Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1194/2025 13.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “ömürlük renta müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı Cavabdehnə qarşı iddia qaldıraraq onunla 24 noyabr 2024-cü ildə vəfat etmiş mərhum X6 arasında 01 may 2019-cu ildən ömürlük renta müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 3-cü mikrorayon ünvanında yerləşən 5/2 saylı evin, 46-cı mənzili mülkiyyət hüququ ilə X3 məxsusdur. X1 olmuşdur (övladı olmamışdır). O, 1951 -ci ildə anadan olmuş, xx.xx.2024-cü ildə “X14” stasionar xəstəxanada vəfat etmişdir. X.İsmayılovanın vəfat etməsini “X17” X18 442 saylı arayışı təsdiq edir. X.İsmayılova vəfat edən tarixə qədər onun himayəsi altında onun yaşadığı mənzildə yaşamışdır. X.İsmayılova ona məxsus əmlakın idarə olunması məqsədilə 15 avqust 2024-cü ildə 10 il müddətinə ona etibarnamə vermişdir (AR-İİİ N° 286084). Xanum İsmayılova İİ qrup əlil, yataq xəstəsi olmuşdur. Onun qulluğunda durmuş, onun bütün təlabatını o ödəmişdir. Xəstəliklə əlaqədar olaraq X.İsmayılova xəstəxanalara yerləşdirmiş, müalicəsi üçün əlindən gələni etmişdir. Dəfn etmiş, el adəti ilə hüzr məclisin təşkil etmiş, 3nü, 7-i və cümə axşamlarını vermişdir. Lakin hüquqi savadsızlıq səbəbindən X.İsmayılova sağlığında renta müqaviləsi ilə himayəsinə götürməmişdir. X.İsmayılovanın mənzili 1 otaqdan ibarətdir və həmin mənzildə mərhumun sağlığında onun razılığı ilə qızı, ailəsi və 2 uşağı ilə birlikdə yaşayır. X.İsmayılova 5 il onun mənzilində yaşamış, onun bütün təlabatını qarşılamışdır. Bunu onunla eyni binada yaşayan qonşular təsdiq edir. X.İsmayılovanın vəfatından sonra Cavabdehnə müraciət edərək mərhum X.İsmayılova ilə onun arasında renta müqaviləsinin bağlanmasını xahiş etmişdir. 1 saylı Notariat Ofisi xx.xx.2024-cü il tarixli, 3106 saylı məktubla xahişindən imtina etmişdir. Cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, mərhum X.İsmayılova uzun illər onun yanında yaşamış, onun bütün ehtiyaclarını qarşılamış, dəfn etmiş, el-adəti ilə hüzür məclisi vermişdir.
Tərəflərin mövqeləri:
3. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Cavabdeh notariusu R.Haqverdiyev məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tədqiq olunan sübutlar:
5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış 13 dekabr 2024-cü il tarixli, 3106 nömrəli məktubdan görünür ki, renta müqaviləsinin rəsmiləşdirilməsi üçün renta verən və renta alan hər ikisi bilavasitə və ya səlahiyyətli nümayəndələri vasitəsi ilə müraciət etməli olduğu, qeyd olunan müqavilə ikitərəfli müqavilə münasibətlərindən irəli gəldiyindən hər iki şəxsin iştirakı ilə qanunvericiliyin tələblərinə uyğun təqdim ediləcək sənədlər əsasında rəsmiləşdiriləcəyi, lakin müraciət etdiyi müqavilənin tərəfi olan mülkiyyətçi və ya onun səlahiyyətli nümayəndəsi iştirak etmədiyindən müqavilənin rəsmiləşdirilməsinin qeyri-mümkün olduğu bildirilmişdir.
6. X5 tərəfindən İddiaçı verilmiş AR-İİ 286084 saylı, xx.xx.2024-cü il tarixli etibarnamədən görünür ki, X5 tərəfindən İddiaçı həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri. o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, icarə, kirayə vermək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, vərəsəlik işlərini aparmağı, mirası qəbul etməyi və yaxud ondan imtina etməyi, miras payı bağışlamağı, sığorta şirkətlərində, notariat ofisində, Asan Xidmətdə yerləşən bütün orqanlarda, vergi orqanlarında, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında əmlak məsələləri dövlət xidmətində, Fövqəladə Hallar Nazirliyində, Polis orqanlarında, Gömrük idarələrində, Mənzil istismar Sahələrində, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X18də, Bələdiyyə və icra orqanlarında, Mobil operator şirkətlərində, Azərbaycan Qida Təhlükəsizliyi Agengtliyinde, Kommunal İdarələrdə, Dövlət Miqrasiya Xidmətində, Qeydiyyat şöbələrində, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Soäial Müdafiə Fondunda, Respublikanın bütün bank və bank filiallarında, o cümlədən “Kapital Bank" ASC, "xxxx" ASC-də təmsil etməyi, ümumi bank əməliyyatlarını aparmağı, hesablar üzərində sərəncam verməyi, əsas pul məbələğini, kompensasiya məbləğini, faizləri götürməyi və qoymağı, müqavilələr bağlamağı, ərizələr yazmağı, imzalamağı, subsidiya, torpaq kartı, plastik kartları, pensiya kartlarını almağı, sifariş etməyi, dəyişdirməyi, PİN kodu almağı, sənədlərin, müqavilələrin dublikatını almağı, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan, o cümlədən poçtdan və teleqrafdan bütün əsaslar üzrə ona çatası əmlakı, pulu, əmanəti, qiymətli kağızları, eləcə də sənədləri, arayışları, çıxarışı, texniki pasportu, bölgü planını almağı, vergi hesabatlarını verməyi, bütün dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda onun adından ərizə verməyi, imzalamağı, işləri ağarmağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməy etibar etmişdir.
7. X12, X7 və X11 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli Aktda qeyd edilmişdir ki, X6 2019-cu ilin may ayından 24 noyabr 2024-cü ilə kimi Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 5/2, mənzil 51-də qonşu İddiaçı himayəsində və onunla birgə yaşamış, vəfatından sonra onun nəşini Sumqayıt şəhər qəbirstanlığında dəfn etmiş, el-adəti ilə hüzür məclisi vermişdir.
8. “X17” X19 tərəfindən verilmiş 442 saylı arayışda qeyd edilmişdir ki, İddiaçı himayəsində olan X6 xx.xx.2024-cü il tarixdə X14 stasionar xəstəxanada vəfat etmişdir.
Məhkəmə baxışının hədləri:
9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Tətbiq edilən hüquq:
10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
- 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. -324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. -390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 152.8-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. -864.1-ci maddəsinə əsasən renta müqaviləsinə görə bir tərəf (renta alan) əmlakı digər tərəfin (renta ödəyicisinin) mülkiyyətinə verir, renta ödəyicisi isə alınmış əmlakın müqabilində renta alana vaxtaşırı müəyyən pul məbləği şəklində renta ödəməyi öhdəsinə götürür. -864.2-ci maddəsinə görə renta müqaviləsinə görə rentanı müddətsiz ödəmək (daimi renta) və ya renta alanın ömrü boyu ödəmək (ömürlük renta) vəzifəsinin müəyyənləşdirilməsinə yol verilir. -865.1-ci maddəsinə əsasən renta müqaviləsi tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanır. -865.2-ci maddəsinə əsasən renta ödənilməsi üçün daşınmaz əmlakın özgəninkiləşdirilməsini nəzərdə tutan renta müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. -867.1-ci maddəsinə əsasən renta ödənilməsi üçün özgəninkiləşdirilən əmlakı renta alan renta ödəyicisinin mülkiyyətinə haqq müqabilində və ya pulsuz verə bilər. -867.2-ci maddəsinə görə renta müqaviləsində əmlakın haqq müqabilində verilməsinin nəzərdə tutulduğu halda əmlakın verilməsi və ödənilməsi üzrə tərəflərin münasibətlərinə alğı-satqı haqqında qaydalar, belə əmlakın pulsuz verildiyi halda isə bağışlama müqaviləsi haqqında qaydalar tətbiq edilir, bir şərtlə ki, bu Məcəllənin bu fəslinin qaydaları ilə ayrı hal müəyyənləşdirilməsin və bu, renta müqaviləsinin mahiyyətinə zidd olmasın. -877.1-ci maddəsinə əsasən ömürlük renta əşyanı renta ödənilməsi üçün verən fiziki şəxsin sağlığı dövrü üçün və ya onun göstərdiyi başqa fiziki şəxsin sağlığı dövrü üçün müəyyənləşdirilə bilər. -877.4-cü maddəsinə görə müqavilənin bağlandığı məqamda sağ olmayan fiziki şəxsin xeyrinə ömürlük renta müəyyənləşdirən müqavilə əhəmiyyətsizdir.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
11. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi rədd edilməlidir.
12. Belə ki, iddiaçı X6 ilə arasında 01 may 2019-cu ildən ömürlük renta müqaviləsinin bağlanmış hesab edilməsini məhkəmədən xahiş edir. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 5/2 yerləşən 46 saylı mənzil mülkiyyət hüququ əsasında X4 məxsusdur. İddiaçının iddia ərizəsində qeyd etdiyinə görə X6 24 noyabr 2024-cü il tarixdə vəfat etmişdir.
13. İddiaçı iddiasının əsası kimi Xanum İsmayılovanın vəfat edən tarixə qədər onunla yaşamasını və ona əmlakın idarəedilməsi ilə bağlı etibarnamə verməsini, Xanum İsmayılovanın İİ qrup əlil olaraq yataq xəstəsi olmasını və ona özünün qulluq etdiyini, xəstəliklə əlaqədar onu xəstəxanaya yerləşdirdiyini, vəfat etdikdən sonra dəfn etdirdiyini və hüzr mərasimlərini təşkil etdiyini və qızının ona məxsus mənzildə yaşadığını göstərmişdir.
14. Məhkəmə ilk növbədə qeyd edir ki, Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır.
15. İddiaçı tərəfindən məhkəməyə X2 vəfat etməsini təsdiq edən ölüm haqqında şəhadətnamə və ya ölüm faktının müəyyən edilməsi, yaxud şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi təqdim edilməmişdir. Tibb müəssisəsi tərəfindən təqdim edilən arayış isə ölümü təsdiq edən sənəd kimi nəzərə alına bilməz.
16. İddiaçının tələbinə gəldikdə isə məhkəmə qeyd edir ki, MM-in 390-cı maddəsində müəyyən edilmiş müqavilə azadlığı Konstitusiyanın 29-cu və MM-in 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Bununla fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar.
17. Göründüyü kimi, sərbəst bazar iqtisadiyyatının, azad sahibkarlığın reallaşdırılması elementlərindən biri kimi çıxış edən müqavilə azadlığı prinsipi özündə müqavilə tərəfinə seçdiyi kontragentlə müqavilə bağlamaq, onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini müəyyən etmək sərbəstliyini ehtiva edir.
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324-cü maddəsinə görə, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
19. Mülki qanunvericiliyə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
20. Hazırki işdə iddiaçı ilə X6 arasında yazılı renta müqaviləsinin bağlanmaması işin mübahisə olunmayan halıdır. Belə ki, iddiaçı özü iddia ərizəsində və izahatında Xanum İsmayılova ilə aralarında belə bir müqavilənin bağlanmadığını bildirmişdir. Halbuki Mülki Məcəllənin 865.1-ci maddəsinin tələbi ondan ibarətir ki, renta müqaviləsi tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. Eyni zamanda həmin Məcəllənin 865.2-ci maddəsinə əsasən renta ödənilməsi üçün daşınmaz əmlakın özgəninkiləşdirilməsini nəzərdə tutan renta müqaviləsi notariat qaydasında təsdiqlənməlidir.
21. İddiaçı yuxarıda qeyd edilən əsaslara istinad edərək X6 ilə arasında renta müqaviləsinin bağlanmış hesab edilməsini məhkəmədən xahiş edir.
22. Məhkəmə qeyd edir ki, müqavilənin bağlanmış sayılıb-sayılmaması ilə bağlı mübahisəli hallarda məhkəmə tərəflərin arzu etdikləri hüquqi nəticəni əmələ gətirmək məqsədilə bir-birinə uyğun olan iradələrini bəyan edib-etməmələrini, bu hal açıq-aşkar görünən deyilsə, onların sonrakı davranışlarını, əgər varsa sonradan verilən razılığın olubolmamasını və digər mühüm xüsusatları tam və hərtərəfli şəkildə araşdırmaqla məsələyə hüquqi qiymət verməlidir.
23. Hazırki halda isə iddiaçının bağlanmasını istədiyi müqavilənin digər tərəfi X2 belə bir müqavilənin bağlanması ilə bağlı iradəsinin mövcudluğunu, habelə belə bir müqavilənin bağlanmasına razılığını sübut etmək yükü iddiaçının üzərinə düşür.
24. İddiaçı renta müqaviləsinin bağlanması əsası kimi Xanum İsmayılova tərəfindən ona əmlakın idarəedilməsi ilə bağlı verilmiş 15 avqust 2024-cü il tarixli AR-İİİ 286084 saylı etibarnaməyə istinad edir ki, Mülki Məcəllənin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.
25. Əmlakın etibarnamə əsasında iddiaçının idarəçiliyinə verilməsi isə əmlak üzərində hüquqların iddaçıya keçməsi üçün əsas deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.8-ci maddəsinə əsasən əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir.
26. Göründüyü kimi təmsilçilik bir şəxsin hansısa hüquqi hərəkəti başqa bir şəxsin adından və hesabına yerinə yetirmək, bunun hüquqi nəticələrinin həmin şəxs üçün meydana gəlməsini təmin etməkdir və əmlakın idarəedilməsinə dair etibarnamənin verilməsi təmsil edənə həmin əmlaka dair mülkiyyət hüququnun verilməsi üçün əsas deyildir. Beləliklə qeyd olunan etibarnamə iddiaçı ilə Xanum İsmayılova arasında renta müqaviləsinin bağlanmasının əsası kimi nəzərə alına bilməz.
27. Bundan başqa məhkəmə iddiaçının mərhum Xanum İsmayılova qulluq etməsi, onu müalicə etdirməsi, onun bütün tələbatını qarşılaması ilə bağlı dəlillərinə müasibətdə qeyd edir ki, qeyd olunan hallar renta müqaviləsinin bağlanmasını təsdiq edən hal kimi nəzərə alına bilməz. Bir şəxsin hər hansısa şəxsə köməklik göstərməsi, xəstə olarkən qulluq etməsi, müəyyən xərclərini qarşılaması onun mənəvi keyfiyyətlərinin qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edə bilər. Qeyd olunan hərəkətlərə istinad edərək iddiaçının əmlak əldə etməsi məqsədi daşıması ilə bağlı hərəkətlərinə isə məhkəmə tənqidi yanaşır və bu hal iddiaçının bağlanmasını istədiyi müqavilənin bağlanmış hesab edilməsi üçün əsas qismində çıxış edə bilməz. Başqa sözlə desək qeyd olunan hallar o halda müqavilənin bağlanması üçün əsas qismində çıxış edə bilərdi ki, Xanum İsmayılovanın iddiaçı tərəfindən ona qulluq edilməsi nəticəsində əmlakı onun mülkiyyətinə verməsi ilə bağlı razılaşması mövcud olmuş olsun. Hazırki halda isə belə razılaşmanın olması işə əlavə edilmiş sübutlar əsasında müəyyən edilmir.
28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır.
29. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir.
30. Beləliklə yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı X2 onunla renta müqaviləsi bağlamaq iradəsinin mövcudluğunu və aralarında renta müqaviləsindən irəli gələn münasibətlərin olduğunu sübut edə bilməmişdir.
31. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “ömürlük renta müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair iddiası rədd edilməlidir
Nəticə:
32. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddiaçı Cavabdehnə qarşı “ömürlük renta müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva