Məhkəmə qərarları › İş №2(060)-1052/2021

Sumqayıt Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(060)-1052/2021

10.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1052/2021 10.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Muradov Nahid Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər X5 və qeyrilərinə qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında, qiyabi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X5 və qeyrilərinə qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, X2, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və onun yetkinlik yaşına çatmayan övladları X3, X1 və Nurayeva Alina Namiq qızının Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 73 saylı evin, 50 saylı mənzilinə istifadə hüququnun itirilmiş hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 73 saylı evin, 50 saylı mənzili xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. AR ƏMDK DƏDRX-nin ******* nömrəli çıxarışına əsasən sözü gedən mənzil xx.xx.2013-cü ildən tam payda iddiaçının mülkiyyətindədir. xx xxxx 2013-cü il tarixli, 387 nömrəli alqısatqı və ipoteka müqaviləsinə əsasən həmin mənzil onun mülkiyyətinə keçmişdir. Cavabdehlər mənzilin əvvəlki mülkiyyətçisi və onun ailə üzvləridir. Onlar mənzildən köçsələr də qeydiyyatdan çıxmamışdırlar. Bunda əlavə mənzildə yetkinlik yaşına çatmayan şəxslər – X6, X4 və Nurayeva Alina Namiq qızı da qeydiyyatdadırlar. Cavabdehlər mənzildə formal şəkildə qeydiyyatda qalmışlar. Buna baxmayaraq, hazırda o, cavabdehlərə görə mənzil üzərindəki sahib olmaq, istifadə etmək və sərəncam vermək hüquqlarını tam həyata keçirə bilməmişdir. Belə ki, o, mənzil və kommunal xidmətlər haqqını artıq məbləğdə ödəməyə məcbur olmuşdur. Ona görə də hesab edir ki, cavabdehlərin həmin evdən istifadə hüququ itirilmiş hesab edilməlidir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, tələbin təmin olunmasını xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməməsini nəzərə alaraq işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2013-cü il tarixli mənzilin alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, Sadıqov Tural Tahir oğlu Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 73 saylı evin, 50 saylı mənzilini İddiaçı 60.000 manata satmışdır. - Azərbaycan Respublikası DİN-nin ******* saylı arayışından görünür ki, cavabdehlər X5, X6, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X4, Cavabdeh5 və Nurayeva Alina Namiq qızı Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 73 saylı evin, 50 saylı mənzilində pasport qeydiyyatındadırlar. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin verdiyi çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 73 saylı evin, 50 saylı mənzilinin mülkiyyətçisi İddiaçıdur. - Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalı Birliyinin 14 saylı Mənzil Kommunal Səhəsinin 456 nömrəli arayışından görünür ki, cavabdehlər X5 1954-cü ildən, X6 2005-ci ildən, Cavabdeh2 1982-ci ildən, Cavabdeh3 1974-cü ildən, Cavabdeh4 1976-cı ildən, X4 2008-ci ildən, Cavabdeh5 1973-cü ildən və Nurayeva Alina Namiq qızı 2004-cü ildən Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 73 saylı evin, 50 saylı mənzilində pasport qeydiyyatındadırlar. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Sumqayıt şəhəri, 9-cu mkr., ev 73, 50 saylı mənzili alqı-satqı və ipoteka müqaviləsi əsasında İddiaçı mülkiyyətinə vermişdir. Keçmiş mülkiyyətçinin ailə üzvləri mübahisəli mənzildən köçsələr də, mənzildə pasport qeydiyyatında formal olaraq qalmışlar ki, bu da iddiaçının mülkiyyətində olan mənzilinə sahiblik, istifadə və sərəncam hüquqlarının tam həyata keçirməsinə mane olur və artıq kommunal xərclərin meydana gəlməsi ilə nəticələnir. Cavabdehlər indiki mülkiyyətçinin ailə üzvləri deyil və müqavilə bağlananadək artıq qeydiyyatda olmuşlar. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 572.1-ci maddəsinə əsasən alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Göründüyü kimi, cavabdehlər iddiaçının mənzili əldə etməsindən əvvəl mənzilə qeydiyyata alınmışdır, onun mənzilə qeydiyyata alınması iddiaçının – yeni mülkiyyətçinin iradə ifadəsi ilə bağlı deyil, əksinə mülkiyyətçi kimi onun iradəsinə ziddir. Əvvəlki mülkiyyətçi Sadıqov Tural Tahir oğlu iradəsini ifadə edib mənzil üzərində mülkiyyət hüququnu yeni mülkiyyətçiyə verərkən subyektiv hüquq kimi mülkiyyət hüququnun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində nəzərdə tutulan hər üç elementini – sahiblik, istifadə və sərəncam hüquqlarını yeni mülkiyyətçiyə ötürmüş və ailə üzvləri ilə birlikdə mənzili tərk etmişdir. Məhkəmə hesab edir ki, yeni mülkiyyətçiyə heç bir aidiyyəti olmayan şəxslərin fərdi yaşayış evində qeydiyyatda qalması ona öz mülkiyyətindən dinc istifadə hüququnu həyata keçirməyə mane olur. Cavabdehlərin mənzildən qeydiyyatdan çıxarılması üçün isə onun mənzildən istifadə hüququna məhkəmə qaydasında xitam verilməlidir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsindən görünür ki, müvafiq dövlət orqanı tərəfindən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallardan biri də yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. Odur ki, cavabdehlərin mənzildən istifadə hüququ alqı-satqı müqaviləsində göstərilən tarixdən itirilmiş hesab olunmalıdır. Hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra qətnamə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən cavabdehlərin mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas sayılacaqdır. Məhkəmənin qeyd etdiyi bu qayda müvafiq dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və müvafiq dövlət orqanına izah edilməsidir. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qanuni və əsaslı olduğu üçün təmin olunmalı, cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzilə yaşayış sahəsinə istifadə hüquqları itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəllənin 238.1-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 234-234 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər X2, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və yetkinlik yaşına çatmayanlar X3, X1 və Nurayeva Alina Namiq qızının Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən, ev 73, 50 saylı mənzilinə istifadə hüquqları itirilmiş hesab edilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Sumqayıt Şəhər Məhkəməsinə ərizə verə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar