Məhkəmə qərarları › İş №2(060)-1275/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1275/2020

06.11.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1275/2020 06.11.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı Qaraxanova Bahar Mülki qızının və onun nümayəndəsi və vəkili X3, Cavabdeh1 iştirakı ilə, X4 Mülki qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə köçürülmə tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 Mülki qızı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1 övladı X2 ilə birlikdə ona məxsus ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən 3 ay müddətə istifadə hüququ saxlanılmaqla çıxarlmaları barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək, onun ünvan 1 ünvanına köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi onun xüsusi mülkiyyətindədir. Cavabdeh1 onun keçmiş gəlini, digər cavabdehlər isə nəvələridir. Həmin ev 1 otaqdan ibarətdir və keçmiş gəlini ilə birlikdə yaşamaq mümkün deyildir. Həmçinin cavabdeh onu döydüyü üçün CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək dövlət nəfinə 10 faiz məbləğində pul tutulmaqla 3 ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı və onun nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddiasının təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında cavabdeh bildirdi ki, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi iddiaçının xüsusi mülkiyytəindədir və həmin mənzilə köçürülməsinə etiraz etmir. Digər cavabdeh məhkəmə iclası barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinə əsasən mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş üzrə tərəflərin izahatını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin verdiyi RX seriyalı ******* saylı çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilin mülkiyyətçisi Qaraxanova Bahar Mülki qızıdır və daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 75 nömrəli reyestr kitabının 56 nömrəli vərəqində qeydiyyata alınmışdır. -DİN BPQMİ-nin MAPS şöbəsinin verdiyi xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Qaraxanova Bahar Mülki qızı ünvan 1 ünvanında yerləşən mənzildə rəsmi qeydiyyatdadır. -Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4973/2015 saylı, xx xxxx 2015-ci il tarixli qətnaməsinin surətindən görünür ki, X1 övladları Cavabdeh2 və X2 ilə birlikdə ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməsi qət edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdeh1 iddiaçının keçmiş gəlini, digər cavabdehlər isə nəvələridir. Həmin ev 1 otaqdan ibarətdir və keçmiş gəlini iddiaçını mənzilə buraxmır. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verilməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.Həmin Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tədbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxx 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı” iş üzrə xx xxxxxxxx 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da ”mülkiyyət” kimi qiymətləndirilə bilər. “Broniovski Polşaya qarşı” işdə (xx xxxx 2004-cü il tarixli Məhkəmə qərarı) Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin tədbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından “mülkiyyət” müstəqil məna daşıyır. Mübahisə predmeti olan mülkiyyət barəsində hüquqi tələb irəli sürmək mümkün olmadıqda, 1 saylı Protokolun 1-ci maddəsi tədbiq edilmir, belə ki, yalnız real mövcud olan mülkiyyətin hüquqi mühafizəsi mümkündür və bu mühafizə hər hansı mülkiyyəti gələcəkdə əldə etmək hüququna şamil olunmur. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, mübahisəli mənzil iddiaçının xüsusi mülkiyyətində olduğu üçün, iddiaçıya mənsub əmlaka onun sahiblik və istifadə hüquqları təmin olunmalıdır. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, Qaraxanova Bahar Mülki qızı Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən 57 saylı evin, 44 saylı mənzilinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 234-244 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi : İddia təmin edilsin. Qaraxanova Bahar Mülki qızı Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən 57 saylı evin, 44 saylı mənzilinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar