Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-109/2022 15.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X2 İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı mənzilin hərracdan satılması tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X4 ilə ümumi paylı mülkiyyətdə olan Sumqayıt şəhəri, 11-ci mikrorayonda yerləşən bina 23, mənzil 21-dəki, sahəsi 25.0 kv.m olan 2 otaqdan ibarət olan payının hərrac yolu ilə satılaraq əldə edilən pul vasitindən payına mütənasib surətdə məbləğin ona verilməsi barədə qətnamə qəbul etməyi xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh ilə ümumi paylı mülkiyyətlərində olan Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 23, mənzil 21-i bazar qiymətlərinə uyğun olaraq hərrac vasitəsi ilə satılaraq əldə edilmiş pul vəsaitindən həmin mənzildə ona məxsus sahəsi 25.0 kv.m olan iki otaqdan ibarət olan payına mütənasib surətdə ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək göstərdi ki, 17 iyun 1977-ci ildə X5 ilə nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahlarından 06.02.1978-ci il təvəllüdlü X6 və 09.08.1982-ci il təvəllüdlü X10 dünyaya gəlmişlər. 1982-ci ilin noyabr ayında mənzil şəraitini yaxşılaşdırmaq üçün qaynatasının verdiyi ərizə əsasında onlar ailə olaraq yaşamaq üçün həmin dövrdə fəaliyyət göstərən XDS İK- si tərəfindən indi yaşadıqları Sumqayıt şəhəri, 11 -ci mikrorayonda yerləşən 23 saylı binada 4 otaqlı 21 nömrəli mənzil verilmişdir. 1986-cı ildə keçmiş əri X5 ailə daxili münasibətləri pozulduğuna görə birgə nikahlarına məhkəmə qaydasında xitam verilmişdir. Nikah dövründə əldə etdikləri Sumqayıt şəhəri, 11-ci mikrorayonda yerləşən 23 saylı binada 4 otaqdan ibarət 21 nömrəli mənzilin aralarında bölünməsi üçün məhkəməyə müraciət etmiş və məhkəmə qərarı ilə həmin mənzilin 12,7 kv.m sahəsi olan 2 otağı ona və iki övladına, digər 2 otaq isə cavabdehə verilmişdir. X5 1987-ci ildə X7 ilə nikaha girərək ailə qurmuşdur və ikinci ailəsi ilə qeyd edilən mənzilin ona aid olan 2 otağında yaşamışlar. X5 2008-ci ildə vəfat etdikdən sonra o, və keçmiş ərinin ikinci arvadı X7 ilə bir mənzildə yaşadıqlarına görə qarşılıqlı münasibətləri pozulmağa başlamış və həmin məzildəki ümumi istifadədə olan mətbəxdən, hamamdan, sanitar qovşaqdan birgə istifadə etməkləri mümkünsüz olmağa başlamışdır. O, vaxtdan indiyə kimi cavabdehlə münasibətləri gərginləşdiyi üçün dözülməz həddə çatmışdır. Bildirir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Resystri Xidmətinin Sumqayıt Ərazi İdarəisinin seriya RX № ******* Çıxarışı ilə Sumqayıt şəhəri, 11-ci mikrorayonda yerləşən bina 23, mənzil 21-dəki, sahəsi 25.0 kv.m olan 2 otaqdan ibarət olan yaşayış sahəsi üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alnmışdır. Cavabdeh X7 ilə ümumi paylı mülkiyyətdə olan Sumqayıt şəhəri, 11-ci mikrorayonda yerləşən bina 23, mənzil 21-dəki, sahəsi 25.0 kv.m olan 2 otaqdan ibarət olan payının naturada bölünməsi üçün Sumqayıt Şəhər Məhkəməsinə müraciət etsə də ona məxsus payın naturada bölünməsi təmir-tikinti ekspertizasının rəyi və buna uyğun məhkəmənin qərarı ilə mümkün olmadığına görə iddia tələbi rədd edilmişdir. Lakin məhkəmə qətnaməsində ümumi mülkiyyətdəki payının (mənzildə) naturada bölünməsi əvəzinə qanunvericiliklə həmin payın hərracdan satılması yolu ilə əldə edilən vəsaitdən ona məxsus payın dəyərində pul kompensasiyasının ona ödənilməsi bildirilmişdir. Bildirir ki, o, bir neçə dəfə cavabdehlə ümumi paylı mülkiyyətlərində olan qeyd etdikləri mənzildəki payının dəyərinin cavabdeh tərəfindən ona ödənilməsini təklif etsə də, o, buna razı olmamışdır. Beləliklə hesab edir ki, cavabdeh X7 ilə ümumi paylı mülkiyyətdə olan Sumqayıt şəhəri, 11-ci mikrorayonda yerləşən bina 23, mənzil 21-dəki, sahəsi 25.0 kv.m olan 2 otaqdan ibarət olan payının hərrac yolu ilə satılaraq əldə edilən pul vasitindən payına uyğun məbləğin ona verilməsi məhkəmənin qərarı ilə təmin edilməlidir. Göstərilənləri nəzərə alaraq, Cavabdeh ilə ümumi paylı mülkiyyətlərində olan Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 23, mənzil 21-i bazar qiymətlərinə uyğun olaraq hərrac vasitəsi ilə satılaraq əldə edilmiş pul vəsaitindən həmin mənzildə ona məxsus sahəsi 25.0 kv.m olan iki otaqdan ibarət olan payına mütənasib surətdə ona ödənilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. İddiaçı nümayəndəsi və vəkili Vəkil Əkbər oğlu məhkəmədə iştirak edən zaman iddiaçının izahatına uyğun izahat verərək iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh iddia tələbini qəbul etməyərək göstərdi ki, o, 35 ildirki o evdə gəlin kimi yaşayıb. Mənzil qaynatasına məxsus olub. Hazırda mənzilin satılmasını narazıdır. Əlavə olaraq, o, hazırda bacısının mənzilinin satılmasını gözlədiyini və mənzil satılan zaman əldə edilən məbləğdən iddiaçının mənzildən çıxması üçün tələb etdiyi civarda pul kompensasiyası ödəyəcəyini bildirərək, qətnamə çıxarılarkən göstərilənləri nəzərə alıb iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı, nümayəndəsi və vəkili Vəkil Əkbər oğlunu və Cavabdeh dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edib, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 04.07.2018-ci il tarixli, 2(060)-1049/2018 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Qiyas qızının cavabdehlər X7, X8, X9 və X3 qarşı “mənzilin naturada bölünməsi” tələbinə dair iddia tələbi rədd edilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, № ******* saylı “Çıxarış”ın surətindən görünür ki, Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 23, mənzil 21-in 2 otaqlı yaşayış sahəsi olan 25.0 kv.m sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “Çıxarış”ının surətindən görünür ki, Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 23, mənzil 21-in 2 otaqlı yaşayış sahəsi olan 34.6 kv.m sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh, 25.0 kv.m sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan 27.10.1982-ci il tarixli, №10/1204 saylı “Order”in surətindən görünür ki, Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 23, mənzil 21 order əsasında X1 verilmişdir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 30.12.2021-ci il tarixli “Mənzilin Qiymətləndirilməsi Barədə Hesabat”dan görünür ki, Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 23, mənzil 21-in 30.12.2021-ci il tarixə olan bazar dəyəri 80000 (səksən min) manat, likvid dəyəri 68000 (altmış səkkiz min) manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 17.06.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 23, mənzil 21-də qeydiyyatdadır. İş materiallarında olan AZE seriyalı, № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 23, mənzil 21-də qeydiyyatdadır. Məhkəmə iclasında müəyyən edildi ki, Sumqayıt Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 04.07.2018-ci il tarixli, 2(060)-1049/2018 saylı qətnaməsi ilə, İddiaçı Qiyas qızının cavabdehlər X7, X8, X9 və X3 qarşı “mənzilin naturada bölünməsi” tələbinə dair iddia tələbi rədd edilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o paylı mülkiyyətdə olan mübahisəli mənzilin naturada bölgüsünün aparılmasının qeyri-mümkün olmasının qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə təsdiq edilməsini nəzərə alaraq mənzilin açıq hərracdan satılmasını əldə edilmiş pul vəsaitindən həmin mənzildə ona məxsus sahəsi 25.0 kv.m olan iki otaqdan ibarət olan payına mütənasib surətdə ona ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Qeyd edilən Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. AR Mülki Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz.
2. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 04.04.2014-cü il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarında göstərilmişdir ki, «Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Məhkəmə qeyd edir ki, paylı mülkiyyətində olan Sumqayıt şəhəri, 11-ci mikrorayonda yerləşən bina 23, mənzil 21 tərəflərin paylarına uyğun olaraq naturada ayrılması mümkün olmadığından, həmin mənzilin açıq hərracdan satılması ilə bağlı tələb tam əsaslıdır. Məhkəmə tərəflərə bir-biriləri ilə aralarında şifahi olaraq kompensasiya və ya müəyyən pul məbləği qarşılığında hazırki iddia tələbi üzrə razılıq əldə edilməsi üçün vaxt versə də, tərəflər arasında heç bir kompensasiya ödənişi və mənzilin öz aralarında satılması barədə heç bir razılıq əldə edə bilməmişdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20.07.2020-ci il tarixli Qərardadı ilə müəyyən edilmişdir ki, ipoteka ilə bağlı iddia tələbləri üzrə qətnamə çıxarılarkən ipoteka predmetinin açıq hərracda satılması üçün likvid qiymət müəyyən edilir. Hazırki iddia tələbi sözügedən mənzil ipoteka predmeti olmadığından məhkəmə mənzilin ilkin satış qiymətini bazar qiyməti ilə müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Şərh edilənləri və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 30.12.2021-ci il tarixli “Mənzilin Qiymətləndirilməsi Barədə Hesabat”ını nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, Sumqayıt şəhəri, 11-ci mikrorayonda yerləşən ev 23, mənzil 21 açıq hərracdan satılmalı, həmin mənzilin bazar qiyməti 80000 (səksən min) manat məbləğində müəyyən edilməli, satışdan əldə olunmuş pul mülkiyyətçilər İddiaçı və Cavabdeh arasında paylarına uyğun bölüşdürülməli və iş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT E T D İ:
İddia təmin edilsin. Sumqayıt şəhəri, 11-ci mikrorayonda yerləşən ev 23, mənzil 21 açıq hərracdan satılsın və həmin mənzilin bazar qiyməti 80000 (səksən min) manat məbləğində müəyyən edilsin və satışdan əldə olunmuş pul mülkiyyətçilər İddiaçı və Cavabdeh arasında paylarına uyğun bölüşdürülsün. İş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı İddiaçı ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Rəşad Qoşqarlı