Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1102/2021 30.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi Məmmədov Rəsul Yasər oğlunun katibliyi, İddiaçı, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı əmək müqaviləsi bildirişinin ləğv edilməsi tələbinə dair mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Sumqayıt regional ərazi şöbəsi) iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsinə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2018-ci il tarixdə hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxs Cavabdeh ilə əmək müqaviləsi bağlayaraq briqadir vəzifəsində çalışmışdır. 1 ay işlədikdən sonra ərizə yazaraq işdən azad olunmasını xahiş etmişdir. Əmək müqaviləsinə xitam bildirişinin elektron informasiya sisteminə daxil daxil edilməsi üçün üçüncü şəxsə ərizə ilə müraciət etsə də, üçüncü şəxs ona cavabdehin ölkə xaricində olması səbəbindən bu müraciətdən imtina etmiş və məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Həmin bildirişin ləğv edilməməsi səbəbindən iddiaçı başqa işə götürənlə əmək müqaviləsi bağlaya bilmir. İddiaçı məhkəmə iclasında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək onunla cavabdeh arasında bağlanmış əmək müqaviləsinə dair elektron sistemdə qeydə alınmış əmək müqaviləsi bildirişinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, cavabdehlə bağladıqları əmək müqavilsiənin müddəti bitmiş, lakin müqaviləyə xitam verilməmişdir. Cavabdeh hazırda Rusiya federasiyasının Krım şəhərindədir. Əmək kitabçasını ala bilmədiyi üçün başqa yerdə işə düzələ bilmir. 2018-ci ilin aprel-may aylarında briqadir vəzifəsində çalışmış, lakin cavabdeh tərəfindən əmək haqqları verilmədiyi üçün işdən çıxmışdır. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında izahat verən müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi bildirdi ki, Əmək Məcəlləsinin 49-cu maddəsinə əsasən işçinin işə qəbulu, müqaviləyə xitam verilməsi və s. hüquqlar işəgötürənin səlahiyyətindədir. İşə götürən elektron sistemdə elektron imza ilə işçini işə götürdükdən sonra bu barədə işçiyə elektron məktub göndərilir. Bununla bağlı digər dəyişikliklər də işəgötürənin səlahiyyətindədir. Yəni, həmin bildirişi yalnız işə götürən ləğv edə bilər. Hazırda onda olan məlumata görə işəgötürən ölkə xaricindədir. Ölkə xaricində olan şəxsin elektron kabinetə daxil olaraq bildirişi ləğv etməsinin mümkün olub-olmaması barədə onda məlumat yoxdur. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1985-ci ildə anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh xx.xx.1980-ci ildə ,Gədəbəy rayonu, Maarif kəndində anadan olmuşdur. O, hazırda ünvan 3 ünvanında qeydiyyatdadır. Əmək müqaviləsinin bağlanması ilə bağlı xxxxxxx000100 saylı əmək müqaviləsi bildirişindən və onun qeydiyyata alınmasına dair məlumatdan görünür ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2018-ci il tarixində əmək müqaviləsi bağlanmışdır. Həmin əmək müqaviləsinə əsasən cavabeh iddiaçını tikinti sahəsində briqadir vəzifəsinə işə qəbul etmişdir. Əmək müqaviləsi müddətli (xx.xx.2020-ci il tarixinədək) bağlanmışdır. Üçüncü şəxsin xx.xx.2020-ci il tarixli, **********5 saylı məktubunda iddiaçının cavabdehlə bağlanmış əmək müqaviləsinə elektron informasiya sistemində xitam verilməsi ilə bağlı müraciətindən imtina edildiyi göstərilmiş və ona məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə (bundan sonra - Əmək Məcəlləsi) əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz (42.1). Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir (42.2). Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır (45.1). Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir (45.2.). Əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır (68.2 b). Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur (73.1). İşin müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında xx.xx.2018-ci il tarixində müddətli əmək müqaviləsi hağlanmış və müqavilənin qüvvədə olma müddəti xx.xx.2020-ci il tarixində bitmişdir. Lakin, tərəflər arasında həmin vaxt əmək münasibətləri mövcud olmamışdır. Yəni, tərəflər arasında bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmək Məcəlləsində həmçinin göstərilmişdir ki, əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir (5-1.). Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır (7.2.). Əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biridir (12.1 h). İşdən göründüyü kimi tərəflər arasında bağlanmış əmək müqaviləsi barədə müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində bildiriş qeydə alınmışdır. Əmək müqaviləsinə faktiki olaraq xitam verilməsinə baxmayaraq cavabdeh elektron informasiya sistemində qeydə alınmış əmək müqaviləsinin bağlanması barədə bildirişi ləğv etməmişdir. Bu isə iddiaçının hüquqlarının məhdudlaşmasına səbəb olmuşdur. Bu səbəbdən iddia təmin edilməli və tərəflər arasında bağlanmış əmək müqaviləsinə dair elektron sistemdə qeydə alınmış əmək müqaviləsi bildirişi ləğv edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə dair elektron sistemdə qeydə alınmış əmək müqaviləsi bildirişi ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-1102/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1102/2021
30.03.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver