Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1401/2021 05.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçı, Onun nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «mənzilin açıq hərracda satılması tələbinə» dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «mənzilin açıq hərracda satılması tələbinə» dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri, 9 mkr., 11/17 saylı evin, 15 saylı mənzilinin açıq hərracdan satılması və satışdan əldə olunmuş pulun mülkiyyətçilər arasında bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, Sumqayıt şəhəri. 9-cu mikrorayon, 11/17 saylı evin 15 saylı mənzili Azərbaycan Respublikası DƏDRX-nin ******* saylı çıxarışına əsasən onun və cavabdehin paylı mülkiyyətindədir. Cavabdeh onun nəvəsidir. Cavabdehlə onun arasında üç otaqlı ev bir otaq onun olmaqla paylı mülkiyyət şəkilində bölünmüşdür. O, ikinci dəfə X3 ilə ailə həyatı qurmuşdur. Ailə həyatı qurduğu xanım cavabdehin əlil oğlu və o, mübahisəli evin bir otağında yaşayır. Onun yoldaşı rəhmətə getmişdir. Xəstə uşağı ilə həmin evdə qalır. Cavabdeh də heç bir səbəb göstərmədən evə dava dalaş salır, onlara yaşamağa imkan vermir. O, artıq yaşlıdır və rahat-yaşayan vaxtıdır. Cavabdehlə bir evdə yaşamaq mümkün deyil. Dəfələrlə mübahisələri olmuş və hüquq mühafizə orqanlarına müraciət etmişdir. Sumqayıt şəhər Məhkəməsində cavabdehə qarşı “mənzilin naturada bölünərək payın ayrılmasına dair” iddiası olmuşdur və Sumqayıt şəhər Məhkəməsinin 2(060)-400/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddiası təmin olunmamışdır. Son vaxtlar onlar arasında ciddi söz-söhbət yaranmış və artıq birlikdə yaşamaları demək olar ki, mümkün deyil. Artıq 1 ildən çoxdur ki, o, Sumqayıt şəhəri, Corat qəsəbəsində kirayədə yaşayır. Mülkiyyətindən isə istifadə edə bilmir. Belə ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)1249/2020 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə onun cavabdehə qarşı “payın paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən dəyərinin ödənilməsi tələbi” nə dair ilkin iddia tələbi təmin edilmiş, cavabdehin isə ona qarşı “payın dəyəri ödənilməklə paya hüququn itirilməsi, maddi və mənəvi ziyan tələbi”nə dair qarşılıqlı iddia ərizəsi rədd edilmişdir. Bu qətnamədən narazı qalan cavabdeh həmin qətnamədən apelyasiya şikayəti vermişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-3300/2019 saylı, xx.xx.2019- cu il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, onun ilkin iddiası rədd edilmiş, cavabdehin qarşılıqlı iddiasının rədd edilməsi hissəsində dəyişdirilmədən saxlamışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin qətnaməsini əsassız və qanunsuz hesab etdiyindən sözü gedən qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəmənin 2(102)-836/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə kasassiya şikayəti təmin edilməyərək Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-3300/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirlmədən saxlanılmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili X2 məhkəmə iclasında iddia tələbini əsaslı hesab edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçını dinləyib, iş materiallarını nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarlında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, 9 mkr., 11/17 saylı evin, 15 saylı mənzili yaşayış sahəsi 12.8 kv.m-dən ibarət 1 otaq, İddiaçı Əlibaba oğlunun, yaşayış sahəsi 34.6 kv.m-dən ibarət 2 otaq Cavabdeh məxsus olmaqla paylı mülkiyyətdir. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 2(060)-400/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı Sumqayıt şəhəri, 9 mkr., 11/17 saylı evin, 15 saylı mənzilinin «naturada bölünərək payın ayrılması tələbinə» dair iddia tələbi rədd edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1249/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, ilkin iddia tələbi təmin edilmiş, Sumqayıt şəhəri, 9-cu mikrorayon, 11/17 saylı evin 15 saylı mənzilində olan paya görə 12.000 (on iki min) manat məbləğində pul Cavabdeh tərəfindən İddiaçı ödənilməsi, İddiaçı həmin paya olan hüququnun itirilməsi, Sumqayıt şəhəri, 9-cu mikrorayon, 11/17 saylı evin 15 saylı mənzilində olan paya görə 12.000 (on iki min) məbləğində pulun ödənilməsi ilə İddiaçı Sumqayıt şəhəri, 9-cu mikrorayon, 11/17 saylı evin 15 saylı mənzilindəki paya hüququnun itirilməsi eyni vaxtda icra edilməsi, Cavabdeh İddiaçı qarşı payın dəyəri ödənilməklə paya hüququn itirilməsi, maddi və mənəvi ziyan tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)- 3300/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, apelyasiya şikayəti qismən təmin edilmiş, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1249/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsinin ilk iddiaya dair hissədə ləğv olunması, həmin hissədə yeni qətnamə qəbul edilməsi, ilk iddia tələbinin rədd edilməsi, qətnamə qalan hissədə Cavabdeh İddiaçı qarşı payın dəyəri ödənilməklə paya hüququn itirilməsi, maddi və mənəvi ziyan tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi hisəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 836/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarının surətindən görünür ki, Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-3300/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Həmin Məcəllənin 221-ci maddəsinə əsasən umumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair x xxxxx 2014-cü il tarixli qərarında göstərilmişdir ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Həmçinin həmin Qərardan o da görünür ki, Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları və işin faktiki hallarını qiymətləndirib, qanunvericiliyin tələblərini nəzərə alıb belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Sumqayıt şəhəri, 9 mkr., 11/17 saylı evin, 15 saylı mənzili açıq hərracdan satılmalı və satışdan əldə olunmuş pul vəsaiti mülkiyyətçilər İddiaçı və Cavabdeh arasında paylara uyğun bölünməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Sumqayıt şəhəri, 9 mkr., 11/17 saylı evin, 15 saylı mənzili açıq hərracdan satılsın və satışdan əldə olunmuş pul vəsaiti mülkiyyətçilər İddiaçı və Cavabdeh arasında paylarına uyğun bölünsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV
Məhkəmə qərarları › İş №2(060)-1401/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1401/2021
05.04.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver