Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1271/2021 29.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı «mənzildən istifadə hüququna xitam verilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququna xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh Sumqayıt şəhəri, 48-ci məhəllə, 5 saylı evin, 14 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili X3 məhkəmə iclasında iddia tələbini onunla əsaslandırdı ki, ünvan 1, mənfil 14 xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Cavabdeh iddiaçının doğma qardaşıdır. xx xxxx 2013-cü ildə iddiaçının qardaşı Cavabdeh ünvan 1 ünvanında yerləşən 14 saylı mənzili iddiaçıya bağışlamışdır. Cavabdehin mənzili iddiaçıya bağışlamasına səbəb, iddiaçının cavabdehə və həyat yoldaşına mənzilin əvəzində pul verməsi olmuşdur. Belə ki, iddiaçı cavabdehə 22.000 ABŞ dolları, cavabdehin həyat yoldaşına isə 9000 ABŞ dolları məbləğində pul vermişdir. Cavabdeh iddiaçının ona verdiyi pula Sumqayıt şəhəri, 41-ci məhəllədə ev almış, bir müddət sonra həmin evi satıb Tatarıstan Respublikasına getmişdir. Cavabdehin həyat yoldaşı isə 9000 ABŞ dollarına yataqxana almışdır. İddiaçının qardaşının yoldaşı əvvəl iddiaçıya məxsus mənzildə qeydiyyatda olmuşdur. Yataqxananı aldıqdan sonra iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxıb yataqxanaya qeydiyyata düşmüşdür. İddiaçının qardaşı isə qeydiyyatdan çıxmamışdır. Bir sözlə iddiaçı cavabdehə və onun həyat yoldaşına cəmi 31.000 ABŞ dolları məbləğində pul vermişdir. Ona görə də cavabdeh həmin mənzili iddiaçıya bağışlamışdır. İddiaçının qardaşı Cavabdeh 2013-cü ildən Tatarıstan Respublikasında yaşayır. Bu qonşuların iştirakı ilə tərtib olunmuş aktda da öz təsdiqini tapır. İddiaçının qardaşı daimi olaraq həmin ötkədə yaşayır. 2013-cü ildən bu günə kimi cavabdeh bir gün də olsun iddiaçıya məxsus mənzildə yaşamamışdır. Hətta iddiaçının hər iki valideyni vəfat edərkən də, cavabdeh yas mərasimində iştirak etməmişdir. Cavabdehin iddiaçıya məxsus mənzilə heç bir hüququ yoxdur. Cavabdehin iddiaçıya məxsus mənzildə qeydiyyatı formal xarakter daşıyır. Ona görə də, iddiaçı hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, cavabdehin iddiaçıya məxsus mənzilə istifadə hüququ itirilmiş hesab edilməlidir. Qeyd olunanlara əsasən iddianın təmin olunması məhkəmədən xahiş edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, o, iddiaçını və cavabdehi tanıyır. Belə ki, o, iddiaçının qonşusu, cavabdeh isə iddiaçının qardaşıdır. O, 30 ildən çoxdur ki, həmin binada yaşayır. 2013-cü ildən Cavabdeh mübahisəli mənzildə yaşamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, iddiaçı və cavabdeh qardaşdır. İddiaçı onun qonşusudur. O, 2015-ci ildən həmin binada yaşayır. O, həmin vaxtdan Cavabdeh mübahisəli mənzildə yaşamasını görməmişdir. Cavabdehin qeydiyyatda olduğu ünvan üzrə məhkəmə bildirişi göndərilmiş, lakin onun faktiki olduğu yer məlum olmadığından məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilini, şahidləri dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2013-cü il tarixli mənzili bağışlama müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh Sumqayıt şəhəri, 48-ci məhəllə, 5 saylı evin, 14 saylı mənzilini İddiaçı bağışlamışdır. İş materiallarına əlavə olunan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, 48-ci məhəllə, 5 saylı evin, 14 saylı mənzili İddiaçı adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan ******* nömrəli, xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Sumqayıt şəhəri, 48-ci məhəllə, 5 saylı evin, 14 saylı mənzilində rəsmi olaraq qeydiyyatdadırlar. İş materiallarında olan 20 saylı MKS tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli Aktdan görünür ki, Cavabdeh 2013-cü ildən ölkə hüdudlarından kənarda Tatarıstan Respublikasında yaşayır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.1. maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Eyni zamanda, həmin Məcəllənin 203.1. maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Beləliklə, işin məhkəmə iclasında araşdırılan hallarına və tədqiq edilən sənədlərə əsasən İddiaçı Sumqayıt şəhəri, 48-ci məhəllə, 5 saylı evin, 14 saylı mənzilini bağışlama müqaviləsi əsasında əldə etmiş, buna baxmayaraq, Cavabdeh həmin mənzildə rəsmi olaraq qeydiyyatda qalması iddiaçının mülkiyyət hüquqlarını lazımi şəkildə həyata keçirməsinə maneçilik törədərək iddiaçının bu hüququndan tam istifadə etmək imkanını məhdudlaşdırmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsinin mənasından görünür ki, əgər mülkiyyətə maneələr mülkiyyətdən məhrum etmədən törədilərsə, mülkiyyətçi bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulması məhkəmə vasitəsilə tələb oluna bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Sumqayıt şəhəri, 48-ci məhəllə, 5 saylı evin, 14 saylı mənzilinə olan istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Azər İsmayılov
Məhkəmə qərarları › İş №2(060)-1271/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1271/2021
29.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver