Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-138/2021 15.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh və X1 qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh və X1 qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, ünvan 1, mənzil 63-də yaşayan Cavabdeh, X3 və cavabdehlərin yetkinlik yaşına çatmayan uşaqları 2017-ci il təvəllüdlü X5 və 2018-ci il təvəllüdlü Fəttahlı Raul Şöhrət oğlunun ünvan 1, mənzil 63-dən əmlakları ilə birlikdə çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, sözügedən mənzil onun həyat yoldaşı X6 məxsusdur. Mərhum həyat yoldaşı X7 07 may 2019-cu ildə vəfat etmişdir. Həyat yoldaşının vəfatından sonra o, onun qanun üzrə vərəsəsi kimi tanınmışdır. Sintez zavodu Həmkarlar Komitəsi Mənzil-Məişət İşləri üzrə komissiyanın müdiriyyəti ilə birgə müşavirəsinin 18.11.1996-cı il tarixli 16 nömrəli protokoluna əsasən 47-ci məhəllə, ev 11, mənzil 5 ünvanda ayrılmış mənzil 47-ci məhəllə, ev 13, mənzil 63-də yerləşən 3 otaqlı mənzillə əvəz olunmuşdur. Protokol mənzillərin üçotu, bölüşdürülməsi və dəyişdirilməsi şöbəsi tərəfindən qəbul olunmuş, mənzil məcburi köçkün ailəsi tərəfindən zəbt olunduğundan mənzilə dair mərhum həyat yoldaşının adına orderin verilməsi mümkün olmamışdır. Bu barədə mərhum həyat yoldaşına 25.05.2009-cu il tarixli 54 nömrəli zəmanət məktubu verilmişdir. Cavabdehlər Zəngilan rayonundan məcburi köçkündürlər. Onlar Zəngilan rayonundan məcburi köçkün düşdükdən sonra mərhum həyat yoldaşına məxsus olan mənzilə özbaşına girmişlər və indiyə qədər də orada yaşayırlar. Dəfələrlə cavabdehlərin qanunsuz hərəkətlərinin qarşısını almağa, onları mənzildən çıxarmağa çalışsa da, buna nail ola bilməmişdir. Ona görə də iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. 15.07.2021-ci il tarixdə Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının mənzil təsərrüfatı və mənzillərin uçotu şöbəsinin müdiri Sədaqət Əsədova məhkəməyə etiraz təqdim etmişdir. Etirazda bildirilmişdir ki, İddiaçı «Sintezkauçuk HİK-nin 18.11.1996-cı il tarixli 16 nömrəli protokoluna əsasən əri X6 ayrılmış 47-ci məhəllə, ev 11 ünvanında 5 saylı mənzilin 47-ci məhəllə, ev 13, mənzil 63 ilə əvəz edildiyini və bu barədə ərinə 25.05.2009cu il tarixli 54 nömrəli zəmanət məktubu verildiyini, mübahisəli mənzilin 1993-cü ildən Zəngilan rayonundan məcburi köçkün olan cavabdehler Cavabdeh və X3 tərəfindən tutulduğu səbəbdən ailəsinin onlara aid mənzilə köçə bilmədiyini bildirir. Müəyyən olunmuşdur ki, yaşayış sahəsi 39,60 kv.m olan 3 otaqlı 47-ci məhəllə, ev 13, mənzil 63 dövlət mənzil fonduna aid olmaqla 1993-cü ildən məcburi köçkün ailəsi tərəfindən tutulmuşdur. İddiaçı əri X7 07 may 2019-cu ildə vəfat etmişdir. Azərbaycan Respublikası Prezidentinin məlum hadisələrlə əlaqədar ölkədaxili siyasətinə uyğun olaraq məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərdə məskunlaşdırılması nəzərdə tutulmuşdur. Bu istiqamətdə görülən işlərin nəticəsi olaraq, başqalarına məxsus mənzillərdə məskunlaşmış məcburi köçkün ailələri köçürüldükdən sonra qaldırılan məsələyə qanuna uyğun olaraq baxıla bilər. Qeyd edilənlər nəzərə alınaraq İddiaçı "mənzildən çıxarılma" tələbinə dair iddianın təmin edilməsi etirazla qarşılanır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehlər və üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən məhkəmə hazırki mülki işə cavabdehlərin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh və cavabdeh X3 iddiaçının hazırki iddianı irəli sürməyə hüququ olmadığını bildirərək, iddia tələbinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə, iş üzrə iddiaçının nümayəndəsinin və cavabdehlərin izahatını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalı Birliyinin 20 saylı Mənzil Kommunal Səhəsinin 156 nömrəli arayışından görünür ki, X8 07.05.2019-cu ildə rəhmətə getmişdir. ünvan 1, mənzil 63-də pasport qeydiyyatında heç kim yoxdur. - Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalı Birliyinin 20 saylı Mənzil Kommunal Səhəsinin 155 nömrəli ailə tərkibi haqqında arayışından görünür ki, cavabdehlər Cavabdeh, X3 və cavabdehlərin yetkinlik yaşına çatmayan uşaqları 2017-ci il təvəllüdlü X5 və 2018-ci il təvəllüdlü Fəttahlı Raul Şöhrət oğlu ünvan 1, mənzil 63-də yaşayırlar. - Sumqayıt şəhər qeydiyyat şöbəsinin verdiyi 11 may 2019-cu il tarixli 96 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 07.05.2019-cu il tarixdə vəfat etmişdir. - Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı X4 vərəsəsi kimi tanınmışdır. - Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının Mənzillərin qeydiyyatı, bölüşdürülməsi və dəyişdirilməsi şöbəsinin 25.05.2009-cu il tarixli 54 nömrəli zəmanət məktubunun notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 47-ci məhəllə, ev 11, mənzil 5 ünvanda ayrılmış mənzilin əvəzinə 47-ci məhəllə, ev 13, mənzil 63-də yerləşən 3 otaqlı mənzil verilmişdir. - 25.11.2020-ci il tarixli Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin məhkəmənin göndərdiyi sorğusuna əsasən cavab məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən 63 nömrəli mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. - 11.12.2020-ci il tarixli Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının məhkəmənin göndərdiyi sorğusuna əsasən cavab məktubundan görünür ki, araşdırma nəticəsində Sumqayıt şəhəri, Üzvi-Sintez zavodu Həmkarlar Komitəsi Mənzil-Məişət İşləri üzrə Komissiyanın 18.11.1996-cı il tarixli 16 saylı protokolu şöbənin arxivində tapılmamışdır. - Sumqayıt Şəhər Məhkəməsinin Sumqayıt şəhəri, 47-ci məhəllədə yerləşən, 11 saylı evin, 5 saylı mənzilinin X6 ayrılmasına dair məlumatın, ona əsas olmuş hüquq müəyyənedici sənədlərin, o cümlədən orderin, protokolun surətlərinin göndərilməsinə dair Sumqayıt şəhər İcra Hakimiyyəti Başıçısı Aparatının Mənzil təsərrüfatı və mənzillərin üçotu şöbəsinə göndərilən sorğuya cavab məktubundan görünür ki,həmin sənədlər məhkəməyə göndərilməmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 25.05.2009-cu il tarixli, 54 №-li zəmanət məktubuna əsasən iddiaçının mərhum həyat yoldaşı X6 Sintez zavodu Həmkarlar Komitəsi Mənzil-Məişət İşləri üzrə komissiyanın müdiriyyəti ilə birgə müşavirəsinin 18.11.1996-cı il tarixli, 16 №-li protokolu ilə 47-ci məhəllə, ev 11, mənzil 5 ünvanında ayrılmış mənzil 47-ci məhəllə, ev 13, mənzil 63-də yerləşən 3 otaqlı mənzillə əvəz olunmuşdur. X7 07 may 2019-cu ildə vəfat etmişdir. Sözügedən mənzildə hazırda yaşayan cavabdehlər Zəngilan rayonundan məcburi köçkündürlər. Eyni zamanda nə 18.11.1996-cı il tarixli, 16 №-li protokol, nə də ki, Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 11, mənzil 5-in Fazil Zeynalova ayrılması barədə hüquqmüəyyənedici sənədlər müvafiq dövlət qurumunun arxivində aşkar olunmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.Həmin maddənin İV hissəsinə görə də heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətdən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Bu Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının cavabdehlərin mənzildən çıxarılması tələbinə dair vindikasiya iddiası Mülki Məcəllənin müvafiq maddələrinin dispozisiyasına cavab vermir, qanunsuz sahiblik mövcud deyildir. Belə ki, məhkəmə mübahisəli mənzilə dair “zəmanət məktubu”nu mötəbər sübut kimi qəbul etmir. Çünki, iddiaçının mərhum həyat yoldaşına mübahisəli əmlakın, eləcə də bu yaşayış sahəsinin əvəz edildiyi əvvəlki mənzilin ayrılmasına dair hüquqmüəyyənedici sənədlər məhkəməyə təqdim edilmədiyindən sözügedən məktub qanuni sahibliyi yaradan əsas kimi qiymətləndirilə bilməz. Bununla yanaşı, məhkəmə həm də bu hala hüquqi qiymət verərək həm də hesab edir ki, cavabdehlərin mənzildən çıxarılması barədə iddia qaldırmağa hazırki iş üzrə iddiaçı subyektiv hüquqa malik deyildir. Belə ki, M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, cavabdehlərin mənzildən çıxarılması tələbi barədə iddia qaldırmağa hazırki iş üzrə iddiaçı subyektiv hüquqa malik deyildir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 234-244 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi : İddiaçı cavabdehlər Cavabdeh və X1 qarşı mənzildən çıxarılma barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-138/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-138/2021
15.07.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver