Məhkəmə qərarları › İş №2(060)-1064/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-1064/2023

13.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-1064/2023 13.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X6 oğlunun katibliyi ilə, Ərizəçi (maraqlı şəxs - Maraqlı şəxs) şəxslərin qohumluq faktının müəyyən edilməsi barədə xüsusi icraat qaydasında ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (bundan sonra - ərizəçi) xüsusi icraat qaydasında ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, 19 iyul 1932-ci il tarixində Zəngilan rayonunda doğulmuş X4 ilə xala uşağı olmaları faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və əlavə edilmiş sənədləri nəzərdən keçirərək aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən (bundan sonra - MPM) məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır (305.1.1.). Məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır (307.2.1.). “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, məhkəmələrə tövsiyə olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər, məsələn yaşayış sahəsinə hüququ təsdiq etmək üçün müəyyən edilməsi yolverilməzdir. Yaşayış sahəsinə hüquqların tanınması əsasları Mənzil Məcəlləsi ilə tənzimlənir (2). Məhkəmələr nəzərə almalıdırlar ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır (2.1.). Əgər qohumluq faktının müəyyən olunması vətəndaşlıq vəziyyəti aktlarının qeydi zamanı yol verilmiş səhvlərlə (adın, ata adının, soyadın təhrifi və sair) əlaqədardırsa, məhkəmələr qohumluq münasibətlərinin müəyyən olunmasına dair belə ərizələri icraata qəbul etməkdən iddianın yolverilməzliyinə görə imtina etməlidirlər (Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsi). Bu cür səhvlərin aradan qaldırılması və vətəndaşlıq vəziyyəti aktlarında dəyişiklik edilməsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları tərəfindən qüvvədə olan normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, həmin orqanlara qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər (2.2.). Qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır (2.3.). Öncə qeyd edilməlidir ki, ərizəçi məhkəməyə müraciət edərək, X4 ilə xala uşağı olmaları faktının müəyyən edilməsini xahiş etsə də, həmin faktın müəyyən edilməsinin ona nə üçün lazım olduğunu ərizəsində qeyd etməmiş, həmin faktın müəyyən edilməsinin hansı hüquqi nəticələr doğuracağını əsaslandırmamışdır. Eyni zamanda ərizəçi ərizənin məzmununda X3 dövründə məcburi köçkün düşdüklərini, bu səbəbdən anası X1 və xalası X2 doğum haqqında şəhadətnamələri işğal olunmuş torpaqlardakı evlərində qaldığını qeyd etmişdir. Göründüyü kimi ərizəçinin anasının və xalasının doğum haqqında şəhadətnamələri yoxdur. Ərizəyə əlavə edilmiş sənədlərdən göründüyü kimi ərizəçi ilk növbədə doğum akt qeydinin bərpası ilə bağlı müvafiq qeydiyyat orqanına müraciət etmiş və imtina cavabı almışdır. Belə olan halda o, ən azından anasının doğumunun qeyd edilməsi faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməli idi. Həmin fakt məhkəmə qaydasında müəyyən olunarsa, məhkəmə qətnaməsi əsasında doğum şəhadətnaməsi alındıqdan sonra qohumluq faktı ilə bağlı məhkəməyə müraciət oluna bilərdi. Eyni zamanda həm ərizəçinin anasının, həm də xalasının doğumlarının qeyd edilməsi faktı müəyyən olunarsa, onunla X4 arasında qohumluq münasibəti müəyyən olunacaq və həmin faktın məhkəmə qaydasında müəyyən olunmasına zərurət qalmayacaqdır. MPM-də göstərilmişdir ki, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir (153.2.1.). Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, yolverilməzliyinə görə ərizənin qəbulundan imtina olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 153-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Ərizəçi (maraqlı şəxs-Maraqlı şəxs) xüsusi icraat qaydasında ərizəsinin qəbulundan ərizənin yolverilməzliyinə görə imtina olunsun. Ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə qaytarılsın. Ərizəçi ərizənin verilməsi üçün ödədiyi 100 (yüz) manat dövlət rüsumu dövlət büdcəsindən ərizəçiyə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar