Məhkəmə qərarları › İş №2(060)-1279/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1279/2023

25.04.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1279/2023 25.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, İddiaçı1 nümayəndəsi-vəkili və İddiaçı2 vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MTK-ya qarşı mənzillə təmin edilmə öhdəliyinin qoyulması tələbinə (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs: X5) dair iddia ərizəsi mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, 06 avqust 2020-ci il tarixli Sazişə əsasən, iddiaçıların ünvan 1 ünvanında inşa edilmiş iki blokdan ibarət yaşayış evinin “A” blokunda 3-cü mərtəbədə, ümumi sahəsi 68 kv.m olan iki otaqlı 2 nömrəli mənzil ilə təmin edilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MTK-a ilə X5 arasında 6 avqust 2020-ci il tarixdə saziş bağlanmışdır. Həmin sazişin 1-ci bəndinə əsasən: Cavabdeh MTK ünvan 1 ünvanında gələcəkdə inşa edəcək iki blokdan ibarət yaşayış evinin “A” blokunda 3-cü mərtəbədə, ümumi sahəsi 68 (altmış səkkiz) kv.m olan iki otaqlı, 2 №-li mənzili, bina tikilib istismara verildikdən sonra mənzili təmir etməklə ünvan 2 ünvanında yaşayan X1 mülkiyyətinə verməyi və X2 yaşadığı yer yararsız olduğu üçün bina tikilib istismara verilənə qədər mənzil kirayələyib yaşamaq üçün ayda 300 (üç yüz) manat olmaqla ilk öncə 6 (altı) aylıq kirayə pulu kimi 1800 (bir min səkkiz yüz) manatı "xxxx" ASC 8 saylı şöbəsi vasitəsi ilə depozit hesabına qoyaraq ödəməyi, daha sonra isə kirayə qaldığı müddətlərdə kirayə haqqını hissə-hissə ödəməyi, əgər bina tikintiyə başladıqdan 3 (üç) il ərzində tikilib istismara təhvil verilmədiyi halda isə Cavabdeh MTK mənzilin sahibinə 50000 (əlli min) manat kompensasiya ödəməyi öhdəsinə götürmüşdür. 18 may 2021-ci il tarixdə X2 Cavabdeh MTK tərəfindən götürülmüş öhdəliyin kompensasiya formasında nəğd şəkildə ona ödənildiyindən 6 avqust 2020-ci il tarixli Sazişin ləğv edilməsi ilə bağlı ərizəsinə əsasən sözügedən Saziş ləğv edilmişdir. 6 avqust 2020-ci il tarixli Saziş bağlanan zaman iddiaçılar ölkə xaricində olmuş, bu səbəbdən də saziş X5 tərəfindən bağlanmışdır. Sonuncu iddiaçı - İddiaçı1 ögey qardaşıdır. Daha əvvəl heç bir münasibətləri, eləcə də mənzillə heç bir əlaqəsi olmamışdır. Sumqayıt ŞİH Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 22 saylı Mənzil- Kommunal Sahəsinin 14 noyabr 2022-ci il tarixli ailə tərkibi haqqında arayışında da X2 adı qeyd edilməmişdir. Mənzilə dair azərişıq ilə müqavilə İddiaçı1 adına bağlanmış, telefon xətti isə İddiaçı2 adına çəkilmişdir. Təkrar olaraq bildirir ki, X2 mənzil ilə heç bir əlaqəsi olmamış, 6 avqust 2020-ci il tarixli saziş bağlanan zaman ölkə xaricində olmaqları səbəbindən məhz müqavilə onun tərəfindən bağlanmışdır. Lakin sazişin ləğv edilməsi barədə müqavilənin bağlanmasından, eləcə də X5 tərəfindən yazılmış ərizədən qəti şəkildə xəbərləri olmamışdır. Belə ki, bu hal tamamilə qanunsuzdur. Qeyd olunanlardan da göründüyü kimi cavabdeh tərəfindən müqavilənin şərtləri bir neçə dəfə pozulmuşdur. Belə ki, ilk öncə bildirir ki, kompensasiya məbləği Pyotra yox, iddiaçılara ödənilməli olmuşdur. Çünki mənzilin faktiki mülkiyyətçisi iddiaçılardır və məhz sazişdə də 50000 (əlli min) manat məbləğində kompensasiyanın mənzilin sahibinə ödənilməsi nəzərdə tutulmuşdur. İkinci hal isə ondan ibarətdir ki, Sazişdə kompensasiya məbləğinin verilməsi bina tikintiyə başladıqdan 3 (üç) il ərzində tikilib istismara verilmədiyi halda nəzərdə tutulmuşdur. Lakin müqavilənin bağlandığı vaxtdan bir ildən az vaxt keçmiş kompensasiya MTK-a tərəfindən ödənilmişdir. Qeyd olunanlardan da göründüyü kimi cavabdeh tərəfindən hər şey məqsədli şəkildə edilmişdir. Müqavilədə göstərilən 3 il müddətin hələ də başa çatmamasına, eləcə də sözügedən ərazidə bina inşa edilməsinə baxmayaraq cavabdeh tərəfindən cəmi bir neçə ay sonra guya 50000 (əlli min) manat kompensasiyanın ödənilməsi qeyd olunanların sübutudur. Cavabdeh tərəfindən binanın inşa edilməsinə baxmayaraq kompensasiyanın müqavilənin bağlanmasından bir neçə ay keçdikdən sonra ödənilməsi səbəbi nədir? Əgər cavabdeh belə düzgün iş görürsə nəyə görə müqavilədə nəzərdə tutulmuş kompensasiya məbləğini məhz müqavilənin şərtlərinə uyğun olaraq mənzilin faktiki sahibi olmuş bizlərə yox müqaviləni bağlayan şəxsə ödəmişdir? Qeyd edirlər ki, 50000 (əlli min) manat məbləğində kompensasiyanın da ödənilməsi ilə bağlı hər hansı sübut yoxdur. Belə ki, 50000 (əlli min) manat kiçik məbləğ deyildir və cavabdehin də daim müqavilələr, sazişlər və s. əsasında fəaliyyət göstərdiyini nəzərə alsalar, göstərilən məbləği heç bir sübutsuz, dəlilsiz X3 verməsi inandırıcı deyildir. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə müraciət etsələr də nəticəsi olmamışdır. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edirlər. Cavabdeh MTK etirazla məhkəməyə müraciət edərək iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı 06 avqust 2020-ci il tarixli sazişə əsasən, ünvan 1 ünvanında inşa edilmiş iki bloklu yaşayış evinin “A” blokunun 3-cü mərtəbəsində, ümumi sahəsi 68 kv.m. olan iki otaqdan ibarət 2 nömrəli mənzil ilə təmin edilmələri öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulması barədə iddia tələblərinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MTK-nə qarşı müqavilə üzrə öhdəliyin icrası və mənzil tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 06 avqust 2020-ci il tarixli sazişə əsasən, ünvan 1 ünvanında inşa edilmiş iki bloklu yaşayış evinin “A” blokunun 3-cü mərtəbəsində, ümumi sahəsi 68 kv.m. olan iki otaqdan ibarət 2 nömrəli mənzil ilə təmin edilmələri öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Hesab edir ki, aşağıda qeyd olunanlara əsasən, tamamilə əsassız və qanunsuz olmaqla, heç bir mötəbər və təkzib olunmaz sübuta əsaslanmadığından iddia ərizəsi rədd olunmalıdır. Belə ki, əvvəla Cavabdeh MTK iddiaçılar İddiaçı1 və İddiaçı2 ilə hər hansı saziş (müqavilə) bağlamamış, onların qarşısında hər hansı öhdəlik götürməmiş və tərəflər arasında hər hansı hüquq münasibətləri mövcud olmamışdır. xx.xx.2019-ci ol tarixli, ********** nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 0,2768 ha. torpaq sahəsi xüsusi mülkiyyət kimi Cavabdeh MTK-nın adına dövlət qeydiyyatına alınmış və tərəflərindən qeyd olunan sahədə hündürmərtəbəli yaşayış binasının inşası həyata keçirilmişdir. Binanın inşası ərəfəsində sözügedən torpaq sahəsində bir neçə özbaşına tikilinin mövcud olmaqla, orada qanunsuz məskunlaşmaların olması müəyyən edilmiş və tərəflərindən humanist addım atılmaqla orada yaşayanlarla müəyyən razılıqlar əldə edilərək, saziş bağlanıb oradan köçürülmələri təmin edilmişdir. Belə bir saziş də xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhəri 4 saylı notariat ofisində həmin vaxt qeyd olunan gecəqonduların birində yaşayan X5 ilə bağlanmış və sonuncu özünə məxsus əşyaları çıxararaq tikilini boşaltmışdır. Daha sonra isə Pyotr Biryukov ilə xx.xx.2020-ci il tarixdə 3M-952 nömrəli reyestrlə rəsmiləşdirilmiş sazişin ləğv edilməsi barədə xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri 4 saylı notariat ofisində təsdiq edilmiş müqavilə bağlanmışdır. Hazırda isə iddiaçılar Heybət Məmmdov və İddiaçı2 Cavabdeh MTK-ya qarşı qondarma iddia ilə məhkəməyə müraciət edərək, Pyotr Biryukovun iddiaçılardan İddiaçı1 ögey qardaşı olsa da, guya onların heç bir münasibətlərinin olmadığını, sonuncunun həmin tikiliyə heç bir aidiyyatının olmamasını, özləri ölkə xaricində yaşadıqlarından müqavilənin məhz Pyotr Biryukovla bağlandığını qeyd etməklə Cavabdeh MTK-ya qarşı əsassız tələblər irəli sürmüşlər. Halbuki, hündürmərtəbəli yaşayış binasının inşası ərəfəsində özbaşına yarıtikilidən Pyotr Biryukov istifadə etmiş və sonuncu ilə əldə olunan razılıqdan sonra da oradakı əşyaları özü çıxarıb oranı tərk etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 heç vaxt orada görməmişlər və sonuncuların orada yaşaması barədə cavabdehə hər hansı məlumat verilməmişdir. Hansı ki, iddiaçıların özləri də iddia ərizələrində ölkə hüdudlarından kənarda yaşadıqlarını etiraf etmişlər. Bir daha bildirir ki, özbaşına yarı tikilinin yerləşdiyi torpaq sahəsi Cavabdeh MTK-nın xüsusi mülkiyyətində olmaqla, hündürmərtəbəli yaşayış binasının inşası üçün icazə verilmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 qeyd olunan torpaq sahəsinə və özbaşına yarıtikiliyə hər hansı mülkiyyət hüquqları olmamış və sonuncularla Cavabdeh MTK arasında hər hansı müqavilə və hüquq münasibəti mövcud deyildir. Mental dəyərlər və halallıq naminə də sözügedən tikilidə yaşayan (istifadə edən) Pyotr Biryukovla razılıq əldə olunmuş və müqavilə öhdəlikləri də yerinə yetirilmişdir. Bildirildiyi kimi, öhdəlik hüququ mülki qanunvericiliyin ən geniş sahələrindən biridir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, öhdəlik hüququ dedikdə, bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və digər hərəkətdən çəkinməlidir. Kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göründüyü kimi, öhdəlik hüququ tərəflərdən birinə vəzifələr, digərinə isə hüquqlar verir. İddiaçılar iddia ərizələrində müqavilə və öhdəlik institutundan geninə-boluna yazıb, öhdəliyin icrasını tələb etsələr də, nəzərdən qaçırmışlar ki, cavabdehin iddiaçılar qarşısında hər hansı öhdəliyi yoxdur və mövcud olmamışdır, həmçinin tərəflər arasında hər hansı bir müqavilə bağlanmamışdır. İddiaçılar öz tələblərini əsaslandırmaq üçün məhkəməyə hər hansı mötəbər və təkzib olunmaz sübut təqdim etmədiklərindən belə qənaətə gəlmək olar ki, iddiaçılar öz iddialarının əsası kimi istinad etdikləri halları nə sübuta yetirə, nə də ki, öz tələblərini əsaslandıra bilməmişlər. Məhkəmə iclasında İddiaçı1 nümayəndəsi-vəkili və İddiaçı2 vəkili Vəkil iddia tələbini müdafiə edərək bildirdi ki, hüquqlarını təmsil etdiyi İddiaçı1 məcburi köçkün olaraq qanunsuz olaraq Sumqayıt şəhəri, 15-ci məhəllə, Nəriman Nərimanov adına yay klubunda məskunlaşmışdır və uzun müddət orada yaşamışdır. İddiaçı1 həmin ünvanda məskunlaşdıqdan sonra Qaçqınkom tərəfindən İddiaçı1 ünvanı olaraq həmin yer qeyd olunmuşdur. İddiaçı1 sözügedən ünvanda hazırkı mübahisənin yaranmasına gətirib çıxaran hadisə baş verənə qədər yaşamışdır. İddiaçı1 hadisə baş verən vaxtda ölkə xaricində olmuşdur. Sonra isə İddiaçı1 ailəsi ilə birlikdə Türkiyə Cümhuriyyətində işləməyə getmişdir və orada işlədiyi müddət haradasa 6 aya yaxın olmuşdur. Bu müddət ərzində də Cavabdeh MTK tərəfindən həmin ünvanda bina tikiləcəyi məlum olmuşdur. Bundan sonra İddiaçı1 ögey qardaşı X5 özbaşına olaraq, həmin evlə heç bir əlaqəsi olmamasına baxmayaraq, Cavabdeh MTK ilə saziş bağlamışdır. Həmin Sazişin şərtlərinə görə bina tikilib istismara verilənə qədər mənzil kirayələyib yaşamaq üçün ayda 300 manat kirayə pulu Pyotra ödənilməli, bina tikilib istismara verildikdən sonra isə mənzil İddiaçı2 qardaşı X1 mülkiyyətinə verilməlidir. Buna baxmayaraq, cavabdeh binanı tikdiyi vaxtda sazişin şərtlərini pozaraq Pyotrdan ərizə alaraq sazişi ləğv edir. Bununla da iddiaçıların hüquqları cavabdeh tərəfindən kobud şəkildə pozulur. Belə ki, iddiaçıların yaşamış olduğu yer sökülərək yeni bina tikilmişdir. İş materiallarına əlavə edilən abunə haqqında çıxarışdan və Sumqayıt Telekommunikasiya Qovşağından verilən arayışdan da görünür ki, "xxxx" ASC ilə müqavilə İddiaçı1 ilə bağlanmış və telefon xətti İddiaçı2 adına çəkilmişdir. Bu qeyd edilən hallar da iddiaçıların Sumqayıt şəhəri, 15-ci məhəllə, Nəriman Nərimanov adına yay klubunda yaşamasını təsdiq edir. Biryukov Pyotr İddiaçı1 qardaşıdır və o, 10 ildən artıq müddətdə cəzaçəkmə müəssisəsində olub, Sumqayıt şəhəri, 15-ci məhəllə, Nəriman Nərimanov adına yay klubunda yaşamamışdır. Pyotr qardaşı Heybət Türkiyədə olduğu zaman gəlib həmin ünvanda evə nəzarət etmək məqsədilə yaşamışdır. Cavabdehin həmin ünvanda kimlərin yaşaması barədə məlumatı olmuşdur. Bağlanan sazişdən görünür ki, cavabdeh mənzilin Pyotrun olmadığını bilir, ona görə İddiaçı2 qardaşı Həsənağanın mülkiyyətinə verməyi öhdəsinə götürür. Cavabdehin müəyyən marağı olmuşdur, belə ki məcburi köçkünlər qeydiyyata alındıqları yerdən torpaqlar işğaldan azad olunana qədər çıxarıla bilməz, adlarına mənzil olduğu təqdirdə isə çıxarıla bilər. Cavabdeh də bunu bildiyindən belə bir oyuna əl atır, narkoloji dispanserdə qeydiyyatda olan Pyotrla müqavilə bağlayır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı2 iddia tələbini müdafiə edərək, İddiaçı1 nümayəndəsi-vəkili Vəkil izahatına uyğun izahat verdi. Cavabdeh MTK ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini qəbul etmədiklərini, nümayəndənin iştirakı olmadan məhkəmə iclasının keçirilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X9 ifadə verərək bildirdi ki, iddiaçılarla 10 ildən artıq bir müddətdə qonşu olmuşdur, özü də məcburi köçkündür. Sumqayıt şəhəri, 15-ci məhəllə, yay klubu 1 ünvanında 2007-ci ildən yaşamışdır, lakin 2 ildən artıqdır ki, evi sataraq oradan köçmüşdür. Özü bina evində yaşamış, qonşuları olan iddiaçılar Sumqayıt şəhəri, 15-ci məhəllə, yay klubu 1 ünvanında yaşamışdır. Biryukov Pyotru bir dəfə İddiaçı1 yanında görmüş, görəndə İddiaçı1 demişdi ki, Türkiyəyə gedəcək. Mənzilin sökülməsini Heybətdən və orada yaşayan məcburi köçkün olan başqa bir qonşudan da eşitmişdir. Həmin qonşuda da problem yaranmış, həmin qonşu kirayə ev tutmuş, pulunu verməmişdirlər. Heybətgilin həyətində məcburi köçkün kimi Heybətin özü, onun yan və alt qonşuları yaşamışdır. 1 nəfər kirayəçi də olmuş, amma o köçüb getmişdir. İddiaçı1 üst və alt qonşularına ev verilib, amma mübahisə mövcuddur, evin açarlarını vermirlər. Məhkəmə iclasında şahid qismində dindirilən X10 ifadə verərək bildirdi ki,iddiaçılarla qonşu olmuşdur. Onlar, yəni iddiaçılar Sumqayıt şəhəri, 15-ci məhəllə, yay klubu 1 ünvanında yaşamış, sonradan Türkiyəyə getmişlər. Heybətin qardaşı Pyotr sonradan gələrək həmin iddiaçıların yaşadığı mənzilə sahiblənmişdir. İddiaçılarla yanaşı mənzildə Eyvaz adlı şəxs və onun oğlu da vaxtı ilə yaşamış, lakin sonradan köçüb getmişlər. X5 həmin mənzildə mütəmadi yaşamamış, arada gəlib-getmişdir. Ev söküldükdən sonra yerində tikilən yeni ev Eyvaz adlı şəxsin oğluna verilmişdir. Bunun belə olduğunu, yəni evin Eyvaz adlı şəxsin oğluna verildiyini Eyvaz özü söyləmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadə verərək bildirdi ki, müqavilə onun adına olmuş, onu çağırdıqları vaxt, işdə olduğu üçün gedə bilməmişdir. Sazişin bağlanılması üçün onu (Həsənağanı) imza çəkmək üçün çağırmamışlar, ondan sadəcə şəxsiyyət vəsiqəsi istənilmiş, buna görə də şəxsiyyət vəsiqəsini vermişdir. Sazişə əsasən, ev söküldükdən sonra mənzil onun (Həsənağanın) adına verilməli idi. Əgər 3 il ərzində mənzil verilməsə idi, 50000 manat kompensasiya ödənilməli idi. Evə neçə dəfə baxmağa getmiş, digər qonşulara icazə versələr də, amma onu baxmağa qoymamışlar. Heç bir sənədə imza çəkməmiş, notariusa getməmişdir. Biryukov Pyotr ona demişdi ki, müqavilə bağlanılır, evi sökməyə başlayırlar, mənzili Həsənağanın adına etmək üçün sadəcə şəxsiyyət vəsiqəsi tələb olunur, bununla əlaqədar şəxsiyyət vəsiqəsini vermişdir. Biryukov Pyotrdan notariusa gəlməyinin lazım olub-olmadığını soruşanda Pyotr ehtiyac olmadığını, sadəcə şəxsiyyət vəsiqəsinin verilməli olduğunu bildirmişdir. Cavabdeh MTK Həsənağa ilə əlaqə yaratmamışdır. Müqaviləni neçə dəfə özü də oxumuş, mənzilin Həsənağanın mülkiyyətinə veriləcəyi göstərilmişdi. Mənzilə baxmağa getsə də, mənzilə buraxılmamışdır. Müqavilədə mənzilin adına verilməsi göstərildiyi üçün mənzilə baxmağa getmişdir. İddiaçılarla birlikdə də mənzilə baxmağa getmişdir. X6 bağlanılmışdır, lakin müqavilənin Pyotrla bağlanıldığından gec xəbəri olmuşdur. Şəxsiyyət vəsiqəsini verdiyi təxmini 3 il olar. Müqaviləni 2021-2022-ci illərdə görmüşdür. X5 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş, məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış, lakin məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək belə hesab edir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir. Belə ki, iş materiallarında olan : - xx.xx.2020-ci il tarixli sazişdən görünür ki, Cavabdeh MTK ünvan 1 ünvanında gələcəkdə inşa edəcək iki blokdan ibarət yaşayış evinin “A” blokunda 3-cü mərtəbədə, ümumi sahəsi 68 (altmış səkkiz) kv.m olan iki otaqlı, 2 №-li mənzili, bina tikilib istismara verildikdən sonra mənzili təmir etməklə ünvan 2 ünvanında yaşayan X1 mülkiyyətinə verməyi və X2 yaşadığı yer yararsız olduğu üçün bina tikilib istismara verilənə qədər mənzil kirayələyib yaşamaq üçün ayda 300 (üç yüz) manat olmaqla ilk öncə 6 (altı) aylıq kirayə pulu kimi 1800 (bir min səkkiz yüz) manatı "xxxx" ASC 8 saylı şöbəsi vasitəsi ilə depozit hesabına qoyaraq ödəməyi, daha sonra isə kirayə qaldığı müddətlərdə kirayə haqqını hissə-hissə ödəməyi, əgər bina tikintiyə başladıqdan 3 (üç) il ərzində tikilib istismara təhvil verilmədiyi halda isə Cavabdeh MTK mənzilin sahibinə 50000 (əlli min) manat kompensasiya ödəməyi öhdəsinə götürmüşdür. - xx.xx.2021-ci il tarixli sazişin ləğv edilməsi barədə müqavilədən görünür ki, Cavabdeh MTK-nın qanuni təmsilçisi və X5- ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş **********43-12301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi olan çıxarışa əsasən Cavabdeh MTK-ya məxsus olan Sumqayıt şəhəri, 20 Yanvar küçəsi ünvanında yerləşən əmlak kompleksinə dair-Sumqayıt şəhəri 4 saylı notariat ofisinin xx.xx.2020-ci il tarixli 3M-952 №li reyestrlə rəsmiləşdirilmiş saziş üzrə Cavabdeh MTK-nın götürdüyü öhdəlik kompensasiya formasında X3 ödənildiyi üçün həmin sazişin ləğv edilməsi barədə razılığa gəlmişlər. - xx.xx.2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə 3M-952 №li reyestrlə rəsmiləşdirilmiş saziş üzrə Cavabdeh MTK-nın götürdüyü öhdəlik kompensasiya formasında nəğd şəkildə X3 ödənildiyi üçün müqavilənin ləğv edilməsini xahiş etmişdir. Bununla bağlı heç bir şikayəti, iddiası və tələbi yoxdur. - Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2019-cu il tarixli, № 139 saylı, sərəncamından görünür ki, ünvan 5 ünvanında Cavabdehnə 0.62 ha torpaq sahəsində 16 mərtəbəli 2 bloklu çoxmərtəbəli yaşayış binası tikintisinin, ətraf ərazinin abadlaşdırılmasının layihələndirilməsinə icazə verilmişdir. - ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0.2768 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh MTKya məxsusdur. - Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2020-ci il tarixli 05 saylı Sərəncamına əsasən ünvan 5 ünvanında Cavabdehnə 15 mərtəbəli 2 bloklu çoxmərtəbəli yaşayış binası tikintisinə icazə verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinin tələbinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına əsasən - Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Qeyd edilən Qərarda göstərilir ki, hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh MTK iddiaçılar İddiaçı1 və İddiaçı2 ilə hər hansı saziş (müqavilə) bağlamamış, onların qarşısında hər hansı öhdəlik götürməmiş və tərəflər arasında hər hansı hüquq münasibətləri mövcud olmamışdır. xx.xx.2019-ci ol tarixli, ********** nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 0,2768 ha torpaq sahəsi xüsusi mülkiyyət kimi Cavabdeh MTK-nın adına dövlət qeydiyyatına alınmış və tərəflərindən qeyd olunan sahədə müvafiq sərəncama əsasən hündürmərtəbəli yaşayış binasının inşası həyata keçirilmişdir. Tikintiyə dair Sərəncamlarda həmin ərazidə qanunsuz məskunlaşmış hər hansı bir şəxslərin mənzillə təmin edilməsi ödəliyi Cavabdeh MTK-nın üzərinə qoyulmamışdır. Buna baxmayaraq, cavabdehin qeyd etdiyi kimi tərəflərindən humanist addım atılmaqla orada yaşayanlarla müəyyən razılıqlar əldə edilmişdir. Binanın inşası ərəfəsində sözügedən torpaq sahəsində bir neçə özbaşına tikili mövcud olmaqla, orada qanunsuz məskunlaşmaların olması müəyyən edilmiş və cavabdeh tərəfindən orada yaşayanlarla müəyyən razılıqlar əldə edilərək, saziş bağlanıb oradan köçürülmələri təmin edilmişdir. Belə bir saziş də xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhəri 4 saylı notariat ofisində həmin vaxt qeyd olunan gecəqonduların birində yaşayan X5 ilə bağlanmış və sonuncu özünə məxsus əşyaları çıxararaq tikilini boşaltmışdır. Daha sonra isə Pyotr Biryukov ilə xx.xx.2020-ci il tarixdə 3M-952 nömrəli reyestrlə rəsmiləşdirilmiş sazişin ləğv edilməsi barədə xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri 4 saylı notariat ofisində təsdiq edilmiş müqavilə bağlanmışdır. Özbaşına yarımtikilinin yerləşdiyi torpaq sahəsi Cavabdeh MTK-nın xüsusi mülkiyyətində olmaqla, hündürmərtəbəli yaşayış binasının inşası üçün icazə verilmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 qeyd olunan torpaq sahəsinə və özbaşına yarıtikiliyə hər hansı mülkiyyət hüquqları olmamış və sonuncularla Cavabdeh MTK arasında hər hansı müqavilə və hüquq münasibəti mövcud deyildir. Öhdəlik hüququ dedikdə, bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və digər hərəkətdən çəkinməlidir. Kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göründüyü kimi, öhdəlik hüququ tərəflərdən birinə vəzifələr, digərinə isə hüquqlar verir. Cavabdehin iddiaçılar qarşısında hər hansı öhdəliyi yoxdur və mövcud olmamışdır, həmçinin tərəflər arasında hər hansı bir müqavilə bağlanmamışdır. İddiaçılar öz tələblərini əsaslandırmaq üçün məhkəməyə hər hansı mötəbər və təkzib olunmaz sübut təqdim etmədiklərindən belə qənaətə gəlmək olar ki, iddiaçılar öz iddialarının əsası kimi istinad etdikləri halları nə sübuta yetirə, nə də ki öz tələblərini əsaslandıra bilməmişlər. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 06 avqust 2020-ci il tarixli Sazişə əsasən, iddiaçıların ünvan 1 ünvanında inşa edilmiş iki blokdan ibarət yaşayış evinin “A” blokunda 3-cü mərtəbədə, ümumi sahəsi 68 kv.m olan iki otaqlı 2 nömrəli mənzil ilə təmin edilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 06 avqust 2020-ci il tarixli Sazişə əsasən, iddiaçıların ünvan 1 ünvanında inşa edilmiş iki blokdan ibarət yaşayış evinin “A” blokunda 3-cü mərtəbədə, ümumi sahəsi 68 kv.m olan iki otaqlı 2 nömrəli mənzil ilə təmin edilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar