyğun aparılmışdır. Siyahıya uyğun hər bağçınm üzvülük kitabçası doldurulmuş və HK-nın möhrü ilə təsdiqlənərək onlara təqdim edilmişdir. O cümlədən “Üzvü Sintez” istesalat birliyinə 50.83 ha torpaq sahəsi ayrılmış püşk atma yolu ilə 208 saylı 600kvm torpaq sahəsi X1 payına düşmüşdür. Ona 23 sentyabr 1988-ci il tarixli 01 saylı ”Sintez” yoldaşlıq bağçılığınn protokol qərarına uyğun olaraq Bağçının üzvülük kitabçası doldurularaq təqdim edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş notariat qaydada təsdiq edilmiş “Üzvi Sintez” Bağçılıq Yoldaşlıq tərəfindən verilmiş X4 görünür ki, 208/209 saylı bağ torpaq sahəsi Cavabdeh istifadəsinə verilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, mübahisəli bağ sahəsi 1988-ci ildə iddiaçının atasının istifadəsinə ayrılmışdır. Hazırda həmin bağ sahəsi cavabdehin sahibliyi və istifadəsindədir. İddiaçı bağ sahəsindən cavabdeh tərəfindən qanunsuz şəkildə sahiblik və istifadə edilməsini əsas gətirərək həmin torpaq sahəsindən cavabdehin çıxarılmasını tələb edir. Cavabdeh iddiaya etiraz edərək həmin bağ torpaq sahəsinin qanuni əsaslarla ona məxsus olduğunu bildirmişdir. Məhkəmə mübahisənin düzgün həlli üçün hesab edir ki, ilk növbədə mübahisə predmeti olan bağ (torpaq) sahəsinin hüquqi statusu və həmin əmlak üzərində iddiaçıların sübektiv hüquqa malik olub-olmamaları araşdırılmaldır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, mübahisə predmeti olan bağ sahəsi 1988-cu il tarixdə X1 istifadəsinə verilmişdir. İddiaçı X1 övladıdır. Telman İbrahimov 2005-ci il tarixdə ölmüşdür. Telman İbrahimovun ölmündən sonra həmin bağ sahəsi üzərində hüquqların sonuncunun hüquqi varisləri tərəfindən qəbul edilməsinə dair hüquq varisləri tərəfindən nə belə bir müraciət olunmuş, nə də hər hansı bir sərəncam olmamışdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 73-cü maddəsinə əsasən torpaq mülkiyyətiçisi, istifadəçisi (icarədar) öldükdə və vərəsələr olmadıqda torpaqdan istifadə hüququna xitam verilir. Məhkəmə qeyd olunan normanı təfsir edərək hesab edir ki, qanunvericiliyin şərh olunan norması birbaşa vərəsələrə istifadə hüququnun verilməsi kimi deyil, bu hüququ əldə etmək imkanının yaradılması kimi başa düşülməlidir. Lakin işin hallarından da göründüyü kimi vərəsələrin həmin əmlakdan istifadə hüquqları əldə etmək imkanları olduğu halda bu hüququn həyata keçirilməsi üçün hüquqi varislər tərəfindən müvafiq səlahiyyətli subyektə müraciət olunmamışdır. “Torpaq islahatı haqqında” 1996-cı il tarixli Azərbaycan Respublikası Qanunun 9-cu maddəsində vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilməsi müəyyənləşdirilmişdir. Həmin Qanunun 10-cu maddəsində vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası nəzərdə tutulmuşdur. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Həmin Qanunun 17-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin torpağa sahiblik, torpağı təyinatına görə istifadə etmək, icarəyə vermək, satmaq, bağışlamaq, dəyişmək, girov qoymaq, vərəsəlik üzrə və irsən vermək hüquqları vardır. Azərbaycan SSRİ Mülki Məcəlləsinin 90-cı maddəsinə əsasən torpaq dövlətin müstəsna mülkiyyəti olmaqla ancaq istifadəyə verilə bilər. Yuxarıda şərh olunanlara istinadən məhkəmə qeyd edir ki, 1991-ci ilədək torpaq sahələri üzərində yalnız dövlət mülkiyyəti olmuş, vətəndaşların isə torpaq sahələri üzərində sahiblik və istifadə hüquqlarını həyata keçirmələri daimi istifadə formasında olmuşdur. Bu baxımdan Telman İbrahimovun torpaq sahəsi üzərində mülkiyyət hüququna deyil, sahiblik və istifadə hüquqlarını həyata keçirməklə daimi istifadə formasında bağ sahəsinə malik olmuşdur. Məhkəmə hesab edir ki, bu hal həmin torpaq sahəsinin vərəsəlik kütləsinə daxil edilməsini istisna edir. Belə ki, ifadə olunan hüquq nomalarından da göründüyü kimi yalnız torpaq mülkiyyətçilərinin torpağı vərəsəlik üzrə və irsən vermək hüquqları vardır. Mübahisə predmeti olan bağ sahəsi dövlət mülkiyyətində olmaqla, Telman İbrahimov xüsusi mülkiyyət hüquqi ilə həmin əmlaka malik olmadığından həmin bağ sahəsi vərəsəlik qaydasında keçə bilməz. Məhkəmə həmçinin qeyd edir ki, Telman İbrahimovun ailə üzvlərindən (övladlar) hər hansı biri onun ölümündən (2005-ci il tarixədək) sonra uzun illər ərzində həmin topaq sahəsinin onların istifadəsinə verilməsinə razı olub-olmamaları, həmçinin hüquqi varisi kimi torpaq sahəsi üzərində hüquqların onlara keçməsi barədə qanunvericiliklə müəyyən edilmiş qaydada səlahiyyətli dövlət orqanına müraciət etməmişlər. Məhkəmə hesab edir ki, bu hal həmin torpaq sahəsinin vərəsəlik kütləsinə daxil edilməsini və vərəsəlik hüququ əsasında Telman İbrahimovun hüquqi varislərinə keçməsini istisna edir. Məhkəmə şərh olunanlara əsasən hesab edir ki, iddiaçı mübahisə predmeti olan bağ sahəsi üzərində əmlak hüququnun mübahisələndirlməsi ilə bağlı subyektiv hüquqi malik deyillər. Məhkəmə eləcə də qeyd edir ki, iş üzrə iddiaçı müvafiq subyektiv hüquqa malik olsa da hazırki halda iddianın təmin edilməsi mümkünsüzdür. Belə ki, iş üzrə toplanmış sənədlərdən göründüyü kimi mübahisə predmeti olan torpaq sahəsinin cavabdehin istifadəsində ayrılmasını təsdiq edən bağçılıq kitabçası mövcuddur. Məhkəmə hesab edir ki, nə qədər ki, iddiaçı tərəfindən torpaq sahəsinin cavabdehin istifadəsinə verilməsinə dair hüquqmüəyyənedici sənəd mübahisələndirilməyib iddianın təmin edilməsi cavabdehin sahiblik və istifadə hüquqlarının pozulmasına səbəb olardı. Beləliklə, məhkəmə işin müəyyən edilmiş hallarına şərh olunan qanunvericiliyin göstərişlərinə əsasən qiymət verərək hesab edir ki, iddiaçı X5 Cavabdeh qarşı “bağ torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırılmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı X5 Cavabdeh qarşı “bağ torpaq sahəsindən çıxarılma” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-1031/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1031/2021
07.05.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver