Məhkəmə qərarları › İş №2(060)-1347/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1347/2021

09.04.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1347/2021 09.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədov Rəsul Yasər oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi, vəkil X3, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, onun azyaşlı uşaqları xx.xx.2006-cı il təvəllüdlü X8 və xx.xx.2008-ci il təvəllüdlü X7 ilə birlikdə Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 15-ci məhəllədə yerləşən fərdi evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə xx.xx.2006-cı il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahlarından xx.xx.2006-cı il təvəllüdlü X8 və xx.xx.2008-ci il təvəllüdlü X7 adlı iki övladları dünyaya gəlmişdir. Ailə həyatı qurduqdan sonra cavabdehin atasına məxsus olan Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 11 ünvanında yerləşən 106 saylı mənzilə gəlin köçmüş və orada yaşamışlar. Mübahisəli evi cavabdehlə birgə vəsaitləri hesabına tikmişlər. Hazırda iddiaçının cehiz əmlakları həmin mənzildədir. 2019-cu il tarixdə cavabdeh onu və uşaqları evdən qovmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 2019-cu il tarixli qətnaməsi ilə tərəflər arasında nikahın pozulması, uşaqların ananın yanında saxlanmaları və aliment tutulması qət edilmişdir. İddiaçı hesab edir ki, onun uşaqları ilə birlikdə mübahisəli evdə yaşamaq hüquqları vardır. Cavabdehin xx.xx.2021-ci il tarixində iddiaya yazılı etirazı və xx.xx.2021-ci il tarixində yazılı izahatı məhkəməyə daxil olmuşdur. Etiraz və izahat oxşar məzmunlu olmaqla hər ikisinin məzmunu ondan ibarət olmuşdur ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrin qeydiyyatdan keçirilməyib və mənzilə dair çıxarış verilməyib. Cavabdeh iddiaçıya mübahisəli evdə birlikdə yaşamağı təklif etsə də, iddiaçı bununla razılaşmış və evi satıb pulunu ona verməsini istəmişdir. Cavabdeh evin satılmasına razı deyildir. Evin açarının biri hazırda iddiaçıdadır. Lakin, iddiaçı mübahisəli evdə yaşamağa da razı olmur. Cavabdeh iddiaçının iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. İddiaçı və onun nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdilər və iddianın təmin olunmasını məhkəmədən xahiş etdilər. Cavabdeh məhkəmə iclasında iddiaya yazılı etirazla oxşar məzmunlu izahat verdi və həmçinin bildirdi ki, iddiaçı ilə aralarında nikah pozularkən uşaqların iddiaçının yanında saxlanması qət edilsə də, hal-hazırda uşaqlardan X8 onunla birlikdə mübahisəli evdə yaşayır. O, iddiaçının digər uşaqla birlikdə həmin evə köçürülməsinə etiraz etmir. Həmin ev həqiqətən iddiaçı ilə birgə yaşadıqları dövrdə inşa edilmişdir. Evdə iddiaçının əşyaları mövcuddur. Qeyd edilənlərə əsasən cavabdeh iddianın təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1986-cı il tarixdə, ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh xx.xx.1979-cu ildə, Sumqayıt şəhərində anadan olmuş, hazırda ünvan 3 ünvanında qeydiyyatdadır. Sumqayıt Şəhər İcra Hakimiyyəti Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən verilən xx.xx.2020-ci il tarixli, 97 və 98 saylı arayışlarda iddiaçı Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 15-ci məhəllədə yerləşən fərdi evdə (bundan sonra – mübahisəli ev) əvvəllər yaşayıb. Cavabdeh isə həmin evdə yaşayır. xx.xx.2021-ci il tarixdə X1 və X2 tərəfindən tərtib edilərək imzalanmış, Sumqayıt Şəhər İcra Hakimiyyəti Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən möhürlə təsdiq edilmiş aktda cavabdehin oğlu X8 ilə birlikdə mübahisəli evdə yaşadıqları göstərilmişdir. İş materialları ilə müəyyən edilir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə tərəflər arasında nikahın pozulması, yetkinlik yaşına çatmayan uşaqların iddiaçının yanında saxlanması və cavabdehdən aliment tutulması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1046/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə həmin qətnaməyə uşaqların adı və soyadı və doğum tarixinə aid hissədə dəyişiklik edilmiş, qətnamə aliment tələbinə dair hissədə ləğv edilmiş və qalan hissədə dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Baxılan iş üzrə iddiaçının köçmək istədiyi yaşayış sahəsi özbaşına tikili olduğundan, cavabdehlərin həmin tikili üzərində hüququnun olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onların iddiaçıya qarşı törətdiyi məhrumetmə (evdə yaşamasına mane olma) qanunsuzdur. Eyni zamanda Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər (27.1.). On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır (27.2.). Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir (27.3.). İş üzrə tərəflərin izahatları ilə müəyyən edilir ki, mübahisəli ev tərəflərin birgə nikahları dövründə onların birgə vəsaitləri hesabına tikilmişdir. Lakin, onlar arasında ailə münasibətləri pozulduqdan sonra iddiaçı həmin evdən getmişdir. Hazırda iddiaçı mübahisəli evdə yaşamır. Məhkəmə hesab edir ki, mübahisəli ev tərəflərin nikahda olduqları dövrdə inşa edildiyi və iddiaçı uzun müddət həmin evdə yaşadığı üçün evə onun yaşayış yeri kimi qiymət verilməlidir. Həmçinin cavabdeh də iddiaçının mübahisəli evə köçürülməsinə etiraz etmir. Bu səbəbdən iddiaçı mübahisəli evə köçürülməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. İşdən göründüyü kimi Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1046/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə yetkinlik yaşına çatmayan xx.xx.2006-cı il təvəllüdlü X8 və xx.xx.2008-ci il təvəllüdlü X6 iddiaçının yanında saxlanmaları qət edilmişdir. Bu səbəbdən iddia təmin edilməli, iddiaçı öz yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə mübahisəli mənzilə köçürülməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2006-cı il təvəllüdlü X8 və xx.xx.2008-ci il təvəllüdlü X7 ilə birlikdə Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 15-ci məhəllədə yerləşən fərdi evə köçürülsünlər. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar