Məhkəmə qərarları › İş №2(060)-1265/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-1265/2025

27.01.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-1265/2025 27.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt şəhər məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə, Cavabdeh "Sumqayıt Texnologiyalar Parkı” MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndələri X1 və X2 iştirakı ilə, İddiaçı cavabdeh "Sumqayıt Texnologiyalar Parkı” MMC-yə qarşı işə bərpa tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "Sumqayıt Texnologiyalar Parkı” MMC-yə qarşı işə bərpa tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, STP-nin icrasşı direktoru Hicran Qardaşxan oğlu Valehovun xx.xx.2024-cü il tarixli, 043-İRD/x nömrəli əmrini ləğv edərək, onun işsiz qaldığı müddət üçün əmək haqqının ödənilməklə iş yerinə bərpası qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh "Sumqayıt Texnologiyalar Parkı” MMC ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı işə bərpa tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edib. İş materiallarından görünür ki, iddiaçı mediasiya prosesinin keçirilməsinə düzgün əməl etməyib. Belə ki, iddiaçı və mediator tərəfindən mediasiya prosesi formal olaraq təşkil olunub. İddiaçı işə bərpa olunmasını tələb etsə də, işçinin əmək müqaviləsinə 16 noyabr 2024-cü il tarixli əmrlə xitam verilib. Yəni, başqa sözlə desələr işçinin iddia etdiyi hüquqi pozuntusu 16 noyabr 2024-cü il tarixdə baş verib. Lakin iddiaçı cavabdehə mediasiya təklifini xx.xx.2024-cü il tarixdə göndərib. Həmin tarixdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməmişdir. Buna görə də iddiaçı həmin tarixdə işə bərpa olunması ilə bağlı mediasiya prosesinə başlaya (mediasiya təklifi göndərə) bilməzdi. Eyni zamanda mediator məcburi mediasiya sessiyasını keçirərkən bu halı nəzərə almamış, formal olaraq proses keçirmiş və iddiaçıya mediasiyada iştirak etməkə bağlı müvafiq arayış vermişdir. Mediasiya prosesində iştrak etməklə bağlı cavabdehə göndərilmiş bildiriş mediasiya prosesinin keçirilməsindən 1 gün sonra xx.xx.2024-cü il tarixdə cavabdehə çatıb. Bütün bu hallar mediasiya prosesinin formal keçirildiyini təsdiq edir. İddaçı tərəfindən mediasiya prosesinə düzgün əməl olunmadığı üçün iddia ərizəsinin geri qaytarılmasını məhkəmədən xahiş edirlər. Məhkəmə iclasında iştirak edən cavabdeh "Sumqayıt Texnologiyalar Parkı” MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X3 bildirdi ki, iddiaçının tələbi işə bərpa barədədir. Tərəflər arasında bağlanılmış əmək müqaviləsinə isə noyabr ayında xitam verilib, lakin mediasiya təklifi cavabdeh təşkilata oktyabr ayında göndərilib. Halbuki həmin vaxt tərəflər arasında mübahisə olmayıb. Bundan başqa onlara mediasiya təklifi də vaxtında göndərilməyib. Belə ki, mediasiya barədə MMC-yə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. Göründüyü kimi, həm iddiaçı, həm də mediator tərəfindən qanunun tələbləri pozulmuşdur. Nümayəndə qeyd edilənlərin nəzərə alınmasını və iddia ərizəsinin geri qaytarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "Sumqayıt Texnologiyalar Parkı” MMC-nin etibarnamə üzrə digər səlahiyyətli nümayəndəsi X4 bildirdi ki, tərəflər arasında mediyasiyaya dair təklif tərəflər arasında mübahisə yaranmamışdan öncə göndərilmişdir. Bundan başqa mediasiya prosesində iştrak etməklə bağlı cavabdehə göndərilmiş bildiriş mediasiya prosesinin keçirilməsindən 1 gün sonra xx.xx.2024-cü il tarixdə cavabdehə çatıb. Hesab edir ki, belə olan halda işə baxıla bilməz və iddia ərizəsi geri qaytarılmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə bildirdi ki, cavabdeh tərəfindən onun yoldaşına edilən təzyiqlər nəticəsində yoldaşı kliniki ölüm keçirmişdir. Tərəflər arasında şərəf və ləyaqətin müdafiəsi ilə bağlı məhkəmə mübahisəsi olan vaxtda cavabdeh iddiaçıya işə gəlməsi ilə bağlı xəbərdarlıq məktubu göndərmişdi. Həmin mübahisə ilə bağlı iş hazırda Apellyasiya Məhkəməsinin icraatındadır. Yoldaşı xx.xx.2024-cü il tarixdə işdən çıxarılıb, lakin əmri 2024-cü ilin noyabr ayında əldə ediblər. Oktyabr ayında mediasiyaya müraciət etmələrinin səbəbi iddiaçının faktiki olaraq zavodda işə buraxılmaması ilə əlaqədar idi. Həm də onlar iddiaçının çalışdığı ştatın ixtisar olunduğu barədə məlumatlı olmuşlar. Bu səbəbdən elə həmin vaxtdan da işə bərpa tələbi ilə bağlı mediasiyaya müraciət ediblər. Nümayəndə qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 18 dekabr 2020-ci il tarixli Qanununa əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu 01 iyul 2021-ci il tarixdən qüvvəyə minmişdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən mediasiya aşağıdakılar üzrə tətbiq edilir: 3.1.1. mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla); 3.1.2. ailə münasibətlərindən irəli gələn mübahisələr; 3.1.3. əmək münasibətlərindən irəli gələn mübahisələr; 3.1.4. inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.5-ci maddəsinə əsasən tərəflərin hər hansı mübahisə ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya prosesində iştirakını tələb edən müqavilə, müqavilə şərti, yaxud hər hansı digər sənəddə şərt (mediasiyaya dair qeyd-şərt) olduğu halda, həmin qaydaya riayət edildikdən sonra mübahisə məhkəmənin həllinə verilə bilər. Həmin Məcəllənin 149.2-ci və 149.2.4-1-ci maddələrinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat göstərilməlidir. Həmin Məcəllənin 150.1.7-ci maddəsinə əsasən, iddia ərizəsinə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələb riayət edilməsini təsdiq edən sənəd əlavə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinin 5-ci bəndinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə uyğun olaraq fərdi əmək mübahisələri mediasiya vasitəsilə həll oluna bilər. Fərdi əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Yuxarıda qeyd olunan normalardan göründüyü kimi əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak etmək tələbi mütləqdir. Məhkəmə ilk növbədə qeyd edir ki, tərəflər arasında bağlanılmış əmək müqaviləsinə 16 noyabr 2024-cü il tarixli əmrlə xitam verilmişdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə işə bərpa tələbi üzrə mübahisəyə dair mediasiya təklifi isə xx.xx.2024-cü il tarixdə göndərilmişdir. Halbuki həmin tarixdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə hələ xitam verilməmişdi. Bundan başqa ilkin mediasiya sessiyası barədə xx.xx.2024-cü il tarixli bildiriş cavabdehə göndərilsə də, həmin bildiriş cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir. Halbuki, mübahisə üzrə ilkin mediasiya sessiyası xx.xx.2024-cü il tarixdə keçirilmişdir. Eyni zamanda arayışın məzmunundan görünür ki, həmin gün bildirişin cavabdehə çatdırılmadığı, yəni hələ poçt məntəqəsinin mübadilə məntəqəsinə daxil olduğu mediatora məlum olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayış iddia ərizəsi üzrə mediasiya prosesində iştirakı təsdiq edən sənəd kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.13-cü maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 21.9-cu maddəsində göstərilən hallarda məhkəmə ərizəni baxılmamış saxlayır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 21.9-cu maddəsinə əsasən bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf bu Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu məhkəməyə etdiyi müraciətinə əlavə etmədən məhkəməyə müraciət edildikdə müraciət məhkəmə tərəfindən baxılmamış saxlanılır. (21.9.1) Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı "Sumqayıt Texnologiyalar Parkı” MMC-yə qarşı işə bərpa tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Həmin Məcəllənin 260.1-ci maddəsinə görə iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı "Sumqayıt Texnologiyalar Parkı” MMC-yə qarşı işə bərpa tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt şəhər məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar