Məhkəmə qərarları › İş №2(060)-1302/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1302/2023

17.05.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1302/2023 17.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt Şəhər Məhkəməsi Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunu müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etməklə “ödəncin ödənilməsi tələbi”nə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “ödəncin ödənilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı Sumqayıt Sənaye Ventilyasiya İdarəsində işləmişdir. 28 aprel 1987-ci ildə iş zamanı əmək xəsarəti almışdır. Aldığı əmək xəsarətini xx.xx.1987-ci il tarixli, 2 saylı “İstehsalat zədəsi” aktı təsdiq edir. Həmin xəsarət nəticəsində Sumqayıt şəhəri, 6 saylı Zona Tibbi-Sosial Ekspert Komissiyasının TSE seriyalı, 088230 saylı müayinə aktına əsasən ona xx.xx.1993-cü ildə müddətsiz əmək şikəstliyinə görə pensiya təyin edilmişdir. İddiaçının aldığı xəsarət nəticəsində o, peşə əmək qabiliyyətinin 80%-ni itirmişdir. İddiaçı aldığı əmək xəsarətinə görə ona aylıq ödənci müəssisə tam özəlləşənə qədər, yəni xx.xx.2010-cu il tarixinə qədər Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondu ödəmişdir. xx.xx.2010-cu ildə “Az.X8” MMC-nin tam özəlləşməsi başa çatmış, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən MA seriyalı, ******* saylı Çıxarış verilmişdir. “Az.X8” MMC-nin özəlləşməsinin tam başa çatmasını Cəmiyyət tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, 6 saylı arayış təsdiq edir. Cəmiyyət tam özəlləşəndən sonra əmək şikəstliyinə görə iddiaçıya verilən ödənc dayandırılmışdır. Halbuki, iddiaçı həmin Cəmiyyətin hüquqi varisi olan Sumqayıt Quraşdırma İdarəsində işlədiyi zamanı əmək xəsarəti almış və əmək qabiliyyətini 80% itirmişdir (müddətsiz). Lakin heç bir səbəb olmadan təqsirkar müəssisə aylıq ödənci ödəməkdən imtina edir. Mediasiya prosesi zamanı cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Mediasiya prosesi zamanı dövlət rüsumunu iddiaçı ödəmişdir. Bunu 16 iyun 2022-ci il tarixli, MŞB/6-3476 saylı arayış təsdiq edir. Göstərilənlərə əsasən cavabdeh tərəfindən Cəmiyyətin özəllləşməsi tam başa çatan tarixdən etibarən, yəni 01 oktyabr 2010-cu ildən əmək şikəstliyinə görə aylıq ödəncin sonrakı artımlar nəzərə alınmaqla iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

3. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, cəmiyyətin özəlləşməsi tam başa çatan tarixdən etibarən, yəni 08 yanvar 2010-cu ildən əmək şikəstliyinə görə aylıq ödəncin sonrakı artımlar nəzərə alınmaqla iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

4. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

6. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

7. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi Nümayəndə izahat verərək bildirmişdir ki, vətəndaş İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçmiş Sumqayıt şəhəri Əhalinin Sosial Müdafiəsi Mərkəzinin xx.xx.2015-ci il tarixli Qərarı ilə xx.xx.2003-cü il tarixindən xx.xx.2006-cı il tarixinədək olan dövr üzrə “özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinət”in təyin edilərək ödənildiyi məlum olmuşdur. Qeyd edilən Qərara əsasən xx.xx.2003-cü il tarixdən xx.xx.2006-cı il tarixədək hər ay üçün 60 manat hesablanaraq, İddiaçı əlilliyə və əmək zədəsinə görə sosial müavinət təyinatı üzrə xx.xx.2015-ci il tarixdə ümumilikdə 2222 manat məbləğində təqaüd ödənilmişdir. Təqsirkar müəssisənin hüquqi varisi olduğundan və özəlləşdirməsi tam başa çatdığından istehsalat qəzası nəticəsində sağlamlığı pozulmuş işçiyə ödənilən aylıq ödəncin ödənilməsi həmin müəssisənin öhdəliyinə aid edilməlidir.

8. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

9. İş materiallarında olan Azərbaycan SSR Quraşdırma və Xüsusi Tikinti İşləri Nazirliyinin forma H-1, xx.xx.1987-ci ildə tərtib edilmiş 2 saylı “istehsalatda bədbəxt hadisə haqqında” aktın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, bədbəxt hadisə ünvan 1 ünvanında yerləşən Sumqayıt Təsərrüfat Hesablaşma sahəsi “Sənaye Havalandırması” müəssisəsində 28 aprel 1987ci ildə saat 17:40-da baş vermişdir. Bədbəxt hadisənin tam təfərrüatlı təsviri: 28 aprel 1987-ci ildə “Bolimir 120” korpus 100/5 obyektində havalandırma sisteminin quraşdırılması üçün havalandırma sistemi üzrə 4-cü dərəcəli çilingər İddiaçı və Allahverdiyev B. ilə birlikdə söykəmə nərdivanının köməkliyi ilə havaverən maşın quraşdırılmasını həyata keçirirdilər. Çilingər İddiaçı nərdivanın üzərində 3 metr hündürlükdə dayanaraq, iş şəratinin narahatlığı ilə əlaqədar olaraq nərdivanın üzərində havalandırma sisteminə tərəf yanı üstə əyilərək dayanmış, çilingərin bədəninin ağırlığına davam gətirməyən havalandırma sisteminə olan dayaq qırılmış və bunun nəticəsində çilingər İddiaçı nərdivandan yıxılmış, nəticədə isə o bədən xəsarətləri almışdır. Diaqnoz: travma, sağ böyrəyin mərkəzi yırtığı və əzilməsi, qapalı kəllə beyin travması, beyin silkələnməsi, 2-ci qrup əlillik. Travmatik amil: Hündürlükdən yıxılma. Bədbəxt hadisənin səbəbləri: İşə təhlükəsizlik kəməri olmadan buraxılma, dayaq nərdivanı ilə iş zamanı olan iş şəraitinin yaradılmaması, hündürlükdə işləmək üçün tibbi arayışın olmaması və işin təhlükəsizliyinə kifayət qədər nəzarətin olmaması. Bədbəxt hadisənin nəticələri: travma, sağ böyrəyin mərkəzi yırtığı və əzilməsi. Nefrektomiya müalicəsindən sonrakı vəziyyət. Qapalı kəllə beyin travması, beyin silkələnməsi, 2-ci qrup əlillik.

10. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 6 saylı Zona Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən verilmiş TSE seriyalı 0 №-li 088230 saylı müayinə aktından çıxarışdan görünür ki, İddiaçı xx.xx.1993-cü ildə müayinə olunmuş, onda yeganə sol böyrəyin xroniki nionevriti, sağ böyrəyin əzilməsinə görə sağtərəfli nefrektomiya müəyyən edilmiş, əmək xəsarəti olmaqla əmək qabiliyyətinin 80 faizini itirmiş, müddətsiz ikinci qrup əlillik təyin edilmişdir.

11. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 7 №-li bölgə üzrə X9 təqdim edilməsi üçün verilmiş 6 saylı, xx.xx.2015-ci il tarixli arayışın məzmunundan görünür ki, Az.Kond.Vent. Santexquraşdırma» MMC tərəfindən onun işçisi X1 müəssisənin özəlləşdirilməsi başa çatanadək əmək xəsarəti alanlar xx.xx.2003-cü ilin noyabr ayınadək sosial müdafiə mərkəzi tərəfindən ödənilmiş və dayandırılmışdır. "xxxx" MMC (köhnə adı Sumqayıt Quraşdırma İdarəsi) xx.xx.2010-cu il tarixinədək tam özəlləşdirilməsi başa çatmış, 00030374 nömrəli Dövlət Reyestrindən çıxarış verilmişdir.

12. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2010-cu il tarixli, MA № ******* saylı Çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 389,3 kv.m. olan qeyri-yaşayış binası X4, X11, X5, X6 və X2 adına ümumi birgə mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə ********** nömrə ilə qeydiyyat aparılmışdır.

13. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair xx.xx.2018-ci il tarixli arayışdan görünür ki, X3 birinci qrup əlildir.

14. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş 31 mart 2023-cü il tarixli məktubdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) xx.xx.1995ci il tarixdə, 20531 nömrə ilə Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Hüquqi şəxslərin dövlət reyestr məlumatlarında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi varisliyi barədə heç bir məlumat aşkar edilməmişdir.

15. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, vətəndaş İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçmiş Sumqayıt şəhəri Əhalinin Sosial Müdafiəsi Mərkəzinin xx.xx.2015-ci il tarixli Qərarı ilə xx.xx.2003-cü il tarixindən xx.xx.2006-cı il tarixinədək olan dövr üzrə “özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinət”in təyin edilərək ödənildiyi məlum olmuşdur. Qeyd edilən Qərara əsasən xx.xx.2003-cü il tarixdən xx.xx.2006-cı il tarixədək hər ay üçün 60 manat hesablanaraq, İddiaçı əlilliyə və əmək zədəsinə görə sosial müavinət təyinatı üzrə xx.xx.2015-ci il tarixdə ümumilikdə 2222 manat məbləğində təqaüd ödənilmişdir.

16. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş 02 may 2023-cü il tarixli, 3-21-3- 31/2-1410/2023 №-li məktubdan görünür ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin ərazi idarələrində mövcud arxiv materiallarına əsasən ünvan 4, 9 və Sumqayıt şəhəri, Kimyaçılar küçəsi ünvanında yerləşən keçmiş “Azqur” Səhmdar firması, “Santexquraşdırma” İstehsalat Birliyinin Sumqayıt Quraşdırma idarəsi qanunvericiliklə müəyyən edilmiş qaydada X12, X16, X13, X14, X7 tərəfindən satın alınmış və onların adına xx.xx.2006-cı il tarixli, 000680 nömrəli “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair Şəhadətnamə" verilmişdir.

17. İşin materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə barədə xx.xx.2022-ci il tarixli, MŞB/6-3476 saylı arayışdan görünür ki, “Az.X8” MMC ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 6 gün əvvəlcədən poçt vasitəsilə məlumatlandırılmasına baxmayaraq, ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci ödəmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

18. Beləliklə, məhkəmə araşdırması zamanı işin mübahisəsiz halları olaraq müəyyən edildi ki, iddiaçıya istehsalatda baş vermiş qəza nəticəsində əmək qabiliyyətinin 80% itirilməsi ilə əlaqədar 1993-cü ildə 2-ci qrup müddətsiz əlillik təyin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi DSMF tərəfindən xx.xx.2003-cü il tarixdən xx.xx.2006-cı il tarixədək təqaüd almışdır. 2010-cu ilin yanvar ayından iddiaçıya qanunla nəzərdə tutulmuş ödənc ödənilməmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği haqqında" 09 yanvar 2003-cü il tarixli, 3 nömrəli Qərarının 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasında işçilərin sağlam və təhlükəsiz əmək şəraiti Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Bu Qaydalar Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilmə qaydalarını, şərtlərini və məbləğini müəyyən edir. İşçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra - istehsalda əmək xəsarəti), bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra – təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Bu zərər təqsirkar müəssisələrdə gəlir hesabına, büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdcə vəsaiti, yaxud büdcədənkənar vəsaitlər hesabına “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilir. Zərərçəkənə istehsalatda əmək xəsarəti nəticəsində onun itirdiyi peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) dərəcəsindən asılı olaraq aylıq ödənclər, habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclər ödənilir. Zərərçəkənin qəsdi nəticəsində əmələ gəlmiş zərərdən başqa, zərərçəkənin günahının dərəcəsindən asılı olmayaraq dəyən zərərin əvəzi ödənilir.

20. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı 28 aprel 1987-ci il tarixdə ünvan 1 ünvanında yerləşən Sumqayıt Təsərrüfat Hesablaşma sahəsi “Sənaye Havalandırması” müəssisəsində havalandırma sistemi üzrə 4-cü dərəcəli çilingər vəzifəsində işləyərkən xəsarət almışdır. Bədbəxt hadisənin səbəbi isə işə təhlükəsizlik kəməri olmadan buraxılma, dayaq nərdivanı ilə iş zamanı olan iş şəraitinin yaradılmaması, hündürlükdə işləmək üçün tibbi arayışın olmaması və işin təhlükəsizliyinə kifayət qədər nəzarətin olmaması ilə bağlı olmuşdur.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği haqqında" 09 yanvar 2003-cü il tarixli, 3 nömrəli Qərarının 3.10-cu bəndinə əsasən zərər dəyməsində təqsirkar olan müəssisənin yenidən təşkil edildiyi halda onun hüquqi varisi zərərçəkənə zərərin əvəzini ödəyir.

22. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC-nin (köhnə adı Sumqayıt Quraşdırma İdarəsi) xx.xx.2010-cu il tarixdə özəlləşməsi başa çatmışdır.

23. Azərbaycan Respublikasi Prezidentinin “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi haqqında” 04 avqust 2008-ci il tarixli Fərmanına əsasən Bu Qaydalar dövlət müəssisələrinin “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarına şamil olunur.

24. Həmin Fərmanın 5.1 və 5.2-ci bəndlərinə əsasən aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmamaq şərtilə, 2003-cü il oktyabrın 1-dən başlayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövr üçün verilir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti özəlləşdirilməsi başa çatmış (başaçatma tarixi göstərilməklə) dövlət müəssisələri, özəlləşdirilməsi barədə qərar qəbul edilmiş (qəbul edilmiş qərarın tarixi göstərilməklə), lakin özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələri, eləcə də idarəetməyə verilən (idarə etmək hüququna dair bağlanılmış müqavilənin qüvvəyəminmə tarixi göstərilməklə) dövlət müəssisələri barədə məlumatı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir.

25. Həmin Fərmanın 5.6-cı bəndinə əsasən dövlət müəssisələrinin özəlləşdirilməsinin başa çatması tarixindən, eləcə də onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə mindikdən sonra istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclər Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada ödənilir.

26. Azərbaycan Respublikasinin Əmək Məcəlləsinin 239-cu maddəsinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir. İstehsalat qəzaları və yaxud peşə xəstəliyi nəticəsində zərərçəkən şəxslərin zərərə görə verilən ödənclərinin məbləğləri qanunvericiliklə müəyyən edilmiş qaydada əmsallaşdırılmalıdır. Bu maddə ilə nəzərdə tutulmuş ödənclərin verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilərə şamil olunmur.

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair" 15 iyul 2011-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsində nəzərdə tutulan əməyin mühafizəsi normalarının pozulması nəticəsində işçinin səhhətinə vurulan zərərə görə, yaxud onun həlak olması ilə əlaqədar maddi məsuliyyət, həmin Məcəllənin 191-ci maddəsinin tələbləri baxımından yalnız işəgötürən təqsirli olduqda yaranır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin məzmununa görə işəgötürənin təqsirinin tam və ya qismən olmasından asılı olmayaraq, həmin Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan şərtlər olduğu halda işəgötürənin işçi qarşısında məsuliyyəti tam xarakter daşıyır.

28. Azərbaycan Respublikasinin Əmək Məcəlləsinin 191.1-ci maddəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.

29. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda.

30. Göründüyü kimi işçi İddiaçı iş yerində aldığı xəsarət işəgötürənin təqsirli əməli nəticəsində baş vermişdir ki, bu halı da iş materiallarında olan H-1, xx.xx.1987-ci ildə tərtib edilmiş 2 saylı “istehsalatda bədbəxt hadisə haqqında” akt təsdiq edir. Bundan əlavə, müəssisənin özəlləşdirilməsi tam başa çatdıqdan sonra özəl təsərrüfat subyekti kimi fəaliyyət göstərmişdir. Qanunvericiliyin tələbinə görə müəssisənin özəlləşdirməsi başa çatdığı tarixdən istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə ödəncin ödənilməsi təmin olunmalı idi.

31. Məhkəmə qeyd edir ki, ödəncin ödənilməsi qaydası və miqdarı qanunvericiliyin şərtləri nəzərə alınmaqla müəyyən edilməlidir.

32. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin "İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği haqqında" 09 yanvar 2003-cü il tarixli, 3 nömrəli Qərarının 1.2-ci bəndinə əsasən özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”na uyğun olaraq aylıq ödəncin əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aylıq müavinət verilir.

33. Həmin Qərarın 2.1-ci bəndinə əsasən istehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. Həmin aylıq ödənc zərərçəkənin xəsarət almazdan və yaxud peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilib ödənilir.

34. Həmin Qərarın 3.5-ci bəndinə əsasən istehsalatda əmək xəsarəti ilə əlaqədar ödənilən zərərə görə aylıq ödənclərin miqdarı qanunvericiliklə müəyyən olunmuş qaydada təqsirkar müəssisədə işçilərin minimum əmək haqqı və yaxud tarif (vəzifə) maaşlarının kütləvi artımı zamanı qanunvericiliklə müəyyən olunmuş qaydada təshih edilir və ödənilir. Bu halda aylıq ödənclərin miqdarının hesablanmasında götürülən orta əmək haqqı zərərçəkənin həmin təqsirkar müəssisədə işlədiyi peşə (vəzifə) üzrə tarif maaşının kütləvi artımdan sonra iki aylıq faktiki orta əmək haqqı hesabından müəyyən edilir və göstərilən artım günündən başlayaraq ödənilir. Həmin orta aylıq əmək haqqının hesablanmasında nəzərə alınan və nəzərə alınmayan ödənclərin siyahısı "Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin müəyyən edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 iyul tarixli 126 nömrəli qərarına uyğun olaraq müəyyən edilir. Mövcud şəraitdə zərərçəkənin peşəsinin (vəzifəsinin) adı dəyişdirildikdə və yaxud ləğv edildikdə, təqsirkar müəssisədə müvafiq peşə (vəzifə) və yaxud peşə qrupları, müəssisə üzrə orta əmək haqqından müəyyən edilərək hesablanır.

35. Belə olan halda, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, cavabdeh "xxxx" MMC-dən İddiaçı xeyrinə 08 yanvar 2010-cu il tarixdən başlayaraq İddiaçı peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında artımlar nəzərə alınmaqla hər ay aylıq ödənc ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yanlız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

38. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

39. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

40. Qeyd olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Nəticə Hissəsi:

41. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən İddiaçı xeyrinə 08 yanvar 2010-cu il tarixdən başlayaraq İddiaçı peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında artımlar nəzərə alınmaqla hər ay aylıq ödənc ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar