Məhkəmə qərarları › İş №2(060)-1121/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1121/2021

09.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1121/2021 09.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı «mənzildən istifadə hüququna xitam verilməsi tələbinə» dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə» dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh Sumqayıt şəhəri, 10 mkr., 8 saylı evin, 55 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini onunla əsaslandırdı ki, Sumqayıt şəhəri 10-cu mikrorayon ünvanında yerləşən, 8 saylı evin, 55-ci mənzili mülkiyyət hüququ ilə ona məxsusdur. Sözügedən mənzili xx xxxx 1996-cı ildə “Müqavilə” əsasında Xəlilov Xəlil Cəmil oğlundan almışdır. Həmin mənzilə görə ona Azərbaycan Respublikası Tikinti və Arxitektura Komitəsi Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.1996-cı ildə qeydiyyat vəsiqəsi verilmişdir. Cavabdeh mənzilin keçmiş mülkiyyətçisinin oğludur. Cavabdehin mənzilində qeydiyyatda olması mənzil üzərində hüququnun həyata keçirilməsinə mane olur, əlavə xərclər çəkilməsinə səbəb olur. Cavabdehin qeydiyyatı formal xarakter daşıyır. Qeyd olunanlara əsasən iddianın təmin olunması məhkəmədən xahiş edir. Cavabdehin qeydiyyatda olduğu ünvan üzrə məhkəmə bildirişi göndərilmiş, lakin onun faktiki olduğu yer məlum olmadığından məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx xxxx 1996-cı il tarixli müqavilənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Xəlilov Xəlil Cəmil oğlu Sumqayıt şəhəri, 10 mkr., 8 saylı evin, 55 saylı mənzilini İddiaçı satmışdır. İş materiallarında olan qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, 10 mkr., 8 saylı evin, 55 saylı mənzili İddiaçı adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan ******* nömrəli, xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Sumqayıt şəhəri, 10 mkr., 8 saylı evin, 55 saylı mənzilində rəsmi olaraq qeydiyyatdadırlar. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.1. maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Eyni zamanda, həmin Məcəllənin 203.1. maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Beləliklə, işin məhkəmə iclasında araşdırılan hallarına və tədqiq edilən sənədlərə əsasən İddiaçı Sumqayıt şəhəri, 10 mkr., 8 saylı evin, 55 saylı mənzilini alqı-satqı müqaviləsi əsasında əldə etmiş, buna baxmayaraq, Cavabdeh həmin mənzildə rəsmi olaraq qeydiyyatda qalması iddiaçının mülkiyyət hüquqlarını lazımi şəkildə həyata keçirməsinə maneçilik törədərək iddiaçının bu hüququndan tam istifadə etmək imkanını məhdudlaşdırmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsinin mənasından görünür ki, əgər mülkiyyətə maneələr mülkiyyətdən məhrum etmədən törədilərsə, mülkiyyətçi bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulması məhkəmə vasitəsilə tələb oluna bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Sumqayıt şəhəri, 10 mkr., 8 saylı evin, 55 saylı mənzilinə olan istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar