Məhkəmə qərarları › İş №2(060)-1308/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1308/2021

22.04.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1308/2021 22.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədov Rəsul Yasər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh «xxxx» MMC-yə qarşı müavinətin ödənilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) «xxxx » MMC-yə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən özəlləşməsi tam başa çatan tarixdən, yəni 08.11.2006-cı ildən 07.01.2010-cu ilə qədər olan dövrə görə ödənilməmiş 2508 manat müavinətin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1983-1987-ci illərdə “xxxx” MMC-də (əvvəlki adı “AzSantexmontaj ” İB-nin Sumqayıt Quraşdırma İdarəsi) çilingər peşəsində işləmişdir. 02 iyul 1985-ci ildə iş zamanı yıxılmış və əmək xəsarəti almışdır. Aldığı xəsarət nəticəsində peşə əmək qabiliyyətinin 80%-ni müddətsiz itirmişdir. Əmlak Məsələləri Dövlət Xidmətinin 13 noyabr 2020-ci il tarixli, **********17 saylı məktubu ilə işlədiyi cavabdehin özəlləşməsinin 08.11.2016-cı ildə başa çatdığı bildirilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 23 may 2019-cu il tarixli, 2(060)-3714/2019 saylı qətnaməsi ilə 07 yanvar 2010-cu ildən etibarən əmək şikəstliyi ilə əlaqədar ödənilməyən ödəncin cavabdehdən tutularaq ona ödənilməsi qət edilmişdir. Hal-hazırda həmin qətnamə qanuni qüvvəsini almışdır. Lakin, cavabdeh özəlləşməsi başa çatan tarixdən, yəni 08 noyabr 2006-cı ildən 07 yanvar 2010-cu il tarixinədək müavinəti ödəməkdən imtina edir. Cavabdeh əsassız bəhanə gətirərək həmin dövrə görə müavinətin guya DSMF-nin Sumqayıt şəhər Şöbəsi tərəfindən ödənilməli olmasın göstərir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və həmçinin bildirdi ki, əvvəl o cavabdehin özəlləşməsinin 2010-cu ildə başa çatdığını güman etmişdir. Bu səbəbdən həmin dövrdən sonra ödənişlərin verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Lakin, sonradan müəyyən etmişdir ki, cavabdehin özəlləşməsi 2006-cı ildə başa çatıb. Bu səbəbdən yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət edib. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarından görünür ki, iddiaçı xx.xx.1965-ci ildə Ermənistan Respublikası, Sisiyan rayonunda anadan olmuşdur. O, hal-hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. MA seriyalı ******* saylı çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən müəssisə X2, X6, X3, X4 və X1 ümumi birgə mülkiyyətindədir. Cavabdehin DSMF-nın Sumqayıt şəhər şöbəsinə göndərilmiş 06 saylı, 18.07.2012ci il tarixli məktubunda göstərilmişdir ki, müəssisədə 80-100 % əmək qabiliyyətini itirənşəxslər vardır. Bu səbəbdən onlara ödəniş edilməsinə kömək göstərilməsi xahiş edilmişdir. Məktubda iddiaçı da əmək qabiliyyətini itirən şəxslər sırasına aid edilmiş və aylıq ödənişin 68 manat olduğu qeyd edilmişdir. Məhkəmə sorğusu əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 04.03.2021-ci il tarixli məktubunda göstərilmişdir ki, cavabdeh 05.01.1995-ci ildə dövlət qeydiyyatına alınıb. Cəmiyyətin fəaliyyəti 01.09.2005-ci ildən 31.12.2005-ci ilədək, 01.04.2006-cı ildən 01.10.2006-cı ilədək, 01.10.2015-ci ildən 01.01.2016-cı ilədək və 02.01.2016-cı ildən 01.04.2016-cı ilədək dayandırılmışdır. Cəmiyyətin fəaliyyəti hal-hazırda aktivdir. Məhkəmə sorğusu əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 19.03.2021-ci il tarixli məktubunda bildirilmişdir ki, «xxxx» MMC “Azsantexmontaj” İB-nin Sumqayıt Quraşdırma İdarəsi özəlləşdirildikdən sonra onun bazasında yaradılmışdır. Müəssisənin özəlləşməsi 08.11.2006-cı ildə başa çatmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-868/2020 saylı, 12.11.2020-ci il tarixli qərarı ilə iddiaçının DSMF-nın Sumqayıt şəhər şöbəsinə qarşı zərərvurmadan irəli gələn öhdəliyə görə pulun tutulması barədə iddiası təmin edilməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3714/2019 saylı, 23 may 2019-cu il tarixli qətnaməsi ilə 07 yanvar 2010-cu ildən əmək şikəstliyi ilə əlaqədar ödənilməyən ödəncin iddiaçının tutduğu vəzifənin əmək haqqındakı sonrakı dəyişikliklər nəzərə alınmaqla “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə (bundan sonra – Əmək Məcəlləsi) əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir (239.1) . İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir (239.2). İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir (239.3). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09.01.2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları”na əsasən işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra - istehsalda əmək xəsarəti), bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra – təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır (1.1). Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli, 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”na uyğun olaraq aylıq ödəncin əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aylıq müavinət verilir (1.2.). İstehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. Həmin aylıq ödənc zərərçəkənin xəsarət almazdan və yaxud peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilib ödənilir (2.1.). Azərbaycan Respublikası Prezidentinin 04.08.2008-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları” nda göstərilmişdir ki, aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmamaq şərtilə, 2003 cü il oktyabrın 1-dən başlayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövr üçün verilir (5.1). Dövlət müəssisələrinin özəlləşdirilməsinin başa çatması tarixindən, eləcə də onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə mindikdən sonra istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclər Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada ödənilir (5.6.). Qeyd edilən normaların məzmunundan göründüyü kimi özəlləşdirmə prosesində olan müəssisələrin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə müəssisənin özəlləşdirilməsi başa çatanadək ödənc müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. Müəssisənin özəlləşdirilməsi başa çatdıqdan sonra isə həmin ödənc müəssisənin özü tərəfindən verilməlidir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı cavabdeh müəssisədə işləyərkən istehsalat zədəsi almış və əmək qabiliyyətinin 80 faizini itirərək 2-ci qrup əlil olmuşdur. Cavabdehin özəlləşdirilməsi 08.11.2006-cı il tarixində başa çatmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3714/2019 saylı, 23 may 2019-cu il tarixli qətnaməsi ilə 07 yanvar 2010-cu ildən sonrakı dövr üçün əmək şikəstliyi ilə əlaqədar ödənilməyən ödəncin cavabdehdən tutulması qət edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin özəlləşdirildiyi 08.11.2006-cı il tarixindən 07.01.2010-cu il tarixinədək ödənilməmiş əmək şikəstliyi ilə əlaqədar ödənilməyən ödənc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Cavabdehin 18.07.2012-ci il tarixli məktubunda iddiaçıya ödənilməli aylıq məbləğ 68 manat göstərilmişdir. Bu səbəbdən məhkəmə hesabe dir ki, iddia təmin edilməlidir. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.1-ci maddəsinə əsasən iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyi və iddia təmin edildiyi üçün iddia ərizəsinin verilməsi üçün ödənilməli olan 30 manat dövlət rüsumu cavabdehdən dövlət büdcəsinin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 08.11.2006-cı il tarixdən 07.01.2010-cu il tarixinədək olan dövrə ödənilməmiş 2508 (iki min beş yüz səkkiz) manat əmək şikəstliyi ilə əlaqədar müavinət cavabdeh «xxxx» MMC-dən tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar