Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-146/2021 02.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı Məmməd oğlunun, Cavabdeh iştirakı ilə, İddiaçı Məmməd oğlunun Cavabdeh qarşı pul tələbinə, Cavabdeh İddiaçı Məmməd oğluna qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Məmməd oğlu (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehin iddiaçıdan aldığı 1000 manat pulun və rüsum haqqı ödənilmiş 30 manat pulun cavabdehdn alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Beyləqan Rayon Məhkəməində iddiaçının ziyanına çıxarılmış xx xxxxxxx 2006-cı il tarixli, 2-183/2006 saylı qətnaməyə əsasən hər ay pensiyasından 98 manat pul tutularaq iddiaçıya verilməsi qət edilmişdir. O həmin qətnamənin ləğv edilməsi üçün məhkəmələrdə onu müdafiə edən peşəkar bir vəkil axtararkən, Beyləqan rayonunun, Karyer kəndində yaşayan X2 adlı tanışı ona bildirmişdir ki, onun Sumqayıt şəhərində Cavabdeh adlı hüquq sahəsində yaxşı bilgisi olan bir tanışı vardır. Yusif telefonla zəng edib cavabdehin Beyləqan şəhərinə gəlməsini xahiş etmişdir. İddiaçı, Yusif Ağayev və cavabdeh Beyləqan şəhərindəki kafelərin birində görüşmüşlər. Cavabdeh sənədlərlə tanış olduqdan sonra iddiaçıya demişdir ki, o bu məsələni həll edə bilər. Belə ki, onun Vəkillər Kollegiyasında vəkil tanışı var, onun vasitəsilə bu məsələni həll edərlər və pensiyadan pulun tutulmasını dayandırarlar. Bunun müqabilində cavabdeh iddiaçıdan 1000 manat pul istəmişdir. İddiaçı əvvəlcə 900 manat, sonra isə 100 manat pulu cavabdehə vermişdir. Pulun verilməsində Yusif Ağayev də şhidlik etmişdir. Bundan sonra cavabdeh məhkəmə sənədlərini götürmüş və ona demişdir ki, sabah gələrsən Bakıya, mən də gələcəm, birlikdə Vəkillər Kollegiyasına gedərik, orada mənim vəkil tanışlarım var. Onlar sözləşdikləri kimi sabahısı gün Bakıda görüşmüş, birlikdə Vəkillər Kollegiyasına getmişlər. Cavabdeh orada bir vəkillə görüşmüşdür. Həmin vəkil məhkəmə sənədləri ilə tanış olandan sonra demişdir ki, artıq gecdir heç nə edə bilməzlər. Bəlkə bu işə baxan məhkəmə nəsə edə bilər. Onlar oradan çıxdıqdan sonra belə danışmışlar ki, yenidən Beyləqan rayon Məhkəməsinə gedələr. Həmin günü sabahısı sözləşdikləri kimi cavabdehlə birlikdə Beyləqan Rayon Məhkəməsinə getmişlər. Cavabdeh orada kiminləsə görüşmüş və ona bildirmişdir ki, məsələ həll olunacaq. Cavabdeh sonra Sumqayıt şəhərinə getmişdir. Bu görüşlərindən bir ay keçdikdən sonra o işin nə yerdə qaldığını soruşmaq üçün Vaqifə telefonla zəng vurmuş, Vaqif telefonu götürməmişdir. Başqa vaxtlar da dəfələrlə zəng vursa da Vaqif telefonu götürməmişdir. O, başa düşmüşdür ki, artıq Vaqif onu aldadıb. Cavabdeh qarşılıqlı iddia ərizəsi təqdim edərək cavabdehdən dəymiş mənəvi ziyan kimi 5000 manat pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, iddiaçı başqa adla 4-cü Polis bölməsinə cavabdehdən şikayət edərək onu dələduz adlandırmışdır. Cavabdehin təkidi ilə iddiaçı polis bölməsinə dəvət edilsə də bölməyə gəlməmiş və ərizəsi rədd edilmişdir. Sonradan iddiaçı ondan prokurorluğa şikayət etmişdir. Bu dəfə də prokurorluğa dəvət edildikdə gəlməkdən imtina etmişdir. Bundan sonra iddiaçı şikayət ərizəsi ilə Beyləqan rayon Polis çöbəsinə müraciət etmiş, bu dəfə də ərizəsi rədd edilmişdir. Hal-hazırda isə böhtanla dolu iddia ərizəsi ilə məhkəməyə müraciət edib. Bu səbəbdən iddiaçıdan onun xeyrinə pul tutulmalıdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək həmçinin bildirdi ki, cavabdeh onun məhkəmə işindən ötrü Beyləqan rayonuna gəlib-gedib. Bu zaman o, cavabdehin yemək pulunu və yol xərcini ödəyib. Bunu yalnız qonaqpərvərlik baxımından edib ki, həmin pulları cavabdehdən tələb etmir. Lakin, 1000 manat pulu sırf onun problemini həll etmək üçün cavabdehə verib. Lakin, cavabdeh onu aldadaraq işini həll etməyib və aldığı pulu da geri qaytarmayıb. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh qarşılıqlı iddia ərizəsini müdafiə edərək bildirdi ki, iddia tamamilə əsassızdır. O əvvəlcədən izah etmişdir ki, vəkil deyildir. Sadəcə kənardan kömək edə bilər. İddiaçının dedikləri həqiqətə uyğun deyildir. Belə ki, iddiaçını 2018-ci ilin dəqiq xatırlamadığı ayında tanışıolan X1 vasitəsi ilə tanımış, Yusif ona iddiaçının məhkəmədə işlərinin olduğunu və ona müəyyən köməklik etməyin lazım olduğunu söyləmişdir. O, Yusif və iddiaçı ilə birlikdə görüşüb söhbət edən zaman iddiaçıya onun heç bir hüquqi təhsili olmadığı üçün ona heç bir köməklik edə bilməyəcəyini, lakin vəkillərlə məsləhətləşib hər hansı bir nəticəsi olarsa ona məlumat verəcəyini söyləyib, iddiaçının ona vermiş olduğu sənədləri götürmüşdür. O, sonradan iddiaçı və Yusif ilə görüşmüş və iddiaçını Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədrinin yanına aparmışdır. Həmin vaxt iddiaçıya məhkəmələrdə onun əleyhinə qərar çıxarıldığı üçün heç bir köməklik oluna bilməyəcəyini bildirmişdir. Sonradan Beyləqan Rayon Məhkəməsinin hakimi olan Nəsrulla Əliyevin çıxarmış olduğu qərarla tanış olan zaman qərarda onun lehinə olan müsbət nəticələrin olma ehtimalının olmasını görmüşdür. Həmin qərarı gətirib tanış olan vəkillərlə məsləhətləşmiş və onlar da onun kimi eyni fikri bildirmişlər. İcra şöbəsinin rəisi olan İlkin ilə məhkəmə sədrinin qəbuluna getmişlər və çıxdıqdan sonra İlkin ididaçının adından iddia ərizsini yazacağını söyləmişdir. İddiaçı təxminən 2 aydan sonra ona iddia ərizəsinin yazılmadığını söyləmiş və İlkin ilə görüşüb bu barədə söhbət edən zaman İlkin iddia ərizəsini yazdığını söyləmişdir. Həmin ərizə ilə tanış olan zaman ərizənin məzmunu onu qane etməmiş və ərizəyə müəyyən dəyişikliklər edib ərizəni Vəliyə vermişdir. Vəliyə ərizəni versə də heç bir nəticəsi olmamışdır. Sonradan bacısı, qaynı və qardaşı vəfat etdiyindən, eyni zamanda xəstələndiyi üçün onunla əlaqə yarada bilməmişdir. Vəlinin dedikləri həqiqətə uyğun deyildir. Vəlidən 1000 manat pul almamışdır. Sadəcə onun işi ilə bağlı məhkəməyə və ya digər yerlərə gedən zaman Vəli təxminən 900 manata yaxın yol pulu və yemək üçün pul xərcləmişdir. Qeyd edilənlərə əsasən cavabdeh iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1952-ci ildə anadan olmuşdur. O, hazırda Beyləqan rayonu, Beyləqan şəhəri, N.ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh xx.xx.1952-ci ildə, Şəki şəhərində anadan olmuş, hazırda ünvan 3 ünvanında qeydiyyatdadır. İddiaçının şikayət ərizəsi əsasında Beyləqan rayon Polis şöbəsinin müstəntiqi Mehman Musayevin cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərarı ilə müəyyən edilir ki, cavabdeh təhqiqat orqanına verdiyi ifadəsində də iddiaçıdan işini düzəltmək üçün heç bir pul almadığını, sadəcə iddiaçının ona yol və yemək xərcləri ödədiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş cavabdeh Sumqayıt Şəhər Prokurorluğuna verdiyi ifadəsi də təxminən oxşar məzmunlu olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən (bundan sonra – Mülki Məcəllə) öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1.). Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (386.1.). Qeyd edilən normaların məzmunundan göründüyü kimi öhdəliyin zərər vurulması, əsassız varlanma və ya qanunda nəzərdə tutulmuş digər əsasları istisna olmaqla şəxslər arasında öhdəlik münasibətlərinin yaranması üçün tərəflər arasında müqavilə mövcud olmalıdır. Hazırkı iddiada iddiaçı cavabdehə 1000 manat pul verdiyini, cavabdehin isə həmin pulu qaytarmadığını bildirərək həmin pulu cavabdehlərdən tələb edir. Mülki Məcəlləyə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (389.1.). Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir (389.2.). Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir (389.3.). Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır (405.1.). Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır (405.2.). Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin (406.1.). Hazırkı halda iddia tələbinin əsaslı hesab edilməsi üçün iddiaçı həqiqətən cavabdehlə aralarında hər hansı xidmət və ya borc müqaviləsinin bağlandığını, onun cavabdehə iddia ərizəsində göstərilən məbləğdə pul verdiyini və cavabdehin həmin pulu qaytamadığını sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1.). İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (77.3.).Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir (78.1.). Göründüyü kimi iddiaçı cavabdehə hər hansı məqsədlə iddia ərizəsində göstərilən məbləğdə pul ödədiyini sübut edə bilməmişdir. Belə ki, cavabdeh həm istintaq orqanına verdiyi ifadələrində, həm də məhkəmədə verdiyi izahatında iddiaçıdan işini həll etmək üçün hər hansı məbləğdə pul almdığını bildirmişdir. İddiaçıya öz mövqeyinin əsası kimi sübutları məhkəməyə təqdim etməsi təklif edilsə də, o bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Bu səbəbdən ilkin iddia əsaslı sayıla və təmin edilə bilməz. Qarşılıqlı iddiaya gəldikdə isə qeyd edilməlidir ki, cavabdeh iddiaçıdan ona dəymiş mənəvi ziyana görə pul məbləği tələb etsə də, öz mövqeyini əsaslandıra bilməmiş, ona dəymiş mənəvi ziyanın özünü nədə ifadə etdiyini, şərəf və ləyaqətinin alçaldılmasının hansı səbəblərə söykəndiyini izah edə bilməmiş və bununla bağlı zəruri sübutları təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, qarşılıqlı iddia da təmin edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı 1000 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə ilkin iddiası, Cavabdeh İddiaçı qarşı şərəf və ləyaqətinin alçaldılmasına görə 5000 manat pulun tutulması barədə qarşılıqlı iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-146/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-146/2021
02.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver