Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1251/2020 10.09.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «vurulmuş zərərə görə pul tələbinə» dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «vurulmuş zərərə görə pul tələbinə» iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, idarə etdiyi **-GX-*** dövlət qeydiyyat nişanlı “Passat” markalı avyomobilə dəymiş ziyana görə 3860 manat maddi ziyanın və 30 manat dövlət rüsumunun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki,**- XG-*** dövlət qeydiyyat nişanlı “Passat” markalı avtomaşın ona məxsusdur. Cavabdeh Həsənov X1 şəhəri, 11-ci mikrorayon ərazisində yerləşən maşın təmiri sexində mühərrik ustası işləyir. Maşınının mühərrik hissəsində nasazlıq olduğuna görə xx xxxx 2019-cu ildə cavabdehə müraciət etmişdir. Cavabdeh avtomaşının mühərrik hissəsini sökmüş və ona 1200 manat dəyərində olan ehtiyat hissələrinin alınması məqsədilə siyahı yazdırmışdır. O, Cavabdeh iştirakı ilə həmin ehtiyat hissələrini alıb Vüsalın özünə təhvil vermişdir. Avtomaşının mühərrikinin yığılması bir ay yarım çəkmişdir. Təmirdən sonra mühərriki bir neç gün cavabdeh işə sala bilməmişdir. Cavabdeh mühərrikin işə düşməməsini onun startyorunun nasazlığı ilə əlaqəli olduğunu bildirmişdir. Halbuki startyoru təzə təmir etdirib Vüsala təhvil vermişdir. Startyoru cavabdehin özünün iştirakı ilə digər bir yerdə ustaya göstərmişlər. Orada məlum olmuşdur ki, startyor dəyişdirilmişdir. Əlacsız qalıb startyoru yenidən təmir edib cavabdehə təhvil vermişdir. Lakin cavabdeh mühərriki yenə də işə sala bilməmişdir. Cavabdeh bu dəfə maşının yanacaq nasosunun xarab olduğunu bildirmişdir. Cavabdehin iştirakı ilə 500 manat xərc çəkib yanacaq nasosunu təmir etdirmişdir. Daha sonra cavabdeh maşının “turbo” hissəsinin dağıldığını bildirmişdir. Həmin hissənin təmirinə 450 manat xərc çəkmişdir. Lakin maşının mühərriki normal işləməmişdir. Əlacsız qalıb cavabdehə zəng etmiş və Vüsala bildirmişdir ki, maşının mühərriki yaxşı işləmir, gətirib maşını qoyacaq işlədiyi servisə. Cavabdeh cavabında bildirmişdir ki, “maşını bura gətirib qoysan onu yandıracaqdır”. Əlacsız qalıb ərizə ilə Sumqayıt şəhər Polis İdarəsinə və Sumqayıt şəhər Prokurorluğuna müraciət etmişdir. Cavabında ona məhkəməyə müraciət etməsini tövsiyyə etmişlər. Cavabdehin günahı üzündən mühərrikin təmirinə 3860 manat xərcləsə də, mühərrik əvvəlkindən də pis işləyir, yağın işığı sönmür, artıq yağ israf olunur, salona dəm qazı dolur. Cavabdeh təmir zamanı maşının beyninə toxunduğundan əvvəllər maşında olmayan nasazlıqlar peyda olmuşdur. Cavabdehin günahı üzündən ona 3860 manat maddi zərər dəymişdir. Buna görə də məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək göstərdi ki, iddiaçı özünə məxsus **-GX-*** dövlət qeydiyyat nişanlı “Passat” markalı avtomobili onun yanına gətirəndə həmin avtomobil bərbad vəziyyətdə olmuşdur. O, həmin avtomobilin mühərrikini söküb porşenlərini çıxardan zaman porşenin üzərində olan üzlüklər yerə tökülmüşdür. O, avtomobilin mühərrikini lazımı qaydada yığmış, lakin avtomobildə elektrik problemi olduğundan avtomobil nasaz vəziyyətdə olduğundan yaxşı işləməmişdir. Sonradan onlar avtomobilin turbosuna baxış keçirmişlər və məlum olmuşdur ki, avtomobilin turbosu da işləmir. Hesab edir ki, o, iddiaçıya hər hansı bir maddi ziyan vurmamışdır. Ona görə də, iddia tələbinin əsassız hesab edilərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası tərəfindən verilmiş rəyə əlavə edilmiş dəymiş ziyanın hesablanması barədə cədvəldən görünür ki, «Volkswagen Passat» markalı, **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyişdirilməli olan hissələri arxa salnik-30 manat, şesterna-25 manat, vkladeş-25 manat, termostat-15 manat, kolşa-80 manat, praklatfka qolovka-35 manat, praklatka karter-15 manat, praklatka üst-8 manat, klapan salnikləri-80 manat, salnik val-16 manat, şupun yuvası-10 manat, poduşka motor-60 manat, remkomplekt-100 manat, porşen-120 manat, vakum sozdatel-80 manat, blok yuma, polirovka-60 manat, giliz vurma-15 manat, yağ filtiri-15 manat, yanacaq-6 manat, yağ motora 4 litr-55 manat, hava filtiri-10 manat, klapan qnezdaları-120 manat, yanacaq nasosu-480 manat, yağ filtiri-50 manat, membran-30 manat, təmir bərpa işləri, dəmirçi işi- 50 manat, çilingər işi-800 manat, armatur işi-400 manat, startez təmiri-55 manat, turbo yığdırmaq-300 manat olmaqla, ümumilikdə 3280 manat ziyan dəymişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 9/381 nömrəli rəydən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1996-cı il buraxılışlı «Volkswagen Passat» markalı, **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 3280 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 184.2-ci maddəsinin mahiyyətindən görünür ki, hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş ziyanın əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə ziyanın əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən ziyan dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real ziyan), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, cavabdeh iddiaçıya məxsus avtomobilin mühərrikini təmir etmiş, lakin avtomobilin mühərriki hal-hazırda qüsurlu işləyir. İddiaçı bunu əsas gətirərək avtomobilin mühərrikinin təmirinə xərclədiyi vəsaiti geri tələb edir. Ekspert rəyində avtomobilin təmir-bərpa xərcinin hadisə baş verən tarixə təxminən 3280 manat müəyyən edildiyi göstərilir. Lakin işin araşdırılan halları ilə müəyyən edilir ki, iddia ərizəsində və ekspert rəyində göstərilmiş bəzi xərclərin cavabdehə aidiyyəti yoxdur. Belə ki, yuxarıda qeyd edildiyi kimi cavabdeh iddiaçının avtomobilinin mühərrikini təmir etmişdir. Belə olan halda hava filtirinə görə 10 manat, yanacaq nasosuna görə 480 manat, çilingər işinə görə 800 manat və armatur işinə görə 400 manat pul avtomobilin mühərrikinin təmirinə aidiyyatı olmadığına görə cavabdehdən tutula bilməz. İddiaçı yanacaq nasosunun da cavabdehin təqsiri üzündən təmir edildiyini bildirərək, həmin xərci də tələb edir. Halbuki, iddiaçının özünün izahatından aydın olmuşdur ki, yanacaq nasosunu cavabdeh yox, digər şəxs təmir etmişdir və nasos hal-hazırda avtomobilin üzərində işlək vəziyyətdədir. Yanacaq nasosunun təmirinə zərurətin olub-olmamasına gəldikdə isə, bunu iddiaçı və nasosu təmir edən usta bilməli idi. Ona görə də, məhkəmə hesab edir ki, hesablanmış zərərdən yuxarıda qeyd edilənlər çıxılmalıdır. Eyni zamanda, iş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi zaman 30 manat məbləğində dövlət rüsumu ödənilmiş və aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də məhkəmə hesab edir ki, 30 manat dövlət rüsumu və aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul cavabdehdən alınaraq müvafiq olaraq iddiaçıya və dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 1590 manat maddi ziyan və 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilməli, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq dövlət xəzinadarlığı agentliyinin Kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZO1 **********00003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına köçürülməli və iddia tələbi qalan hissədə rədd edilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 241-244, 252 və 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1590 manat maddi ziyan və 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq dövlət xəzinadarlığı agentliyinin Kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZO1 **********00003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına köçürülsün. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV
Məhkəmə qərarları › İş №2(060)-1251/2020
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1251/2020
10.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver