Məhkəmə qərarları › İş №2(060)-106/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-106/2025

16.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-106/2025 16.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt şəhər məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı birgə nikahlarından anadan olmuş uşaqlarının atanın yanından alınaraq ananın yanında qalması və uşaqlar yetkinlik yaşına çatanadək hər birinə görə sabit pul məbləğində aliment tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4094/2020 saylı mülki iş üzrə 15 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə cavabdehin yanında qalması qət edilmiş birgə nikahlarından anadan olmuş 18 iyun 2011-ci il təvəllüdlü X6, 03 mart 2015-ci il təvəllüdlü X9 və 11 may 2017-ci il təvəllüdlü X7 Cavabdeh alınaraq ona verilməsi və cavabdehdən uşaqlar yetkinlik yaşına çatanadək saxlanması üçün hər birinə görə 235 manat olmaqla, ümumilikdə 705 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 2.İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2001-ci il tarixdə faktiki olmaqla 21 oktyabr 2005-ci il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurub. Birgə nikahlarından artıq yetkinlik yaşına çatmış X11, 18 iyun 2011-ci il təvəllüdlü X6, 03 mart 2015-ci il təvəllüdlü X9 və 11 may 2017-ci il təvəllüdlü X12 anadan olmuşdur. Cavabdehlə bir müddət mehriban yaşasalar da, sonradan münasibətləri pozulmuş, ailə faktiki olaraq dağılmışdır. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 4094/2020 saylı mülki iş üzrə 15 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə aralarındakı nikah pozulmuş, birgə nikahlarından anadan olmuş övladlarının hazırki iş üzrə Cavabdeh Niftalı oğlunun yanında qalması qət edilmişdir. Lakin hazırda vəziyyət dəyişmişdir. İlk öncə qeyd etmək istəyir ki, boşanma zamanı uşaqların atasının yanında qalmasına məhz cavabdehin ona qarşı zorakılıq hərəkətləri etməsi və hədə qorxu gəlməsinə görə razı olub. Lakin təkrar olaraq qeyd edir ki, artıq vəziyyət dəyişmişdir. Belə ki, birgə nikahlarından olan övladları da cavabdehin bu cür hərəkətlərinə dözməmiş və artıq bir neçə aydır ki, onlarla birlikdə yaşayırlar. Qəti olaraq cavabdehin yanında qalmaq istəmirlər. Qeyd edir ki, qətnamənin yenidən icrası ilə bağlı Sumqayıt Şəhər Məhkəməsinin hakimi Günel xanım Tanrıverdiyevanın icraatında 2(060)-4094/2020-011 saylı iş olmuş və həmin iş üzrə məhkəmə iclası 13 may 2024-cü il tarixdə keçirilmiş, nəticədə ərizə təmin edilməmişdir. Həmin məhkəmə iclası zamanı uşaqları da iştirak etmiş və onunla birlikdə yaşamaq istədiklərini qeyd etmişdirlər. Bildirir ki, məhkəmə iclasında övladları da iştirak edəcək və öz fikirlərini bildirəcəkdirlər. Təkrar olaraq qeyd edir ki, cavabdeh uşaqlara onun yanında qaldıqları müddətdə daim zorakılıq etmiş, onları canlarından bezdirmişdir. Həmçinin qeyd edir ki, keçən aylar ərzində cavabdeh uşaqların saxlanması üçün heç bir maddi yardım göstərməmişdir. Bu səbəbdən də hesab edir ki, birgə nikahlarından anadan olmuş övladları cavabdehin himayəsindən alınaraq onun yanında qalmalı və cavabdehdən uşaqlar yetkinlik yaşına çatanadək saxlanması üçün hər birinə görə 235 manat olmaqla ümumilikdə 705 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməlidir. Bildirir ki, cavabdehin qeyd olunan alimenti ödəməsi üçün kifayət qədər imkanı vardır. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, cavabdehlə birgə nikahlarından olan övladlarının cavabdehdən alınaraq onun himayəsinə verilməsini istəyir. Cavabdeh uşağı icazəsiz gəlib məktəbdən aparıb. Qapını qıraraq evə girib və uşaqlar onunla qalmaq istədiyi üçün onu və uşaqları evdən qovub. Nəticədə saatlarla 4 uşaqla birlikdə çöldə qalıblar. Məhkəmənin nəzərinə çatdırır ki, cavabdehlə boşanandan uşaqları ilə birlikdə yaşayır. Lakin onlar yalnız uşaqlarına görə bir evdə yaşayıblar. Cavabdeh uşaqlarına təsir edərək onun əleyhinə izahatlar yazdırıb. Hazırda uşaqların hər üçü onunla yaşamaq istəyir. Balaca uşaqlar atalarından qorxduğu üçün yalnız atalarını istədiklərini bildirə bilərlər. Cavabdehin ona qarşı olan mənfi hərəkətlərinə görə o, İcra Hakimiyyətinə müraciət edərək mühafizə orderi də almışdır. İş üzrə alınmış rəylərlə qismən razıdır. Belə ki, İlahə və Lyudmila onunla yaşayır. Digər 2 uşaq ataları ilə qalır. 8 aydır ki, övladlarını görə bilmir. Ataları uşaqları görüşmək adı ilə qaçırıb. Uşaqlar məktəbə getmir. Onun balaca qızı hərf belə tanımır. Elxanın pis vərdişləri var. Onunla ailəli olduqları var hər səhər cavabdeh narkotika qəbul edib onu döyürdü. Elxan hətta uşaqlarının gözü qabağında da narkotik vasitə qəbul edib. O, bu ailədə həmişə təyziq altında olub. O, Elxanla ailəli olanda onun 450000 manat pulu var idi. Buna baxmayaraq o, yenə də Elxanla yaşaya bilməmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, cavabdehin evinə köçəndə münasibətləri yaxşı deyildi. Cavabdeh həmişə tiryək çəkib və viski içib onu döyürdü. Polisə olan şikayətləri də heç vaxt yalan olmayıb. Elxanın həqiqətən silahı olmuşdur. O, uşaqlarına görə Elxanın aldığı evə köçməyə razılaşdı. Elxan heç vaxt evə gəlməyəcəyini bildirsə də, tez-tez o evə gedib gəlirdi və uşaqları aparıb uzun müddət evə gətirmirdi. Hazırda Bakıda kirayədə yaşayır. Qohumları tərəfindən də ona köməklik edilir. O, hər üç uşağına yaxşı baxacaqdır.

4. Məhkəmə hazırlıq iclaslarında iştirak edən Cavabdeh iddia tələbinə dair izahat verərək iddia tələbini qəbul etmədiyini bildirmiş və əlavə olaraq qeyd etmişdir ki, iddiaçının onun haqqında dediyi bütün sözlər tamamilə yalan, şər və böhtandır. O, həmişə övladlarını çox istəyib. Məhkəmə qərarı ilə uşaqlar əslində ona verilib. Daha sonra o, iddiaçının uşaqlarla yaşaması üçün ayrı ev alıb. O, bir gün uşaqlarını görmək üçün həmin evə gedəndə iddiaçı onun xəbəri olmadan onun barəsində polisə şikayət etmişdir. Bununla əlaqədar polisə getmiş, lakin iddiaçının onun haqqında etdiyi ittihamların heç biri öz təsdiqini tapmamışdır. İddiaçı uşaqlara lazımı qaydada qayğı və diqqət göstərmir. Belə ki, iddiaçı oğlunun 2 həftə dərsə getməsinə imkan verməyib. O, yalnız bu barədə polisə məlumat verdikdən sonra iddiaçı uşaqların məktəbə getməsinə icazə vermişdir. Hazırda uşaqların anasının himayəsinə verilməsinə qətiyyən razı deyil. Uşaqlar da analarını istəmir, hətta bununla bağlı məhkəmə tərəfindən ekspertiza da təyin edilə bilər və uşaqlar analarını istəmədiklərini qəti şəkildə bildirəcəklər. Bir daha bildirir ki, uşaqlar onsuzda onunla idilər. O, uşaqlar üçün hər şey edir. O, uşaqları təhsil almaları üçün özəl tədris mərkəzinə qoyub. İddiaçı öz məqsədləri üçün uşaqları Yasamala aparıb və orada məktəbə qeydiyyatdan keçirmişdir. Uşaqları noyabr ayına qədər özəl məktəbdə təhsil alırlar və oxu-yazı da bilirlər. O, çalışmışdır ki, uşaqları anaları ilə qalsın. Bu məqsədlə o, qarşı tərəfə hətta ev də verdi. Lakin iddiaçı həmin evə gecə saat 3-4-də kişi salmışdı. Kim qarantiya verə bilər ki, həmin şəxs gəlib onun evindəki qızına da sataşmaz. Uşaqları analarını istəmirlər. O, uşaqlarına hər bir şərait yaradıb. Qızının təhsili üçün universitetə illik 10000 manat pul verib, özəl avtomobil tutub. İddiaçı gedib ekspertizada belə bir fikir formalaşdırıb ki, guya o, uşaqlara təsir edib. Halbuki, qızı ona səs atıb demişdi ki, anaları uşaqları başqa otağa daşıyıb və digər bir kişi ilə həmin otaqda birlikdə olub. Onu da bildirir ki, hesab edir ki, ekspertin uşaqlar üzərində təsir olması barədə rəy verməsi iddiaçının gedib o idarədə səs-küy salması ilə bağlı olub. Cavabdeh qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

5. Məhkəmə hazırlıq iclaslarında iştirak edən Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil iddia tələbinə dair izahat verərək iddia tələbini qəbul etmədiyini bildirmiş və əlavə olaraq qeyd etmişdir ki, məhkəmə qətnaməsi ilə uşaqlar atanın himayəsinə verilib. Lakin, cavabdeh uşaqların anaları ilə yaşaması üçün ev alaraq iddiaçıya verib. Cavabdeh uşaqlarını bu müddət ərzində görə bilməyib, iddiaçı hər dəfə onun barəsində müxtəlif bəhanələrlə polisə şikayət edib, lakin iddiaçının qeyd etdiyi hallar öz təsdiqini tapmayıb. Cavabdeh dəfələrlə uşaqları təhsildən yayındırıb. Ana təhsil sistemi ilə bağlı kabinetə müdaxilə etməklə uşaqları Bakıda məktəbə yerləşdirib. Cavabdeh əvvəlcədən bütün idarələrə gedib tərəfi haqqında pis fikirlər formalaşdırır. Elxan iddiaçıdan 2020-ci ildən boşanıb və elə həmin vaxtlarda Elxan ona demişdir ki, arvadı evdə yoxdur. İlahə ilə bu barədə danışmışlar. İlahə ona anasının etdiklərindən danışdıqda dəhşətə gəliblər. Onlar həmçinin, evdən bahalı əşyaların, qızıl və pulların oğurlandığını aşkarladılar. Elxan polisə bu halla əlaqədar ərizə verməyə utandığını dedi. X23 əməkdaşlarının köməyi ilə iddiaçının Yasamalda kirayə qaldığını öyrəniblər. İddiaçı 6 dəfə dələduzluq edən Samir adlı şəxsə qoşulmuşdu. Sonradan məlum oldu ki, iddiaçının Samir və digər şəxslərdə intim şəkilləri vardır. Elxan sözügedən görüntülərin yayılmaması üçün onları pulla aldı. Elxan daha sonra 4 uşağını da nəzərə aldı, keçmiş arvadına ev verdi və uşaqları arvadının yanına yığdı. Elxan hər uşaqları görmək istəyəndə iddiaçı Elxanı polisə verirdi. Uşaqlar uzun müddət məktəbə də getməyiblər. Tərəfi artıq bezdiyi üçün iddiaçının yalançı şikayətləri ilə əlaqədar polisə müraciət etdi. Sonradan məhkəmə iddiaçını uşaqlarla bağlı məsələdə inzibati qaydada cərimə etdi. İddiaçı sonradan özünün lüt şəkillərini prokurorluğa təqdim edərək Elxan və icra məmurunun guya birləşib iddiaçını təhdid etdiyini bildirdi. İş materialları qəyyumluğa getdikdən sonra geniş araşdırma aparılmışdır. Bu vaxt iddiaçı qəyyumluqda elə bir hay küy salmışdı ki, qəyyumluqdan iddiaçıya mühafizə orderi verilmişdi. Bu orderlə inzibati qaydada şikayət verildi və qəyyumluq da öz səhvlərini başa düşdüyünü bildirdi. Ekspertizanı aparan şəxs də qadın olmuşdur. Ümumiyyətlə belə bir tendensiya vardır ki, uşaqlar boşanma olan kimi mütləq anada qalmalıdır. İddiaçı tərəfindən verilən polis şikayətlərinin heç birində xəsarətə dair məlumat yoxdur. Əgər belə bir məlumat olsaydı iddiaçı heç vaxt bunu əldən verməzdi və dərhal gedib ekspertizadan rəy alardı. Çünkü artıq neçə illərdir ki, iddiaçı cavabdehdən müxtəlif idarələrə əsassız şikayətlər edir. Nümayəndə qeyd edilənlərin nəzərə alınmasını və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. 6.Məhkəmə iclasında dindirilən 18 iyun 2011-ci il təvəllüdlü X6 bildirmişdir ki, 7-ci sinifdə oxuyur. Ancaq qar yağanda dərsə getməyib. Kimya, biologiya və fizika fənnlərini sevir. O və İlahə hazırda anası ilə birlikdə Bakıda yaşayırlar. Bundan sonra da anası ilə qalmaq istəyir. Atası onlarla dalaşır və onlara şiddət göstərir. O, Qəyyumluq Komissiyasında dindirilən zaman da anasını istədiyini deyib. 7.Məhkəmə iclasında dindirilən 03 mart 2015-ci il təvəllüdlü X9 bildirmişdir ki, Sumqayıtda 16 nömrəli məktəbdə 4-cü sinifdə oxuyur. Riyaziyyat fənnini xoşlayır. Hazırda atası ilə Sumqayıtda yaşayır. Bir az anası ilə yaşayıb, ancaq nə qədər müddət olduğunu xatırlamır. Artıq 4-5 aydır ki, atası ilə qalır. O, anasını istəmir, bundan sonra da atası ilə yaşamaq istəyir. 8.Məhkəmə iclasında dindirilən 11 may 2017-ci il təvəllüdlü X12 bildirmişdir ki, 1-ci sinifdə oxuyur. Dərslərindən 5 alır. Sumqayıtda atası ilə qalır, anasını istəmir. Çünki atası ona yaxşı baxır, tez-tez parka və xoşladığı restoranlara aparır. 9.Məhkəmə iclasında iştirak etmiş pedaqoq X3 bildirmişdir ki, Niftalı təbiətcə sakit və tərbiyəli uşaqdır. Bilik səviyyəsinə görə orta səviyyəli şagirddir. Uşağı atası məktəbə aparıbgətirir. Uşağın anasını görməyib.

10. Məhkəmə iclasında iştirak etmiş pedaqoq X10 bildirmişdir ki, Günay 1-ci sinifdə oxuyur. Birinci sinifdə oxuduğu üçün onunla tez-tez maraqlanır. Davamiyyəti yaxşıdır və dərslərini yaxşı oxuyur. 11.Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

12. İşdə olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)-4094/2020 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia təmin edilmiş, Cavabdeh ilə X14 arasında 21 oktyabr 2005-ci il tarixli 1299 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulmuş, nikah pozulduqdan sonra xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2015-ci il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X7 ataları Cavabdeh yanında qalmaları qət edilmişdir. 13.İşdə olan Azərbaycan Respublikasi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “X19” X24 4 nömrəli Ailə Sağlamlıq Mərkəzinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh uşaqları: 1.X6 (təvəllüdü-xx.xx.2011-ci il) xx.xx.2024-cü ildə icbari dispanserizasiya ilə əlaqədar ASM-ə müraciət edib. X9 (təvəllüdü-xx.xx.2015) xx.xx.2022-ci ildə ASM-də həkim qəbulunda olub. Uşaqlar xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixədək səhhətləri ilə bağlı sahə həkiminə müraciət etməyiblər və ASM-də onlara arayış açılmayıb. 14.İşdə olan Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Sumqayıt şəhər İcra Hakimiyyəti yanında yaradılmış Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə Monitorinq Qrupunun 24 iyul 2024-cü il tarixli qərarına əsasən qısamüddətli mühafizə orderi verilməsinə dair qərar qəbul edilərək icra edilməsi üçün Sumqayıt şəhər Polis idarəsinə və Sumqayıt şəhəri üzrə icra idarəsinə göndərilmişdir. 15.İşdə olan Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının “məişət zorakılığı haqqında iş üzrə” xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Cavabdeh Niftalı oğluna cinayət və inzibati məsuliyyət izah edilməklə məişət zorakılığının təkrarlanmaması barədə xəbərdarlıq olunmuş, İddiaçı 60 gün olmaqla qısamüddətli mühafizə orderi verilmiş, (xx.xx.2024-cü il-xx.xx.2024-cü il) qərarın surətinin icra edilməsi üçün İddiaçı və Cavabdeh Niftalı oğlunun yaşadıqları şəhər İcra şöbəsinə göndərilməsi qərara alınmışdır. 16.İşdə olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Sumqayıt şəhəri X8 Adil İbrahimli adına 14 nömrəli tam orta məktəbin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Sumqayıt şəhəri X8 Adil İbrahimli adına 14 nömrəli tam orta məktəbin 3 g sinif şagirdi X9 və 6 c sinif şagirdi X6 xx.xx.2024-xx.xx.2024-cü il tarixlərində dərslərdə iştirak etməmişlər. Valideyn İddiaçı Cavad qızı tərəflərindən məktəbə çağırılmış, uşaqların dərsə davamiyyətsizliyi barədə izahat tələb edilmişdir. Valideyn öz izahatında uşaqları məktəbə gətirməməsinə səbəb kimi ailə problemlərinin olduğunu və bu səbədən övladlarını məktəbə gətirməkdən çəkindiyini bildirmişdir. Eyni zamanda uşaqların tədris aldıqları siniflərin rəhbərlərindən də bu məsələ ilə bağlı izahat alınmış, onlar da 3 g sinif şagirdi X9 və 6 c sinif şagirdi X2 xx.xx.2024-xx.xx.2024-cü il tarixlərində dərsə göstərdikləri davamiyyətsizliyin səbəbi olaraq uşaqların ailədaxili problemlərinin olduğunu əsas gətirmişlər. 17.İşdə olan Azərbaycan Respublikasi Səhiyyə Nazirliyi Sumqayiıt Şəhər Narkoloji Dispanserinin 5987 saylı, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə saat 1215-də 1-ci PB tərəfindən müayinəyə gətirələrək narkoloji müayinə edilmişdir və heç bir narkotik vasitə aşkar olunmamışdır. Test (-) mənfi. 18.İşdə olan xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Cavabdeh Sumqayıt şəhər Pİnin 1-ci PB-nə müraciət edərək bildirmişdir ki, İddiaçı onun cinayətlər etməyi barədə biləbiiə yalan xəbərçilik edir, onun barəsində Azərbaycan Respublikası CM-nin 1296-cı maddəsi ilə cinayət təqibinin başlanmasını və onun cinayət məsuliyyətinə cəlb olunmasının təmin edilməsini xahiş etmişdir. 19.İşdə olan xx.xx.2024-cü il tarixli arayışlardan görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X12 xx.xx.2024-cü il tarixindən “MASTER” tədris mərkəzində təhsil alır. 20.İşdə olan Sumqayıt şəhər Məhkəməsinin 3(060)-2117/2024 saylı,xx.xx.2024-cü il tarixli qərarından görünür ki, həmin qərar ilə İddiaçı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinmiş və 500 (beş yüz) manat inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. 21.İşdə olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə təhsil idarəsi Şəfiqə Əfəndizadə adına 13 nömrəli tam orta məktəbin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, X12 xx.xx.2024-cü il tarixdə və X9 hal hazırda 13 nömrəli tam orta məktəbdə təhsil almırlar. X12 xx.xx.2024-cü il tarixdə və X9 xx.xx.2024-cü il tarixdə elektron yerdəyişmə sistemi vasitəsilə Sumqayıt şəhər 16 nömrəli tam orta məktəbə yerdəyişmə etmişdir. 22.İşdə olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Abşeron -Xızı Regional Təhsil idarəsi, Sumqayıt şəhər 16 nömrəli tam orta məktəbin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, məktəbə xx.xx.2024-cü il tarixində yerdəyişmə ilə qəbul edilmiş X9 hazırda 4b sinif şagirdi və X12 1a sinif şagirdlərinin dərslərə davamiyyəti zəifdir. Məktəbə yeni gələn dövrdə onların bilikləri aşağı səviyyədə idi. Müəllimlərin köməkliyi ilə hal-hazırda dərslərində irəliləyişlər var və hər ikisi müvəffəq qiymətlər alırlar.

23. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 11/532 saylı ekspert rəyindən görünür ki, 1-ci sual üzrə 18 iyun 2011-ci il təvəllüdlü X2, 03 mart 2015-ci il təvəllüdlü X4 və 11 may 2017-ci il təvəllüdlü X7 ətrafda baş verən hadisələrə reaksiyaları adekvat olmaqla, əqli inkişaflarında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müəyyən olunmur. 2-ci sual üzrə 18 iyun 2011-ci il təvəllüdlü X2 hal-hazırda anası İddiaçı və atası Cavabdeh bağlılığı müəyyən olunmaqla, anası İddiaçı bağlılığı daha çoxdur. 03 mart 2015-ci il təvəllüdlü X9 və 11 may 2017-ci il təvəllüdlü X7 hal-hazırda ataları Cavabdeh və anaları İddiaçı bağlılıqları müəyyən olunmaqla, ataları Cavabdeh bağlılıqları daha çoxdur. 3-cü sual üzrə Ailədaxili qarşılıqlı münasibətlərdə mövcud olan gərginlik 18 iyun 2011-ci il təvəllüdlü X2, 03 mart 2015-ci il təvəllüdlü X5 və 11 may 2017-ci il təvəllüdlü X7 emosional-iradi sferasına və valideynlərinə qarşı olan münasibətinə neqativ təsir göstərmişdir. 18 iyun 2011-ci il təvəllüdlü X6 əqli və psixi inkişafına, yaş və fərdi-psixoloji xüsusiyyətlərinə görə ailədaxili qarşılıqlı münasibətlərlə bağlı fikirlərini sərbəst şəkildə ifadə etmək qabiliyyətinə malik olmaqla, psixikasında və davranışında hansı valideynin himayəsində yaşamasını seçməsi ilə bağlı kənar psixoloji təsir əlamətləri müəyyən olunmur. 03 mart 2015-ci il təvəllüdlü X9 və 11 may 2017-ci il təvəllüdlü X12 əqli və psixiki inkişafına, yaş və fərdi-psixoloji xüsusiyyətlərinə görə ailədaxili qarşılıqlı münasibətlərlə bağlı fikirlərini sərbəst şəkildə ifadə etmək qabiliyyətinə malik olmamaqla, onların psixikasında və davranışlarında hansı valideynin himayəsində yaşamalarını seçməsi ilə bağlı kənar psixoloji təsir əlamətləri müəyyən olunur.

24. İşdə olan Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 414 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Komissiya hesab edir ki, 18 iyun 2011-ci il təvəllüdlü X6, 03 mart 2015-ci il təvəllüdlü X9 və 11 may 2017-ci il təvəllüdlü X7 atası Cavabdeh alınaraq anası İddiaçı himayəsinə verilməsinə səbəb olacaq əsaslı hal aşkar edilməmişdir.

b)Məhkəmə tərəfindən müəyyən edilən hallar:

25. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı və Cavabdeh rəsmi nikah münasibətlərinə daxil olmuş, həmin münasibətlərdən tərəflərin 18 iyun 2011-ci il təvəllüdlü X6, 03 mart 2015-ci il təvəllüdlü X9 və 11 may 2017-ci il təvəllüdlü X12 adlı yetkinlik yaşına çatmayan üç uşağı var. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)- 4094/2020 saylı qətnaməsi ilə həmin uşaqların ataları Cavabdeh yanında qalmaları qət edilmişdir. Uşaqlardan biri - xx.xx.2011-ci il təvəllüdlü X6 hazırda anası ilə, digər ikisi xx.xx.2015-ci il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X12 isə atası ilə yaşayır. Hazırda iddiaçı uşaqların atadan alınaraq onun himayəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh isə iddia tələbini qəbul etmir.

c)Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 26.«Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə görə dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. 27.Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49-cu maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir (49.2). Uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir (49.3). 28.Həmin Məcəllənin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. 29.Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 30.Ailə Məcəlləsinin 60-cı maddəsinə əsasən valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz (60.1). Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar (60.2). Uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər (60.3). Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir (60.4). 31.“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar (7.1). 32.Valideynlərdən birinin maddi-məişət şəraitinin digərinə nisbətdə üstün olması uşağın həmin valideynin yanında qalmasının təmin olunması üçün mütləq (həlledici) əsas ola bilməz (7.2). 33.Nikahın pozulması tələbinə dair işə baxılarkən yetkinlik yaşına çatmayan ümumi uşaqların hansı valideynin yanında qalmaları ilə bağlı mübahisə yaranarsa, eləcə də uşaqların kimin yanında qalması ilə bağlı ər-arvad arasında bağlanmış saziş uşaqların və ya tərəflərdən birinin marağını pozarsa məhkəmə iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq uşağın maraqlarının müdafiəsi üçün Ailə Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş qaydada qəyyumluq və himayə orqanını işdə iştirak etməyə cəlb etməlidir. Həmin orqan mübahisə ilə bağlı uşağın və ayrı yaşayan valideynlərin həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair əsaslandırılmış rəyini məhkəməyə təqdim etməyə borcludur. Zərurət olduqda, MPM-nin 97-ci maddəsinin tələbinə müvafiq olaraq məhkəmə-psixoloji ekspertizası da təyin edilə bilər. Alınan rəylər məhkəmə üçün məcburi əhəmiyyətə malik deyil və onlar məhkəmə tərəfindən uşağın üstün mənafeyi əsas götürülməklə MPM-nin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydada qiymətləndirilir (7.3).

34. Uşağın mənafeyinin tələb etdiyi bütün hallarda onun məhkəmə iclasında dinlənilmək hüququ təmin olunmalıdır. Uşaq hüquqları haqqında Konvensiyanın 12-ci və Ailə Məcəlləsinin 52-ci maddələrinin tələbinə müvafiq olaraq maraqlarına toxunulan istənilən məsələnin həlli zamanı uşaq öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Uşağın fikrinin obyektiv qiymətləndirilməsini təmin etmək üçün onun pedaqoqun, təhsil müəssisəsinin nümayəndəsinin (tərbiyəçinin), yaxud uşaq psixoloqunun və ya qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin iştirakı ilə dinlənilməsi məqsədə müvafiqdir. Maraqlarına zidd olan hallar istisna olmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Məhkəmə qərar qəbul edərkən həmçinin 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər (7.4).

35. Məhkəmələrə izah edilsin ki, valideynlərdən hansının yanında qalması ilə bağlı uşağın fikri dinlənilərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsində qeyd edilən “10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır” yaxud ”qərar qəbul edilərkən 7 yaşına çatmış uşağın fikri öyrənilə və nəzərə alına bilər” ifadələri uşağın bir valideyndən digərinə alınıb verilməsi üçün yeganə əsas deyildir. Məhkəmə hər bir halda uşağın fikrini digər hallarla yanaşı məcmu halında qiymətləndirməli və uşağın üstün maraqlarını nəzərə almaqla mübahisəni həll etməlidir (7.5) 36.Məhkəmə tərəflərin izahatlarını və iş materiallarını nəzərə alaraq hesab edir ki, 18 iyun 2011-ci il təvəllüdlü X6, 03 mart 2015-ci il təvəllüdlü X9 və 11 may 2017-ci il təvəllüdlü X7 Cavabdeh alınaraq İddiaçı verilməsi barədə iddia tələbi təmin edilməlidir.

37. Məhkəmə ilk növbədə qeyd edir ki, işin faktiki hallarına əsasən hər iki valideynin sosial vəziyyəti uşağın normal şəraitli mənzildə yaşamaq, qidalanmaq, təhsil almaq hüquqlarının lazımı şəkildə həyata keçirmələrinə kifayət qədər imkan verir. Onların həyat və mənzil şəraitinin vəziyyəti barədə iş materiallarında müayinə aktları mövcuddur. İşdən görünür ki, uşaqlar azyaşlı olmaqla onların ana qayğısına daha çox ehtiyacı vardır. Bu yanaşma milli hüquq tətbiqetmə təcrübəsində üstün mövqe daşıyır.

38. Belə ki, hər iki valideyn uşaqlara münasibətdə bərabər hüquq və vəzifələr daşısa da, azyaşlı uşaqların anaya daha çox bağlılığı, onların gündəlik məişət qayğılarının, təmizlik və sağlamlıqlarının qorunması və təmin edilməsində ananın ataya münasibətdə üstün təbii rolu mütləq nəzərə alınmalıdır.

39. Məhkəmə 18 iyun 2011-ci il təvəllüdlü X2 anası ilə yaşamaq istəməsi barədə məhkəmə iclasında səsləndirdiyi fikirlərini, onun psixikasında və davranışında hansı valideynin himayəsində yaşamasını seçməsi ilə bağlı kənar psixoloji təsir əlamətlərinin müəyyən olunmaması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 11/532 saylı ekspert rəyini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, iddia tələbi 18 iyun 2011-ci il təvəllüdlü X2 anasının himayəsinə verilməsi hissəsində əsaslıdır.

40. Məhkəmə 03 mart 2015-ci il təvəllüdlü X9 və 11 may 2017-ci il təvəllüdlü X7 hər ikisinin 10 yaşı tamam olmadığını (məhkəmə iclasında dindirildikləri tarixə münasibətdə) nəzərə alaraq onların məhkəmə iclasında səsləndirdiyi fikirlərə tənqidi yanaşır və hesab edir ki, həmin uşaqların atası ilə qalmaq istəməsi barədə fikirləri iddianın təmin edilməməsi üçün yeganə əsas ola bilməz.

41. Belə ki, iş üzrə təyin edilmiş məhkəmə-psixoloji ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 11/532 saylı ekspert rəyindən görünür ki, 03 mart 2015-ci il təvəllüdlü X9 və 11 may 2017-ci il təvəllüdlü X12 əqli və psixiki inkişafına, yaş və fərdi-psixoloji xüsusiyyətlərinə görə ailədaxili qarşılıqlı münasibətlərlə bağlı fikirlərini sərbəst şəkildə ifadə etmək qabiliyyətinə malik olmamaqla, onların psixikasında və davranışlarında hansı valideynin himayəsində yaşamalarını seçməsi ilə bağlı kənar psixoloji təsir əlamətləri müəyyən olunur.

42. Göründüyü kimi ekspert 03 mart 2015-ci il təvəllüdlü X9 və 11 may 2017-ci il təvəllüdlü X7 fikirlərini sərbəst şəkildə ifadə etmək qabiliyyətinə malik olmadıqlarını və onların psixikasında və davranışlarında hansı valideynin himayəsində yaşamalarını seçməsi ilə bağlı kənar psixoloji təsir əlamətlərinin olduğunu müəyyən etmişdir.

43. Bu kontekstdə məhkəmə qeyd edir ki, valideynlərdən hansının yanında qalması ilə bağlı uşağın fikri dinlənilərkən yeganə əsas kimi uşağın fikri götürülməməli, uşağın fikri digər hallarla yanaşı məcmu halında qiymətləndirməli və uşağın üstün maraqlarını nəzərə almaqla mübahisə həll edilməlidir. Uşağın üstün marağı dedikdə isə onun hansısa valideynə isti münasibəti deyil, ümumilikdə təlim-tərbiyəsi, təhsili, digər bacı-qardaşlarına münasibəti və s. hallar məcmu halda əsas götürülməlidir.

44. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 20 noyabr 1959-cu il tarixli, 1386 saylı qətnaməsi ilə elan edilmiş “Uşaq hüquqları Bəyannaməsi”nin 6-cı prinsipinə görə də uşaq şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün məhəbbətə və başa düşülməyə möhtacdır. O, mümkün olduqda valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir- azyaşlı uşaq, müstəsna şərait mövcud olduğu hallardan başqa, anasından ayrılmamalıdır.

45. Məhkəmə hesab edir ki, hazırki iş üzrə uşaqların bir-birindən və anasından ayrı yaşamasına və nəticə etibarı ilə ana tərbiyəsindən və qayğısından kənarda qalmasına əsas verən hər hansı bir hal yoxdur. Ona görə də uşaqların üstün mənafeyi nəzərə alınmaqla tərəflərin birgə nikahından doğulmuş uşaqların anasının himayəsinə verilməsi daha məqsədəmüvafiqdir.

46. Məhkəmə uşaqların atası Cavabdeh alınaraq anası İddiaçı himayəsinə verilməsinə səbəb olacaq əsaslı hal aşkar edilməməsi barədə Sumqayıt İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 414 saylı, xx.xx.2024-cü il tarixli rəyi ilə razılaşmayaraq qeyd edir ki, Komissiya uşaqların bir qayda olaraq anasının himayəsinə verilməsi barədə ölkədə mövcud olan təcrübənin əksinə nəticəyə gəlsə də, bu nəticəsini kifayət qədər əsaslandırmamış, uşaqların anasının himayəsinə verilməsinə mane olan hər hansı hallara istinad etməmiş, sadəcə ümumi sözlərlə kifayətlənmişdir.

47. Eyni zamanda məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 11/532 saylı ekspert rəyinin 03 mart 2015-ci il təvəllüdlü X9 və 11 may 2017-ci il təvəllüdlü X7 hal-hazırda ataları Cavabdeh və anaları İddiaçı bağlılıqları müəyyən olunmaqla, ataları Cavabdeh bağlılıqlarının daha çox olması barədə qənaəti ilə əlaqədar qeyd edir ki, bağlılıq insanlar arasında emosional əlaqənin yaranması ilə bağlı qarşılıqlı prosesdir. Bağlılıq hissini müddətlə məhdudlaşdırmaq olmaz, bu hiss insanlarda ayrıldıqdan sonra da saxlanılır. Belə hisslərin keçirilməsi uşaqlar üçün çox vacib və zəruridir. Bağlılıq hissi olmadan uşaq hərtərəfli inkişaf edə bilmir. Bağlılığın pozulması nəinki uşağın sosial əlaqələrinə, yəni vicdanının və ləyaqətinin inkişafına, həmçinin onun emosional, sosial, fiziki və əqli inkişafına mənfi təsir göstərə bilər. 48.Göstərilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, 18 iyun 2011-ci il təvəllüdlü X6, 03 mart 2015-ci il təvəllüdlü X9 və 11 may 2017-ci il təvəllüdlü X7 Cavabdeh alınaraq İddiaçı verilməsi uşaqların qanunla qorunan üstün mənafeyinə daha uyğundur. 50.İddianın alimentlə bağlı hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir.

51. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. - 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. - 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa…habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edə bilər.

52. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir.

53. Göründüyü kimi, qanunverici uşaqların saxlanmasını, onların maddi-məişət tələbatının ödənilməsini uşaqla birgə yaşayıb-yaşamamasından asılı olmayaraq uşağın hər iki valideyninin üzərinə bir vəzifə olaraq qoymuşdur. Uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər.

54. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir.

55. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun saxlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. 56.“Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 20 ” dekabr 2024cü il tarixli, 15 nömrəli X16 8.4-1-ci bəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. 57.Azərbaycan Respublikasının Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat məbləğində müəyyən edilmişdir.

58. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, 18 iyun 2011-ci il təvəllüdlü X6, 03 mart 2015-ci il təvəllüdlü X9 və 11 may 2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.5875 misli həddində (hazırda bir uşağa görə 400 x 0.5875=235 manat məbləğində) sabit pul məbləğində aliment tutulmalıdır.

59. Məhkəmə onu da qeyd edir ki, iddiaçı 2024-cü il üzrə müəyyən edilmiş məbləğlər üzrə aliment müəyyən edilməsini xahiş etsə də, hazırda minimum əmək haqqının məbləği dəyişdiyindən məhkəmə hesab edir ki, alimentin məbləği 2025-ci ilin minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən edilməlidir.

60. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə hesab edir ki, 18 iyun 2011-ci il təvəllüdlü X1 üçün müəyyən edilmiş alimentin tutulması xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. 03 mart 2015-ci il təvəllüdlü X9 və 11 may 2017-ci il təvəllüdlü X12 isə hazırda atası-iş üzrə Cavabdeh ilə yaşadığından onların saxlanması üçün müəyyən edilmiş alimentin tutulması uşaqlar atadan alınaraq anaya təhvil verildiyi vaxtdan etibarən hesablanmalıdır.

61. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 62.İddia təmin edildiyindən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumu (50 manat) Cavabdeh tutularaq iddiaçı İddiaçı ödənilməlidir. 63.“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. 64.“Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. 65.İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı qızı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiya xərci ödəmişdir. Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. 66.Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 60 manat mediasiya xərci də Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. 67.Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə hissəsi: 68.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia tələbi təmin edilsin. 18 iyun 2011-ci il təvəllüdlü X6, 03 mart 2015-ci il təvəllüdlü X9 və 11 may 2017-ci il təvəllüdlü X12 Cavabdeh alınaraq İddiaçı verilsin. Cavabdeh 18 iyun 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq, 03 mart 2015-ci il təvəllüdlü X9 və 11 may 2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh alınaraq İddiaçı təhvil verildiyi gündən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla hər ay hər bir uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.5875 misli həddində (hazırda bir uşağa görə 400 x 0.5875=235 manat) sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 110 (bir yüz on) manat ödənilmiş dövlət rüsumu və mediasiya xərci tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar