Məhkəmə qərarları › İş №2(060)-1102/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-1102/2022

14.01.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-1102/2022 14.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızı, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Arxivinin Sumqayıt filialına qarşı “əmək stajının müəyyən edilməsinə dair” ərizəsini və əlavə edilmiş sənədlərin mümkünlüyünü məhkəmə iclasından kənar qaydada yoxlayıb müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Arxivinin Sumqayıt filialına qarşı “əmək stajının müəyyən edilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək onun təqaüd hüququnun təmin edilməsində 9 illik əmək fəailyyətinin sosial sığorta stajı hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə məhkəmə qaydasında baxılmalı olmadığından ərizəni qəbul etməkdən imtina olunmalıdır. Belə ki, «X1» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması Qaydalarının 2.5-cü bəndinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığorta olunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 13.2-ci bəndinə əsasən, əmək stajını təsdiq edən sənədlər ( əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Ərizəyə əlavə edilmiş İT-İ seriyalı 28720 saylı əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 01.08.1995-ci il tarixdə Mərkəzi Təmir İdarəsinə fəhlə qəbul edilmiş, 27.12.2004-cü il tarixdə işdən azad edilmişdir. Göründüyü kimi iddiaçının sosial sığorta stajına hesablanmasını tələb etdiyi iş stajı müddəti əmək kitabçası ilə təsdiq olunur. Qeyd olunan Plenur Qərarının 13.3-cü bəndində göstərilmişdir ki, əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir. Şərh olunanlara əsasən hesab edirəm ki, yoxlanılan iddia ərizəsinə ümumi məhkəmə icraatı qaydasında baxılmalı olmadığından ərizəni qəbul etməkdən imtina edilməli, iddiaçı mübahisələndirdiyi sosial sığorta stajının həlli ilə bağlı müvafiq səlahiyyətli orqana (DSMF orqanları) müraciət etməli, həmin qeydin aparılmasından imtina edildikdə isə iddiaçı həmin orqana qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim ərizənin yolverilməzliyinə görə ərizəni qəbul etməkdən imtina edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153, 263-264, 268-cı maddələrinə rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Arxivinin Sumqayıt filialına qarşı “əmək stajının müəyyən edilməsinə dair” ərizəsinin qəbul edilməsindən iddianın yolverilməzliyinə görə imtina olunsun. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar