Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-142/2022 10.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X6 oğlunun katibliyi, iddiaçının nümayəndəsi, Vəkil1, cavabdehin nümayəndəsi, Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı qeyri-yaşayış sahəsindən çıxarılma tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Sumqayıt şəhəri, Koroğlu prospektində 8-ci mikrorayon ərazisində iddiaçıya məxsus olan istifadə etdiyi sahəsi 36 kv.m olan ticarət obyektinin cavabdeh tərəfindən boşaldılaraq əşyaları ilə birlikdə iddiaçıya təhvil verilməsi və həmin obyektdən istifadəsinə maneçiliyin törədilməsinin cavabdehə qadağan olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 08 iyul 2015-ci il tarixdə Sumqayıt Bələdiyyəsinə Sumqayıt şəhəri, Koroğlu prospektində 8-ci mikrorayon ərazisində, istifadə etdiyi 36 kv.m olan ticarət obyektinin yerləşdiyi torpaq sahəsinin adına sənədləşdirilməsi ilə bağlı müraciət edib. xx.xx.2015-ci il tarixdə Sumqayıt şəhər icra Hakimiyyətinin Memarlıq və Şəhərsalma idarəsi iddiaçıya 36 kv.metr torpaq sahəsinin ayrılmasına etiraz etmədiyi barədə Sumqayıt Bələdiyyəsinə 157 nömrəli rəy və mövqe planı verib. İddiaçı xx.xx.2017ci il tarixdə sənədləşmə işlərinin aparılması məqsədilə Sumqayıt Bələdiyyəsinin hesabına 120,8 manat pul keçirib. "xxxx" MMC tərəfindən torpaq sahəsində tikiləcək sahibkarlıq obyektinin tikinti layihəsini işləyib hazırlayıb. Sumqayıt şəhər Gigiyena və Epidemiologiya Mərkəzi, "xxxx" ASC, “Sumqayıt Sukanal” İdarəsi, Sumqayıt Qaz İstismar Sahəsi, 4 saylı Ekologiya və X3 müvafiq rəyləri alınmışdır. İddiaçı torpaq sahəsinin ayrılması barədə sənədləşmə işlərinə 2015-ci ilin iyul ayında başlamasına baxmayaraq, 2015-cı ilin fevral ayında ayrılmış torpaq sahəsində ticarət obyektinin tikintisinə başlayıb və iyun ayının sonunda başa çatdırmışdır. 2015-ci ilin iyun ayından obyekt kafe kimi fəaliyyət göstərmiş və son dövrlərə kimi iddiaçının sahiblik və istifadəsində olmuşdur. 2010-cı ilin noyabr ayında torpaq sahəsinin sənədləşməsi vəziyyəti ilə maraqlanarkən bələdiyyədən bildirmişlər ki, DƏDRX-in 2 saylı Ərazi İdarəsi Sumqayıt Bələdiyyəsinin mülkiyyətini təsdiq edən xəritə olmadığı üçün iddiaçıya ayrılması nəzərdə tutulan torpaq sahəsinin Sumqayıt bələdiyyəsinin mülkiyyətinə keçirməkdən imtina etmişdir. Sonradan cavabdeh iddiaçının nümayəndəsi olması barədə bələdiyyəni aldadıb obyektin altındakı torpaq sahəsini icarəyə götürmüşdür. Sumqayıt Bələdiyyəsinə müraciət edərkən məlum olmuşdur ki, tikinti altındakı torpaq sahəsi bələdiyyənin mülkiyyətinə keçdikdən sonra hərraca çıxarılmış və kafenin idarə edilməsi üçün iddiaçının etibarnamə verdiyi və orada aşpaz və ofisiant işləyən cavabdeh hərracı udmuş və onunla hərrac təşkilatçısı arasında torpaq müsabiqəsinin keçirildiyi xx.xx.2018-ci il tarixində hərracın nəticələri haqqında protokol imzalanaraq hərracın qalibi kimi şəhadətnamə verilmişdir. İddiaçı hərracın etibrsız hesab edilməsi və digər tələblərlə bağlı məhkəməyə müraciət etsə də, iddia tələbi yekunda təmin edilməmişdir. Sumqayıt Bələdiyyəsi ərazisində yerləşən 36 kv.metr torpaq sahəsi barədə verilmiş 05 iyul 2015-ci il tarixli rəydə də həmin torpaq sahəsində tikilinin mövcud olması öz əksini tapmışdır. Yəni tikilinin yerləşdiyi torpaq sahəsinə dair cavabdehə 08 nömrəli, xx.xx.2018-ci il tarixli icarə müqaviləsi bağlananadək həmin torpaq sahəsində iddiaçı tərəfindən qeyri-yaşayış sahəsi-obyekt inşa edilmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və həmçinin bildirdi ki, Sumqayıt şəhəri, Koroğlu prospekti, 8-ci mikrorayon ərazisində 36 kv.m sahəsi olan ticarət obyektinin iddiaçıya məxsus olması işə əlavə edilən sənədlərlə də müəyyən edilir. Həmin obyekt iddiaçı və onun xalası oğlu Namiq adlı şəxs tərəfindən tikilib. Obyekti iddiaçı işlədib. Bundan sonra iddiaçı həmin obyektdə işləyən cavabdehə etibarnamə vermiş, sonuncu da həmin etibarnamədən istifadə edərək onun xəbəri olmadan icarə üçün Sumqayıt Bələdiyyəsinə müraciət edib. Torpaq hərraca çıxarılan zaman yüklü olduğu halda qanunsuz şəkildə cavabdehə verilib. Obyekt iddiaçının adınadır və bütün xərcləri o çəkib. Obyekt 2015-ci ildə tikilib və kafe kimi fəaliyyətə başlayıb. Cavabdeh həmin obyektdə ofisiant və qabyuyan işləyib. Hazırda həmin obyekt bağlıdır. Həmin obyekt özbaşına tikili olub. İddiaçının xalası oğlu Namiq adlı şəxs və cavabdeh Yeganə xanımın dostluq münasibətləri olub. İddiaçı həmin obyektdə işləməyib. İşıq, su, sayğac, qaz və sair hamısı iddiaçının adınadır. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, iddiaçının xalası oğlu Namiq adlı şəxslə cavabdeh bir ailə kimi qeyri-rəsmi şəkildə birlikdə yaşayıblar. Namiq adlı şəxs cavabdehə ona məxsus 1 otaqlı mənzili sataraq həmin pula obyekt tikdirməyi, iş qurmağı təklif edərək bu vədlərlə onu aldadıb. Cavabdeh də evini sataraq həmin pula obyekt tikdirib. İlk əvvəllər iddiaçı cavabdehə etibarnamə verib və onu arxayın edib ki, obyekt ona məxsus olacaq və istədiyi vaxt obyekti özəlləşdirəcək. 2015-ci ildə obyektin tikintisi üçün icazə alınıb və İcra Hakimiyyəti buna icazə verib. Bundan sonra cavabdeh hərracda qalib gələrək həmin torpağın icarədarına çevrilib. İddiaçı və xalası oğlu məhkəmədə hərracla bağlı iddia qaldırsalar da, istədiklərinə nail ola bilməyiblər. Su, işıq, qaz sayğacları cavabdehin adınadır. İddiaçı hazırda iddia vermək üçün subyektiv hüquqa malik deyil. İddiaçının nümayəndəsi də etiraf edir ki, həmin tikiliyə iddiaçının mülkiyyət hüququ yoxdur. İcra Hakimiyyəti Bələdiyyə torpağı üçün icazə verə bilməz. Torpağın bütün hüququları icarə müqaviləsinə əsasən cavabdehə aiddir. Qeyd edilənlər əsasında nümayəndə məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, hazırkı iş üzrə iddiaçı və X4 hazırkı iş üzrə cavabdehə, Sumqayıt Bələdiyyəsinə, DƏDRX-in 2 saylı Ərazi İdarəsinə, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin Sumqayıt Bələdiyyəsinin mülkiyyətində olan Sumqayıt şəhəri, Koroğlu prospektində 8-ci mikrorayon ərzisində 36 kv.m torpaq sahəsinin icarəyə verilməsi məqsədilə keçirilmiş torpaq müsabiqəsinin qalibi elan edilməsi barədə Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 5 saylı Sumqayıt Ərazi torpaq müsabiqə və hərrac komissiyasının 76/2 saylı, xx.xx.2018-ci il tarixli iclas protokolunun, xx.xx.2018-ci il tarixli, AM seriyalı, 004370 nömrəli şəhadətnamənin və cavabehlə Sumqayıt Bələdiyyəsi arasında bağlanmış xx.xx.2018-ci il tarixli torpaq icarə müqaviləsinin və daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 1648/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-3089/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddia təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1108/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Sumqayıt şəhər İcra hakimiyyəti memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2015-ci il tarixli rəyində Sumqayıt şəhəri, Koroğlu prospektində 8-ci mikrorayon ərzisində 36 kv.m torpaq sahəsinin sahibkarlıq məqsədi ilə ayrılmasına etiraz edilmədiyi qeyd edilmişdir. Sumqayıt Bələdiyyəsinin xx.xx.2017-ci il tarixli qərarı ilə Sumqayıt şəhəri, Koroğlu prospektində 8-ci mikrorayon ərzisində 36 kv.m torpaq sahəsinin icarəyə verilməsi üçün bələdiyyə mülkiyyət hüququnun qeydiyyatı proseduruna başlanması qərara alınmışdır. İş materiallarına Sumqayıt şəhəri, Koroğlu prospektində 8-ci mikrorayon ərzisində 36 kv.m torpaq sahəsi ilə bağlı müxtəlif qurumların rəyləri və sahibkarlıq obyektinin tikinti layihəsi əlavə edilmişdir. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş Sumqayıt şəhəri, Koroğlu prospektində 8-ci mikrorayon ərzisində 36 kv.m torpaq sahəsində yerləşən qeyriyaşayış sahəsinə dair kommunal xidmətlərə görə bağlanmış müavilələr əlavə edilmişdir. Həmin müqavilələrdə abonent kimi cavabdehin adı qeyd edilmişdir. Torpaq sahəsinin olanı və ölçüsünə əsasən Sumqayıt şəhəri, Koroğlu prospektində 8-ci mikrorayon ərzisində 36 kv.m torpaq sahəsi üzərində cavabdehin icarə hüququ dövlət qeydiyyatına alınmışdır. İş üzrə ifadə vermiş şahid X5 öz ifadəsində bildirmişdir ki, tərəfləri Namiq adlı şəxs vasitəsiylə tanıyıb. Sumqayıt şəhəri, Koroğlu prospektində 8-ci mikrorayon ərzisində yerləşən həmin obyektdə qap-pəncərə, şüşələnmə işlərini icra etmişdir. O, tikinti şirkətinin rəhbəridir. Həmin işlər təxminən 3-4 il öncə görülüb. Ona bütün işləri Namiq adlı şəxs sifariş edir və ödənişləri edirdi. Xəqani və Yeganəylə onun hər hansı bir münasibəti, tikinti işlərinin aparılması zamanı pulla bağlı və ya digər söhbətləri olmayıb. X1 məhkəmə iclasında bildirdi ki, o, usta kimi həmin obyektdə bütün təmir işlərini yerinə yetirib. İşləri gördüyü vaxt dəqiq yadında deyil, amma pandemiyadan qabaq olub. Orada işləyərkən pul, material və sair məsələləri Namiq adlı şəxslə danışırdı. Xəqani də arada oraya gəlib-gedirdi, lakin onunla xüsusi bir münasibətləri olmayıb. Onda olan məlumata görə Xəqani həmin tikilinin sahibi olub. Yeganə orda çay, təmizlik və sair işlərə baxırdı. Yeganəylə pul və hesabat işlərini danışmayıb. Azərbaycan Respublikasının Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur (700.1.). İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər (700.2.). İcarəlik əşya (icarə obyekti), o cümlədən torpaq sahəsi və ya müəssisə öz ləvazimatı ilə birlikdə icarəyə verilir (701.1.). Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə (bundan sonra – Torpaq Məcəlləsi) əsasən torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir (51.1.). İcarə hüququ ilə torpaq sahələri Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq birliklərə və təşkilatlara, habelə xarici dövlətlərə verilir (51.2). İcarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər (51.3). İşin müəyyən edilmiş hallarından göründüyü kimi cavabdeh qanunvericiliyin tələblərinə uyğun olaraq hərrac vasitəsilə Sumqayıt şəhəri, Koroğlu prospektində 8-ci mikrorayon ərzisində 36 kv.m torpaq sahəsi üzərində icarə hüququ əldə etmişdir. İddiaçı həmin torpaq sahəsinin cavabdehin icarəsinə verilməsinə dair hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmiş və qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə iddia tələbi təmin edilməmişdir. Hazırda iddiaçı həmin torpaq sahəsində yerləşən tikilinin ona məxsus olduğunu bildirir və cavabdehin oradan çıxarılmasını tələb edir. Mülki Məcəllədə göstərilmişdir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (157.2.). Hazırkı iddia tələbinin təmin edilməsi üçün mübahisəli qeyri-yaşayış sahəsi üzərində iddiaçının mülkiyyət hüquququnun olması və ya həmin tikilinin iddiaçının hər hansı qanuni əsaslarla istifadəsində olması sübut edilməlidir. İşdən göründüyü kimi iddiaçının həmin tikili üzərində mülkiyyət və ya digər qanuni istifadə hüququ mövcud deyildir. İddiaçı yalnız həmin tikilinin onun tərəfindən inşa edildiyinə əsaslanmışdır. Bununla bağlı iddiaçı məhkəməyə 2 şahid təqdim etmişdir ki, həmin şahidlər öz ifadələrində tikilinin inşasında iştirak etdiklərini və Namiq adlı şəxsin təmir-tikinti işlərinə rəhbərlik etdiyini bildirmişlər. Hətta iddiaçının həqiqətən həmin tikilini inşa etdirdiyi sübut edilərsə belə, bu hazırkı iddianın təmin edilməsi üçün əsas ola bilməz. Belə olan halda iddiaçı yalnız tikilinin inşasına sərf edilmiş vəsaiti cavabdehdən tələb edə bilərdi. İddia ərizəsinə əlavə edilmiş müxtəlif qurumların həmin torpaq sahəsi və tikili ilə bağlı verdikləri rəy və müsbət cavab məktublarına gəldikdə isə qeyd edilməlidir ki, həmin sənədlər qeyri-yaşayış sahəsi və ya torpaq sahəsi üzərində hər hansı qanuni istifadə hüququnu müəyyən etmir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iddia əsaslı sayıla və təmin edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı Sumqayıt şəhəri, Koroğlu prospektində 8-ci mikrorayon ərazisində iddiaçıya məxsus olan istifadə etdiyi sahəsi 36 kv.m olan ticarət obyektinin cavabdeh tərəfindən boşaldılaraq əşyaları ilə birlikdə iddiaçıya təhvil verilməsi və həmin obyektdən istifadəsinə maneçiliyin törədilməsinin cavabdehə qadağan olunması barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-142/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-142/2022
10.06.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver