Məhkəmə qərarları › İş №2(060)-1143/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1143/2021

16.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1143/2021 16.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçı İddiaçı Sadiq qızının iştirakı ilə, İddiaçı Sadiq qızının Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Sadiq qızı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus Sumqayıt şəhəri, 4-cü mkr, ev 31, 120 saylı mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 120 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Belə ki, o, həmin mənzili xx xxxxxxxx 2019-cu il tarixdə mənzilin əvvəlki mülkiyyəçisi X2 AN-SH ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə almışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən sözü gedən mənzil xx.xx.2020-ci ildən tam payda onun mülkiyyətindədir. Cavabdeh mənzilin əvvəlki mülkiyyətçisinin qızıdır. Cavabdeh daimi yaşamaq üçün Türkiyə Respublikasına getmiş, 2006-cı ildən sözü gedən mənzildə yaşamır. Lakin formal olaraq mənzilin pasport qeydiyyatında qalır. Bu fakt iddia ərizəsinə əlavə etdiyi qonşuların iştirakı ilə tərtib edilərək Sumqayıt şəhər icra hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat istehsalat Birliyinin 12 saylı Mənzil Kommunal Sahəsi tərəfindən təsdiq edilmiş aktla da öz təsdiqini tapır. Bundan əlavə mənzilin alqı-satqısı zamanı cavabdehin qeydiyyatda olması barədə onun heç bir məlumatı olmamışdır. Belə ki, Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Sumqayıt “ASAN xidmət” mərkəzi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa əsasən cavabdehin sözü gedən mənzildə qeydiyyatda olmasına dair hər hansı bir məlumat göstərilməmişdir. Ümumiyyətlə cavabdehin onun vicdanlı alıcı olaraq dəyərini ödəyərək aldığı mənzildə qeydiyyatda olması barədə Cavabdeh ona qarşı “mənzilə köçürürülmə” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etdikdən sonra məlumatı olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh ona qarşı “mənzilə köçürürlmə” tələbinə dair iddia ərizəsi əsassız hesab edilərək təmin edilməmişdir. Göründüyü kimi məhkəmə bu məsələyə obyektiv yanaşaraq onun vicdanlı alıcı olaraq haqlı olduğunu, Cavabdeh iddia tələbinin isə əsassız olduğunu müəyyən edərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul etmişdir. O sözügedən mənzili evin keçmiş sahibəsi-Cavabdeh anası X2 dəyərini tam ödəməklə satın almışdır. Hesab edir ki, cavabdehin həmin mənzilə yaşayış-istifadə hüququ itirilmiş hesab edilməlidir. Çünki, cavabdehin həmin mənzilə qeydiyyatı formal xarakter daşıyır və bu isə, öz növbəsində onun mülkiyyət hüququna əsassız müdaxilə təşkil edir, o, cavabdehə görə adambaşına hesaba alınan kommunal xidmət haqları ödəməli olur. İddiaçı məhkəmə iclasında iddiaçı tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Mülki iş materiallarında olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Elektron Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, 4-cü mkr, ev 31, 120 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı Sadiq qızının adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə qeydə alınmışdır. AN-İ seriyalı, ******* saylı, xx xxxxxxxx 2019-cu il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, X3 özünə məxsus Sumqayıt şəhəri, 4cü mkr, ev 31, 120 saylı mənzili alıcı İddiaçı Sadiq qızınun mülkiyyətinə vermişdir. Sumqayıt şəhəri İcra Hakimiyyəti MKTİB-nin 12 saylı MKS-nin xx.xx.2020-ci il tarixli 2 nömrəli forma arayışından görünür ki, keçmiş sakin Rzayeva X1 şəhəri, 4-cü mkr, ev 31, 120 saylı mənzildə qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 146.1-ci maddəsin əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsindəəqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrli qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına dair Protokolun (qeyri-rəsmi 1 saylı Protokol) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, keçmiş mülkiyyətçinin adına qeyd olunan mənzilin dövlət reyestrində qeydiyyat yazısı ləğv edilmiş və həmin mənzil dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmışdır. Keçmiş mülkiyyətçi ailə üzvləri ilə birlikdə köçüb başqa yaşayış yerinə getmiş, lakin cavabdeh mənzildən qeydiyyatdan çıxmamışdır. Mənzildə cavabdehə məxsus hər-hansı əmlak yoxdur. Cavabdeh qeyd olunan mənzildən qeydiyyatdan çıxmamaqla iddiaçının öz mülkiyyəti üzərində sərəncam vermək hüquqlarını, öz mülkiyyətindən maneəsiz istifadə hüququnu məhdudlaşdırır. Cavabdehin həmin ünvanda qeydiyyatı formal xarakter daşıyır. Cavabdehin mənzildən qeydiyyatdan çıxarılması üçün mənzildən istifadə hüququna məhkəmə qaydasında xitam verilməlidir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsindən görünür ki, müvafiq dövlət orqanı tərəfindən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallardan biri də yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. Odur ki, cavabdehin mənzildən istifadə hüquqları alqı-satqı müqaviləsinin bağlandığı vaxtdan itirilmiş sayılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyəgələrkən isə MPM-nin 217.4-ci maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh Sumqayıt şəhəri, 4-cü mkr, ev 31, 120 saylı mənzilə istifadə hüququ itirilmiş hesab edilməlidir. MPM-in 119-cu maddəsinə əsasən iş üzrə 10 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Sumqayıt şəhəri, 4-cü mkr, ev 31, 120 saylı mənzilə istifadə hüquqları itirilmiş hesab edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar