Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1289/2023 12.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X3 oğlunun katibliyi, iddiaçının nümayəndəsi, Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, onun Sumqayıt şəhəri, X4, 7-ci məhəllədə (Metallurq bağları, ev 318/C) özbaşına tikilmiş fərdi yaşayış evinə köçürülməyini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şabran Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2(031 )-828/2022 saylı qətnaməsi ilə tərəflər arasında xx.xx.2014-cü il tarixdə bağlanmış nikahın pozulması, xx.xx.2012-ci il təvəllüdlü X1 iddiaçının yanında qalması, iddiaçıdan uşağın saxlanması üçün cavabdehin xeyrinə hər ay 140 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Nikahları pozulana kimi cavabdehlə birlikdə inşa etdikləri Sumqayıt şəhəri, X4, 7-ci məhəllədə (Metallurq bağları, ev 318/C) özbaşına tikilmiş fərdi yaşayış evində yaşamışlar. Hazırda nikahları pozulduqan sonra cavabdeh iddiaçının həmin evdə yaşamağına şərait yaratmır. O, iddia edir ki, həmin ev ona məxsusdur. İddia ərizəsinə əlavə olunmuş işıq və su sayğaclarının abonet saldolarından da göründüyü kimi həmin ünvanda yerləşən sayğaclar iddiaçının adınadır. Bu fakt iddiaçının orda yaşadığını sübuta yetirir. İddiaçının nümayəndəsi, Vəkil məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçı cavabdehlə nikahları pozulanadək birlikdə inşa etdikləri Sumqayıt şəhəri, X4, 7-ci məhəllədə (Metallaruq bağları, ev 318/C) özbaşına tikilmiş fərdi yaşayış evində birgə yaşamışlar. Tərəflər arasındakı nikah məhkəmə qaydasında pozulduqdan sonra cavabdeh onun həmin evdə yaşamasına şərait yaratmır. Cavabdeh evin ona məxsus olduğunu bildirir. İş materiallarına əlavə edilmiş işıq və su sağaclarının abonent saldolarından da müəyyən edilir ki, həmin ünvanda yerləşən sayğaclar iddiaçının adınadır. Bu fakt da, iddiaçının orada yaşadığını sübut edir. Qeyd edilənlərə əsasən nümayəndə iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçı ilə 2010-cu ildə faktiki nikaha daxil olaraq ailə qurmuş, nikahlarını 2014-cü ildə rəsmiləşdirmişlər. Mübahisəli fərdi yaşayış evi tikilinədək cavabdehlə kirayədə yaşamışlar. Fərdi yaşayış evi təxminən 2013-cü ildə tikilib. Evin tikintisində atası və qardaşı iştirak edib. Evin tikilməsinin təşkil edilməsi, xərclərin çəkilməsi onun atası və qardaşı tərəfindən həyata keçirilib. Ev əvvəl bir otaq və mətbəxdən ibarət olub. Onlar rəsmi nikaha daxil olduqları vaxt ev artıq hazır idi. İddiaçı onunla bir ailə kimi daimi bir yerdə yaşamayıb. Belə ki, ididaçı mütəmadi olaraq onu və uşağı ataraq aylarla, bəzən illərlə evə gəlməyib. Bir neçə il öncə iddiaçı evdə əlavə bir otaq artırmaq qərarına gəlib. Bunun üçün o, 2 yük maşını qədər mişar daşı alıb və otağın tikintisinə başlayıb. Lakin, otağın tikintisini başa çatdırmayaraq, yenə onları tərk edərək gedib. İddiaçı 8 ay öncə isə evi tamamilə tərk edib. İddiaçının evin tikintisinə çəkdiyi xərc yalnız 2 yük maşını qədər mişar daşından ibarətdir ki, onun pulunu iddiaçıya ödəməyə hazırdır. Qeyd edilənlərə əsasən cavabdeh iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edənlərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən olunur ki, cavabdeh xx.xx.1984-cü ildə, Şamaxı rayonu, Sabirli kəndinə anadan olmuşdur. O, Sumqayıt şəhəri, ünvan 1 ünvanında qeydiyyatdadır. Şabran Rayon Məhkəməsinin 2(031)-828/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı ilə cavabdeh arasında bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X1 cavabdehin yanında qalması, onun yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 140 manat alimentin iddiaçıdan tutularaq cavabdehə verilməsi qət edilmişdir. İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən iddiaçı ünvan 3 ünvanına abonent kimi qeydə alınmışdır. İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış müqaviləyə əsasən iddiaçı ünvan 4 ünvanına abonent kimi qeydə alınmışdır. X4 7-ci məhəllə üzrə 3 saylı məhəllə komitəsinin 17 saylı, xx.xx.2023-cü il tarixli arayışına əsasən iddiaçı X4nin 7-ci məhəlləsi, ev 318-də yaşayır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır (180.1.). Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur (180.2.). Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz (180.3.). Göründüyü kimi iddiaçının köçürülməsini tələb etdiyi Sumqayıt şəhəri, X4, 7-ci məhəllədə (Metallurq bağları, ev 318/C) inşa edilmiş fərdi yaşayış evi (bundan sonra – mübahisəli ev) və yerləşdiyi torpaq sahəsi özbaşına tikili olmaqla, yaşayış sahəsi üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmamışdır. Buna baxmayaraq fərdi yaşayış evi faktiki olaraq mövcuddur və iddiaçı həmin evin onun yaşayış yeri olmasına əsaslanaraq həmin evə köçürülməsini istəyir. Məhkəmə hesab edir ki, mübahisəli ev özbaşına tikili olsa da, mübahisəyə mülki qanunvericiliyin ər-arvadın birgə mülkiyyəti ilə bağlı müddəaları baxımından yanaşılmalıdır. Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Oxşar normalar Azərbaycan Respublikasının Ailə Məcəlləsində (bundan sonra – Ailə Məcəlləsi) də nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. İddiaçı mübahisəli torpaq sahəsinin tərəflərin birgə nikahları dövründə əldə edilməsinə əsaslanaraq həmin əmlakın tərəflər arasında bölünməsini xahiş edir. Cavabdeh isə həmin torpaq sahəsinin nikaha daxil olanadək onun istifadəsində olduğunu bildirir və tərəflərin birgə nikahları dövründə əldə edilməməsinə əsaslanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3cü maddəsinin şərh edilməsinə dair” 23 iyul 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, qanunverici ailə institutunu ər-arvadın şəxsi münasibətlərindən yaranan birgəliyi ilə yanaşı, həm də təsərrüfat birliyi kimi nəzərdən keçirdiyindən onların nikah dövründə əldə etdikləri əmlakın da ər-arvadın birgə təsərrüfat fəaliyyətlərinin nəticəsi olaraq ümumi birgə mülkiyyətlərini təşkil etdiyini qəbul etmişdir. Bu baxımdan ər-arvadın məhz birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq əldə etdiyi hüquqlar və öhdəliklər onların ümumi əmlakının dairəsinə daxil olur. Qeyd edilməlidir ki, ər-arvadın ümumi birgə mülkiyyəti yaranmasının kökündə əmlakın ər-arvadın birgə nikahları dövründə, onların birgə təsərrüfat aparmaları nəticəsində əldə etmələri dayanır. Ailə Məcəlləsinin 35-ci maddəsinə əsasən nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Yəni, iddiaçı həmin evə köçürülmək üçün yalnız həmin evdə yaşadığını deyil, evin tikintisinə əsaslı vəsait sərf etməsinə əsaslanmalıdır. İşin müəyyən edilmiş hallarından göründüyü kimi tərəflər 2014-cü ildə rəsmi nikaha daxil olmuşlar. Mübahisəli ev isə 2013-cü ildə, yəni tərəflər nikaha daxil olduqları vaxta kimi artıq inşa edilmişdi. Yəni, iddiaçı evin tərəflərin birgə nikahları dövründə inşa edilməsinə əsaslana bilməz. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddiaçının sonradan evdə əlavə otaq inşa etmək istədiyini, bunun üçün 2 yük maşını mişar daşı aldığını, otağın tikintisinə başladığını, lakin tikintini bitirmədən evi tərk edərək getdiyini bildirmişdir. Məhkəmə hesabe dir ki, iddiaçı tərəfindən mübahisəli evin tikintisi üçün 2 yük maşını qədər mişar daşının alınması onun tərəfindən evin tikintisinə əsaslı vəsait qoyulması kimi qiymətləndirilə bilməz. İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etsə də, yalnız iddiaçının həmin evdə yaşamasına əsaslanmış, iddiaçının evin tikintisinə hər hansı vəsait sərf etməsinə dair heç bir sübutu məhkəməyə təqdim etməmiş və bununla bağlı hər hansı dəlilə əsaslanmamışdır. Bu səbəbdən iddia əsaslı sayıla və təmin edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı onun Sumqayıt şəhəri, X4, 7-ci məhəllədə (Metallurq bağları, ev 318/C) özbaşına tikilmiş fərdi yaşayış evinə köçürülməsi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-1289/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1289/2023
12.05.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver