Məhkəmə qərarları › İş №2(060)-111/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-111/2025

07.05.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-111/2025 07.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, İddiaçı nümayəndəsi X2, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "zəbt edilmiş torpaq sahəsinin boşaldılması tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı "zəbt edilmiş torpaq sahəsinin boşaldılması tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə 2021-ci ildə Sumqayıt şəhəri, Saray bağlar massivi, ev 4481B saylı bağ sahəsinin dəyərini X6 ödəməklə sonuncudan almışdır. Lakin müəyyən səbəblərə görə bağ sahəsini alandan dərhal sonra onu sənədləşdirməmişdir. Yaxın günlərdə iddiaçı aldığı bağ sahəsini sənədləşdirərək adına çıxarış almaq üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin ərazi idarəsinə müraciət etmişdir. Oradan mütəxəssislər gəlib iddiaçının torpaq sahəsinə baxdıqda bildirdilər ki, aldığı torpaq sahəsinin faktiki koordinatları həqiqətən 5 sot qeyd olunub, lakin mövcud vəziyyətdə torpaq sahəsinin 1 sotu qonşuluqda yaşayan Cavabdeh tərəfindən zəbt olunmuşdur. Lakin həmin vaxt torpaq sahəsini aldığı şəxs X4 həbs olunduğu üçün, həyat yoldaşı E.Dadaşovun özünün azadlığa çıxdıqdan sonra Cavabdehlə danışıb torpaq sahəsini boşaltdırıb ona təhvil verməsini gözləmişdir. Bu səbəbdən də iddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin ərazi idarəsindən torpaq sahəsinin faktiki vəziyyətdə iddiaçının adına sənədləşdirilməsini xahiş etmişdir. Bununla əlaqədar iddiaçı torpaq sahəsinə dair 2021-ci ilin noyabrın 17- də öz adına mülkiyyət hüququ əldə etmişdir. Daha sonra Elşad Dadaşov azadlığa çıxandan sonra həyat yoldaşı ondan aldıqları torpaq sahəsinin 1 sotunun Cavabdeh tərəfindən zəbt edildiyini və həmin ərazinin boşaldılmasının ondan tələb etməsini xahiş etmişdir. Elşad Dadaşov bir neçə dəfə Cavabdeh torpaq sahəsinin boşaldılaraq geri qaytarılmasını tələb etsə də, o bundan imtina etmişdir. Göstərilənlərə əsasən Cavabdeh tərəfindən iddiaçıya məxsus Sumqayıt şəhəri, Saray bağlar massivi, ev 4481B saylı bağ sahəsinin zəbt edilmiş 1 sotunun cavabdehin hesabına boşaldılaraq iddiaçıya təhvil verilməsi, cavabdehin zəbt edilmiş 1 sot torpaq sahəsindən çıxarılması, torpaq sahəsindən istifadəsinə cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, həmçinin ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiçaıya ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X7 oğlu izahat verərək bildirmişdir ki, iddia tələbini müdafiə edir və mülkiyyətində olan 1 sot torpaq sahəsi cavabdeh tərəfindən zəbt edilmişdir. 3 dəfə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin əməkdaşları baxış keçirmək üçün yaxınlaşmışlar. Cavabdeh “ASAN xidmət” mərkəzinə müraciət etmiş və daha sonra Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin əməkdaşlarının iştirakını təmin etmişdir. Əməkdaşlar ölçüm işlərini həyata keçirmişlər və cavabdehə iddiaçının torpaq sahəsini zəbt etdiyini bildirmişlər. Həmin torpaq sahəsini 2020-ci il tarixdə etibarnamə ilə almışdır. 2021-ci il tarixdə isə həbsdə olan zaman torpaq sahəsi həyat yoldaşının adına qeydiyyatdan keçirilmişdir. Həmin vaxt bildirilmişdir ki, aldıqları torpaq sahəsi 5 sot olsa da, iddiaçı 4 sot torpaq sahəsində yaşayır. İddiaçı amnistiya tətbiq edilməklə azadlığa çıxmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin əməkdaşlarını 3 dəfə torpaq sahəsinə baxış keçirilməsi üçün dəvət etmişlər. Hətta cavabdeh də əməkdaşlar dəvət etmişdir. Onun 1 sot torpaq sahəsini zəbt etməsi sübut edildi. Belə ki, iddiaçıya məxsus 1 sot torpaq sahəsi cavabdehin həyətinin, köhnə hamamın içərisindən keçir. Cavabdehdən sadəcə özünə məxsus torpaq sahəsini tələb edir. Cavabdeh öz həyətindən torpaq sahəsi verməyi təklif etdi. Lakin, cavabdehin torpaq sahəsini istəmir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsində də bu hallar sübut edilmişdir. Cavabdehdən torpaq sahəsini qaytarmağı istəyir. Bəli, 5 sot torpaq sahəsi var, lakin 4 sot torpaq sahəsində yaşayırlar. Hasarı cavabdeh çəkmişdir. İddiaçı torpaq sahəsini Elşad Dadaşovdan almışdır.

4. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirmişdir ki, onların bağını atası 1962-ci il tarixdə almışdır. Hələ cavabdeh dünyaya gəlmədən atası orada ev inşa etmişdir. Atası 2010-cu il tarixində böyük qardaşının oğluna 5 sot torpaq sahəsi vermişdir. Həmin ildə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin əməkdaşları torpaq sahəsinin ölçülərini götürmüşlər və sənədləşmə işlərini həyata keçirmişlər. Qardaşı oğlu atasına hamam və sanitar qovşağı inşa etmək istədiyini, quyu olan hissədən tikməməyi bildirmişdir. Atası tikinti işlərini onların həyətində davam etməsini qeyd etmişdir. Ölçülərdən qırağa çıxdıqlarını etiraf edir. Qardaşı oğlu onların həyətlərində tikinti işlərini həyata keçirdi, lakin ortada heç bir hasar yox idi. Daha sonra Suriyaya getmişdir. Torpaq sahəsini etibarnamə ilə qaynına vermiş, qayını isə Elşad adlı şəxsə vermişdir. Elşad hasar çəkməyi bildirdi. Cavabdeh hamam və sanitar qovşağın sənəddə qeyd olunmadığını bildirmişdir. Onun istədiyi təqdirdə sənəd və ölçülərlə çəkə biləcəklərini qeyd etmişdir. Onun yerinin dar olacağını, cavabdehin torpaq sahəsinin yuxarı hissəsinə daxil ola biləcəyini qeyd etmişdir. Bilməyərəkdən iddiaçının torpaq sahəsinə daxil olmuşdur. İddiaçının həyətinə 4 sot yarım torpaq sahəsi daxildir. Torpaq sahəsinin yuxarı hissəsindən 50 kv.metr zəbt edildiyini danmır. Hasar sənədsiz şəkildə inşa edildiyi üçün hasarın inşasını tez başa çatdırmışdır.

5. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

6. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X5 Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş Çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Saray Bağlar massivi, ev 4481B ərazisində yerləşən 70.7 kv.m torpaq sahəsi İddiaçı xüsusi mülkiyyəti kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə daşınmaz əmlakın dövlət reyestrində 8 nömrəli reyestr kitabının 135 nömrəli vərəqində xx.xx.2021-ci il tarixdə ********** nömrə ilə qeydiyyat aparılmışdır.

7. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X5 daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş RX seriyalı ******* saylı Çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Saray Bağlar massivi, ev 4481A ərazisində yerləşən 0,08 ha torpaq sahəsi Cavabdeh adına xüsusi mülkiyyət üzrə hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə xx.xx.2013-cü il tarixdə 14 saylı reyestr kitabının 76 nömrəli vərəqində ********** nömrə ilə qeydiyyat aparılmışdır.

8. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/6017 saylı ekspert rəyinə əsasən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-31/2-185/2025 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, X3 mülkiyyətinə verilmiş 0,05 ha torpaq sahəsinin faktiki olaraq 0,04175 ha, yəni 82,5 kv.m (təqribən 83 kv.m) az olduğu müəyyən edildi. Mütəxəssis rəyinə və baxış zamanı əldə olunmuş məlumatlara əsasən qeyd olunur ki, İddiaçı mülkiyyətinə verilmiş 0,05 ha torpaq sahəsinin 82,5 kv.m (təqribən 83 kv.m) hissəsinin Cavabdeh tərəfindən istifadə olunduğu müəyyən edilmişdir. Cavabdeh tərəfindən istifadə olunan həmin sahənin faktiki olaraq X3 mülkiyyətinə verilmiş 0,05 ha torpaq sahəsindən təcrid şəkildə ayrıldığı müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir.

b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

9. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

10. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

11. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir.

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

13. Göstərilən Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

14. Qeyd olunan Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

15. Eyni Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1.-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

18. Həmin Məcəllənin 157.4-ci maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

19. Həmçinin, Mülki Məcəllənin 157.5-ci maddəsinə əsasən mülkiyyətci özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa, vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.

20. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: - 50.1-ci maddəsinə əsasən torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Torpağın istifadəyə verilməsinə görə torpaq vergisindən başqa haqq alınmır. - 56.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. - 67.4-cü maddəsinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. - 84.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. - 103.1-ci maddəsinə əsasən Torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. - 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.

21. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh Sumqayıt şəhəri, Saray Bağlar massivi, ev 4481A ərazisində yerləşən 0,08 ha torpaq sahəsinin, İddiaçı isə Sumqayıt şəhəri, Saray Bağlar massivi, ev 4481B ərazisində yerləşən 70.7 kv.m torpaq sahəsinin mülkiyyətçisidirlər. Cavabdeh İddiaçı məxsus torpaq sahəsinin 82,5 kv.m hissəsini zəbt etmiş və öz sahəsinə qatmışdır.

22. Məhkəmə qeyd edir ki, mübahisəli torpaq sahəsi cavabdehin istifadəsindədir. İddiaçının həmin torpaq sahəsi üzərində istifadə hüquqlarını həyata keçirə bilməməsi hüquqlarının pozulmasına səbəb olur.

23. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ona məxsus bağ sahəsinin 1 sot hissəsinin zəbt edildiyini bildirsə də, iş materiallarından göründüyü kimi ekspert rəyində İddiaçı mülkiyyətinə verilmiş 0,05 ha torpaq sahəsinin 82,5 kv.m (təqribən 83 kv.m) hissəsinin Cavabdeh tərəfindən istifadə olunduğu müəyyən edilmişdir

24. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı məxsus Sumqayıt şəhəri, Saray Bağlar massivi, ev 4481B saylı bağ sahəsinin zəbt edilmiş 82,5 kv.m sahəsi boşaldılaraq İddiaçı təhvil verilməli, Cavabdeh zəbt edilmiş torpaq sahəsindən çıxarılmalı və tərəfindən yaradılmış maneələr aradan qaldırılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

27. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

30. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

32. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Cavabdeh tutulub Az.MEM, VÖEN **********, AZ34CTRE******************** X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülməlidir.

Nəticə hissəsi:

33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus Sumqayıt şəhəri, Saray Bağlar massivi, ev 4481B saylı bağ sahəsinin zəbt edilmiş 82,5 kv.m sahəsi (torpaq sahəsinin koordinatları-D.N.N (döngə nöqtəsinin nömrəsi) -1, X-393405.99, Y-4487891.29, döngə nöqtəsi 1-2, məsafə 4,8 metr; D.N.N - 2, X-393406.05, Y-4487896.12, döngə nöqtəsi 2-3, məsafə 4,4 metr; D.N.N -3, X-393402.08, Y- 4487897.98, döngə nöqtəsi 3-4, məsafə 5,4 metr; D.N.N -4, X-393400.38, Y-4487892.85, döngə nöqtəsi 4-5, məsafə 1,5 metr; D.N.N -5, X-393399.90, Y-4487891.42, döngə nöqtəsi 5-6, məsafə 2,1 metr; D.N.N -6, X-393397.81, Y-4487891.69, döngə nöqtəsi 6-7, məsafə 4,0 metr; D.N.N -7, X- 393393.81, Y-4487892.21, döngə nöqtəsi 7-8, məsafə 3,3 metr; D.N.N -8, X-393390.54, Y- 4487892.13, döngə nöqtəsi 8-9, məsafə 7,1 metr; D.N.N -9, X-393384.07, Y-4487889.29, döngə nöqtəsi 9-10, məsafə 2,6 metr; D.N.N -10, X-393384.67, Y-4487886.78, döngə nöqtəsi 10-1, məsafə 21,8 metr) boşaldılaraq İddiaçı təhvil verilsin. Cavabdeh zəbt edilmiş torpaq sahəsindən çıxarılsın və tərəfindən yaradılmış maneələr aradan qaldırılsın. Cavabdeh ödənilmiş 100 (bir yüz manat) dövlət rüsmunun əvəzi alıaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Cavabdeh tutulub Az.MEM, VÖEN **********, AZ34CTRE******************** X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar