Məhkəmə qərarları › İş №2(060)-123/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-123/2022

28.01.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-123/2022 28.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, X3 iclas katibliyi, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə, Cavabdeh1, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “artıq alınmış pensiya məbləğinin qaytarılması tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Cavabdeh1 qarşı “artıq alınmış pensiya məbləğinin qaytarılması tələbi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 326 B ünvanında yaşayan Cavabdeh1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 16.10.2020-ci il tarixində ərizə ilə müraciət edərək mərhum qayınanası X1 24.03.2020-ci il tarixində vəfat etməsini və dəfn xərcinin özünə ödənilməsini xahiş etmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, vətəndaş Cavabdeh1 qayınanasının ölümü haqqında məlumatı və həmçinin ölüm haqqında şəhadətnaməni Mərkəzi Filiala vaxtında təqdim etmədiyindən, onun müvafiq kart hesabına 31.10.2020-ci il tarixinədək əmək pensiyası tam məbləğdə köçürülmüşdür. Adıçəkilən şəxs tərəfindən 4816,18 manat mərhuma məxsus kart hesabından götürülmüşdür. Onun Mərkəzi filiala dəfn müavinətinin alınması ilə bağlı müraciətinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 42.2-ci maddəsinə uyğun olaraq Cavabdeh1 ölkə üzrə əmək pensiyasının minimum məbləğinin (200 manat) üç misli miqdarında (600 manat) dəfn müavinəti hesablanaraq artıq ödənilmiş 4816,18 manat məbləğindən çıxılmış, qalan 4216,18 manat məbləğində pul vəsaiti isə bugünədək Mərkəzi Filialın hesabına qaytarılmamışdır. Cavabdeh1 yaranmış 4216,18 manat borcu, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət-Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödəməyi barədə şifahi olaraq müraciət edilmiş, daha sonra cavabdehə 08.05.2021-ci il tarixində məktub göndərilərək xəbərdarlıq edilmiş, əks halda qanunamüvafiq olaraq məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Dəfələrlə müraciət edilməsinə baxmayaraq, artıq ödənilmiş dövlət vəsaitinin qaytarılması cavabdeh tərəfindən həyata keçirilməmiş və nəticədə 4216,18 manat dövlət borcu Mərkəzi Filialın hesabına ödənilməmişdir. Qeyd olunanlara əsasən məhkəmədən artıq ödənilmiş 4216,18 manat dövlət vəsaitinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialına 16.10.2020ci il tarixdə ərizə ilə müraciət edərək mərhum qayınanası X1 24.03.2020-ci il tarixdə vəfat etməsini bildirmiş və dəfn xərcinin özünə ödənilməsini xahiş etmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, cavabdeh qayınanasının ölümü haqqında məlumatı və həmçinin ölüm haqqında şəhadətnaməni Mərkəzi filiala vaxtında təqdim etmədiyindən onun müvafiq kart hesabına 31.10.2020-ci il tarixinədək əmək pensiyası tam məbləğdə köçürülmüşdür. Cavabdehin dəfn xərci ilə bağlı müraciətinə əsasən 200 manatın üç misli, yəni 600 manat dəfn müavinəti hesablanaraq artıq ödənilmiş 4816,18 manat məbləğdən çıxılmış və qalan 4216,18 manat məbləğində pul vəsaiti isə bugünədək Mərkəzi filialın hesabına qaytarılmamışdır. Cavabdehə şifahi və rəsmi müraciətlər edilməsinə baxmayaraq tələb olunan pul məbləğini geri qaytarmamışdır. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Odur ki, o, iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, qayınanası ilə qayınatası faktiki nikah münasibətlərində olmuşlar. Qayınanası 24.03.2020-ci il tarixdə rəhmətə getmiş, ölüm haqqında şəhadətnamə olmadığından onun pensiyasını qayınatası almışdır. DSMF-dən əməkdaşı qaytatası ilə əlaqə saxlamış, o, pensiya məbləğini geri qaytaracağını bildirsə də, heç bir ödəniş etməmişdir. İddiaçıya qayınanasının rəhmətə getməsi ilə bağlı məlumatı özü vermişdir. Lakin həmin məbləği o, almamışdır.Həmin məbləğin qaynatası Cavabdeh2 tərəfindən alınmasını, onun qonşuları və iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi təsdiq edə bilər. Ona görə də iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, Cavabdeh1 ölüm haqqında şəhadətnamə lazım olduğuna görə qayınatasına müraciət etmiş, bu zaman qayınatası ölüm haqqında şəhadətnamə almadığını bildirmişdir. Həmçinin Cavabdeh1 həmin pensiya məbləğini alması ilə bağlı heç bir sübut yoxdur. Ona görə də iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. 17.11.2021-ci il tarixli məhkəmə iclasında mülki iş üzrə cavabdeh qismində cəlb olunmuş Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Məhkəmə iclasında iştirak edən Şahid izahatında göstərdi ki, Cavabdeh1 16.10.2020-ci il tarixdə dəfn pulu ilə əlaqədar olaraq iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. 2020-ci ilin noyabr ayında Nuranə ilə əlaqə saxlamış, o, heç bir pensiya almadığını, qayınatasının ala biləcəyini bildirmişdir. Daha sonra Nuranənin qayınatası Cavabdeh2 zəng etmiş, o isə həmin məbləğin onun tərəfindən alındığını etiraf edərək, oğlunun onlarla əlaqə saxlayacağını bildirmişdir. Oğlu zəng edərək xaricdə yaşadığını, pulu atasının aldığını qeyd edərək, həmin pul məbləğinin Azərbaycana yaxın vaxtlarda qayıtdıqda həmin məbləği ödəyəcəyini bildirsədə, ödənişi hazırıki vaxtadək etməmişdir. İş materiallarında olan 16.10.2020-ci il tarixli ərizədən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək, qayınanası X2 uzun sürən xəstəlikdən sonra 24.03.2020-ci il tarixdə vəfat etdiyini bildirmiş və dəfn xərcinin ona ödənilməsini xahiş etmişdir. İş materiallarında olan Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X5 24.03.2020-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan DSMF-nin vətəndaşın ödəniş vəziyyətindən çıxarışından görünür ki, hər ay X2 hesabına 726,20 manat məbləğində pensiya ödənişi edilmişdir. Sonuncu ödəniş 14.10.2020-ci il tarixdə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 4 saylı Bakı ASAN xidmət mərkəzində notariat ofisi tərəfindən verilmiş 2097 saylı, 24.11.2021-ci il tarixli məktubdan görünür ki, 24.03.2020-ci il tarixdə vəfat etmiş X2 adına həmin notariat ofisində vərəsəlik işi açılmamışdır. Elektron notariat avtomatlaşdırılmış informasiya sistemində axtarış keçirildikdə hal-hazırki tarixədək X2 vərəsəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmədiyi aşkar olunmuşdur. İş materiallarında olan Cavabdeh1 tərəfindən verilmiş ərizədən görünür ki, cavabdeh pulun qayınatası və qayınatasının xahişi ilə Pərviz adlı qonşu tərəfindən alındığını bildirmiş və məhkəmədən bankomat görüntülərinin çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan 01.12.2021-ci il tarixli protokol qərardadı əsasında "xxxx" ASC-nə plastik kartdan (təqaüd) çıxarış və mövcud görüntülər Sumqayıt Şəhər Məhkəməsinə təqdim olunması barədə sorğu göndərilmiş və qərardadın lazımi qaydada təmin edilməsi üçün lazımi sənədlər barədə məlumatlar verilmişdir. Azərbaycan Respublikası Əmək pensiyaları haqqında Qanunun 38.1-ci madəsinə əsasən Əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə və ödənilməsinin dayandırılmasına səbəb ola biləcək hallar yarandıqda, əmək pensiyaçısı və işəgötürən əmək pensiyasını təyin edən orqana məlumat verməyə borcludur. Həmin Qanunun 39.4-cü maddəsinə əsasən borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi qanunvericiliyə əsasən dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən əmək pensiyaçısına verilməli olan və onun vəfatı ilə əlaqədar alınmamış əmək pensiyası məbləği mülki qanunvericilikdə nəzərdə tutulan qaydada ödənilir. Həmin Qanunun 42.2-ci maddəsinə əsasən əmək pensiyaçısı vəfat etdikdə, onun ailəsinə pensiyaçının vəfatı tarixinə əmək pensiyasının minimum məbləğinin üç misli məbləğində dəfn üçün müavinət verilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin qayınanası X4 24.03.2020-ci il tarixdə vəfat etmişdir. Lakin cavabdeh bu barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna 16.10.2020-ci il tarixdə müraciət etmiş və onların bu barədə məlumatı həmin vaxt məlumatlı olmuşlar. İş materiallarında olan sənədlərdən də görünür ki, həmin karta hər ay 726,20 manat məbləğində pensiya məbləği ödənilmişdir. Sonuncu ödəniş oktyabr ayı üçün edilmişdir. Hazırda iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh1 qarşı “artıq alınmış pensiya məbləğinin qaytarılması tələbi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, artıq ödənilmiş 4216,18 manat dövlət vəsaitinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi Cavabdeh2 münasibətdə təmin edilməli, qalan hissədə isə təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh1 qayınanası X5 24.03.2020-ci il tarixdə vəfat etmişdir. Lakin onun kartına pensiya kartına aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr aylarının ödənişləri edilmiş, həmin məbləğin Cavabdeh2 tərəfindən alınması məhkəmə iclasında iştirak edən Şahid izahatına əsasən öz təsdiqi taparaq, Cavabdeh1 münasibətdə öz təsdiqini məhkəmə iclasında araşdırılan hallara əsasən sübuta yetməmişdir. Bundan əlavə məhkəmə verilmiş iddia tələbinin qismən təmin edilməsi qənaətinə gələrkən qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh2 məhkəmə iclasında cavabdeh qismində cəlb edilib, məhkəməyə dəvət olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməyərək, iddia tələbinin təqzibi ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İş materiallarında olan sübutlara əsasən həmin ödənişlərin müntəzəm olaraq iddiaçı tərəfindən aylar üzrə yəni, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr ayları üçün ödənilmiş olması işin mübahisəsiz halı olduğundan, həmin aylar üzrə artıq pensiya məbləğinin Cavabdeh2 geri tələb etməkdə iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı haqlıdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 4216,18 (dörd min iki yüz on altı manat on səkkiz qəpik) manat pul tutularaq iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 7-ci maddəsinin 3-cü hissəsində qeyd olunmuşdur ki, dövlət hakimiyyətinin təşkili hakimiyyətin bölgüsü prinsipi əsasında həyata keçirilir. Həmin maddənin 4-cü hissəsinə əsasən - bu Konstitusiyanın müddəalarına əsasən qanunvericilik, icra və məhkəmə hakimiyyətləri qarşılıqlı fəaliyyət göstərir və öz səlahiyyətləri çərçivəsində müstəqildirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Qanunun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). İşə baxılarkən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırılmış, sübutlara hüquqi qiymət verilmişdir. İddiaçının tələbi ilə bağlı cavabdehin imtina etməsinə dair dəlillər məhkəməyə təqdim olunmamış, məhkəmənin mövcud sübutlar əsasında baxdığı iddia tələbinə iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olması təsdiq olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 184.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iddia ərizəsinə etirazı və ya sübutları təqdim etməməsi işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmur. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM 217.1-217.4-cü maddəsi). Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 4216,18 (dörd min iki yüz on altı manat on səkkiz qəpik) manat pul tutularaq iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar