Məhkəmə qərarları › İş №2(060)-1101/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1101/2021

17.02.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1101/2021 17.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 İddiaçı nümayəndəsi və vəkili X5 və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və azyaşlı uşaqlarının 25.04.2009-cu il təvəllüdlü X2 və 01.10.2010-cu il təvəllüdlü X3 ünvan 1 ünvanına köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı nümayəndəsi və vəkili X8 iddia tələbini müdafiə edərək göstərdi ki, İddiaçı Cavabdeh ilə 30.10.2008-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Birgə nikahlarından iki övladları var: 25.04.2009-cu il təvəllüdlü X2 və 01.10.2010-cu il təvəllüdlü X6. İddiaçı ailə həyatı qurduqdan sonra cavabdehlə birlikdə Ağdaş rayonunda bir ay yaşamışlar. Ondan sonra tərəflər ünvan 2 ünvanına köçmüşlər. Həmin ev cavabdehə məxsusdur və qeyri- yaşayış sahəsidir. Tərəflər mənzilə köçərkən mənzil 1 otaqdan ibarət idi. Sonradan onlar orada yaşaya-yaşaya əlavə olaraq 2 otaq da tikmişlər. 2008-ci ilin noyabr ayından 2019-cu ilin noyabr ayına kimi iddiaçı cavabdehlə birlikdə həmin mənzildə yaşamışlar. Sumqayıt Şəhər Məhkəməsinin 11 iyun 2020-ci il tarixli qətnaməsi ilə aralarında olan rəsmi nikahın pozulması, birgə nikahlarından olan 25.04.2009-cu il təvəllüdlü X2 və 01.10.2010-cu il təvəllüdlü X3 iddiaçının yanında qalmasının müəyyən olunması və birgə nikahlarından olan 25.04.2009-cu il təvəllüdlü X2 və 01.10.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay bir uşaq üçün 160 manat olmaqla ümumilikdə iki uşağa görə 320 manat sabit pul məbləğində aliment tutulub iddiaçıya verilməsi qət edilmişdir. Hazırda cavabdeh iddiaçını və uşaqlarını həmin mənzildə yaşamağa qoymur. Ona görə də iddiaçı hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Mübahisəli mənzilə əlavə olaraq artırılmış 2 otağın tikilməsində iddiaçı 2000 ABŞ dolları məbləğində pul xərcləmişdir. Belə ki, qardaşı X4 yol Bank vasitəsilə iddiaçıya 2000 ABŞ dolları məbləğində pul göndərmişdir. İddiaçı da həmin pul vəsaitini evin tikintisi üçün xərcləmişdir. Lakin bütün bunlara baxmayaraq cababdeh iddiaçıya və övladlarını həmin evdə yaşamağa qoymur. Mənzil qeyri-yaşayış sahəsi olsa da, mənzildə yaşayış üçün hər bir şərait var. Halhazırda iddiaçının bütün cehiz əmakları da həmin mənzildədir. Hazırda cavabdeh həmin mənzildə yaşayır. Göstərilənləri nəzərə alaraq, iddiaçı və azyaşlı uşaqlarının 25.04.2009-cu il təvəllüdlü X2 və 01.10.2010-cu il təvəllüdlü X3 ünvan 1 ünvanına köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Cavabdeh iddia tələbini qəbul edərək göstərdi ki, iddiaçı onun keçmiş həyat yoldaşıdır. Hazırda iddiaçının mənzilə köçürülməsinə etiraz etmədiyini bildirirərək bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə İddiaçı nümayəndəsi və vəkili X5 və Cavabdeh izahatlarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 5 saylı Mənzil Kommunal Sahəsinin 26.10.2020-ci il tarixli, “2 N-li forma” arayışından müəyyən edilir ki, ünvan 1-in sahibi Cavabdehdur. İş materiallarında olan, AZ-İİ № 289593 saylı, 25.04.2009-cu il tarixli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X2 25.04.2009-cu il tarixdə Sumqayıt şəhərində anadan olub və bu barədə doğum haqqında akt qeydləri kitabında 2523 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan, AZ-İİ № 650850 saylı, 08.04.2011-ci il tarixli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X6 01.10.2010-cu il tarixdə Ağdaş rayonunda anadan olub və bu barədə doğum haqqında akt qeydləri kitabında 1708 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-618/2020 saylı, 11.06.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilərək, Cavabdeh ilə İddiaçı arasında olan Ağdaş rayon qeydiyyat şöbəsində 30 oktyabr 2008ci il tarixdə bağlanmış və 154 nömrə ilə qeyd edilmiş nikah pozulmalı, tərəflərin birgə nikahlarından olan yetkinlik yaşına çatmamış 25.04.2009-cu il təvəllüdlü X2 və 01.10.2010-cu il təvəllüdlü X3 anaları- İddiaçı himayəsinə verilmələri və Cavabdeh 25.04.2009-cu il təvəllüdlü X2 və 01.10.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 160 (bir yüz altmış) manat olmaqla, ümumilikdə 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində alimentin 06.11.2019-cu il tarixdən başlayaraq tutulub İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, № ******* saylı “çıxarış”ın surətindən görünür ki, Sumqayıt şəhəri, 1-ci mikrorayon, C.Cabbarlı küçəsi, b.12/23, s.1 xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 7 nömrəli reyestr kitabının 66 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Cavabdeh 17.02.2021-ci il tarixli ərizəsindən görünür ki, ona qarşı verilmiş iddia tələbini qəbul edir və İddiaçı onun mənzilinə köçürülməsinə etiraz etmir. Hazırda iddiaçı mübahisəli mənzilə köçürülməsi barədə tələb irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinin tələblərinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2000-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən istifadə ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı olan mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2 maddələrinə uyğun, bu tarixə qədər yaranmış hüquq münasibətləri ilə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Tərəflər arasında mübahisəli hüquq münasibətlərinin 2008-ci ildən yarandığını, yəni iddiaçının mübahisəli evə cavabdeh ilə 2008-ci ildə rəsmi nikaha daxil olmaqla, həmin ildə qeyd olunan mənzilə köçdüyünü nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı mübahisəli mənzilə köçmək hüququnun olub-olmadığını 01 oktyabr 2009-cu il tarixdən sonra qüvvədə olan Mənzil Məcəlləsinin müddəalarına uyğun müəyyən edilməlidir. Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarını nəzərə alaraq İddiaçı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən mübahisəli yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslərə aid olmadığı üçün onun həmin mənzildən istifadə hüququnun olmaması nəticəsinə gəlir. Yaşayış yeri və olduğu yer haqqında Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin-müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 228.5-ci maddəsində isə təsbit olunmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Həmin qərarda Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mülkiyyətçinin ailə üzvlərinin vəziyyəti ilə bağlı MM-in 228.5-ci maddəsindəki qaydanın əks olunması Konstitusiyanın 17-ci maddəsinin İİ hissəsindən və 34-cü maddəsinin İV və V hissələrindən, eləcə də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.3-cü maddəsindən və MM-in 27.2-ci maddəsindən irəli gəlir. Göstərilən normaların müddəaları ilə digər məsələlərlə yanaşı ər ilə arvadın hüquqlarının bərabər olması, uşaqlara qayğının göstərilməsinin, onları tərbiyə edilməsinin valideynlərin həm hüququ, həm də borcunun olması, valideynlərə hörmət edilməsinin, onların qayğısına qalmasının isə uşaqların borcunun olması, eləcə də ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu hüquqların məhkəmədə müdafiəsi, on dörd yaşına çatmamış şəxslərin yaşayış yerinin valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yerinin olması təsbit olunmuşdur. Beləliklə, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Qeyd olunan qərarda göstərilmişdir ki, Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Qeyd olunanları və cavabdehin iddiaçının mənzilə köçürülməsinə etiraz etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, İddiaçı və azyaşlı uşaqları 25.04.2009-cu il təvəllüdlü X2 və 01.10.2010-cu il təvəllüdlü X6 ilə birlikdə ünvan 1 ünvanına köçürülməli və iş üzrə ödənilmiş 10 (on) manat dövlət Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı və azyaşlı uşaqları 25.04.2009-cu il təvəllüdlü X2 və 01.10.2010-cu il təvəllüdlü X6 ilə birlikdə ünvan 1 ünvanına köçürülsünlər. İş üzrə ödənilmiş 10 (on) manat dövlət Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar