Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1301/2023 25.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X16 oğlunun katibliyi, iddiaçının nümayəndəsi, Vəkil1, cavabdehin nümayəndəsi X2 cavabdehin nümayəndəsi, Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh “Azərkimya” İB-nin Təmir Tikinti İdarəsinə qarşı sağlamlığa dəymiş ziyana görə ödənişin verilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) “Azərkimya” İstehsalat Birliyinin Təmir Tikinti İdarəsinə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.2020-ci il tarixdə peşə xəstəliyindən vəfat etmiş həyat yoldaşının ölümü ilə əlaqədar cavabdeh tərəfindən ona ödənməli olan aylıq ödənclərin xx.xx.2020-ci il tarixdən məhkəmə qətnaməsi icra edilən günə qədər hesablanaraq ona birdəfəlik ödənilməsi, eləcə də hər ay cavabdeh tərəfindən ona aylıq ödəncin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum həyat yoldaşı X10 peşə xəstəliyi ilə əlaqədar cavabdehdən aylıq ödənc alırdı. F.Qurbanov xx.xx.2020-ci il tarixdə Türkiyə Respublikasında müalicədə olarkən vəfat etmişdir. İddiaçı cavabdehə müraciət edərək peşə xəstəliyindən öldüyü üçün ərinə ödənilən aylıq ödəncin ona ödənilməsini xahiş etmişdir. Cavabdeh imtina edərək bildirib ki, iddiaçının ərinin ölümü peşə xəstəliyi ilə əlaqədar olmadığı üçün aylıq ödənc ailə üzvünə ödənilə bilməz. Cavabdehə təqdim edilmiş xəstəxana arayışı xəstəxana tərəfindən əri ölən günü tərtib edilmişdir. Həmin vaxt onlara ölümün əsl səbəbini müəyyən etmək üçün 3 gün gözləmək lazım olduğunu bildirmişdilər. Amma onlar ərinin meyitini 3 gün Türkiyədə saxlaya bilməzdilər. Ona görə də meyitin Azərbaycana gətirilməsini təmin etmək üçün xəstəxanadan umumi ölüm kağızı almışdılar. Onlara əsaslı ölüm səbəbi barədə arayışın sistemə 3 gündən sonra yerləşdiriləcəyini, sonra gəlib ətraflı və əsaslı həkim arayışı ala biləcəklərini bildirmişdilər. İddiaçı ərinin meyitini Azərbaycana gətirmişdir. Həmin vaxt “COVİD” virusu ilə əlaqədar olaraq ümumi karantin rejimi olduğu üçün, sərhəddə və dəfndə problemlər yaranmamasına görə ölüm kağızında sadəcə olaraq “yoluxucu olmayan xəstəlik” qeydi aparılmışdı. Sonradan isə onlar yenidən Türkiyəyə gedərək ölümün əsl səbəbini izah edən həkim sənədləri əldə etmişlər. Xəstəlik tarixçəsinə əsasən verilmiş arayışdan da görünür ki, iddiaçının həyat yoldaşı məhz ağciyər xərçəngi, xroniki bronxit və astma xəstəliklərindən vəfat etmişdir. Cavabdehin nümayəndəsinin iddiaya yazılı etirazı məhkəməyə daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, ölənin himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxs zərər görə ödənc almaq hüququna malikdir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən də müəyyən olunur ki, iddiaçının əmək qabiliyyətli olduğundan onun zərərə görə ödənc alma hüququ yoxdur. Bundan əlavə, "Azərikimya" İB-nin qeyri-siyahı tərkibində 2-ci qrup əlil peşə xəstəsi X3 ölüm səbəbi 26 oktyabr 2020-ci il tarixli ölüm haqqında şəhadətnamədə “Yoluxucu olmayan xəstəlik” göstərilmişdir. Bununla əlaqədar iddiaçıya cavabdeh tərəfindən 09 fevral 2021-ci il tarixində 26/4 saylı məktubla cavab verilmişdir. İddiaçı 12 oktyabr 2022-ci il tarixli ölüm haqqında şəhadətnamə almış və ölümün səbəbi “Bronxial və ağ ciyərlərin bədxassəli neoplazması” göstərilmişdir. Ölüm şəhadətnaməsi hüquqi sənəd olmaqla şəxsin ölümündən sonra bir dəfə verilir. İkinci dəfə ölüm şəhadətnaməsi Məhkəmə Tibbi Ekspertizası və X7 ixtisaslı mütəxəssislərinin rəyi əsasında verilə və ya dəyişdirilə bilər. İddiaçı tərəfindən təqdim edilən ikinci ölüm şəhadətnaməsinə isə mütəxəssis rəyinin sürəti əlavə edilməmişdir. “Azərikimya” İstehsalat Birliyi tərəfindən V.Y.Axundov adına X1 İnstitutuna xx.xx.2022-ci il tarixdə rəyin verilməsi ilə bağlı sorğu göndərilmişdir. Həmin sorğuya 209 saylı xx.xx.2022-ci il tarixli cavabdan görünür ki, ölüm şəhadətnaməsi hüquqi sənəd olmaqla şəxsin ölümündən sonra 1 dəfə verilir. İddiaçının nümayəndəsi, Vəkil1 məhkəmə iclasında bildirdi ki, iddiaçının mərhum həyat yoldaşı Firsənd Qurbanov peşə xəstəliyi ilə əlaqədar cavabdehdən vəfat edənə kimi aylıq ödənc alıb. Mərhum xx.xx.2020-ci ildə Türkiyədə müalicə olunarkən vəfat edib. Həmin vaxt onun meyitini ölkəyə gətirmək lazım idi. Xəstəxanadan isə iddiaçıya bildiriblər ki, xəstəliyin dəqiq səbəblərini göstərməklə tibbi şəhadətnamə üç günə hazır olacaq. Meyidi 3 gün saxlaya bilmədikləri üçün onu Azəraycana gətirmək üçün ümumi ölüm şəhadətnaməsi alaraq meyidi ölkəyə gətiriblər. Karantin rejimi ilə əlaqədar sərhədkeçmə zamanı çətinlik olmasına deyə şəhadətnamədə sadəcə “yoluxucu olmayan xəstəlik” qeydi aparılıb. Sonradan isə iddiaçı Türkiyəyə gedərək ölümün əsl səbəbini izah edən həkim sənədlərini əldə edib. Məhkəməyə təqdim edilən müvafiq xəstəlik tarixçəsindən də müəyyən edilir ki, mərhum müayinədən keçərkən “ağciyər xərçəngi, xroniki bronxit və asma diaqnozları ilə tibbi onkologiya, radiasiya onkologiyası və sinə xəstəlikləri” poliklinikalarında müayinə və müalicələrə başlaşayan xəstə xx.xx.2020-ci ildə vəfat etmişdir. Həmin sənədə əlavə edilmiş arayışdan da müəyyən edilir ki, mərhum məhz ağciyər xərçəngi, xroniki bronxit və astma xəstəliklərindən vəfat etmişdir. Sumqayıt şəhər Qeydiyyat şöbəsindən alınan ölüm haqqında şəhadətnamədən də müəyyən edilir ki, mərhumun ölüm səbəbi kimi “bronxial və ağciyərlərin bədxassəli neoplazması” göstərilmişdir. Şəhadətnaməni əldə etdikdən sonra cavabdeh quruma yenidən müraciət edilmişdir. Cavabdeh həmin şəhadətnaməni qəbul etməkdən imtina edərək bildirmişdir ki, ikinci dəfə şəhadətnamə müvafiq mütəxəssis rəyi əsasında alına bilər. Şəhadətnamənin necə alınmasının cavabdehə heç bir aidiyyəti yoxdur. Belə ki, ölüm haqqında şəhadətnamə rəsmi dövlət sənədidir və ləğv edilməyənə qədər onun həqiqiliyinə şübhə edilə bilməz. Həmçinin iddiaçı mərhum həyat yoldaşının ölümü vaxtı artıq əmək qabiliyyətsiz şəxs olmuşdur. Qeyd edilənlərə əsasən iddiaçının nümayəndəsi iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X11 məhkəmə iclasında bildirdi ki, iddia tələbini qəbul etmir. İddiaçının onlara müraciətindən Vəli Axundov adına Milli Elmi-Tədqiqat X5 rəy üçün müraciət etmişlər. Həmin rəydən müəyyən edilir ki, ölüm haqqında şəhadətnamə şəxsin ölümünən sonra bir dəfə verilir. İkinci dəfə isə ölüm haqqında şəhadətnamə Məhkəmə Tibbi Ekspertiza və X8 ixtisaslı mütəxəssislərinin rəyi əsasında verilir. İşçilər iş nəticəsində xəsarət aldıqları zaman dəymiş ziyana müvafiq olaraq onlara aylıq ödənc verilir. Peşə xəstəliyi ilə əlaqədar vəfat etmiş şəxslərin ailə üzvlərinə aylıq ödənc verilir. Hazırki işlə bağlı isə mərhumun ölüm səbəbi peşə xəstəliyi ilə əlaqədar deyil. Qeyd edilənlərə əsasən cavabdehin nümayəndəsi iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi, Vəkil2 məhkəmə iclasında bildirdi ki, iddia tələbi ilə razı deyil. İddiaçı tərəfindən təqdim edilən sənədlər natamam olduğu üçün ona cavabdeh tərəfindən imtina verilmişdir. Firsənd Qurbanovun ölüm səbəbinin məhz peşə xəstəliyi ilə əlaqədar baş verməsi iş materialları ilə sübut edilmir. Eyni zamanda iddiaçının Firsənd Qurbanovun ölümündən sonra ödənişləri almaq səlahiyyətinin olması da öz təsdiqini tapmır. Qeyd edilənlərə əsasən cavabdehin nümayəndəsi iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1956-cı ildə anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. Nikah haqqında şəhadətnaməyə əsasən iddiaçı ilə X10 arasında xx.xx.1974-cü ildə nikah bağlanmışdır. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş “Peşə zəhərlənmələri və peşə xəstəliklərinin tədqiq barədə akta” da X4 peşə xəstəliyi haqqında aktda və həmin aktdan çıxarışda Firsənd Qurbanovun peşə xəstəliyi kimi “xroniki-toksiki bronxit” göstərilmişdir. Ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətinə əsasən X10 xx.xx.2020-ci ildə vəfat etmişdir. Onun ölüm səbəbi kimi bronxial və ağciyərlərin bədxassəli neoplazması qeyd edilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli, 75 nömrəli arayışına əsasən mərhum X10 xx.xx.2012-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi "Azərikimya" İB-nin "Təmir-Tikinti " İdarəsindən sağlamlığına dəymiş zərərə görə müavinət almışdır. Dəymiş zərərə görə müavinət ölümündən sonra dayandırılmışdır. Müavinətin məbləği 590,12 manat təşkil edir. Türkiyə Respublikasının İstanbul Zeytinurnu rayonunda yerləşən “Avrasiya” xəstəxanası tərəfindən verilmiş ölüm haqqında şəhadətnamədə X4 xx.xx.2020-ci il tarixində xəstəxanada vəfat etdiyi göstərilmişdir. Ölümün səbəbi kimi isə bronx və ağciyərlərdə bədxassəli şiş, xroniki bronxit və astma göstərilmişdir. Türkiyə Respublikasının İstanbul Zeytinurnu rayonunda yerləşən “Avrasiya” xəstəxanasının xx.xx.2021-ci il tarixli arayışına əsasən X10 xx.xx.2018-ci il tarixində xəstəxanaya 392010 protokol nömrəsi ilə müraciət edərək müayinədən keçən ağciyər xərçəngi, xroniki bronxit və asma diaqnozları ilə Tibbi onkologiya, radiasiya onkologiyası və sinə xəstəlikləri poliklinikalarında müayinə və müalicəsinə başlanılan xəstə xx.xx.2020ci il tarixində xəstəxananın böyüklər üçün reanimasiya şöbəsində vəfat etmişdir. Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxs V.Y.Axundov adına X1 İnstitutunun rəyində göstərilmişdir ki, “Azərikimya” İB -nin, qeyri-siyahı təkibində olan, 2-ci qrup əlik peşə xəstəsi (1980-cı ildən) X4 xəstəliyinin yaranma səbəbi kompleks toksiki maddələr, ölümünün səbəbi isə 26 oktyabr 2020-ci il tarixli, 809 nömrəli ölüm haqqında şəhadətnamədə “Yoluxucu olmayan xəstəlik” (Zeytunburnu. İstanbul. Türkiyə) göstərilmişdir. Azərbaycan Respublikası, AZ-İİ N 123783 nömrəli ”ölüm haqqında şəhadətnamə”, 10 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası Sumqayıt “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsində təsdiq edilmişdir. Uzun illərdir (1980-ci ildən) özünü xəstə hesab edir və peşə əlilidir. Klinikada aparılan müayinə və təqdim edilən sənədlərə əsasən, keçmiş xəstə X6 “Xroniki toksiki bronxit, astmoidli kompanentb. Ağ ciyərlərin emfizeması. TÇ İİ- İİİ mər. Kompleks toksiki maddələrlə xroniki intoksikasiya” diaqnozları peşə xəstəlikləri kimi təsdiq edilmişdir. Son illər xəstədə "Sağ ağ ciyərin kökünün kaudalında perikarda bitişik, sağ pulmonar arteriya və sağ interior pulmonar venanı invaziya edən, orta pay bronxunun mənfəzini daraldan, qeyri düzgün konturla, kontrast sonrakı heterogen kontr-nan 55x45mm infiltrativ törəmə (Cr). Ona payda atelektaz . Sağ ağ ciyərin posterior seqmentində 8X7 mm ölçülü modulyar görüntülü infitrasiya sahəsi inkişaf etmişdir. Xəstə Azərbaycan Respublikasının və Türkiyənin ixtisaslı mütəxəssisləri tərəfindən protokollara uyğun müalicə almışdır. Xəstə 26 oktyabr 2020-ci il tarixdə vəfat etmişdir. 26 oktyabr 2020-ci il tarixli, 809 nömrəli ölüm haqqında şəhadətnamədə ölümün səbəbi “Yoluxucu olmayan xəstəlik” (Zeytunburnu, İstanbul, Türkiyə) göstərilmişdir. Azərbaycan Respublikası. Nazirlər Kabinetinin 7 N-li, 14 yanvar 2002-ci il tarixli Qərarının 26-cı bəndinə əsasən, tənəftıis orqanları şişlərinin inkişafına səbəb nikel, arsen, daş kömür, asfalt, radioaktiv filiz tozu və onun üzərində absorbsiya olunmuş karbohidratlarla nəfəs alma göstərilmişdir. Xəstənin işlədiyi “Azərikimya” nin müəssisələrində istehsal prosesində həmin kimyəvi maddələrdən fadə edilməsi müvafiq sənədlərdə öz əksini tapmadığı üçün, xəstəliyin işafının və ölüm səbəbinin, peşəsi və təmasda olduğu maddələrlə əlaqəsi təsdiq edilmir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə (bundan sonra – Əmək Məcəlləsi) əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir (239.1). İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir (239.2). İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir (239.3). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları”na əsasən işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra - istehsalda əmək xəsarəti), bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra – təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır (1.1). Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli, 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”na uyğun olaraq aylıq ödəncin əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aylıq müavinət verilir (1.2.). İstehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. Həmin aylıq ödənc zərərçəkənin xəsarət almazdan və yaxud peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilib ödənilir (2.1.). Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları” nda göstərilmişdir ki, aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmamaq şərtilə, 2003 cü il oktyabrın 1-dən başlayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövr üçün verilir (5.1). Dövlət müəssisələrinin özəlləşdirilməsinin başa çatması tarixindən, eləcə də onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə mindikdən sonra istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclər Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada ödənilir (5.6.). Qeyd edilən normaların məzmunundan göründüyü kimi özəlləşdirmə prosesində olan müəssisələrin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən vəfat etmiş işçinin ailə üzvlərinə müəssisənin özəlləşdirilməsi başa çatanadək ödənc müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. Müəssisənin özəlləşdirilməsi başa çatdıqdan sonra isə həmin ödənc müəssisənin özü tərəfindən verilməlidir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi X10 vəfat etdiyi xx.xx.2020-ci il tarixinə kimi cavabdehdən peşə xəstəliyinə görə müavinət almışdır. Hazırda iddiaçı X4 həyat yoldaşı olduğu üçün həmin müavinətin ona verilməsini tələb edir. Cavabdehin iddiaya etirazının əsas dəlillərindən biri bu olmuşdur ki, Firsənd Qurbanova birinci dəfə verilən ölüm haqqında şəhadətnamədə onun ölüm səbəbi kimi yoluxucu olmayan xəstəlik göstərilmişdir. İddiaçı bunu onunla izah etmişdir ki, X9 vəfat etdiyi xəstəxanada ölümün səbəbi göstərilməklə tibbi şəhadətnamənin 3 gün ərzində veriləcəyi bildirilmişdir. O, meyiti 3 gün xəstəxanada saxlamamaq üçün tibbi şəhadətnamənin dərhal verilməsini xahiş etmişdir. Verilən tibbi şəhadətnamədə isə ölümün səbəbi kimi “yoluxucu olmayan xəstəlik” göstərilmişdir. Həmin tibbi şəhadətnamə əsasında Firsənd Qurbanova ölüm haqqında şəhadətnamə alınmışdır. Sonradan isə xəstəxanadan ölümün əsl səbəbi göstərilməklə tibbi şəhadətnamə alınmış və onun əsasında ölüm haqqında şəhadətnamə dəyişdirilmişdir. Məhkəmə iddiaçının həmin mövqeyini əsaslı hesab edir. Belə ki, Firsənd Qurbanova verilmiş ölüm haqqında şəhadətnamə qüvvədə olduğundan, onun həqiqiliyinin şübhə altına alınması mümkün deyildir. Həmin şəhadətnamədə isə Firsənd Qurbanovun ölüm səbəbi kimi “bronxial və ağciyərlərin bədxassəli neoplazması” göstərilmişdir. Onun peşə xəstəliyi də məhz “Xroniki toksiki bronxit” olmaqla məhz ölüm səbəbini yaradan xəstəliyə uyğundur. Cavabdehin nümayəndəsi iş üzrə tibb ekspertizanın təyin edilməsi barədə vəsatət versə də, vəsatət məhkəmə tərəfindən təmin edilməmişdir. Belə ki, Firsənd Qurbanov vəfat etdiyindən ekspert tərəfindən iş üzrə obyektiv rəyin verilməsi mümkün olmayacaqdır. Cavabdehin digər dəlili ondan ibarət olmuşdur ki, iddiaçı Firsənd Qurbanovun ölümünə görə müavinəti tələb etmək hüququna malik deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları”nın 3.1-ci bəndində göstərilmişdir ki, zərərçəkənin (ailə başçısının) öldüyü halda zərərə görə ödəncləri almaq hüququ olan şəxslər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1121-ci maddəsi ilə müəyyən edilir. Mülki Məcəllənin 1121.1-ci maddəsinə əsasən zərərçəkənin (ailə başçısının) öldüyü halda aşağıdakıların zərərin əvəzinin ödənilməsi hüququ vardır: ölənin himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslər; şəxsin ölümündən sonra doğulmuş uşağı; ölənin himayəsində olmuş və onun on dörd yaşına çatmamış, yaxud bu yaşa çatsa da, tibb orqanlarının rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna möhtac olan uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan və işləməyən valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü - əmək qabiliyyətindən asılı olmayaraq; ölənin himayəsində olmuş və onun ölümündən sonra beş ilə ərzində əmək qabiliyyətini itirmiş şəxslər. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxslər dedikdə əlilliyi olan şəxslər, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları başa düşülür. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Göründüyü kimi Firsənd Qurbanov 2020-ci ildə vəfat etmiş və iddiaçı həmin vaxt 64 yaşına, yəni “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşına çatmışdır. Bu səbəbdən iddiaçı həmin vaxt “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən əmək qabiliyyətsiz şəxs olmuşdur. Bu səbəbdən iddiaçı Mülki Məcəllənin 1121.1.1ci maddəsinə əsasən Firsənd Qurbanovun ölümü ilə əlaqədar zərərin əvəzinin tələb edilməsi hüququna malik olan şəxsdir. İddia ərizəsində ödənclərin məhkəmə qətnaməsi icra edilən günə qədər hesablanıb birdəfəlik ödənilməsi xahiş edilsə də, qətnamənin icra olunacağı gün qeyri-müəyyən olduğundan ödənişlərin həmin günə qədər hesablanması mümkün deyildir. Bu səbəbdən iddia qismən təmin edilməklə, Firsənd Qurbanovun vəfat etdiyi xx.xx.2020-ci ildən qətnamənin qəbul edildiyi günə qədər hər ay 590,12 manatda hesablanmaqla, cəmi 17703,60 manat pul, həmin tarixdən sonra isə hər ay 590,12 manat ödənc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2020-ci il tarixdən qətnamənin qəbul edildiyi xx.xx.2023-cü il tarixə qədər 17703 (on yeddi min yeddi yüz üç) manat 60 (altmış) qəpik məbləğində pul və həmin tarixdən sonra hər ay 590 (beş yüz doxsan) manat 12 (on iki) qəpik məbləğində ödəniş cavabdeh “Azərkimya” İB-nin Təmir Tikinti İdarəsindən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-1301/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1301/2023
25.04.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver