Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-132/2022 25.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qeyri-yaşayış obyektindən məcburi çıxarılma çıxarılma və digər tələbinə, Cavabdeh İddiaçı qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehin ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 59,9 kvadrat metr olan qeyri-yaşayış obyektinin 30 kvadrat metr sahəsindən məcburi çıxarılması, 500 manat icarə haqqının və 30 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 59,9 kvadrat metr olan qeyri-yaşayış obyektinin 30 kvadrat metr sahəsinə dair 05 sentyabr 2018-ci il tarixdə atası X1 ilə cavabdeh arasında icarə müqaviləsi bağlanmışdır. İcarə müqaviləsinin müddəti bitmişdir. İddiaçı dəfələrlə cavabdehdənə xahiş etmişdir ki, qeyriyaşayış sahəsini boşaldıb tərk etsin və ona 5 ay ödənilməmiş icarə haqqını, yəni 500 manat pul vəsaitini ödəsin. Yuxarıda qeyd etdiyi qeyri-yaşayış obyekti atası X1 tərəfindən iddiaçıya notarial qaydada bağışlanmışdır. 30 mart 2021-ci il tarixdə atası ilə cavabdeh arasında bağlanan 05 sentyabr 2018-ci il tarixli icarə müqaviləsinə əsasən iddiaçıya məxsus qeyri-yaşayış sahəsini boşaldaraq tərk etməyini cavabdehdən xahiş edərək "xxxx" MMC vasitəsi ilə müraciət etmiş, lakin cavabdeh iddiaçının məktubunu almış və müraciətinə cavab verməmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi verərək, obyektə çəkdiyi xərclərin, yəni təmirinə çəkilən xərclərin 18600 manat və 5560 manat olmaqla, ümumilikdə 24160 manat pulun, həmçinin 30 manat dövlət rüsumunun iddiaçıdan tutularaq cavabdehə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh 2015-ci ilin iyul ayından ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 59,9 kvadrat metr olan qeyri-yaşayış sahəsinin icarədarıdır. Bu obyekt göstərilən tarixdən “Travel-Notarial Tərcümə mərkəzi” kimi qeydiyyata alınmış, bu qeydiyyatı mərkəzinin reklamı ilə bağlı həmin tarixdə İcra Hakimiyyəti yanında reklam departamentinə etdiyi müraciət təsdiq edir. Həmin reklam bu günə qədər binanın fasadındadır. Bundan əlavə o, həmin obyektlə bağlı aktiv vergi ödəyicisidir. Bu günə qədər obyektlə bağlı bütün xərcləri, kommunal ödənişləri, o cümlədən icarə müqaviləsi ilə bağlı vergiləri cavabdeh ödəyir. O, bu obyektə gələndə bu qeyri-yaşayış sahəsi təmirsiz, istismara yararsız və müştəri potensialı olmayan bir vəziyyətdə idi. Obyekt sahibi, yəni X1 ilə danışaraq obyekti sıfırdan təmir edəcəyi barədə onunla razılığa gəlmişlər. Bu minvalla obyektin giriş qapısından tutmuş içinin bütün avadanlıqları ilə birlikdə bütün xərclərini cavabdeh çəkmişdir. Belə ki, təkcə təmirinə 18 600 manat xərc çəkmişdir. Hətta obyektin bütün sayğaclaşma işlərini həyata keçirmiş və sayğaclarını öz şəxsi vəsaiti hesabına almışdır. Göstərilən tarixdən mütəmadi olaraq hər ayın 5-10 tarixləri arası ilk iki il ərzində obyekt sahibinə 450 manat, daha sonra isə 2017-ci ildən başlayaraq 350 manat icra haqqı ödəmişlər. Sonra 5 ayın icarə haqqını isə obyektin sahibinin xahişi ilə onun oğlu olan iddiaçıya ödəmişdir. Cavabdeh heç kimə lazım olmayan və müştəri potensialı sıfır həddində olan, yararsız obyekti tam işlək vəziyyətə gətirmişdir. 2017-ci ilin sonlarında obyektin giriş qapılarının etibarsız olması barədə obyekt sahibinə məhkəmə bildirişi gəlmişdir. Obyekt sahibi, yəni Məhərrəmov Səfər bununla bağlı məhkəmədə və digər orqanlarda onun hüquqlarını müdafiə etmək üçün mənə müraciət etmişdir. Bununla bağlı Sumqayıt şəhər, 4 saylı xüsusi notariat ofisinə yaxınlaşaraq X1 cavabdehə etibarnamə vermişdir. Bu işlə bağlı, yəni obyektin əvvəlki vəziyyətdə fəaliyyət göstərməsi ilə əlaqədar Sumqayıt şəhəri, 36-cı məhəllə, ev 1/22, 18 saylı mənzilin pəncərələrinin qapı ilə əvəz olunması sərəncamının yenilənməsi ilə bağlı 5560 manat xərci çıxmışdır. Son 4 ay ərzində iddiaçı ilk öncə icarə haqqını qaldırdığını bildirmişdir. Bundan sonra müxtəlif vaxtlarda ofisə gələrək mülkiyyətçi olduğunu bildirərək obyektdən çıxmağı tələb etmişdir. Cavabdeh də təbii olaraq ona bu obyektə tərəfindən çəkilən xərclərin veriləcəyi təqdirdə heç bir problem olmadan obyekti ona təhvil verəcəyini bildirmişdir. Qeyd olunan obyektə çəkilən xərclər iddiaçının atası, yəni obyektin əvvəlki mülkiyyətçisi Məhərrəmov Səfərin razılığı ilə çəkilmişdir. Daha sonra isə iddiaçı mart ayının 10-u cavabdeh obyektdə olmadığı zaman, özbaşına olaraq obyektə daxil olmaq istəmiş, lakin bunu bacarmadığını gördükdə atasına məxsus qonşu obyektə girərək oranın arakəsməsini zədələyərək, oturduqları obyektin divarını yararsız hala gətirmiş, bununla cavabdehə maddi və mənəvi zərər vurmuşdur. Belə ki, 1 ədəd 1000 manat dəyərindən “Toshiba satalet” markalı notebooku və həmin notebookun yerləşdiyi yazı stolu, əyləşdiyi stul, vətəndaşlara çatası bir neçə sənədlər yararsız hala düşmüş və bu zərər nəticəsində o, 3 gün ərzində fəaliyyət göstərə bilməmiş, həmin müddətdə qazancından məhrum olmuşdur. İddiaçıya zəng vurub bunu nə üçün etdiyini soruşduqda isə o, bu faktı təsdiqləmiş və obyektdən çıxmayacaqlrı təqdirdə obyekti başlarına uçuracağını demişdir. Eyni zamanda obyekt sahibi Məhərrəmov Səfər də ona bildirmişdir ki, obyektdən çıxmayacaqları təqdirdə obyektə benzin töküb yandıracaq. Bununla bağlı cavabdeh hüquq-mühafizə orqanlarına müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 21.12.2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və iş üzrə icraat ekspert rəyi məhkəməyə daxil olanadək dayandırılmışdır. 06.04.2022-ci il tarixində ekspert rəyi məhkəməyə daxil olmuş və iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun olaraq izahat verdi, əlavə olaraq bildirdi ki, cavabdeh qapı ilə bağlı xərcləri özünün çəkdiyini bildirir və bu hal tamamilə cəfəngiyyatdır. Belə ki, qapını onlar özləri saldırmışlar. Cavabdeh sadəcə onlara məxsus obyektdən çıxmaq istəmir və hər vasitə ilə vaxt qazanmaq istəyir. Cavabdeh son ödənişləri etməmişdir. Cavabdehin orada gördüyü təmir işləri alçıpan vurmaqdan, bəzi divarlara örtük çəkmədən ibarət olub. Cavabdeh tərəfindən obyektə çəkilən təmir xərclərinin təxmini məbləği 1000 manat təşkil edir. Qeyd edilənlərə əsasən iddiaçı ilkin iddianın təmin edilməsini və qarşılıqlı iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında qarşılıqlı iddia ərizəsinə uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, iddiaçının atası ilə müqavilə 2018-ci ildə bağlansa da, faktiki oplaraq orada 2015-ci ildən fəaliyyət göstərməyə başlayıb və ilk öncə 2015-ci ildə, sonra isə 2017ci ildə təmir işləri aparmışdır. Ekspert rəyi tam verilməyib. Ekspert rəyinin çəkilən xərclərin 17.000 manat məbləğində olması hissəsi ilə razıdır, lakin ekspert rəy verərkən orada qapı məsələsinə toxunmayıb. Belə ki, onlar oraya köçəndə içəridə qapı yox idi. Yararsız şüşə qapıdan sonra təkcə arka var idi və içəridə soyuqdan oturmaq mümkün deyildi. O, təkcə şüşə qapıya 480 manat pul xərcləmiş, kilidini 3 dəfə dəyişmişdir. İçəri plastik qapını özü gətirmişdir. Qeyd edilənlərə əsasən cavabdeh qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını ilkin və qarşılıqlı iddiaların dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, iddiaçı xx.xx.1983-cü ildə, Ermənistan Respublikası, Amasiya rayonunda anadan olmuş, ünvan 3 ünvanında qeydiyyatdadır. Cavabdeh isə xx.xx.1983-cü ildə,Sumqayıt şəhərində anadan olmuş, hazırda ünvan 5 ünvanında qeydiyyatdadır. 05.09.2018-ci il tarixli icarə müqaviləsinə əsasən X1 ümumi sahəsi 59,9 kvadrat metr olan Sumqayıt şəhəri, 36-cı məhəllə, ev 1/22, 18 saylı mənzilin 30 kvadrat metr sahəsini cavabdehə icarəyə verilmişdir. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 iddiaçının xüsusi mülkiyyətindədir. "xxxx" MMC-nin iddiaçıya məxsus Sumqayıt şəhəri, 36-cı məhəllə, ev 1/22,, 18 saylı mənzilin qiymətləndirilməsi barədə 05.04.2022-ci il tarixli hesabatında ümumi sahəsi 59,9 kvadrat metr olan qeyri-yaşayış sahəsinin təmir-tikinti xərcləri 17 000 manata qiymətləndirilmişdir. Hesabatda qiymətləndirmə haqqı olan 400 manatın cavabdeh tərəfindən ödənildiyi göstərilmişdir. İş üzrə mübahisəli əraziyə keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, qeyri-yaşayış sahəsi iki iç-içə yerləşən iki otaqdan və sanitar qovşaqdan ibarətdir və orta təmirlidir. Cavabdehin istifadəsində olan qeyri-yaşayış sahəsi ilə qonşuluqda iddiaçıya məxsus olan digər qeyri-yaşayış sahəsi yerləşir. Həmin qeyri-yaşayış sahəsi təmirsizdir. Yerli baxış zamanı cavabdeh bildirmişdir ki, o, qeyri-yaşayış sahəsini icarəyə götürərkən qeyri-yaşayış sahəsi tam təmirsiz vəziyyətdə (digər qeyri-yaşayış sahəsi ilə oxşar) olmuşdur. Lakin, onun istifadə etdiyi obyektin qapısı belə olmamışdır. Cavabdeh qeyriyaşayış obyektini icarəyə götürdükdən sonra, oranın qapısını yerləşdirmiş, divar kağızlarını, döşəməni və tavan (alçipan) vurdurmuş, digər otaqdakı pəncərəni qoydurmuş və sanitar qovşağı təmir etdirmişdir. Cavabdeh bildirmişdir ki, bütün bunların xərcini özü çəkmişdir. Məhkəmə iclasında ifadə vermiş şahid X2 öz ifadəsində bildirmişdir ki, cavabdeh onun iş yoldaşıdır. O, həmin obyektdə tərcüməçi kimi işləyir. İddiaçını isə obyekt sahibinin oğlu kimi tanıyır. Həmin obyektdə 2015-ci ildən cavabdehlə birlikdə fəaliyyət göstərirlər. İddiaçının atasının razılığı ilə cavabdeh həmin obyektdə təmir işləri aparmış, tavan və döşəmə vurdurub, qapını dəyişdirib, arxa və qabaq otaqlar arasında arakəsmələr düzəltdirib, sanitar qovşağı təmir etdirib. Həmin təmir xərclərinə cavabdehin təxminən 20 000 manat xərci çıxıb. İş materiallarına fotoşəkillər əlavə edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən (bundan sonra – Mülki Məcəllə) icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur (700.1.). İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər (700.2.). Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir (700.3.). Mülki Məcəllədə həmçinin göstərilir ki, kirayə müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət bitdikdə xitam verilir (689.1.). Əgər kirayə müqaviləsində müddət müəyyənləşdirilməyibsə, kirayə hüquq münasibətlərinin istənilən iştirakçısı bu Məcəllənin 690-cı maddəsinin göstərişlərinə uyğun olaraq müqavilənin ləğvinə dair bildiriş verə bilər (689.2.). Əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildiriş yazılı formada verilməlidir (690.1.). Əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildirişdə müqavilənin ləğvi üçün əsaslar göstərilməlidir (690.2.). Kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur (697.1.). Göründüyü kimi cavabdehlə iddiaçının atası Səfər Məhərrəmov arasında icarə müqaviləsi 05.09.2018-ci ildə 1 il müddətinə bağlanmış və müqavilənin müddəti bitmişdir. Qeyri-yaşayış sahəsi Səfər Məhərrəmov tərəfindən iddiaçıya bağışlanmışdır. Belə olan halda cavabdeh icarə obyekti olan əmlakı iddiaçıya qaytarmağa borcludur. İddiaçı ilkin iddia ərizəsində cavabdehin ona 500 manat icrarə haqqı borcu olduğunu göstərsə də həmin halı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesabe dir ki, ilkin iddia qismən təmin edilməli, cavabdeh ünvan 1-də yerləşən qeyri-yaşayış sahəsindən çıxarılmalıdır. Qarşılıqlı iddia ilə bağlı qeyd edilməlidir ki, Mülki Məcəlləyə əsasən kirayəyə verən kirayəyə verilmiş əşyanın saxlanması və ya bərpası üçün kirayəçinin çəkdiyi zəruri xərclərin əvəzini ona ödəməyə borcludur. Əvəzi ödənilən xərclərə aşağıdakılar aid deyildir: binaların, qurğuların və ya nəqliyyat vasitələrinin kirayəsi halında - istismar, qulluq və təmizləmə xərcləri (680.1.1.); heyvanın kirayəyə verildiyi halda - qulluq və bəsləmə xərcləri (680.1.2.). Kirayəyə verənin digər xərclərinin, o cümlədən kirayəyə verilmiş əşyanın yaxşılaşdırılması xərclərinin əvəzini ödəmək vəzifəsi bu Məcəllənin özgə işlərini tapşırıqsız aparmaq haqqında müddəaları ilə müəyyənləşdirilir (680.2.). İşin müəyyən edilmiş hallarından görünür ki, qeyri-yaşayış sahəsi cavabdehə icarəyə verilərkən təmirsiz vəziyyətdə olmuş və cavabdeh həmin obyekdə onun əvvəlki mülkiyyətçisi olan Səfər Məhərrəmovun razılığı ilə təmir işləri aparmışdır. Qeyd edilən halı iş üzrə şahid ifadəsi də təsdiq edir. İş üzrə təyin edilmiş qiymətləndirmə ekspertizasında dair hesabatda obyektə çəkilmiş təmir-tikinti xərclərinin 17000 manat təşkil etdiyi qeyd edilmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsində iddiaçıdan 24160 manat pulun tutulmasını xahiş etsə də obyektin təmir-tikintisinə və digər məsələlərə həmin məbləğdə xərc çəkdiyini sübut edə bilməmişdir. Bu səbəbdən qarşılıqlı iddia qismən təmin edilməli 17000 manat pul iddiaçıdan cavabdehin xeyrinə tutulmalıdır. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, ilkin iddia qismən təmin edildiyindən 400 manat ekspertiza xərcinin 200 manatı iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. Cavabdeh Cavabdeh ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 59,9 kvadrat metr olan qeyri-yaşayış obyektinin 30 kvadrat metr sahəsindən çıxarılsın. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilsin. ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə çəkilən 17 000 (on yeddi min) manat məbləğində təmir-tikinti xərcləri İddiaçı tutularaq Cavabdeh ödənilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 400 manat pulun 200 (iki yüz) manatı İddiaçı tutularaq Cavabdeh ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-132/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-132/2022
25.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver