Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1085/2021 30.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədov Rəsul Yasər oğlunun katibliyi, ərizəçinin nümayəndəsi, X2 iştirakı ilə, Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi (maraqlı şəxs Sumqayıt şəhər Qeydiyyat şöbəsi) barədə ərizəsinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (bundan sonra - ərizəçi) hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək (Sumqayıt şəhər şəhəri 1 saylı notariat ofisini maraqlı şəxs kimi göstərməklə), xx xxxxxx 2019-cu il tarixdə vəfat etmiş Heydərova Vəzifə Məhəmmədəmin qızından miras qalmış və ünvan 1 ünvanında olan bir otaqlı mənzildən ibarət miras ərizəçi tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Heydərova Vəzifə Məhəmmədəmin qızı ünvan 1 ünvanında yerləşən bir otaqlı mənzili ərizəçiyə vəsiyyət etmişdir. xx.xx.2005-ci il tarixdə Sumqayıt şəhər 5-ci dövlət notariat kontorunda 2V-61 nömrəli reyestrlə vəsiyyətnamə təsdiq edilmişdir. xx xxxxxx 2019-cu il tarixdə Vəzifə Heydərova vəfat etmişdir. Ərizəçi miras əmlakın qəbul edilməsi üçün maraqlı şəxsə müraciət etmiş, lakin maraqlı şəxs tərəfindən mirasın qəbul edilməsi müddətinin buraxıldığı bildirilərək vərəsəlik haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Bu səbəbdən ərizəçi məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq maraqlı şəxs məhkəmə iclasında təmsil edilməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatın dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, ərizəçi xx.xx.1980-ci ildə anadan olmuşdur. O, ünvan 2 ünvanında qeydiyyatdadır. 12 saylı Mənzil-Kommunal sahəsinin 922 saylı, xx.xx.2020-ci il tarixli arayışında göstərilmişdir ki, ərizəçi ünvan 1 ünvanında yaşayır. Ev sahibi Vəzifə Heydərova 1993-cü il tarixə qədər göstərilən ünvanda yaşamış, xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. 1993-cü il ildən mənzil Qubadlı rayonundan məcburi köçkünlər tərəfindən zəbt olunmuşdur. Mənzilin kommunal ödənişləri və məişət tullantıları üçün ödənişlər ərizəçi tərəfindən ödənilmişdir. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçi X3 ilə xx.xx.2005-ci ildə nikaha daxil olmuşdur. Nikaha daxil olduqdan sonra ərizəçi Hacıyeva soyadını qəbul etmişdir. xx.xx.2005-ci il tarixində Sumqayıt şəhər 5 saylı dövlət notariat kontorunda təsdiq edilmiş vəsiyyətnamədən görünür ki, Heydərova Vəzifə Məhəmmədəmin qızı ölən günədək ona məxsus olan bütün əmlakını ərizəçiyə vəsiyyət etmişdir. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx xxxx 1964-cü il tarixdə Feyziyeva Vəzifə Məhəmmədəmin qızı ilə rəsmi nikaha daxil olmuşdur. Sumqayıt şəhər X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 xx.xx.2001-ci il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən Heydərova Vəzifə Məhəmmədəmin qızının adına qeydə alınmışdır. Sumqayıt şəhər 1 saylı Notariat ofisinin xx.xx.2020-ci il tarixli, 736 saylı məktubu ilə ərizəçiyə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmiş və məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. X5 xx.xx.2020-ci il tarixli, 05/01-H-62/13 saylı məktubunda göstərilmişdir ki, xx.xx.2005-ci il tarixdə 2V-61 reyestr nömrəsi ilə təsdiq edilmiş vəsiyyətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi barədə arxivə məlumat daxil olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir (307.1.). Məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır (307.2.9.). Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın (308). Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir (310.1.). Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır (310.1.). İşdən göründüyü kimi ərizəçi miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsini istəyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir (1243.1). Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır (1243.2). Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir (1246). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx xxxxx 2019-cu il tarixli, 03 saylı Qərarının 10-cu bəndində göstərilmişdir ki, məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. Mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olub-olmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilib-itirilməməsinə və sair aydınlıq gətirməlidir (10.1). Nəzərə alınmalıdır ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır (10.2). İşdən göründüyü kimi Vəzifə Heydərova xx xxxxxxx 2005-ci ildə bütün əmlakını Ərizəçi vəsiyyət etmişdir. Ərizəçi isə notariat orqanına vərəsəlik haqqında şəhadətnamənin verilməsi üçün xx.xx.2020-ci il tarixdə müraciət etsə də, notariat orqanı tərəfindən mirasın qəbulu üçün müəyyən edilmiş müddətin ötürülməsi səbəbindən ərizəçiyə vərəsəlik şəhadətnaməsi verilməsindən imtina edilmişdir. Lakin, işdən göründüyü kimi ərizəçi Heydərova Vəzifə Məhəmmədəmin qızı vəfat edənə qədər və onun vəfatından sonra da mübahisəli mənzildə yaşamışdır. Bununla da o, Heydərova Vəzifə Məhəmmədəmin qızından miras qalmış ünvan 1-i miras əmlak kimi qəbul etmişdir. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Heydərova Vəzifə Məhəmmədəmin qızından miras qalmış ünvan 1-in Ərizəçi tərəfindən miras əmlak kimi qəbul edilməsi faktı müəyyən edilsin. Sumqayıt şəhəri vərəsəliyin açılma yeri hesab edilsin. Hazırkı qətnamə həmin fakt üzrə müvafiq sənədləşmənin aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-1085/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1085/2021
30.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver