Məhkəmə qərarları › İş №2(060)-1071/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1071/2022

22.02.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1071/2022 22.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanına istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon ünvanında yerləşən, 38 saylı evin, 37 saylı mənzili 16 avqust 1982-ci il tarixli 09/823 saylı Order əsasında X1 verilmişdir. Mərhum həyat yoldaşı 19 iyun 2020-ci ildə vəfat etmişdir. Cavabdeh onun nəvəsidir. Özlərinin ayrıca mənzili var. Azərbaycan Respublikasında yaşamır. Cavabdehin mənzilində qeydiyyatda olması mənzil hüququnun həyata keçirilməsinə mane olur, əlavə xərclər çəkilməsinə səbəb olur, onun qeydiyyatı formal xarakter daşıyır. Bu səbəbdən də məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, o, mübahisə predmeti olan mənzildə yaşayır. Mənzil daimi istifadəsində və sahibliyində olmuşdur. Cavabdeh olan nəvəsi mübahisə predmeti olan mənzildə heç vaxt yaşamamış, bu mənzillə heç bir bağlılığı olmamış, onlarla birgə təsərrüfat aparmamışdır. Cavabdeh onların məlumatı olmadan bu mənzilə qeydiyyata götürülmüşdür. Cavabdeh mənzildə formal qeydiyyatdadır. Cavabdehin hazırda harada yaşaması barədə məlumatı yoxdur. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda şərh olunanlarla əsaslandırır. Mülki iş materiallarında olan: Sumqayıt şəhəri Xalq deputatları Soveti İcraiyyə Komitəsi tərəfindən verilmiş 16 avqust 1982-ci il tarixli Orderin surətindən görünür ki, Sumqayıt şəhəri 37 saylı evin 38 saylı mənzili 5 nəfər ailə üzvü ilə X2 istifadəsinə verilmişdir. Asan-Sumqayıt tərəfindən verilmiş 07.12.2021-ci il tarixli, ******* №-li arayışdan görünür ki, İddiaçı, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. AZ İİ seriyalı №086438 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 19.06.2020-ci il tarixdə ölmüşdür. Beləliklə, işin məhkəmə araşdırması zamanı müəyyən olundu ki, mübahisə predmeti olan mənzil dövlət mənzil fondu aid olmaqla, 1982-ci ildə beş nəfər ailə tərkibi ilə X2 istifadəsinə verilmiş, mənzilin icarədarı X4 olmuş, sonuncu 18.06.2020-ci ildə ölmüşdür. İcarədarın ölümündan sonra icarədarın arvadı, hazırki iş üzrə iddaçı həmin mənzilə sahiblik və istifadə edir. Cavabdeh həmin ünvanda qeydiyyatda olmasına baxmayaraq, bu mənzilə köçürülməmiş, bu mənzildə yaşamamış, təsərrüfatın idarə edilməsində iştirak etməmişdir. İddiaçı cavabdehin həmin mənzildə yaşamadığını, cavabdehin həmin ünvana qeydiyyatının formal olduğunu iddia edərək istifadə hüququna xitam verilməsini tələb edir. Məhkəmə hesab edir ki, mövcud mübahisənin həlli zamanı 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin müddəaları tətbiq olunmalıdır. Məhkəmə işin hallarını qiymətləndirərək qeyd edir ki, məsələnin qanuni həlli üçün ilk öncə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmaması araşdırmalıdır. Hüquqi nəzəriyyə görə subyektiv mənada hüquq normativ – hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüqüqun ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə yalınz qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Mənzil Məcəlləsinin 60-ci maddəsinin 6-cı hissəsinə əsasən şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, araşdırılan mübahisə üzrə iddiaçı mübahisə predmeti olan mənzildə daimi yaşamaqla daimi istifadəçi kimi məhkəmədə iddia hüququna malikdir. Mülki Məcəllənin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Şərh olunan maddənin məzmunundan da göründüyü kimi mülki hüquqlar və vəzifələrin əmələ gəlməsi üçün qanunla nəzərdə tutulan əsaslar olmalıdır. Əgər belə bir əsas yoxdursa bu hüquq yaranmır, mövcud olmayan hüquq isə ləğv edilə və ya xitam verilə bilməz. Bu baxımdan məhkəmə hesab edir ki, ilk növbədə hazırki məsələnin düzgün həlli üçün cavabdehin mübahisəli mənzilə istifadə hüququnun yaranması əsaslarının mövcud olub-olmaması məsələsi araşdırılmalı, yalnız bu huququnun mövcud olduğu müəyyən edildiyi halda onun xitamı üçün əsaslarının olub-olmadığına qiymət verilməlidir. Mənzil Məcəlləsinin: 53-cü maddəyə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. 54-cü maddəyə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Şərh olunan hüquq normasının məzmunundan göründüyü kimi yaşayış sahəsinə köçmüş və ümumi təsərrüfat aparan şəxslər burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Məhkəmə işin hallarını şərh olunan hüquq normalarına əsasən təhlil edib hesab edir ki, cavabdehin mübahisəli yaşayış sahəsinə istifadə hüququnun yaranması üçün əsaslar mövcud deyildir. Belə ki, göründüyü kimi cavabdeh həmin mənzilə köçürülməmiş, orada yaşamamış və ailə üzvü kimi birgə təsərrüfat aparmamışdır. Belə bir hüququn olmadığı halda həmin hüquqa xitam verilə bilməz və ya itirilmiş hesab edilə bilməz. Cavabdehin həmin mənzildə qeydiyyatda olmasına gəlincə isə məhkəmə hesab edir ki, qeydiyyat hər hansı bir əmlak hüququ yaratmır. Belə ki, "Yaşayış yeri və oluğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 2-ci hissəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyat yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Göründüyü kimi qanunvericilikdə yaşayış yeri üzrə qeydiyyatın istifadə hüququ kimi əmlak hüququ nəticə doğurması nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallar isə, yəni mülki qanunvericiliyin tələbləri mövcud halda araşdırılan mübahisə üzrə cavabdehin istifadə hüququn yaranmasını istisna edir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquq normalarına istinadən qiymət verərək bu nəticəyə gəlir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-ci maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar