Məhkəmə qərarları › İş №2(060)-137/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-137/2023

02.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-137/2023 02.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi ilə, İddiaçıvə onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı uşağın himayəyə verilməsi və aliment tələbinə dair iddiası üzrə mülki işə qapalı məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı uşağın himayəyə verilməsi və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə birgə nikahdan olan xx.xx.2005-ci il təvəllüdlü Məmmədzadə Sevinc Elnur qızının onun himayəsinə verilməklə yaşayış yerinin onun yanında müəyyən olunması, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1329/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsi ilə xx.xx.2005-ci il təvəllüdlü Məmmədzadə Sevinc Elnur qızının saxlanılması üçün müəyyən edilmiş 55 manat sabit pul məbləğində alimentin ödənilməsindən azad edilməsi və Sevincin yetkinlik yaşına çatanadək saxlanması üçün cavabbeh Cavabdeh qazancının və ya başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun cavabdeh ilə olan nikahları Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsi ilə pozulmuş, birgə nikahdan olan xx.xx.2005-ci il təvəllüdlü Məmmədzadə Sevinc Elnur qızının və xx.xx.2007-ci il təvəllüdlü X1 anası Cavabdeh himayəsində qalması və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər növ qazancının 1/3 hissəsi miqdarında alimentin ondan tutulması qət olunmuşdur. Sonradan Sumqayıt şəhər məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi alimentin ondan sabit pul məbləğində hər uşaq üçün 55 manat olmaqla ümumilikdə 110 manat tutulması müəyyən edilmişdir. Bildirir ki, Cavabdeh ilə boşandıqdan sonra o, xx.xx.2011-ci il tarixdə X3 ilə rəsmı dövlət nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşdur. Həmin nikahdan xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X5 oğlu adlı iki övladı var. Bir ildən artıqdır ki, birinci nikahdan olan qızı xx.xx.2005-ci il təvəllüdlü Məmmədzadə Sevinc Elnur qızı da onlarla birlikdə Sumqayıt şəhəri, Sülh küçəsi, ev 3a, mənzil 42-də yaşayır. Sevincin təhsili ilə özü maraqlanır, tərbiyəsi ilə şəxsən məşğul olur. Cavabdeh uşağın yeməyi, geyimi, sağlamlığı, təhsili, məktəbdə olan davranışı ilə bir dəfə də olsun maraqlanmamışdır. Hətta məktəbin müəllim kollektivi də buna əyani sübutdur. Bundan əlavə Sevincin artıq 17 yaşı var. Qanunvericilikdə nəzərdə tutulmuşdur ki, 10 yaşına çatmış uşağın fıkri nəzərə alınmalıdır və məhkəmə 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə bilər. Faktiki olaraq uşaq uzun müddətdir ki, onun yanında qalır. Onun maddi, mənəvi ehtiyac və tələbatlarını o, ödəyir. Onun gələcəyini düşünür, uşağın təhsilinə, sağlamlığına xüsusi diqqət ayırır, onunla daha çox vaxt keçirir, əlavə hazırlıq kurslarına getməsini təmin edir. Hesab edir ki, uşağın onun yanında qalması müəyyən edilməli və onun saxlanmasına görə cavabdehdən aliment tutulmalıdır. Belə ki, cavabdeh valideyn məsuliyyətini dərk etməli, övladının maddi tələbatlarının ödənilməsində yaxından iştirak etməlidir. Qeyd edir ki, cavabdeh orta təhsil məktəbində müəllim işləyir, əlavə repetitorluq etməklə əlavə qazanca sahibdir. Göstərilənlərə əsasən, iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1329/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsi ilə xx.xx.2005-ci il təvəllüdlü Məmmədzadə Sevinc Elnur qızının saxlanması üçün müəyyən edilmiş 55 manat sabit pul məbləğində aliment öhədliyindən xx.xx.2021-ci il tarixdən azad edilməsi qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, tərəflərin birgə nikahından olan xx.xx.2005-ci il təvəllüdlü Məmmədzadə Sevinc Elnur qızı məhkəmə qətnaməsi ilə ananın himayəsinə verilməsinə baxmayaraq 2021-ci ilin may ayından atasının yanında yaşayır. İddiaçı artıq yenidən ailə qurub və qızı da onun ailəsi ilə birlikdə yaşayırdı. Hazırda uşağın anası ilə qalmaq fikrinə qarşı onların etirazı yoxdur. Ona görə də iddia tələbininn həcmini azaldaraq uşağın atanın himayəsinə verilməsi və onun saxlanması üçün aliment müəyyən edilməsindən imtina edirlər. Yalnız uşağın atasının yanında olduğu dövr üçün aliment borcundan azad edilməsini istəyirlər. Nümayəndə qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, övladı Sevinc onunla qaldığı halda o, aliment ödəməyə davam etmişdir. O, məhkəmədən qeyd edilən halın nəzərə alınmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək bildirdi ki, Sevinc artıq bir ildən çox idi ki iddiaçının yanında qalırdı. Belə ki, o, xx.xx.2021-ci ildən atası ilə yaşayırdı. Ancaq son on gündür ki, qızı onunla yaşamağa başlayıb. Belə ki, 18 fevral 2023-cü ildən qızı Sevinc özü könüllü olaraq əşyalarını götürərək onun yanına gəlmişdir. Qızı ödənişli təhsil alır. İddiaçı bir ilin təhsil haqqının yarısını ödəmiş, qalan hissəsini onun ödəməsini tələb edir. Bütün bu hallar uşağın psixologiyasını pozur. Cavabdeh qərar qəbul qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Məmmədzadə Sevinc Elnur qızı bildirdi ki, 2021-ci ilin may ayından atası ilə yaşayırdı. Hazırda isə anası ilə qalır. Son 10 gündür ki, anasının yanında qalmağa başlamışdır. Belə ki, atasının evində mübahisə olmuşdur. Ona görə də atasının evini tərk etmişdir. Bundan sonra anası ilə qalmaq istəyir. O, İcra Hakimiyyətinə də getmişdi, orada hər iki valideynini sevdiyini, lakin atası ilə qalmaq istədiyini bildirmişdir. Əslində bu mübahisələr onun üçün əhəmiyyətsizdir. Belə ki, 4-5 aydan sonra onun 18 yaşı tamam olacaqdır. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur. İş materiallarına əlavə olunmuş nikah haqqında akt qeydinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh 03 iyul 2005-cı il tarixdə rəsmi nikaha girərək ailə qurmuşlar və bu nikah 714 saylı akt qeydilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada Məmmədova soyadı verilmişdir. Tərəflərin birgə nikahından xx.xx.2005-ci il təvəllüdlü Məmmədzadə Sevinc Elnur qızı anadan olmuşdur (518 nömrəli doğum haqqında akt qeydinin surətinə əsasən). İş materiallarına əlavə olunmuş AZ İ 668674 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X3 09 aprel 2011-cı il tarixdə rəsmi nikaha girərək ailə qurmuşlar və bu nikah 507 saylı akt qeydilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada Məmmədova soyadı verilmişdir. İşdə olan 18 nömrəli, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Məmmədzadə Sevinc Elnur qızı Sumqayıt şəhəri, Sülh küçəsi, 3 A saylı binanın 42 saylı mənzilində yaşayır. İşdə olan Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1329/2011 saylı, 17 mart 2011-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə xx.xx.2005-ci il təvəllüdlü Məmmədzadə Sevinc Elnur qızı və xx.xx.2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh İddiaçı hər ay hər uşağa 55 manat, cəmi 110 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Qətnamənin məzmunundan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsi ilə İddiaçı ilə Məmmədova (Musadirova) Səbinə Vaqif qızı arasında olan nikah pozulmuş, birgə nikahdan anadan olmuş uşaqlar anasının himayəsinə verilmişdir. İşdə olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 (əlli) manat məbləğində mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. İşdə olan Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 503 nömrəli, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Komissoya digər valideyni ilə ünsiyyətdə olmasına maneə yaradılmaması şərti ilə xx.xx.2005-ci il təvəllüdlü Məmmədzadə Sevinc Elnur qızının atası İddiaçı himayəsində saxlanılmasına etiraz etmir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, hazırki iddia tələbinin qanuni əsasını Ailə Məcəlləsinin 107.2-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və ya digər üzrlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Göründüyü kimi,qanunvericilik şəxsin aliment borcunun yaranmasının üzrlü səbəblərdən əmələ gəlməsi ilə bağlı dairəni məhdudlaşdırmamış, qanunvericiliklə dəqiq müəyyən edilməmiş və baş verməsi mümkün ola biləcək digər halların da aliment borcunun üzrlü səbəbdən yaranma ehtimalını özündə ehtiva etmişdir. İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən aliment borcunun silinməsi üçün əsas kimi xx.xx.2005-ci il təvəllüdlü Məmmədzadə Sevinc Elnur qızının xx.xx.2021-ci il tarixdən etibarən onunla yaşamasına istinad etmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında olan nikah Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsi ilə pozulmuş, birgə nikahdan olan xx.xx.2005-ci il təvəllüdlü Məmmədzadə Sevinc Elnur qızının və xx.xx.2007-ci il təvəllüdlü X1 anası Cavabdeh himayəsində qalması qət edilmişdir. Daha sonra Sumqayıt şəhər məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay hər uşaq üçün 55 manat olmaqla, ümumilikdə 110 manat məbləğində alimentin tutulması müəyyən edilmişdir. xx.xx.2005-ci il təvəllüdlü Məmmədzadə Sevinc Elnur qızı məhkəmə qətnaməsi ilə anası Cavabdeh himayəsinə verilməsinə baxmayaraq xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək atası - İddiaçı yanında yaşamışdır. Məhkəmə hesab edir ki, Sevinc Məmmədzadənin sözügedən tarixlərdə atası-İddiaçı ilə birlikdə yaşaması iş materialları və tərəflərin izahatları ilə öz təsdiqini tapır. Eyni zamanda iddiaçı da bunun əksinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə hesab edir ki, hazırki halda tərəflərin birgə nikahından olan övladları xx.xx.2005-ci il təvəllüdlü Məmmədzadə Sevinc Elnur qızının iddiaçı ilə birlikdə yaşaması halı Ailə Məcəlləsinin 107.2-ci maddəsində nəzərdə tutulan üzrlü səbəb kimi nəzərə alınmalıdır. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları qismən sübut edə bildiyindən iddia qismən təmin edilməli, İddiaçı Sumqayıt şəhər məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(060)-1329/2011 saylı qətnaməsi ilə xx.xx.2005-ci il təvəllüdlü Məmmədzadə Sevinc Elnur qızının saxlanılması üçün müəyyən edilmiş aliment öhdəliyindən xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət üçün azad edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı Sumqayıt şəhər məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(060)-1329/2011 saylı qətnaməsi ilə xx.xx.2005-ci il təvəllüdlü Məmmədzadə Sevinc Elnur qızının saxlanılması üçün müəyyən edilmiş aliment öhdəliyindən xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət üçün azad edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar