Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1366/2025 10.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, İddiaçı, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil qızının iştirakları ilə İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "əmrin ləğvi, işə bərpa, məcburi işburaxma dövrünə görə əmək haqqının ödənilməsi tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "əmrin ləğvi, işə bərpa, məcburi işburaxma dövrünə görə əmək haqqının ödənilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 16 fevral 2021-ci il tarixdə ’’Sumqayıt Olimpiya İdman Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətində xadimə işinə qəbul edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Z.Məmmədyarovanın imzaladığı 01 oktyabr 2024-cü il tarixli, 3-19-119/3-1-K-027/2024 saylı əmrlə iddia ilə bağlanılmış əmək müqaviləsinə hər hansı hüquqi əsaslar olmadan və iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmadan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin başa çatması əsası ilə) xitam verilmişdir. Cavabdeh istər iddiaçı ilə əmək müqaviləsi bağlayarkən, istərsə də həmin müqaviləyə xitam verərkən əmək qanunvericiliyi ilə müəyyən edilmiş hüquq normalarının tələblərini pozmuşdur. Göstərilənlərə əsasən, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Z.Məmmədyarovanın iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında 01 oktyabr 2024-cü il tarixli,3-19-119/3-1-K-027/2024 saylı əmrinin ləğv olunması, iddiaçının öz əvvəlki işinə (vəzifəsinə) bərpa olunmağı, maddi ziyan məbləği olaraq 01 oktyabr 2024-cü il tarixdən etibarən işə bərpa olunan günədək məcburi iş buraxma müddətində əmək haqqının, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödədiyi 50 manat məbləğində mediasiyaya dair xərcin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, bildirmişdir ki, o, “Sumqayıt Olimpiya İdman Kompleksi" MMC-də xadiməçi işləmişdir. xx.xx.2024-cü il tarixdə xəbərdarlıq edilmədən onu işdən çıxarmışlar. Həmin vaxt iddiaçı xəstəxanada olmuşdur. Səbəb kimi ona müqavilənin müddətinin başa çatdığını bildirmişdirlər. İddiaçının müqaviləsi müddətsiz olmuşdur. Belə ki, onun işi daimi xarakter daşımışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasında cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil qızı iddia tələbinə etiraz edərək, bildirmişdir ki, tərəflər arasında 18 fevral 2021-ci ildə 1 il müddətinə əmək müqaviləsi bağlanılıb. Müqaviləyə görə iddiaçı MMC-yə xadimə vəzifəsinə işə qəbul edilib. Müqavilə bağlanarkən iddiaçı azad iradəsi əsasında müqavilənin müddətli olmasına razılıq verib. Bundan sonra müqavilə müddəti bir neçə dəfə uzadılıb. Belə ki, 18 fevral 2022-ci ildən 30 iyun 2022-ci il tarixədək (xadimə vəzifəsinə), 30 iyun 2022-ci ildən 30 sentyabr 2022-ci il tarixədək (qeydiyyatçı-dispetçer vəzifəsinə), 30 sentyabr 2022-ci ildən 18 aprel 2023-cü il tarixədək ( qeydiyyatçı-dispetçer vəzifəsinə), 18 aprel 2023-cü ildən 18 oktyabr 2023-cü il tarixədək (qeydiyyatçı-dispetçer vəzifəsinə), 18 oktyabr 2023-cü ildən 01 aprel 2024-cü il tarixədək (qeydiyyatçı-dispetçer vəzifəsinə), 01 aprel 2023-cü ildən 01 oktyabr 2024-cü ilədək (qeydiyyatçı-dispetçer vəzifəsinə). 01 oktyabr 2024-cü ildə cavabdeh MMC tərəfindən əmək müqaviləsinə xitam verilməsi barədə əmr imzalanıb. Əsas kimi əmək müqaviləsinin müddətinin qurtarması qeyd edilib. İddiaçı qeyd edir ki, onunla əmək müqaviləsi bağlanan zaman əmək qanunvericiliyinin tələbləri pozulub, onunla müddətsiz əmək müqaviləsi bağlanmalı idi. Tərəflər arasında müddətli əmək müqaviləsi bağlanılıb. Müqavilədə əmək münasibətlərinin müddətli olması açıq şəkildə göstərilmiş və bu, tərəflərin iradəsi əsasında həyata keçirilmişdir. Bundan əlavə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müvafiq maddələrinə əsasən, əmək müqaviləsinin müddətinin başa çatması işçinin işdən azad edilməsi üçün qanuni əsasdır. Belə ki, müqavilə müddətinin sona çatması ilə əlaqədar olaraq işçinin işdən azad edilməsi işəgötürənin öz hüquqlarından qanuni istifadə etməsi anlamına gəlir və bu hal əmək qanunvericiliyinin heç bir normalarına zidd deyildir. Tərəflər arasında fərdi qaydada bağlanan əmək münasibətlərini əks etdirən yazılı əmək müqavilələri qarşılıqlı razılığa əsasən müddətli olub. Əmək müqaviləsi bağlanan zaman iddiaçı onun müddətli olmasına razılıq verib. Bu isə müqavilənin qanuni qüvvəyə malik olması və tərəflər üçün məcburi xarakter daşıdığını göstərir. İddiaçının müqavilənin əvvəlcədən müddətli olduğunu bilməsi onun şərtləri ilə razılaşdığını göstərir. Buna görə də həmin müqavilə qarşılıqlı razılıq və tərəflərin bərabərliyi prinsipi əsasında bağlanmış hesab edilməlidir. İddiaçı özünün bu müqavilə bağlanan zaman hüquqlarının pozulmasını və müddətli əmək müqaviləsi bağlamağa məcbur olmasına dair hər hansı sübut təqdim edə bilməyib. İddiaçı könüllü qaydada bu müqaviləni imzalayıb və müqavilə bağlanarkən hər hansı formada öz etirazını bildirməyib. Bundan əlavə, iddiaçı 01 aylıq iddia müddətini ötürüb. İddia müddətinin axımı 05 noyabr 2024-cü ildən 12 dekabr 2024-cü ilə qədər dayandırılmış hesab edilməlidir. İddiaçının hüquqlarının pozulduğunu bildiyi anı əmək kitabçasının ona təhvil verildiyi 13 oktyabr 2024-cü il hesab etsələr də, bu halda 13 oktyabr 2024-cü ildən 05 noyabr 2024-cü ilə qədər olan müddət (23 gün) və İMS arayışının əldə edildiyi 12 dekabr 2024-cü ildən məhkəməyə iddia ərizəsinin verildiyi 07 yanvar 2025-ci ilə qədər (26 gün) müddət ərzində 01 aylıq müddət (cəmi 49 gün) ötürülüb. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi rədd edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
6. İşin materiallarında olan "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 73 nömrəli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı "xxxx" MMC-də «xadimə» vəzifəsinə təyin edilmişdir.
7. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən bu əmək müqaviləsi 18 fevral 2021-ci il tarixindən 18 fevral 2022-ci il tarixinədək bağlanmışdır.
8. Həmin müqavilənin 8.2-ci bəndinə əsasən əmək müqaviləsinə aşağıdakı dəyişikliklər və əlavə edilmişdir: a) 01.01.2022-ci il tarixdən əmək haqqı 325 manat ödənilsin. b) xx.xx.2022-ci il tarixdən dəyişik xidmətçisi vəzifəsindən 0,5 ştatla qeydiyyatçı dispetçer vəzifəsinə keçirilir, əmək haqqı 176,50 manat. c) 2023-cü il 05 yanvar tarixli sərəncama əsasən xx.xx.2013-cü il tarixdən əmək haqqı 203 manat təyin edilsin.
9. İş materiallarında olan xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə əmək müqaviləsinin bağlandığı tarix xx.xx.2021-ci il, müddətli əmək müqaviləsinin müddətinin qurtardığı tarix xx.xx.2022ci ildir.
10. İş materiallarında olan xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə əmək müqaviləsinin bağlandığı tarix xx.xx.2021-ci il, müddətli əmək müqaviləsinin müddətinin qurtardığı tarix xx.xx.2022ci ildir.
11. İş materiallarında olan xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə əmək müqaviləsinin bağlandığı tarix xx.xx.2021-ci il, müddətli əmək müqaviləsinin müddətinin qurtardığı tarix xx.xx.2022ci ildir.
12. İş materiallarında olan xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə əmək müqaviləsinin bağlandığı tarix xx.xx.2021-ci il, müddətli əmək müqaviləsinin müddətinin qurtardığı tarix xx.xx.2023cü ildir.
13. İş materiallarında olan xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə əmək müqaviləsinin bağlandığı tarix xx.xx.2021-ci il, müddətli əmək müqaviləsinin müddətinin qurtardığı tarix xx.xx.2023cü ildir.
14. İş materiallarında olan xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə əmək müqaviləsinin bağlandığı tarix xx.xx.2021-ci il, müddətli əmək müqaviləsinin müddətinin qurtardığı tarix xx.xx.2024cü ildir.
15. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 3-19-119/3-1-K- 027/2024 saylı “əmək müqaviləsinə xitam verilməsi barədə” əmrindən görünür ki, İddiaçı 01 oktyabr 2024-cü il tarixdən Sumqayıt Olimpiya İdman Kompleksi MMC-nin qeydiyyatçıdispetçeri Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin bitməsi) tutduğu vəzifədən/peşədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi, istifadə edilməməmiş əmək məzuniyyətinə görə 12 gün pul əvəzinin ödənilməsi, əmək kitabçasında lazımi qeydlər aparılaraq özünə təhvil verilməsi əmr edilmişdir.
16. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”ndən görünür ki, əmək müqaviləsinin müddəti 01 oktyabr 2024-cü il tarixdən bitməsi ilə əlaqədar 01 oktyabr 2024-cü il tarixdə əmək müqaviləsinə xitam verilməsi qərara alınmışdır.
17. İş materiallarında olan əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, İddiaçı 10 sentyabr 2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək işə çıxmamışdır.
18. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, MŞS/MT030/2024-02527 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı "xxxx" MMC-ni “əmrin ləğvi və işə bərpa” predmeti üzrə ilkin mediasiya sessiyasına dəvət etmiş, lakin "xxxx" MMC ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. İMS üçün ərizənin tarixi xx.xx.2024-cü ildir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
19. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı xx.xx.2021-ci il tarixdən "xxxx" MMC-də «xidmətçi» vəzifəsində, xx.xx.2022-ci il tarixdən “qeydiyyatçı, dispetçer” vəzifəsində çalışmış və işəgötürənin xx.xx.2024-cü il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin «b» bəndi ilə işdən azad olunmuşdur. İddiaçı həmin əmri qanunsuz sayaraq onun ləğv olunması üçün müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddia tələbinə etiraz edir.
c)Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
20. Azərbaycan Respublikası Konstitusiyanın 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ, İV, Vİ hissələri).
21. Konstitusiyanın 71-ci maddəsinin İ və İİ hissələrinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır.
22. Hər hansı ayrı-seçkilik olmadan əmək hüquqlarının həyata keçirilməsi beynəlxalq hüquqi aktlarda da aparıcı yer tutur. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 23-cü maddəsinin ikinci bəndində, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın 7-ci maddəsində hər kəsin hər hansı ayrı-seçkilik olmadan bərabər əməyə görə bərabər haqq almaq hüququ təsbit olunmuşdur.
23. Qeyd edilməlidir ki, əmək hüququ insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd kimi dərk etməsi üçün önəmlidir.
24. Milli qanunvericilikdə fiziki şəxslərin əməyə olan qabiliyyətlərinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən aparıcı normativ-hüquqi akt Əmək Məcəlləsidir. Bu Məcəllə fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir.
25. Əmək Məcəlləsinin 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir.
26. Həmin Məcəllənin 3-cü maddəsinin 5-ci bəndinə əsasən əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.
27. Həmin Məcəllənin 42-ci maddəsinin birinci hissəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.
28. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin «b» bəndinə əsasən əmək müqaviləsini bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla ləğv etmək işəgötürənin hüquqları sırasına daxildir.
29. Göstərilən Məcəllənin 47-ci maddəsinin “f” bəndinə görə tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlana bilər.
30. Həmçinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
31. Eyni Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə görə əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir.
32. Həmin Məcəllənin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.
33. Göstərilən Məcəllənin 73-cü maddəsinin 2-ci hissəsinə əsasən işçinin müəyyən üzrlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər.
34. Məhkəmə, belə qənaətə gəlir ki, tərəflər arasında əmək müqaviləsi bağlanarkən İddiaçı müqavilə şərtləri ilə tanış olaraq, müddətli əmək müqaviləsi bağlanmasına razı olmuşdur. Buna görə də işəgötürənin İddiaçı barəsində əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar işdən azad olunması haqqında əmrin ləğvi üçün əsas yoxdur.
35. Məhkəmə onu da qeyd edir ki, İddiaçı 10 sentyabr 2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək əmək qabiliyyətinin olmaması vərəqəsi (xəstəlik vərəqi) işə çıxmamış, xx.xx.2024-cü il tarixdə işə başlamışdır.
36. Bundan əlavə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı əmrlə tanış olduğu vaxtdan xeyli müddət keçməsinə baxmayaraq, o, hazırki iddia ərizəsi ilə məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etmiş və nəticədə iddia müddətini ötürmüşdür.
37. Belə ki, fərdi əmək mübahisələrinin həlli iddia müddətlərinə tabe tutulur. Çünki fərdi əmək mübahisələrinin həllində iddia müddətlərindən bəhs edən Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə görə, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
38. Bu normada bəhs olunan “hüququnun pozulmasının aşkar edildiyi gün” dedikdə - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gün başa düşülür.
39. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2024-cü il tarixli əmrə əsasən (bununla əlaqədar iddiaçıya xx.xx.2024-cü il tarixdə xəbərdarlıq məktubu göndərilmiş) işdən azad olunmuş, 05 noyabr 2024-cü il tarixdə mediasiya prosesinin tətbiqi ilə əlaqədar müraciət etmiş, 12 dekabr 2024-cü il tarixdə ona mediasiya prosesinin davam etdirilə bilməməsi barədə arayış təqdim edilmiş, xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi 1 təqvim ayı ərzində məhkəməyə müraciət etmək müddəti ötürülmüşdür.
40. Məhkəmə onu da qeyd edir ki, hazırkı iddia tələbi üzrə iddia müddətinin axımı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək (mediasiya sessiyası ilə əlaqədar) dayandırılmış hesab edilməlidir.
41. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
42. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.
43. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə isə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
44. Həmin müddəaya əsaslanaraq, cavabdeh tərəf ərizə ilə müraciət edərək, iddia müddətinin tətbiq olunmasını və buna görə də iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir.
45. İddia müddəti ilə bağlı «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd etmişdir ki, «İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır».
46. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 iyul 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, fərdi əmək mübahisələrinin həllində iddia müddətinin tətbiqi ilə bağlı təcrübədə yaranan qeyrimüəyyənliklərlə bağlı isə qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 296-cı maddəsində fərdi əmək mübahisələrinin həm məhkəməyə qədər baxan orqan tərəfindən, həm də məhkəmələr tərəfindən həlli zamanı tətbiq olunan müddətlər nəzərdə tutulmuşdur. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsində işçinin fərdi əmək mübahisələrinin həll edilməsi ilə bağlı məhkəməyə qədər orqana müraciət etməsi üçün 3 aylıq, həmin maddənin 2-ci hissəsində isə məhkəməyə müraciət etməsi üçün 1 aylıq müddət müəyyən edilmişdir. Eyni zamanda Əmək Məcəlləsinin 296-cı maddəsində əmək mübahisələrinin həm məhkəməyə qədər, həm də məhkəmə qaydasında həlli zamanı tətbiq olunan iddia müddətləri nəzərdə tutulmuşdur. Fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan və məhkəmələr mübahisələrin həllində Əmək Məcəlləsinin 296-cı maddəsində müəyyən edilən iddia müddətlərini tətbiq edərkən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqeləri nəzərə almalıdırlar.
47. Analoji mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2007-ci il tarixli Qərarında da təkrarlayaraq, Məhkəmə göstərmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanunauyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir.
48. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.
49. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.
50. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları).
51. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi xx.xx.2024-cü il tarixli əmrin ləğv edilməsi hissəsində əsassız hesab olunduğu üçün prosessual qənaət prinsipini nəzərə alaraq əlavə araşdırma aparmadan digər tələblər – işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının verilməsi barədə tələbləri də əsassızdır və təmin edilməməlidir.
52. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "əmrin ləğvi, işə bərpa, məcburi işburaxma dövrünə görə əmək haqqının ödənilməsi tələbi"nə dair iddiası qanunla bu cür iddialar üçün müəyyənləşdirilmiş iddia müddəti keçdiyindən (buraxıldığından) iddia müddəti tətbiq olunmaqla təmin edilməməlidir.
53. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
54. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
55. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
56. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
57. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Nəticə hissəsi:
58. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "əmrin ləğvi, işə bərpa, məcburi işburaxma dövrünə görə əmək haqqının ödənilməsi tələbi"nə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Şəbnəm Həxiyeva