Məhkəmə qərarları › İş №2(060)-144/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-144/2022

15.02.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-144/2022 15.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X15 oğlunun katibliyi, iddiaçının nümayəndəsi, vəkil X5, cavabdehlər Cavabdeh1 və X1 vəkili, Cavabdeh3 nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh1 , Cavabdeh2 və Cavabdeh3 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlərin və yetkinlik yaşına çatmayan X3 Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 35 ünvanında yerləşən 40 saylı mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7012/2021 saylı, 14.09.2021-ci il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh qiyabi qətnamənin ləğvi barədə ərizə təqdim etdiyindən Sumqayıt Şəhər Məhkəməsinin 25.11.2021-ci il tarixli qərardadı ilə qiyabi qətnamə ləğv edilmiş və iş üzrə icraat təzələnmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 35 ünvanında yerləşən 40 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Cavabdehlərdən Cavabdeh1 iddiaçının gəlini, Cavabdeh2 və Cavabdeh3 isə onun nəvələridir. Cavabdeh1 1992-ci ilin yanvarında iddiaçının oğlu ilə nikaha daxil olmuş, Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 35 ünvanında yerləşən 40 saylı mənzilə gəlin gəlmiş, onların birgə nikahlarından Cavabdeh2 və Cavabdeh3 anadan olmuşlar. Cavabdeh1 Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 35 ünvanında yerləşən 40 saylı mənzilə 1992-ci ildə gəlin gəlsə də, mənzildə bir müddət yaşadıqdan sonra, qızı Dinarə dünyaya gəldikdən sonra mənzildən həyat yoldaşı Ruslanla birlikdə köçük kirayədə yaşamağa başlayıblar. 1993-cü ilin iyul ayında isə onlar daimi yaşamaq üçün Rusiya Federasiyasına köçüblər. 1996-cı ildən Rusiyadan qayıtdıqdan sonra əvvəlcə Corat qəsəbəsində, daha sonra Sumqayıt şəhəri, 2-ci və 4-cü mikrorayonlar ərazisində müxtəlif ünvanlarda kirayədə yaşayıblar. Daha sonra isə Ruslan və Solmaz övladları ilə birlikdə Bakı şəhərinə köçüb orada yaşamağa başlamışlar. Onların uşaqları Dinarə və Arif orta təhsillərini Bakı şəhərində alıblar. Bakı şəhərində yaşadıqları müddətdə Ruslanla Solmazın ailə həyatına faktiki son qoyulub və onların faktiki olaraq ayrılıblar. Bundan sonra iddiaçının oğlu Ruslan onun yanına, Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 35 ünvanında yerləşən 40 saylı mənziə qayıdaraq orada yaşamağa başlamış, Solmaz isə uşaqları ilə birlikdə öz valideynlərinə məxsus Ceyranbatan qəsəbəsi ərazisində yerləşən evdə yaşamağa başlamışlar. 2007-ci ildə iddiaçının oğlu X10 vəfat etmişdir. Həyat yoldaşı vəfat edəndən sonra Cavabdeh1 bir dəfə yas mərasimində iştirak etmək üçün həmin evə gəlmişdir. Hazırda cavabdehlərin Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 35 ünvanında yerləşən 40 saylı mənzilə hər hansı bir bağlılıqları yoxdur, həmin mənzildə onlara aid heç bir əşya yoxdur. Onların mənzilə olan qeydiyyatı formal xarakter daşıyır. Bundan əlavə Cavabdeh2 azyaşlı övladı X7 da həmin mənzildə qeydiyyatdadır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh1 vəkili, Cavabdeh3 nümayəndəsi X13 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbi ilə razı deyil. Cavabdeh iddiaçının oğlu ilə 1992-ci ildə nikaha daxil olaraq müahisəli mənzilə köçmüşdür. Cavabdeh3 son 1 ilə kimi həmin mənzildə yaşayıb. Onun iddiaçı ilə münasibətləri yaxşı olmuşdur. Onun təsadüfən mübahisəli mənzilə istifadə hüququna xitam verilməsindən xəbəri olmuşdur. Belə ki, qiyabi qətnamə icra olunmuş və cavabdehlər mənzildən qeydiyyatdan çıxarılmışlar. Daha sonra Cavabdeh3 qeydiyyatla bağlı iddiaçıya müraciət etmiş, iddiaçı onu yenidən mənzilə qeydiyyata salmışdır. Digər cavabdehlər mənzildən qeydiyyatdan çıxarıldıqları üçün heç bir yerə qeydiyyata düşməmişlər. Belə ki, əvvəllər yaşayış sahəsindən məcburi qeydiyyatdan çıxarılan şəxslər polis idarəsinin ünvanına daimi qeydiyyata düşürdülər. Lakin hal-hazırda bu ləğv olunmuşdur. Həmçinin Cavabdeh2 da qeydiyyatsız olduğu üçün alimenti ala bilmir. Cavabdehlər mübahisəli mənzildə yaşamasalar da qeydiyyatsız qalmaları onların Qeyd edilənlərə əsasən iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 öz izahatında bildirmişdir ki, hal-hazırda həmin mənzildə yaşamırlar. Həmin mənzildən 1999-cu ildən çıxıblar. Oğlu Akif bir il əvvələ qədər həmin mənzildə yaşayırdı. Artıq bir ildir ki, oradan köçüb. Digər cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə göndərilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışına əsasən iddiaçı xx.xx.1950-ci ildə, Cavabdeh1 xx.xx.1973-cü ildə, Cavabdeh2 xx.xx.1992-ci ildə, Cavabdeh3 isə xx.xx.1996cı ildə anadan olmuşdur. Tərəflər hazırda ünvan 2 ünvanında qeydiyyatdadırlar. Daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən ünvan 2 (bundan sonra – mübahisəli mənzil) iddiaçının adına xüsusi mülkiyyət kimi 15.08.2014-cü il tarixində qeydə alınmışdır. İşdə olan 15 saylı Mənzil-Kommunal sahəsi tərəfindən təsdiq edilmiş və sahə ustası Bayramova X. , Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 35, mənzil 39-da yaşayan X4, Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 35, mənzil 38-də yaşayan X2, Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 35, mənzil 29-da yaşayan X8 tərəfindən tərtib edilərək imzalanmış akta əsasən cavabdehlər mübahisəli mənzildə qeydiyyatda olsalar da, bu mənzildə yaşamırlar. 15 saylı Mənzil-Kommunal Sahəsinin 845 saylı arayışına əsasən ünvan 2 ünvanında hal-hazırda İddiaçı yaşayır, cavabdehlər isə mənzildə qeydiyyatda olsalar da, orada yaşamırlar. Məhkəmə sorğusu əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 01.02.2022-ci il tarixli məktubu ilə mübahisəli mənzilə dair çıxarışın verilməsinə əsas olmuş sənədlərin surətləri məhkəməyə göndərilmişdir. Məktuba əlavə edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 30.11.2013cü ildə vəfat etmiş Cavabdeh3 Bayram oğlunun vərəsələri olan iddiaçı, X12 və X14 mübahisəli mənzildən bərabər payda irs almalıdırlar. 11.08.2014-cü il tarixli miras payın bağışlanma müqaviləsinə əsasən X12 və X14 miras əmlakda olan paylarını iddiaçıya bağışlamışlar. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli Qərarında göstərilmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. İşin müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh1 1992-ci ildə iddiaçının oğlu ilə nikaha daxil olaraq mübahisəli mənzilə köçmüşdür. Cavabdeh2 xx.xx.1992-ci ildə, Cavabdeh3 isə xx.xx.1996-cı ildə anadn olmuşlar. Bu səbəbdən cavabdehlərə münasibətdə mübahisəyə 01.10.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəalarına əsasən qiymət verilməlidir. Mənzil Məcəlləsinin 53-cü maddəsində göstərilmişdir ki, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Göründüyü kimi cavabdehlər mübahisəli mənzili tərk edərək daimi yaşamaq üçün başqa yerə getmişlər və onların mübahisəli mənzildə heç əşya və əmlakları yoxdur. Bu səbəbdən onların mənzildən istifadə hüquqlarına xitam verilməsi üçün tam qanuni əsaslar vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (152.1.). Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır (157.1.). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (157.2.). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (157.4.). İşdən göründüyü mübahisəli mənzil mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Cavabdehlər həmin mənzildə yaşamırlar və formal olaraq mənzildə qeydiyyatda qalmışlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması əsaslarından da biri onun barəsində yaşayış sahəsindən çıxarılma və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamənin olmasıdır. Məhkəmə hesab edir ki, cavabdehlərin iddiaçının xüsusi mülkiyyətində olan mənzildə qeydiyyatda qalmaları iddiaçının mənafeyinə zidd olmaqla bir mülkiyyətçi kimi onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Bu səbəbdən iddia təmin edilməli və cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqları itirilmiş hesab edilməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Məhkəmə hesab edir ki, cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqları itirildiyi üçün onlarla birlikdə yaşayan ailə üzvləri olan yetkinlik yaşına çatmayan 28.11.2014-cü il təvəllüdlü X3 da mübahisəli mənzildən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və yetkinlik yaşına çatmayan 28.11.2014-cü il təvəllüdlü X3 ünvan 2 ünvanına istifadə hüquqları itirilmiş hesab olunsun. Hazırkı qətnamə göstərilən şəxslərin həmin mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar