Məhkəmə qərarları › İş №2(060)-1179/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1179/2021

19.04.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1179/2021 19.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Qasımov Salman Elman oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun və azyaşlı uşaqları 16.11.2012-ci il təvəllüdlü X3 və 18.08.2014-cü il təvəllüdlü X2 Sumqayıt şəhəri, “Xəzri” yaşayış massivi, Qızılağac küçəsi, 216 saylı fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra iddiaçının nümayəndəsi tələbin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərin iddiaçıya məxsus 216 saylı fərdi yaşayış evindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 05.01.2010-cu ildə X5 ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahlarından iki övladları - 16.11.2012ci il təvəllüdlü X6 və 18.08.2014-cü il təvəllüdlü X4 olmuşdur. Həyat yoldaşı 03.08.2020-ci il tarixdə vəfat etmişdir. O, ailə həyatı qurduqdan sonra Cavabdeh2 anasına məxsus olan evə gəlin gəlmişdir. Həmin evdə cavabdehlərlə birlikdə 2 il müddətində yaşamışdır. Sonradan cavabdehlər həmin evi satdıqları üçün onu və yoldaşını evdən çıxartmışlar. Onlar məcbur qalıb Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində yerləşən yataqxanadan bir otaqlı ev almışlar. Həmin yataqxanada bir il yaşadıqdan sonra cavabdehlər ona və həyat yoldaşına təklif etmişlər ki, yataqxananı satıb onların yanına gəlsinlər və birlikdə yaşasınlar. Yataqxananı 14000 manata satıb pulunu Cavabdeh2 vermişlər. Cavabdehlər həmin vaxt 216 saylı evdə yaşamışlar. Həmin vaxt 216 saylı ev yaşayış üçün yararsız vəziyyətdə olmuşdur. O, yoldaşı ilə birlikdə həmin evi birgə vəsaitləri hesabına alıb, təmir etmişlər. Ev 3 otaqdan ibarətdir. Cavabdehlər onlardan 14.000 manat pul aldıqdan sonra 214 saylı evi təmir edib ora köçmüşlər. 2014-cü ildən daimi olaraq o, həmin evdə ailəsiylə birlikdə yaşamışdır. Bütün cehiz əmlakları da hal-hazırda həmin evdədir. Həyat yoldaşının vəfatından sonra cavabdehlər onu və uşaqlarını evdən qovmuşlar. O məcbur qalıb valideynlərinin yanında yaşayır. Mübahisəli ev ona və yoldaşına məxsus olub. Onlar pullarını verib həmin evi almışlar və təmir etmişlər. Cavabdehlər həyat yoldaşının vəfat etməsindən istifadə edərək, onu uşaqları ilə birlikdə evdən qovub. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddianın təmin olunmasını xahış etdi. Əlavə olaraq göstərdi ki, mübahisə predmeti olan evin heç bir sənədi yoxdur, dövlət orqanlarında tikili ilə bağlı heç bir qeydiyyat aparılmayıb. İddiaçının nümayəndəsi və vəkili iddiaçının göstərdiklərini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən cavabdehlərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib işmateriallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki iş materiallarında olan: Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti MKTİB-nin 21 saylı MKS tərəfindən verilmiş 28 oktyabr 2020-ci il tarixli 1457 saylı arayışdan görünür ki, İddiaçı Sumqayıt şəhəri, “Xəzri” yaşayış massivi, Qızılağac küçəsi, 216 saylı fərdi yaşayış evində 2014-cü ildən qeydiyyatsız yaşayır. AZ-İİ seriyalı 050474 saylı nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X5 ilə Bayramova Arzu Rasim qızı arasında 05 yanvar 2010-cu il tarixdə nikah bağlanmış, qadına Məmmədova soyadı verilmişdir. AZ-İİ seriyalı 115027 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X5 03 avqust 2020-ci il tarixdə ölmüşdür. İşin mübahisəsiz hallarından göründüyü kimi, iddiaçı Arzu X1 ilə birgə nikah dövründə, 2014-cü ildən Sumqayıt şəhəri, “Xəzri” yaşayış massivi, Qızılağac küçəsi, 216 saylı fərdi yaşayış evində yaşamışlar. İddiaçının əri vəfat etdikdən sonra sonuncunun qohumları olan cavabdehlərlə aralarındakı münasibətlərin pozulması nəticəsində İddiaçı və azyaşlı övladları həmin evdə yaşamırlar. İddiaçı evdə yaşamamasının səbəbi kimi cavabdehlər tərəfindən qovulduğunu göstərmişdir. İddiaçının köçürülməsini tələb etdiyi mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmədiyindən hüquqi statusu etibarilə özbaşına tikili hesab edilir. Özbaşına tikiliyə köçürülmə məsələlərini birbaşa tənzimləyən maddi hüquq norması olmadığından məhkəmənin qənaətinə görə mübahisə analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Həmin Məcəllənin 27.3-cü maddəsinin tələbinə görə əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunur ki, "Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz". Məhkəmə hesab edir ki, mübahisəli evə dair hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olsa da, həmin ev mövcuddur və cavabdehlər tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni ilkin iddiaçı köçmək istədiyi evdə yaşayıb və cavabdehlər iradəsi əleyhinə onu yaşadığı evdən məhrum edib. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Cavabdehlərin ev üzərində hüquqları olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onların iddiaçıya qarşı törətdikləri məhrumetmə qanunsuzdur. Beləliklə, iddia üzrə cavabdehlər yuxarıda qeyd olunan qadağanedici normanı pozmuşlar, pozuntunun nəticələri hal-hazırki vaxta kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı uşağı ilə birlikdə məhrum edildiyi evə köçürülməlidir. Məhkəmə onu da qeyd edir ki, mübahisəli evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olması Konstitusiyanın 43-cü maddəsinin tətbiq edilməsinə mane olmur. Belə ki, həmin ev faktiki olaraq mövcuddur və cavabdehlər tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Onlar mübahisəli evdə normal şərtlər daxilində yaşadıqlarından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da azyaşlı uşağı ilə birlikdə həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Odur ki, iddiaçı həmin mübahisəli tikilidə yaşadığından və birgə təsərrüfatın idarə edilməsində iştirak etdiyindən həmçinin mübahisəli ev iddiaçının yeganə yaşayış yeri olduğundan onun azyaşlı övladları ilə birlikdə köçürülməsinə dair iddiası təmin edilməlidir. Eyni zamanda qeyd olunmalıdır ki, mübahisəli evdən cavabdehlərin çıxarılması il bağlı iddia tələbi əsaslı hesab oluna bilməz. Belə ki, işin münabisəsiz hallarından göründüyü kimi mübahisəli ev şəxslərin ümumi istifadəsində olmaqla, əmlak üzərində iddiaçının əmlak hüquqları qeydə alınmamışdır. Məhkəmə yuxarıda şərh olunan müddəalara istinadən hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı azyaşlı uşaqları 16.11.2012-ci il təvəllüdlü X6 və 18.08.2014-cü il təvəllüdlü X4 ilə birlikdə Sumqayıt şəhəri, “Xəzri” yaşayış massivi, Qızılağac küçəsi, 216 saylı fərdi yaşayış evinə köçürülməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2 maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı azyaşlı uşaqları 16.11.2012-ci il təvəllüdlü X6 və 18.08.2014-cü il təvəllüdlü X4 ilə birgə Sumqayıt şəhəri, “Xəzri” yaşayış massivi, Qızılağac küçəsi, 216 saylı fərdi yaşayış evinə köçürülsünlər. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar