Məhkəmə qərarları › İş №2(060)-1144/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1144/2025

17.02.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1144/2025 17.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt şəhər məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı şəxsi mülkiyyətdə olan mənzildən çıxarılma tələbinə dair mülki işə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: 1.İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh uşaqları xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü Əmirxanlı Səfər Ruslan oğlu ilə birlikdə onun mülkiyyətində olan Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, ev 29/22-də yerləşən 7 saylı mənzilindən əmlakları ilə birlikdə çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 2.İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mübahisəli mənzil Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, ev 29/22, mənzil 7-də yerləşməklə yaşayış sahəsi 43,9 kv.m olan 3 otaqdan ibarətdir. Mənzil üzərində onun mülkiyyət hüquqları xx.xx.2013-cü ildə AR DƏDRX 2 saylı Sumqayıt Ərazi İdarəsində qeydə alınmış və onun adına çıxarış verilmişdir. Cavabdeh onun keçmiş gəlinidir, o, oğlu R .Əmirxanov ilə 2011-ci ildə rəsmi nikahla ailə həyatı qurmuş və birgə nikahdan 2 övladları olmuşdur: xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü Əmirxanlı Səfər Ruslan oğlu. Aralarında bağlanmış nikah xx.xx.2024-cü ildə Sumqayıt şəhər məhkəməsinin qətnaməsi ilə ləğv olunmuşdur. O, bu mənzili 2013-cü ildə alqı-satqı müqaviləsi əsasında almış və cavabdehi uşaqları ilə mənzilə qeydiyyata almışdır. Cavabdeh onunla yola getmir, mütəmadi olaraq evdə mübahisə edir. Cavabdeh onun ailə üzvi deyildir və AR MM-nin 228-ci maddəsinə əsasən onun bu mənzilə istifadə hüququ yaranmamışdır. Yaranmış vəziyyətdən yeganə çıxış yolunu onun uşaqları ilə birlikdən mənzildən çıxarılmasında görür. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 3.Cavabdeh məhkəməyə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək onun mülkiyyətində olan Sumqayıt şəhər İnşaatçılar qəsəbəsi, ev 29/22 mənzil 7-dən onun çıxarılmağı barədə qərar çıxarılmasını xahiş etmişdir. Həmin iddia qanunsuz və əsassız olmaqla iddia tələbini iddiaçı əsaslandıra bilməmişdir. Ona görə də iddiaçının iddia ərizəsinə qarşı öz etirazını bildirir. Belə ki, aşağıda göstərilən qanunlara və əsaslara görə onun iddiaçı tərəfindən qeyd edilən mənzildən istifadə hüququna xitam verilə bilməz. İddiaçı oğlu X4 ilə o, 2011-ci ildə rəsmi nikaha daxil olub onların ailəsinə məxsus olmaqla Şirvan şəhərində yerləşən mənzildə yaşayıblar. Bu nikahdan 2011 və 2013 - cü illərdə onların iki övladlarını dünyaya gəlib. Əlavə olaraq bildirir ki, 2013 -cü ildə yaşadıqları Şirvan şəhərindən ailələrinin büdcəsi hesabına alınmış qaynatası İddiaçı adına rəsmiləşmiş Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsi ev 22\29 mənzil 7-ə köçüblər. Həmin vaxtdan o, həmin evə qeydiyyata düşərək həyat yoldaşının valideynləri ilə birlikdə yaşayıblar və bununla da onun onlara məxsus evdə yaşamaq hüququ, eyni zamanda mənzildən istifadə hüququ yaranmışdır. Birgə yaşadıqları nikah dövründə o, ailənin bir sıra zəruri məişət əşyalarının alınması və digər zəruri ehtiyaclarını ödəmək üçün əmək haqqının bir hissəsini sərf edib. Ümumiyyətlə ailənin idarə olunması üçün ehtiyac olan qədər və imkanı daxilində maddi vəsait sərf edib. Qaynatası İddiaçı tərəfindən onun həmin mənzildən çıxarılmağı barədə verilmiş iddia ərizəsi aşağıda göstərdiyi qanunların pozulması şəraitində olduğu üçün iddia tələbi əsassız olmaqla rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsində göstərilir ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 maddəsində göstərilir ki, yaşayış binasının tərkib hissəsi mülkiyyətçinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Qeyd etdiyi kimi 2013-cü ildən həmin mənzildə qeydiyyata düşərək Dövlət reyestrində qeydə alınıb. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 5.3-cü maddəsində göstərilir ki, bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qaydalar istisna olmaqla heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ o cümlədən kommunal xidmətlərindən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz. Bildirmək istəyir ki, o, yuxarıda qeyd edilən mənzilə 2013-cü ildən qeydiyyata düşüb və şəxsiyyət vəsiqəsi ilə təmin edilib. Onun iki azyaşlı övladı var, başqa yerdə yaşamaq üçün mənzili yoxdur, həmçinin mənzil almaq üçün maddi imkanı yoxdur. Azərbaycan Respublikasının hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəalarına görə onun həmin mənzildən istifadə hüququna xitam verilməsi və həmin mənzildən çıxarılmağı üçün kifayət qədər əsaslar yoxdur. Odur ki, yuxarıda göstərilənlərə əsasən İddiaçı adına rəsmiləşdirilmiş Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsi ev 22\29 mənzil 7-dən çıxarılmağı barədə iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 4.Məhkəmə iclasında iştirak edən iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, Vəfa və oğlunun hər ikisi evlənəndə bu evlilik onların ikinci ailəsi idi. Vəfa onun keçmiş gəlinidir. Vəfa 13-14 il olar ki, gəlin gəlmişdir ki, oğlu ilə aralarıda mübahisə yaranmış və axırda boşanmışlar. Vəfa hazırda onlarla eyni evdə yaşayır. Cavabdeh evdə ona dəfələrlə replikalar atır və digər narahatçılıqlar yaradır. Cavabdeh nəvələrini həmişə öyrədib onun üstünə qaldırır. Hazırda Vəfanın cehizləri də onun evindədir. Cavabdeh müəllimədir, uşaq hazırlaşdırmaqla məşğul olur, maddi imkanı yaxşıdır. Onu da qeyd edir ki, o, evi 2013-cü ilin mayın axırlarında alıb, evi alana qədər isə Şirvan şəhərində yaşayıblar. Şirvan şəhərində dövlət tərəfindən ona verilmiş evi sataraq, Sumqayıt şəhərində ev almışdır. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. 5.Məhkəmə iclasında iştirak edən iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, o, 4-cü dəfədir ki, iddiaçı tərəfindən eyni halla əlaqədar məhkəməyə verilib. İddiaçının oğlu onu ciddi heç bir səbəb olmadan boşayıb. Qarşı tərəf bir dəfə ona evdən çıxmaq üçün 4 gün vaxt qoymuşdu. O, illərlə evdə nə qədər sıxışdırılsa da, uşaqları böyüyənə qədər dözmüş və yaşamışdır. Ərinin əvvəlki nikahından 1 uşağı var idi. Əri hər yerdə deyirdi ki, uşaq onun deyil, beləcə o, travma almışdır. Qarşı tərəf onu evdən çıxartmaq üçün plan qurmuşdur. O, 2 yeniyetmə uşaqla heç yerə gedə bilməz. Uşaqları üçün aliment alır, lakin həmin pulu xərcləmir. Cavabdeh qeyd edilənlərin nəzərə alınmasını və iddia tələbinin rədd eidlməsini məhkəmədən xahiş etdi. 6.Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 7.İşdə olan RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, ev 29/22-də yerləşən 7 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2013-cü il tarixdə qeydə alınmışdır. 8.İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, ev 29/22-də yerləşən 7 saylı mənzildə qeydiyyatdadır. 9.İşdə olan Sumqayıt şəhər Məhkəməsinin 2(060)-5178/2024 saylı, xx.xx.2024 tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia təmin edilmiş, X4 ilə Əmirxanova (Əlizadə) Vəfa Muradəli qızı arasında 08 sentyabr 2011-ci il tarixdə Sabirabad rayon Qeydiyyat şöbəsində 329 nömrə ilə qeydə alınmış nikahın pozulması, X4 ilə Cavabdeh birgə nikahlarından doğulmuş 25 sentyabr 2013-cü il təvəllüdlü Əmirxanlı Səfər Ruslan oğlu və 26 dekabr 2011-ci il təvəllüdlü X3 boşanmadan sonra anaları Əmirxanova (Əlizadə) Vəfa Muradəli qızının yanında qalmaları, X2 25 sentyabr 2013-cü il təvəllüdlü Əmirxanlı Səfər Ruslan oğlu və 26 dekabr 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay qazancının və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında alimentin tutularaq Əmirxanova (Əlizadə) Vəfa Muradəfi qızına ödənilməsi qət edilmişdir. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

10. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, ev 29/22-də yerləşən 7 saylı mənzil xx.xx.2013-cü il tarixindən İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdeh iddiaçının oğlu Ruslan Əmirxanovla 2011-ci il tarixdə nikaha girmiş, mübahisəli mənzil alınan tarixdən həmin mənzilə köçmüş, xx.xx.2024-cü il tarixdə isə məhkəmə qətnaməsinə əsasən nikahı pozulmuşdur. Hazırda iddiaçı cavabdehin ona məxsus mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh iddia tələbini qəbul etmir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

11. Məhkəmə hesab edir ki, tərəflər arasında hazırki mənzil hüquq münasibətləri 01 oktyabr 2009-cu il tarixdən sonra əmələ gəldiyindən, mübahisəyə hazırda qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normaları tətbiq edilməklə, hüquqi qiymət verilməlidir. 12.Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin və Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 oktyabr 2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. 13.Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 14.Həmin Məcəllənin 30.2-ci maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 15.Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. 16.Göründüyü kimi, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin məzmununa görə yaşayış sahəsinin mülkiyyətçisi ilə onun ailə üzvləri arasında həmin yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən razılaşma bağlanmışdırsa bu maddənin müddəaları tətbiq olunmur. Bu cür razılaşmanın hər hansı şərtin müəyyənləşdirilməməsi onun iştirakçılarına geniş sərbəstlik vermişdir. Məhz bu səbəbdən belə razılaşma qismində həm mülki (məsələn, əmlak kirayəsi müqaviləsi və ya əvəzsiz istifadə haqqında müqavilə), həm də ailə qanunvericiliyi (nikah müqaviləsi və ya alimentin ödənilməsinə dair razılıq) ilə nəzərdə tutulan bu və ya digər müqavilə, yaxud razılıq, habelə qüvvədə olan qanunvericiliyə zidd olmayan digər razılıq növü çıxış edə bilər. 17.Göstərilən münasibətlər razılaşma ilə tənzimlənmədikdə, ailə münasibətlərinə xitam verilməsi keçmiş ailə üzvü tərəfindən yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün əsasdır, bu da öz növbəsində Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə nəzərdə tutulmuş digər qaydaların tətbiqini mümkün edir. 18.Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh ilə İddiaçı oğlu Ruslan Əmirxanov arasında bağlanmış nikah pozulduğundan, İddiaçı ilə yaşayış sahəsinin mülkiyyətçisi İddiaçı arasında ailə münasibətlərinə xitam verildiyindən, keçmiş ailə üzvü Cavabdeh həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. 19.Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 20.Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinin tələblərinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 21.Konstitusiyanın 33-cü maddəsinin tələbinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. 22.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-mülkiyyətçinin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 23.Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 24.Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehin iddiaçının mülkiyyətində olan mənzildə yaşaması İddiaçı göstərilən mənzillə bağlı hüquq və azadlıqlarının həyata keçirilməsinə maneə yaradır. Bu səbəbdən iddia ərizəsi təmin edilməli, Cavabdeh Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, ev 29/22-də yerləşən 7 saylı mənzildən əmlakları ilə birlikdə çıxarılmalıdır.

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. 26.Məhkəmə onu da qeyd edir ki, xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü Əmirxanlı Səfər Ruslan oğlunun yaşayış yeri anaları Cavabdeh yanında müəyyən edildiyindən iddia tələbi onlara münasibətdə də təmin edilməlidir.

27. Eyni zamanda məhkəmə hesab edir ki, hazırki halda Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin ikinci cümləsinin tətbiqinə, yəni Cavabdeh iddiaçıya məxsus mənzildən müəyyən müddətə istifadə hüququnun saxlanmasına zərurət yoxdur. Belə ki, işin hallarından görünür ki, cavabdeh iki yerdə işləməklə təxminən 1700 manat əmək haqqı alır. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh mənzil sahəsinə ehtiyacı olan və özünü yaşayış sahəsi ilə təmin etməyə imkanı olmayan şəxslər kateqoriyasına aid deyil. 28.Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 29.Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır (217.4).

Nəticə hissəsi: 30.Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:

İddia təmin edilsin. Cavabdeh, uşaqları xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü Əmirxanlı Səfər Ruslan oğlu Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, ev 29/22-də yerləşən 7 saylı mənzildən əmlakları ilə birlikdə çıxarılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar