Məhkəmə qərarları › İş №2(060)-1367/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-1367/2025

06.02.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-1367/2025 06.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt şəhər məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı, Cavabdeh "Azərkimya” İstehsalat Birliyinin etibarnamə üzrə səlahiyyətli nümayəndələri X1, X3, X2 və digər səlahiyyətli nümayəndəsi vəkil Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdeh "Azərkimya” İstehsalat Birliyinə işdən çıxarılma müavinətinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "Azərkimya” İstehsalat Birliyinə işdən çıxarılma müavinətinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, SOCAR-ın Azərbaycan Neft və X5 Həmkarlar İttifaqı Respublika Komitəsinini xx.xx.2009-cu il tarixli 57/06-19A saylı Əmr-Qərarına əsasən birdəfəlik işdən çıxma müavinətinin(orta aylıq əmək haqqının 5 misli ) cavabdeh "Azərkimya” İstehsalat Birliyindən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsinixahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə qədər mübahisənin həlli üçün mediasiya təşkilatına müraciət etmədiyini bildirdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "Azərkimya” İstehsalat Birliyinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi vəkil Cavabdeh2 bildirdi ki, iddiaçının məhkəmədən öncə mediasiya təşkilatına müraciət etmədiyi onların da diqqətindən yayınmışdır. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 18 dekabr 2020-ci il tarixli Qanununa əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu 01 iyul 2021-ci il tarixdən qüvvəyə minmişdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən mediasiya aşağıdakılar üzrə tətbiq edilir: 3.1.1. mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla); 3.1.2. ailə münasibətlərindən irəli gələn mübahisələr; 3.1.3. əmək münasibətlərindən irəli gələn mübahisələr; 3.1.4. inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.5-ci maddəsinə əsasən tərəflərin hər hansı mübahisə ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya prosesində iştirakını tələb edən müqavilə, müqavilə şərti, yaxud hər hansı digər sənəddə şərt (mediasiyaya dair qeyd-şərt) olduğu halda, həmin qaydaya riayət edildikdən sonra mübahisə məhkəmənin həllinə verilə bilər. Həmin Məcəllənin 149.2-ci və 149.2.4-1-ci maddələrinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat göstərilməlidir. Həmin Məcəllənin 150.1.7-ci maddəsinə əsasən, iddia ərizəsinə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələb riayət edilməsini təsdiq edən sənəd əlavə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinin 5-ci bəndinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə uyğun olaraq fərdi əmək mübahisələri mediasiya vasitəsilə həll oluna bilər. Fərdi əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Yuxarıda qeyd olunan normalardan göründüyü kimi əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak etmək tələbi mütləqdir. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi əmək münasibətlərindən irəli gəldiyindən məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak zəruridir. İddia ərizəsinə isə məhkəməyə müraciət edilməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak edilməsinə dair hər hansı sənəd əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.13-cü maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 21.9-cu maddəsində göstərilən hallarda məhkəmə ərizəni baxılmamış saxlayır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 21.9-cu maddəsinə əsasən bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf bu Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu məhkəməyə etdiyi müraciətinə əlavə etmədən məhkəməyə müraciət edildikdə müraciət məhkəmə tərəfindən baxılmamış saxlanılır. (21.9.1) Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "Azərkimya” İstehsalat Birliyinə işdən çıxarılma müavinətinin ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Həmin Məcəllənin 260.1-ci maddəsinə görə iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh "Azərkimya” İstehsalat Birliyinə işdən çıxarılma müavinətinin ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt şəhər məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar