Məhkəmə qərarları › İş №2(060)-1114/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1114/2022

10.03.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1114/2022 10.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 1 ünvanında yerləşən, 41 saylı mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 41 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Qeyd edilən mənzil 05.11.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən tam mülkiyyət hüququ üzrə onun adına dövlət qeydiyyatına alınmışdır. Mənzilə dair 06.11.2017-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış vardır. Bildirir ki, sözügedən mənzili ona satan şəxs X2 mənzili ona satdıqdan sonra faktiki olaraq mənzili tərk etmiş, alqı-satqı müqaviləsi bağlanarkən həmin mənzildə qeydiyyatda olan digər şəxslər burada qeydiyyatda qalmışdır. Hal-hazırda mənzildə qeydiyyatda qalmış şəxslər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 harada yaşamaları haqqında məlumatı yoxdur. Cavabdehlərin günahı üzündən mənzil üzərindəki sahib olmaq, istifadə etmək və sərəncam vermək hüquqlarını tam həyata keçirə bilmir. 05.11.2017-ci il tarixli alqı-satqı müqaviləsinin 8-ci bəndinə əsasən satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürür. Lakin, mənzili ona satan şəxs qeyd olunan öhdəliyi yerinə yetirməmişdir. Bunları nəzərə alaraq, iddiaçı iddia tələbinin təmin edilməsini, cavabdehin mülkiyyətində olan mənzilinə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məlum olan axırıncı yaşayış yeri üzrə ünvanına məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilsə də, bildirişin üzərinə Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalı Birliyinin 14 saylı Mənzil Kommunal Sahəsi tərəfindən onların həmin ünvanda yaşamaması barədə qeyd yazılaraq, bildirişlər məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İşdə olan RX seriyalı 11692664 saylı çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən, 41 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına 241 nömrəli reyestr kitabının 91 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə 06.11.2017-ci il tarixdə qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli 30.06.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 1 ünvanında yerləşən, 41 saylı mənzildə qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş 05 noyabr 2017-ci il tarixli AN-İ seriyalı ******* saylı alqısatqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən, 41 saylı mənzili 55000 (əlli beş min) manata X1 almışdır. Həmin müqavilənin 13-cü bəndinə görə satıcı 05.12.2017-ci il tarixədək satdığı evdən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Göründüyü kimi, İddiaçı adına ünvan 1 ünvanında yerləşən, 41 saylı mənzilinə dair hüquqların dövlət qeydiyyatı haqqında çıxarış verilməklə, o həmin evə mülkiyyət hüququ əldə etmişdir. Mənzilin əvvəlki ev sahibi və ailə üzvləri evi boşaldaraq mənzili İddiaçı təhvil vermiş, özlərinə isə başqa bir yaşayış yeri seçmişlər. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzilə istifadə hüququnun qalması İddiaçı göstərilən mənzillə bağlı mülkiyyət hüququnun həyata keçirilməsinə maneə yaradır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinin tələblərinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın 33-cü maddəsinin tələbinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-mülkiyyətçinin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqlamüəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri , sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Həmin Qanunun 9-cu maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Belə məlumat olmadıqda isə, yaşayış yerini dəyişmiş şəxs məhkəmə qətnaməsi ilə yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. Belə olan halda, məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 1 ünvanında yerləşən, 41 saylı mənzildən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır (217.4). Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 2 ünvanında yerləşən, 41 saylı mənzildən (Yeni qaydalarla: Sumqayıt şəhəri, Sərvər Bədəlbəyli küçəsi, 93, M4, m2) istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar