Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1275/2024 26.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, Ərizəçi və ərizəçinin vəkili Vəkil iştirakları ilə, Ərizəçi (Maraqlı şəxs olmaqla) hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi ilə X2 qohumluq münasibətinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi nümayəndəsi və vəkili Vəkil daha sonra ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən Ərizəçi X2 atalığının etiraf olunması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2000-ci il tarixində ona verilmiş olan, İ-AZ seriyalı, 124082 saylı doğum haqqında şəhadətnamədə atası X18, anası X5 qeyd olunmuşdur. Tale elə gətirmişdir ki, o, on iki yaşında anası X13 xx.xx.2012-ci ildə sağ süd vəzinin xərçəngindən vəfat etmişdir. Bunu xx.xx.2012-ci ildə verilmiş, AZ-İ seriyalı, 543054 saylı ölüm haqqında şəhadətnamə təsdiq edir. Maraqlı şəxs verdiyi xx.xx.2019-cu il tarixli, 05/70-217/69 saylı arayışa əsasən Azərbaycan Respublikasının vətəndaşı xx.xx.1968-ci il tarixdə Göyçay rayonunda anadan olmuş X9 ailə vəziyyətinin müəyyən edilməsi məqsədi ilə xx.xx.1986-cı ildən xx.xx.2012-ci ilədək olan dövrə aid “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X9 nikahı haqqında akt qeydi aşkar olunmamışdır. Atası xx.xx.1954-cü il təvəllüdlü X14 xx.xx.2018-ci ildə vəfat etmişdir. xx.xx.2023-cü il tarixli, 3-16- 5/8-2804/69 nömrəli arayışa əsasən xx.xx.1954-cü il tarixində Türkiyə Respublikasında anadan olmuş X3 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölümü haqqında akt qeydi aşkar olunmamışdır. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında bildirdi ki, atalığın müəyyən olunmasını sənədlər ilə və Türkiyə Respublikasına gedib-gəlməyi məqsədi ilə istəyir. Əvvəl anası, daha sonra isə atası vəfat etmişdir. Anası xəstəlik ilə əlaqədar vəfat etmişdir. Lakin atası köməklik göstərmişdir. Qeyd edilənləri nəzərə alaraq, ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçin vəkili ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Maraqlı tərəf Maraqlı şəxsnə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilməklə məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndələrinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsini rəhbər tutaraq işə maraqlı tərəf Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. xx.xx.2024-cü il tarixdə məhkəmənin baxış iclasında şahid X15 ifadəsində bildirdi ki, Nilgün onun nəvəsidir. Qızı, onun həyat yoldaşı və nəvəsi onunla birlikdə yaşamışlar. Qızının və həyat yoldaşının nikahları olmamışdır. Nasosnuda onunla birlikdə yaşamışlar. Yeddi il onun evində yaşamışlar. Anası öldükdən sonra da uşağı öz qəyyumlluğuna keçirmiş və özü saxlamışdır. Nəvəsinin atası yasda və digər zamanlar onların evində olmuşdur. Uşağın onun qəyyumluğuna verilməsinə atası etiraz etməmişdir. Körpə olduğu üçün də ona verilməsi mümkün olmamışdır. Soyadın verilməsi ilə bağlı atasına bildirmiş, o da demişdir ki, qızıdır. Övladını atmır. Atasının əmlakı yoxdur. Nəvəsi sənədin düzəldilməsini və atasının adının yazılmasını istəyir. Qızından miras-əmlak qalmış, onu da nəvəsinin adına keçirtmişdir. Atasından daşınmaz əmlak, maşın, heç bir əmlak qalmamışdır. Nəvəsinin atası ölərkən məlumatları olmuşdur. Qızı rəhmətə getdikdən sonra həyat yoldaşı evə gəlib-getmişdir. Bəzən gəlmiş, bəzən isə gəlməmişdir. Uşağın saxlanılması üçün bəzən yardım etmişdir. İki və yaxud üç aydan bir gəlib-getmişdir. Qızını da aparmış və bir müddət yanında saxlamışdır. Məktəb açılarkən isə gətirmişdir. Nəvəsi evin yanındakı məktəbdə təhsil almışdır. xx.xx.2024-cü il tarixdə məhkəmənin baxış iclasında şahid X16 ifadəsində bildirdi ki, ərizənin anası ilə həm qonşu, həm də rəfiqə olmuşlar. Toylarında da iştirak etmişdir. Ərizəçinin atasının adı Bülentdir. Onlar əvvəldən bir yerdə yaşamışlar. Təxminən 1998-ci il tarixdən yaşamışlar. Özü hal-hazırda həmin ünvandan köçmüşdür. Lakin həmişə onları görmüşdür. Atası özü ilə uşağı aparmış saxlamışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Maraqlı şəxs tərəfindən verilmiş AZ- İ seryialı, 543054 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X13 21 may 2012-ci il tarixində Sumqayıt şəhərində sağ süd vəzinin xərçəngi səbəbindən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2012-ci ilin 06-cı ayının 19-cu günündə 959 nömrə ilə qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Maraqlı şəxs tərəfindən verilmiş 22 yanvar 2019-cu il tarixli, 05/70-217/69 nömrəli notarial qaydada təsdiq olunmuş arayışın surətindən görünür ki, Azərbaycan Respublikasının vətəndaşı 02 yanvar 1968-ci il tarixdə Göyçay rayonunda anadan olmuş X9 ailə vəziyyətinin müəyyən edilməsi məqsədi ilə xx.xx.1986-cı ildən xx.xx.2012-ci ilədək olan dövrə aid “Vətəndaşlıq Vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X9 nikahı haqqında akt qeydi aşkar olunmamışdır. R.S.Əzizova Maraqlı şəxs tərəfindən tərtib edilmiş xx.xx.2012-ci il tarixli, 959 nömrəli ölüm akt qeydinə əsasən vəfat etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X17-Təcrübi və Tədris Birliyi tərəfindən verilmiş 27 nömrəli ekspert rəyindən görünür ki, 1954-cü il təvəllüdlü X21 Nurrettinin meyitinin xarici müayinəsi zamanı onun bədəni üzərində xx.xx.2018-ci il tarixinə uyğun xəsarət izləri aşkar edilməmişdir. Mərhum X1 məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş – sol aşıq-daban, sol ayaqüstü və sol ayaq barmaqlarında diabetik, xoralaşmış yaralar, sol baldır nahiyyəsində dərinin atrofiyalaşmış və parlaq səthə malik dəri ləkələri sağlığında düçar olduğu xəstəliklər o cümlədən də ”şəkərli diabet” xəstəliyinin ağırlaşması nəticəsində əmələ gəlmələri inkar edilmir. Məhrum X1 bədəni üzərində ölümündən əvvəl mübarizə və ya özünü müdafiə nəticəsində yarana biləcək hər hansı bir xəsarət izləri aşkar edilməmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Maraqlı şəxs tərəfindən verilmiş 19 oktyabr 2023-cü il tarixli, 3-16-5/8-2804/69 nömrəli arayışdan görünür ki, xx.xx.1954-cü ildə Türkiyə Respublikasında anadan olmuş X10 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə “Vətəndaşlıq Vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölümü haqqında akt qeydi aşkar olunmamışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X12” PHŞ-nin Vəkil ünvanlanmış sorğuya cavabdan görünür ki, mərhum X3 adına “MTE və PAB” p.h.ş-də tərtib olunmuş “Ekspert rəyi”-nin və ya “Ölüm haqqında Tibbi Şəhadətnamə”-nin (Forma №106) surətinin verilməsi üçün bu işin istintaqını aparmış prosessual şəxsə və ya orqana müraciət etməyin qanunauyğun olması bildirilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Ərizəçi tərəfindən hazırki ərizə ilə bağlı 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə ərizəçini və onun vəkilinin ifadəsini dinləyib, iş üzrə toplanmış sübutlara əlaqəli şəkildə hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Ərizəçi xx.xx.2000-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur; atası X4, anası X13 olmuşdur. X4 xx.xx.2018-ci ildə, X13 isə xx.xx.2012-ci il tarixdə ölmüşlər. Ərizəçi doğulan zaman valideynlərinin rəsmi nikahları olmamış, valideynləri nikahlarını rəsmiləşdirməmişlər. Ərizəçi valideynlərinin faktiki nikahından doğulmuş, onun doğum haqqında şəhadətnaməsində «atası» qrafasında «X19» qeyd edilmişdir. Ərizəçiyə atalığın müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi izah edilmişdir. Ərizəçi qohumluq münasibətinin müəyyən olunması ilə bağlı Maraqlı şəxsnə müraciət etmiş, lakin valideynləri öldüyünə görə birgə ərizə ilə qeydiyyat şöbəsinə müraciət etmələri mümkün olmadığından atalığın müəyyən edilməsi mümkün olmamışdır. Ona görə də ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında həmçinin X2 öldüyü, ərizəçinin hazırki məsələnin (atalığın müəyyən edilməsinin) məhkəmədən kənar qaydada həlli üçün Qeydiyyat Şöbəsinə müraciət etməsi və bu müraciətin heç bir nəticə verilməməsi səbəbindən ərizəçinin X2 onun atası olması faktını təsdiq edən sənədləri başqa qaydada ala bilməməsi və bu faktın müəyyən edilməsinin ərizəçiyə Türkiyə Respublikasına rahat şəkildə gedib-gəlməsi üçün lazım olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.3-cü maddəsinə əsasən uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.2-ci maddəsinə əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.2-ci maddəsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd anasının ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi, habelə məhkəmənin qərarı əsasında aparılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 48-ci maddəsinə əsasən bu Məcəllənin 44- 45-ci maddələri ilə nəzərdə tutulmuş qaydada atalıq müəyyən olunduqda, uşaqlar valideynlərinə və onların qohumlarına münasibətdə, öz aralarında nikahda olan valideynlərin uşaqlarının malik olduqları hüquq və vəzifələri daşıyırlar. Azərbaycan Respublikası MPM-nin 307.2.10-cu maddəsinə əsasən atalığın etiraf olunması faktı hüquqi əhəmiyyəti olan fakt kimi məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 11-ci bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.10-cu maddəsində nəzərdə tutulan faktın- yəni atalığın etiraf olunması faktının xüsusi icraat qaydasında məhkəmə tərəfindən müəyyən edilməsi zamanı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Bu normaya əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Yəni atalığı etiraf etmə (atalığın tanınması) faktının müəyyən olunması üçün 3 şərt mövcud olmalıdır: 1. Özünü uşağın atası hesab edən şəxs uşağın anası ilə nikahda olmamalıdır; 2. Həmin şəxs özünü uşağın atası hesab etməlidir; 3. Özünü uşağın atası hesab edən şəxs ölmüş olmalıdır. Həmin qərarın 11.2-ci bəndinə əsasən atanın sağ olduğu dövrdə atalığın müəyyən olunması isə Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən həll edilir və birmənalı olaraq bu iddialara iddia icraatı qaydasında baxılır. Yenə də həmin qərarın 11.3-cü bəndinə əsasən ölən şəxsin özünü uşağın atası hesab etməsini təsdiq edən sübutlara şahid ifadələri, yazılı və maddi sübutlar, həmin şəxsin uşağın anası ilə bir evdə yaşaması, uşağın tərbiyəsində iştirak etməsi, yazılı məktubları, həmçinin uşağın bağçaya, məktəbə qəbul edilməsinə dair məktəb rəhbərliyinin adına yazdığı ərizələr və sair ola bilər. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalı, mərhum X2 Ərizəçi qızının atalığının etiraf olunması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə əsasən müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi Ərizə təmin olunsun. Mərhum X2 Ərizəçi atalığının etiraf olunması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-1275/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1275/2024
26.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver