Məhkəmə qərarları › İş №2(060)-1374/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1374/2021

31.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1374/2021 31.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə” dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Sumqayıt şəhəri, 8 mkr., 10/8 saylı evin, 26 saylı mənzilinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, Sumqayıt şəhəri, 8 mkr., ev 10/8, 26 saylı mənzili mülkiyyət hüququ üzrə ona məxsusdur. Bu barədə onun adına xx.xx.2013-cü il tarixdə çıxarış da verilmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Cavabdeh4 Cavabdeh5 köhnə sakinlərdir. Cavabdehlərin onun mənzilində pasport qeydiyyatında olması ona bir sıra çətinliklər yaradır. Belə ki, o, cavabdehlərin əvəzinə əlavə kommunal xərclər ödəmək məcburiyyətində qalır. Bununla yanaşı, o, bir mülkiyyətçi kimi öz mülkiyyəti üzərində sahiblik, sərəncam və istifadə hüququnu həyata keçirə bilmir. Buna görə də, məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdehlərin qeydiyyatda olduğu ünvanı üzrə məhkəmə bildirişi göndərilmiş, lakin onların faktiki olduğu yer məlum olmadığından məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, X1 adından Abdullayev Elçin Sabir oğlu Sumqayıt şəhəri, 8 mkr., 10/8 saylı evin, 26 saylı mənzilini İddiaçı satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, 8 mkr., 10/8 saylı evin, 26 saylı mənzili İddiaçı adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan ******* nömrəli, xx.xx.2020-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Sumqayıt şəhəri, 8 mkr., 10/8 saylı evin, 26 saylı mənzilində rəsmi olaraq qeydiyyatdadırlar. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.1. maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Eyni zamanda, həmin Məcəllənin 203.1. maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Beləliklə, işin məhkəmə iclasında araşdırılan hallarına və tədqiq edilən sənədlərə əsasən İddiaçı Sumqayıt şəhəri, 8 mkr., 10/8 saylı evin, 26 saylı mənzilini alqı-satqı yolu ilə əldə etmiş, mənzilin əvvəlki mülkiyyətçisinin mülkiyyət hüququna xitam verilərək, onun bu hüququ iddiaçıya keçmiş, buna baxmayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 həmin mənzildə rəsmi olaraq qeydiyyatda qalmaqla iddiaçının mülkiyyət hüquqlarını lazımi şəkildə həyata keçirməsinə maneçilik törədərək iddiaçının bu hüququndan tam istifadə etmək imkanını məhdudlaşdırmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsinin mənasından görünür ki, əgər mülkiyyətə maneələr mülkiyyətdən məhrum etmədən törədilərsə, mülkiyyətçi bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulması məhkəmə vasitəsilə tələb oluna bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Sumqayıt şəhəri, 8 mkr., 10/8 saylı evin, 26 saylı mənzilinə olan istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar