Məhkəmə qərarları › İş №2(060)-1362/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1362/2025

30.04.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1362/2025 30.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X6 cəlb etməklə Cavabdeh qarşı «mənzilə köçürülmə tələbi»nə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «mənzilə köçürülmə tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 48, 18 saylı mənzili AR ƏMDK yanında DƏDRX-nin ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli əsasən 1/4 hissədə İddiaçı1, 1/4 hissədə X5, 1/4 hissədə İddiaçı2 mülkiyyətindədir. Mübahisəli mənzil tərəflərə analarından vərəsə əmlakı kimi qalmışdır. Anaları xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra 1/4 hissədə hər ikisi qəbul etmişlər. Lakin 1/4 hissəsi açıq qalmışdır. Həmçinin İddiaçı2 anadan olandan mübahisəli mənzildə qeydiyyatdadır. Cavabdeh qeydiyyatda olduqları ünvanda iddiaçıları yaşamağa qoymur. İddiaçıların həmin evə mülkiyyət hüququ var, lakin cavabdeh isə mülkiyyət hüquqları məhdudlaşdırır. Bundan əlavə hər ikisi ailəlidirlər, ailə üzvlərinin də onlar kimi həmin mənzildə yaşamaq hüququ var. Ona görə məhkəməyə müraciət etməyə məcbur olmuşdurlar. Göstərilənlərə əsasən iddiaçılar İddiaçı1 və İddiaçı2 Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 48, 18 saylı mənzilə köçürülmələri barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişlər.

4. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirmişdir ki, evə köçürülmələrinə etiraz etmir. Lakin evə çəkilən xərci onlardan tələb edir. Belə ki, ev təmirsiz olmuş, evin təmiri şəxsən özü etmişdir.

5. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 iddia tələbinin təmin edilməsinə etirazı olmadığını bildirmişdir.

6. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. Belə ki, iş materiallarında olan Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş, AZ-İİ № 196900 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2017-ci il tarixdə insulindən asılı olmayan şəkərli diabet xəstəliyindən ölmüşdür.

8. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli çıxarışın surətindən görünür ki, ünvan 1 1/4 hissədə İddiaçı1, 1/4 hissədə X5, 1/4 hissədə İddiaçı2 adına qeydiyyatdan keçmiş, 1/4 hissədə açıq pay qalmışdır.

9. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı arayışdan məlum olur ki, İddiaçı1 xx.xx.2002-ci ildən etibarən X12, İddiaçı2, X9, Cavabdeh və X10 ilə birlikdə Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 48, 18 saylı mənzildə qeydiyyatdadırlar.

10. İş materiallarında olan 03 fevral 2025-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Sumqayıt şəhər 1 saylı notariat ofisinin xüsusi notariusu X7 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq edir ki, xx.xx.2017-ci ildə vəfat etmiş X2 vərəsəsi oğlu Cavabdehdur və o miras əmlakdan 1/4 hissədə pay almalıdır. ƏMDK yanında DƏDRX-nin Sumqayıt şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə X3 verilmiş **********09-05101-093010 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 66,93 kv/m olan mənzildən ibarətdir. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2021-ci il tarixli qeydiyyat nömrəsi **********İB71401 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək ünvan 1 ünvanında yerləşən mənzil ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır.

11. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən 11 aprel 2025-ci il tarixli məlumatların təqdim edilməsi barədə sorğuya cavab məktubundan görünür ki, Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 48 ünvanında yerləşən 18 nömrəli mənzilin hüquqi vəziyyəti ilə bağlı məlumatın təqdim edilməsi barədə sorğuya aidiyyəti üzrə baxılmışdır. Bununla əlaqədar bildirilir ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi idarəsində mövcud arxiv materiallarına əsasən Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 48 ünvanında yerləşən 18 nömrəli mənzil Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Mənzillərin qeydiyyatı, bölüşdürülməsi və dəyişdirilməsi şöbəsi tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli, 115 nömrəli orderə, Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 16 saylı Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, 5448 nömrəli mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə “Forma 2” arayışına və mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş şəxslərin mənzili özəlləşdirməyə razılıqları barədə ərizələrə əsasən xx.xx.2007-ci il tarixində X2 adına qeydiyyata alınmışdır. X1 qanuni vərəsəsi dublikat çıxarışının alınması ilə bağlı 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş və xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Bundan sonra sözügedən mənzil xx.xx.2021-ci il tarixli, 2V-311 reyestr nömrəli və xx.xx.2025-ci il tarixli, 2V-35 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında Cavabdeh, İddiaçı1, İddiaçı2, X5 adlarına paylı (hər biri 1/4 hissə) mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

12. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, mübahisələndirilən mənzilin iddiaçılar ilə cavabdehin ümumi paylı mülkiyyətlərində olması işin mübahisəsiz halıdır. İddiaçılar həmin halı əsas götürərək Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 48 ünvanında yerləşən 18 saylı mənzilə köçürülmələrini tələb edirlər. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

13. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

14. Göstərilən qanunun normasından göründüyü kimi mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə səlahiyyətləri əhatə edir. Mülkiyyətçinin öz əmlakı üzərində «səlahiyyət üçlüyü» adlanan bu imkanları mülkiyyət hüququnun məzmununu təşkil edir. Mülkiyyətçi öz əmlakı ilə bağlı sahiblik, istifadə və sərəncam səlahiyyətlərindən qanun çərçivəsində öz istədiyi kimi istifadə edə bilər. Yəni mülkiyyətçi özünə məxsus olan əmlakdan şəxsən istifadə edə bilər, onu başqasının istifadəsinə verə bilər və ya istifadəsiz öz mülkiyyətində saxlaya bilər. Bütün bu hallarda onun mülkiyyət hüququ bütövlükdə saxlanılır.

15. Göründüyü kimi mülkiyyət hüququ (o cümlədən mülkiyyət hüququnun xüsusi növü olan paylı mülkiyyət hüququ) üç səlahiyyəti (sahiblik, istifadə, sərəncam) özündə birləşdirir və həmin səlahiyyətlərdən birinin məhdudlaşdırılması mülkiyyət hüququnun pozulmasına dəlalət edir.

16. İşdən göründüyü kimi iddiaçılar mübahisəli mənzilin paylı mülkiyyətçiləri olsa da, həmin mənzilin digər paylı mülkiyyətçisi olan cavabdehin hərəkəti nəticəsində öz mülkiyyətlərindən istədiyi kimi istifadə edə bilmirlər. Bu da onların mülkiyyətçi kimi hüquqlarının məhdudlaşdırılmasına dəlalət edir.

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 153.4-cü maddəsinə əsasən bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir.

18. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər.

19. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır.

20. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçılar İddiaçı1 və İddiaçı2 Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 48 ünvanında yerləşən 18 saylı mənzilə köçürülməlidirlər.

21. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

23. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

24. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

26. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə hissəsi:

27. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə

QƏT ETDİ:

İddia tələbi təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 48 ünvanında yerləşən 18 saylı mənzilə köçürülsünlər. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar