Məhkəmə qərarları › İş №2(060)-1299/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-1299/2023

23.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-1299/2023 23.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlu, Ərizəçi miras əmlakı qəbul edilməsi müddətinin uzadılması (Maraqlı şəxs: Sumqayıt şəhər 3 saylı Notariat Ofisi) tələbinə dair ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında nəzərdən keçirib, müəyyən etdi: Ərizəçi ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək anası X1 ona vəsiyyət etdiyi Sumqayıt şəhəri, 1-ci mikrorayon, 4a/30 saylı evin 2 otaqlı 53-cü mənzilindən ibarət miras əmlakı qəbul etmək üçün müəyyən edilmiş müddətin uzadılması barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, həmin ərizə və sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 10-cu bəndində qeyd edilmişdir ki,məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. İş materiallarından görünür ki, ərizə ərizəçi tərəfindən xüsusi icraat qaydasında verilmişdir. Məhkəmə belə qənatə gəlir ki, ərizəçi tərəfindən miras əmlakı qəbul etmək üçün müəyyən edilmiş müddətin uzadılması barədə işlərə iddia icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarılır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi məhkəməyə verilərkən AR MPM-nin 149-cu maddəsinin tələbləri pozulduğundan, həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya bu nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Ərizəçi miras əmlakı qəbul edilməsi müddətinin uzadılması (Maraqlı şəxs: Sumqayıt şəhər 3 saylı Notariat Ofisi) tələbinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizəçiyə göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) verilir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar