Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1157/2021 16.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, Corat qəsəbəsi, 57 saylı fərdi yaşayış evindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 57 saylı fərdi yaşayış evi onun mülkiyyətindədir, 5 nəfər ailə üzvü ilə birgə orada qeydiyyatda olmaqla faktiki yaşayırlar. Qeyd edilən ünvanda cavabdeh – qızının keçmiş əri Cavabdeh1 qeydiyyatda olsa da, yanvar ayı 2019-cu il tarixdən, digər Cavabdeh2 (evin keçmiş sahibinin oğlu) isə 2003-cü il tarixdən bu ünvanda yaşamırlar. Həmin vaxtdan cavabdehlər sözügedən mənzildən köçüblər və o, ailə üzvləri ilə birlikdə orada yaşayır. Lakin buna baxmayaraq, cavabdehlər onun mənzilində qeydiyyatda olmaqda davam edirlər. Halbuki, mənzil ona satıldığı gündən oradan istifadə hüququnu itiriblər. Əslində cavabdehlərin sözügedən mənzilə olan qeydiyyatı formal xarakteri daşıyır və eyni zamanda da onun mülkiyyətçi kimi hüquqlarını pozur. Məhkəmə iclasında iştirak edən iddiaçı eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, qızı Cavabdeh1 ilə 2014-cü ildə ailə qurmuş, 2015-ci ildə cavabdeh bu mənzilə qeydiyyata götürülmüşdür. Cavabdehlə arasında mənzildən istifadə ilə bağlı heç bir razılaşma olmamışdır. Digər Cavabdeh2 mənzilin keçmiş sahibinin oğludur. Mənzil onun tərəfindən satın alındıqdan sonra cavabdeh bu mənzildə yaşamamışdır, formal qeydiyatda qalmışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə cavabdehlərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki iş materiallarında olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 57 saylı fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 178 nömrəli vərəqində xx.xx.2007-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx xxxxxx 2021-ci il tarixli 261 saylı arayışından görünür ki, Cavabdeh1 Sumqayıt şəhəri, Corat qəsəbəsi, 57 saylı fərdi yaşayış evində xx.xx.2011-ci il tarixdən qeydiyyatdadır, 2019-cu ilin yanvar ayından həmin ünvanda yaşamır. Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx xxxxxx 2021-ci il tarixli 260 saylı arayışından görünür ki, Cavabdeh2 xx.xx.2002-ci il tarixdə qeydiyyata alınıb, xx.xx.2003-cü il tarixdə ev satılıb, ev satıldığı xx.xx.2003-cü il tarixdən hazırki vaxta kimi bu ünvanda qeydiyyatda qalsa da, yaşamır. Beləliklə, işin məhkəmədə araşdırılan halları ilə müəyyən olundu ki, mübahisə predmeti olan ev iddiaçının mülkiyyətindədir. İddiaçı həmin mənzili alqı-satqı müqaviləsi əsasında almışdır. Cavabdehlərdən Cavabdeh2 keçmiş mənzil mülkiyyətçisinin ailə üzvü olmaqla həmin ünvanda qeydiyyatdadır. Lakin mənzil satıldığı vaxtdan oradan köçüb getmişdir, orada yaşamır. İddiaçı Cavabdeh2 mənzilə qeydiyyatının formal olduğunu iddia edərək istifadə hüququna xitam verilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 146.1-ci maddəsin əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrli qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına dair Protokolun (qeyri-rəsmi 1 saylı Protokol) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, keçmiş mülkiyyətçinin adına qeyd olunan mənzilin dövlət reyestrində qeydiyyat yazısı ləğv edilmiş və həmin mənzil dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmışdır. Keçmiş mülkiyyətçi ailə üzvləri ilə birlikdə köçüb başqa yaşayış yerinə getmiş, lakin keçmiş mülkiyyətçinin oğlu Cavabdeh2 mənzildən qeydiyyatdan çıxmamışdır. Mənzildə cavabdehə məxsus hər-hansı əmlak yoxdur. Cavabdeh qeyd olunan mənzildən qeydiyyatdan çıxmamaqla iddiaçının öz mülkiyyəti üzərində sərəncam vermək hüquqlarını, öz mülkiyyətindən maneəsiz istifadə hüququnu məhdudlaşdırır. Cavabdehin həmin ünvanda qeydiyyatı formal xarakter daşıyır. Cavabdehin mənzildən qeydiyyatdan çıxarılması üçün mənzildən istifadə hüququna məhkəmə qaydasında xitam verilməlidir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsindən görünür ki, müvafiq dövlət orqanı tərəfindən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallardan biri də yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. Odur ki, Cavabdeh2 mənzildən istifadə hüququ alqı-satqı müqaviləsinin bağlandığı vaxtdan itirilmiş sayılmalıdır. Məhkəmə digər Cavabdeh1 münasibətdə iddia tələbini əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Şərh olunan maddənin məzmunundan da göründüyü kimi mülki hüquqlar və vəzifələrin əmələ gəlməsi üçün qanunla nəzərdə tutulan əsaslar olmalıdır. Bu baxımdan məhkəmə hesab edir ki, ilk növbədə hazırkı məsələnin düzgün həlli üçün cavabdehin mübahisəli mənzilə istifadə hüququnun yaranması əsaslarının mövcud olub-olmaması məsələsi araşdırılmalı, yalnız bu huququnun mövcud olduğu müəyyən edildiyi halda onun xitamı üçün əsaslarının olub-olmadığına qiymət verilməlidir. İş üzrə tədqiq edilmiş sübutlardan, həmçinin iddiaçının izahatından göründüyü kimi mübahisəli mənzillə bağlı münasibətlər 2001-ci ilin sentyabr ayından qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin qüvvədə olduğu vaxtda yaranmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, mövcud mübahisənin həlli zamanı Mülki Məcəlləsinin müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2001-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2 və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsinin məzmunundan məlum olur ki, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Belə ki, daşınmaz əşyalar üzərində mülkiyyət hüququnun yüklü hala gəlməsinə səbəb olan məhdud əşya hüquqları, bir qayda olaraq, sözügedən daşınmaz əşyanın mülkiyyətçisi ilə notariat qaydasında bağlanan müqavilə əsasında (Mülki Məcəllənin 144.1-ci maddəsi) və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yaranır (Mülki Məcəllənin 14.3-cü maddəsi). Məhkəmə işin hallarına Mülki Məcəllənin 228-ci maddəsinin tələbləri baxımından qiymət verərək hesab edir ki, cavabdehin mübahisəli yaşayış sahəsinə istifadə hüququ yaranmamışdır. Belə ki, cavabdehin həmin mənzildən istifadə etmək imkanını təmin edən notariat qaydada təsdiq edilmiş və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış müqavilə, eləcə də ev sahibi ilə arasında bağlanmış yazılı razılaşma olmadığından, cavabdehin həmin əmlakdan istifadə edə bilməsi üçün, yəni istifadə hüququnun əmələ gəlməsi üçün hüquqi əsas yaranmamışdır. Belə bir hüququn olmadığı halda həmin hüquqa xitam verilə bilməz və ya itirilmiş hesab edilə bilməz. Cavabdehin həmin mənzildə qeydiyyatda olmasına gəlincə isə məhkəmə hesab edir ki, qeydiyyat hər hansı bir əmlak hüququ yaratmır. Belə ki, "Yaşayış yeri və oluğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 2-ci hissəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyat yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Göründüyü kimi qanunvericilikdə yaşayış yeri üzrə qeydiyyatın istifadə hüququ kimi əmlak hüququ nəticə doğurması nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallar isə, yəni Mülki qanunvericiliyin tələblər mövcud halda araşdırılan mübahisə üzrə cavabdehin istifadə hüququn yaranmasını istisna edir. Eləcə də məhkəmə qeyd edir ki, yaşayış yeri üzrə qeydiyyatın ləğv edilməsi məhkəmənin səlahiyyətinə aid olmamaqla “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən müvafiq icra hakiməti orqanı tərəfindən həyata keçirilir. Məhkəmə işin hallarına sadalanan hüquq normalarına istinadən qiymət verərək bu nəticəyə gəlir ki, iddia tələbi bu hissədə hüquqi əsası olmadığından rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-ci maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. MPM-in 119-cu maddəsinə əsasən iş üzrə 10 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 Sumqayıt şəhəri, Corat qəsəbəsi, 57 saylı fərdi yaşayış evinə istifadə hüququ itirilmiş hesab edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-1157/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1157/2021
16.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver