Məhkəmə qərarları › İş №2(060)-1049/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1049/2021

05.04.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1049/2021 05.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X3 İddiaçı nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “mənzilə köçürmə tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, onun 27.09.2016-cı il təvəllüdlü X6 və 07.03.2020-ci il təvəllüdlü X12 ilə Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 20/33-də yerləşən 8 saylı mənzilə köçürülməsi barədə qətnamə qəbul etməyi xahiş etmişdir. Məhkəmədə İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək göstərdi ki, Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 20/33-də yerləşən 2 otaqlı 8 saylı mənzilin mülkiyyətçisi cavabdehdir. İddiaçı cavabdehin oğlu X9 ilə 05.11.2015-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənib ailə qurmuşdur. Rəsmi nikahlarından 27.09.2016cı il təvəllüdlü X6 və 07.03.2020-ci il təvəllüdlü X12 adlı övladları vardır. Həmin mənzildə iddiaçının həyat yoldaşı və oğlu pasport qeydiyyatındadır. Cavabdehlə bir ailədə yaşayaraq cavabdehlə birgə təsərrüfatı idarə etmişlər. Cavabdeh 07.02.2020-ci ildən iddiaçını evə buraxmır. Hazırda iddiaçıya və ailəsinə məxsus bütün əmlaklar cavabdeh tərəfindən ünvan 4 saylı bağ evinə yerləşdirilmişdir. Cavabdeh iddiaçını və uşaqlarını nə bağ evinə, nə də mübahisəli mənzilə buraxmır. İddiaçının 2 azyaşlı uşaqlarla yaşamağa yeri yoxdur. Ona görə də, mübahisəli mənzilə köçüb yaşamaq istəyir. Bundan əlavə, cavabdeh iddiaçının qaynanasıdır. İddiaçının həyat yoldaşı X9 ilə hazırda rəsmi nikahdadır. Ailə həyatı quran vaxt həyat yoldaşı İİ qrup əlil olmuş, 31.01.2019-cu il tarixdən ərinə İ qrup əlillik dərəcəsi təyin olunmuşdur. Həyat yoldaşı Sumqayıt Şəhər Məhkəməsinin 21 iyun 2019-cu il tarixli qətnaməsinə əsasən fəaliyyət qabiliyyətsiz hesab edilmişdir. Bundan sonra iddiaçı və onu qaynatası, qaynanası ilə aralarında ədavət formalaşmağa başlamışdır. Cavabdeh və cavabdehin həyat yoldaşı X4 fəliyyət qabiliyyətsiz olmasından istifadə edərək iddiaçı ilə nikahın pozulmasına cəhd etmiş, məhkəmə isə haqlı olaraq iş üzrə icraata xitam vermişdir. Bu günədək tərəflər arasında baş vermiş mübahisələrdən zəminində cavabdeh iddiaçı ilə onun fəaliyyət qabiliyyətsiz həyat yoldaşını ünsiyyətdə olmasına, uşaqlarla görüşməsinə suni əngəllər yaradır, İlkini guya iddiaçını istəməməsi, qəbul etməməsi və s. formada yalnış istiqamətləndirir və onların ailəsini dağıtmağa cəhd edirlər. Bütün bunlar azmış kimi cavabdeh və onun həyat yoldaşı iddiaçını gəlin getdiyi, lakin qaynatasının mülkiyyətində olan Novxanı qəsəbəsindən yerləşən bağ evindən də çıxarmışlar. Bununla bağlı Ali Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi də mövcuddur. Lakin hal-hazırda mübahisəli mənzildə iddiaçının həyat yoldaşı yaşayır və qeydiyyatdadır. Bundan əlavə iddiaçının oğlu X6 da ünvan 1 ünvanında qeydiyyatdadır. Faktiki olaraq iddiaçı 2020-ci ilin əvvəllərindən etibarən daimi yaşayış yeri yoxdur. İddiaçı ilə ünvan 2 ünvanında qeydiyyatda olan həyat yoldaşı X9 ilə rəsmi nikahda olmasını, bundan əlavə iddiaçının azyaşlı oğlu X1 da həmin ünvanda qeydiyyatda olmasını, eyni zamanda, cavabdehin ailə üzvü ilə birgə nikahdan olan azyaşlı uşaqların iddiaçının himayəsində olmasını, iddiaçının məhkəmə aktları əsasında gəlin gəldiyi ünvandan məcburi qaydada çıxarılmasını və daimi yaşayış yerinin olmamasını, cavabdehin oğlu X9 və iddiaçının, azyaşlı övladlarının birgə yaşayış hüququnun olmasını nəzərə alaraq hesab edir ki, İddiaçı iki azyaşlı uşağı 27.09.2016-ci il təvəllüdkü X6 və 07.03.2020-ci il təvəllüdlü X12 ilə birlikdə ünvan 3 ünvanına köçürülməlidir. İddiaçının mənzilin mülkiyyətçisinin oğlu X9 onun ailə üzü kimi öz yetkinlik yaşma çatmayan övladlarını mülkiyyətçinin razılığı olmadan həmin mənzilə köçürmək hüququ vardır. Eyni zamandan mülkiyyətçi ilə birlikdə həmin mənzildən eyni statusda istifadə hüququ da mövcuddur. Bundan əlavə iddiaçının azyaşlı övladı X6 da atası ilə birlikdə yaşamaq, onunla ünsiyyətdə olmaq hüququna malikdir. Digər tərəfdən X4 fəaliyyət qabiliyyətsiz olması onun sərbəst formada öz azyaşlı övladma baxa, onun qayğısına qalmaqda çətinliklər yaşayacağı, təkbaşına öz vəzifələrinin öhdəsindən gələ bilməyəcəkdir. Cavabdeh və onun həyat yoldaşı, uşaqların nə və babaları isə aliment belə ödəmirlər. Digər tərəfdən iddiaçı da ana kimi öz uşaqları ilə birlikdə yaşamaq, onları tərbiyə etmək, qayğısına qalmaq və ünsiyyət saxlamaqla valideynlik hüquq və vəzifələrindən istifadə etməlidir. Bununla da belə məntiqi nəticəyə gəlir ki, həm X9, həm də iddiaçı birgə yaşamadan valideynlik hüquq və vəzifələrini yerinə yetirməsi qeyri mümkündür. Ona görə İddiaçı iki azyaşlı uşağı 27.09.2016-ci il təvəllüdkü X6 və 07.03.2020-ci il təvəllüdlü X12 ilə birlikdə ünvan 3 ünvanına köçürülməsi labüddür. Göstərilənləri nəzərə alaraq, İddiaçı iki azyaşlı uşağı, 27.09.2016-cı il təvəllüdlü X6 və 07.03.2020-ci il təvəllüdlü X12 ilə birlikdə ünvan 2 ünvanına köçürülməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh iddia tələbini qəbul etməyərək göstərdi ki, Sumqayıt şəhəri, 3-cü mkr, ev 30/33, mənzil 8 tam mülkiyyət hüququ əsasında ona məxsusdur. İddiaçı onun gəlinidir. Belə ki, iddiaçı 05.11.2015-ci ildə oğlu X9 ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş və onların birgə nikahlarından iki övladları anadan olmuşdur. İddiaçı ona məxsus olan mənzilə gəlin gəlməyib. İddiaçı ünvan 4 saylı bağ evinə gəlin gəlmiş və cehiz əmlaklarını da həmin evə yerləşdirmişdir. Hal-hazırda da cehiz əmlakları da həmin mənzildədir. İddiaçının ona məxsus mənzildə heç bir hüququ yoxdur. İddiaçının ona qarşı iddia tələbi qanunsuz və əsassızdır. Məhkəmə İddiaçı nümayəndəsi və vəkili Vəkil və Cavabdeh dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 18 saylı Mənzil Kommunal sahəsinin 16.10.2020-ci il tarixli 2 saylı forma arayışından görünür ki, Sumqayıt şəhəri, 3cü mikrorayon, ev 20/33, mənzil 8-in sahibi Cavabdehdır və 7 nəfər həmin mənzildə daimi qeydiyyatdadır. İş materiallarında olan AZ-İİ № 072621 saylı 05.11.2015-ci il tarixli “Nikah haqqında şəhadətnamə”nin surətindən müəyyən edilir ki, X9 ilə İddiaçı arasında olan nikah Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 05 noyabr 2015-ci il tarixdə bağlanmış və 2406 nömrə ilə qeyd olunmuşdur. İş materiallarında olan, AZ-İİİ № 855629 saylı, 24.10.2016-cı il tarixli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X6 27.09.2016-cı il tarixdə Sumqayıt şəhərində anadan olub və bu barədə doğum haqqında akt qeydləri kitabında 6665 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan, AZ-İV № 395214 saylı, 16.04.2020-ci il tarixli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X12 07.03.2020-ci il tarixdə Sumqayıt şəhərində anadan olub və bu barədə doğum haqqında akt qeydləri kitabında 80 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan İ-JQ № 466446 saylı 24.12.1977-ci il tarixli “Nikah haqqında şəhadətnamə”nin surətindən müəyyən edilir ki, X10 ilə X13 arasında olan nikah Sumqayıt şəhər Qeydiyyat şöbəsində 24 dekabr 1977-ci il tarixdə bağlanmış və 1162 nömrə ilə qeyd olunmaqla, sonuncuya “Lətifova” soyadı verilmişdir. İş materiallarında olan Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, Sumqayıt şəhəri, 3-cü mikrorayon, 20 saylı evin 8 nömrəli yaşayış mənzili şəxsi mülkiyyət hüququ əsasında X7 adına qeydə alınmışdır. İş materiallarında olan 2(012)-4145/2019 saylı, 06.11.2019-cu il tarixli Abşeron rayon Məhkəməsinin 06.11.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, X5 ilkin iddiası təmin edilərək, cavabdeh İddiaçı X8 məxsus ünvan 4 ünvanında yerləşən bağ evindən çıxarılması, İddiaçı X8 qarşı ünvan 4 saylı fərdi yaşayış evinə istifadə hüququnun tanınması barədə qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-1188/2020 saylı, 02 iyun 2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Abşeron rayon Məhkəməsinin 2(012)-4145/2019 saylı, 06 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 13.11.2020-ci il tarixli, 2(102)-5450\2020 saylı qərarının surətindən görünür ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 18 saylı Mənzil Kommunal sahəsinin möhürü ilə təsdiq edilmiş 13.03.2021-ci il tarixli “Akt”ın surətindən görünür ki, Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 20/33-ün sakinləri D.Baxşıyeva, Q.Qasımova və sahə ustası Ə.Əliyev İddiaçı 2015-ci ildə Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 20/33, mənzil 8-ə 2015ci ildə gəlin köçüb, həmin müddətdə pasport qeydiyyatı olmadan bir müddət həyat yoldaşı X11 ilə birlikdə yaşayıb və sonra Novxanı bağlarına köçmüşdür. İddiaçı dəfələrlə MKS-yə şifahi olaraq müraciət edib ki, onu 8-ci mənzildə yaşamağa buraxmırlar və yaşamağa şərait yaradılmır. Ona görə də, hal-hazırda həmin mənzildə yaşamıdığını öz imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan Abşeron RPİ-nin İTŞ-nin 21.02.2020-ci il tarixli arayışının surətindən görünür ki, Abşeron rayonu, Novxanı qəsəbəsində yaşayan vətəndaş İddiaçı Daxili İşlər Nazirliyinin “102” xidmətinə müraciətində göstərmişdir ki, qayınatası və qayınanası onu döydüyü üçün Abşeron RPİ-yə müraciət etmiş, lakin müraciətinin nəticəsi barədə ona məlumat verilməmişdir. Daxil olmuş müraciət ilə əlaqədar olaraq vətəndaşlar İddiaçı və X2 izahatlar alınmışdır. Araşdırma zamanı İddiaçı müraciətində göstərilən məsələ ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarının surətindən görünür ki, Abşeron rayonu, Novxanı bağlar massivi 1319 nömrəli evdə yaşayan İddiaçı, 03.03.2019-cu il tarixdə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng vuraraq və Abçeron RPİ-nə ərizə ilə müraciət edərək, 01.09.2019-cu il tarixdə yaşadığı evdə qaynatası Cavanşir Lətifov və qaynanası Cavabdeh tərəfindən döyülməsi, eyni zamanda 03.09.2019-cu il tarixdə yaşadığı evin qapısını bağlayaraq onu evə buraxmamaları barədə ərizəsi əsasında toplanmış material əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının 234 nömrəli, 13.10.2020-ci il tarixli sərəncamının surətindən görünür ki, Cavabdeh övladı, 19.04.1981-ci il təvəllüdlü X4 üzərində qəyyum təyin edilmişdir. İş materiallarında olan AZE seriyalı, № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 40/16, mənzil 11-də qeydiyyatdadır. Hazırda İddiaçı mübahisəli mənzilə köçürülməsi barədə tələb irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinin tələblərinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Tərəflər arasında mübahisəli hüquq münasibətlərinin 2015-ci ildən yarandığını, yəni iddiaçının mübahisəli mənzilin mülkiyyətçisinin oğlu ilə 2015-ci ildə rəsmi nikaha daxil olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı mübahisəli mənzilə köçmək hüququnun olub-olmadığı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəalarına uyğun müəyyən edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Qeyd olunan qərarda göstərilmişdir ki, Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarını nəzərə alaraq İddiaçı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən mübahisəli yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslərə aid olmadığı üçün onun həmin mənzildən istifadə hüququnun olmaması nəticəsinə gəlir. Beləliklə, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Yaşayış yeri və olduğu yer haqqında Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin-müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Qeyd olunanlara əsasən məhkəmədə müəyyən olundu ki, İddiaçı Cavabdeh oğlu X9 ilə ailə həyatı qurduqdan sonra ünvan 4 saylı bağ evinə gəlin köçdüyü və tələb etdiyi mənzildə yaşamadığı öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmə iddia tələbini əsassız hesab edir. Bundan əlavə iş materiallarında olan qətnamələrin surətlərindən görünür ki, İddiaçı X8 məxsus ünvan 4 ünvanında yerləşən bağ evindən çıxarılmışdır. Məhkəmə bu normalardan çıxış edərək hesab edirki, hazırda iddiaçı cavabdehin ailəsi ilə birgə təsərrüfat idarə etmir və faktiki olaraq ayrı ünvanda yaşayır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının sözügedən mənzilə köçürülməsi cavabdehin bir mülkiyyətçi kimi mənzilə dair hüquqlarını məhdudlaşdırılması deməkdir. Lakin, müəyyən olunur ki, iddiaçı-cavabdehin həmin ünvanda qeydiyyatı formal xarakter daşımaqla mənzilin mülkiyyətçisinin hüquqlarını məhdudlaşdırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 152.5-ci maddələrinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı qarşı “İddiaçı iki azyaşlı uşağı, 27.09.2016-cı il təvəllüdlü X6 və 07.03.2020-ci il təvəllüdlü X12 ilə birlikdə ünvan 2 ünvanına köçürülməsi” barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia tələbi rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar